• çərşənbə axşamı, 24 dekabr, 06:45
  • Baku Bakı 5°C

İsa Muğannanın əsərlərinin estetik miqyası

13.02.17 12:15 15809
İsa Muğannanın əsərlərinin estetik miqyası
Azərbaycan Sovet nəsrində keyfiyyət dəyişiminin lokomotivi sayılan "Yanar ürək” romanına gedən yol "Arx” hekayəsindən başlayır."Arx” İsa Hüseynov nəsrində estetik rüşeymdir. 19 yaşlı İsanın ilk qələm təcrübəsidir. "Arx”da müharibə dövründə əri və oğlu cəbhəyə gedən tənha qadın Nərəm-nəhrənin həyatına işıq salınır.
Ağır müharibə şəraitində gözünü əkdiyi qarğıdalılara dikən Nərəm-nəhrənin bostanını sulamağa adam tapılmır:
"Kişili evlərin adamları gecələr pambığın suyundan oğurlayıb qapılarını sulayardılar. Səhəri kolxoz sədri ilə cuvar qışqır-bağır salanda kişilər topalama qabaqlarına çıxıb ikisinin də səslərini batırırdılar. Nərəm-nəhrə isə elə həmişə yalvardığına görə, yəni gecələr su oğurlamayıb gündüzlər də hərbə-zorba gəlmədiyinə görə, dediyim kimi, qarğıdalısı yanırdı... Yazıq arvad ac qalacaq...”.
Əlacsız qalan Nərəm-nəhrə pambıq sahəsinə axan arxın içində oturub suyun axınını öz qarğıdalı sahəsinə yönəldir. "İki yüz kilo çəkisi” olan Nərəm-nəhrəni arxdan çıxarmağa kolxoz sədri və cuvarın gücü çatmır:"Sonra baxdım ki, kolxoz sədri boynunu bir yanda büküb durub, cuvar o biri yanda. Tərpədəmmirik, tərpədəmmirik, - deyirdilər... Gün doğanda sudan çıxıb özünü günə verib ki, titrəməsi kəssin. Kəsməyib. Yazıq elə orda, arxın qırağındaca ölüb”.
Nərəm-nəhrəni yerindən tərpədə bilməyən nədir? İki yüz kilo olmasımı? Bəlkə unudulması?
Bircə səhifəlik hekayə müharibənin doğurduğu böyük fəlakətlər miqyasındadır. Nərəm-nəhrə faciəsi kişiliyin, insaniyyət duyğusunun ölümüdür. Mirzə Cəlildən sonra pafosdan uzaq, həyatın müstəqil bədii təhlilini verən mətnə İsa Hüseynovun qələm məşqində rastlaşırıq. "Arx” nəsrimizin mahiyyət axarını yeni ədəbi kəşflərə doğru yönəldir.
Saz
"Saz” hekayəsi yeni estetik ideal axtarışıdır. "Sazı”ın yanıqlı səsi qəflət yuxusunda olan müasir insanı oyadır. Hekayədə sovet məmuru Qılınc Qurbanla İsfəndiyar kişi xarakterləri qarşılaşdırılır. Hər iki obrazın mənəvi-psixoloji vəziyyəti, insanlarla münasibətləri maraq doğurur. Oğlanlarını cəbhəyə yola salan İsfəndiyar kişi nəvələrinə çox bağlıdır. İsfəndiyar kişi gəlinlərinə də sevgi və qayğı göstərir. Gəlinlər də İsfəndiyar kişiyə doğma ata ehtiramı bəsləyirlər. İsfəndiyar kişi kənd əhalisi ilə də səmimidir.
Sovet sədri Qılınc Qurban isə insanlara öz fikirlərini, öz hökmünü yeritməyə çalışır. Qılınc Qurban vəzifə səlahiyyətlərinə arxalanaraq başqalarının həyatına istədiyi kimi müdaxilə edə biləcəyini düşünür. O, İsfəndiyar kişinin evinə gəlib-gedən, feldşer Hacını namussuzluqla ittiham edir. İddia edir ki, Hacının İsfəndiyar kişinin gəlinlərində gözü var.
(Hacı müharibədən əvvəl İsfəndiyar kişinin oğlanları Rəhmanla Bəhmənin ailə qurduğu qızlarla evlənmək istəyir. Əvvəlcə böyük bacı Pəri ilə ailə qurmaq istəyir ki, İsfəndiyar kişinin böyük oğlu Rəhman onunla evlənir. Daha sonra kiçik bacıya meyl edəndə kiçik bacı Tubunun dəmirçi İsfəndiyarın kiçik oğlu Bəhmənlə "alışıb-verişdiyini” görür)
İsfəndiyar kişi bu rəzil böhtanı ağlına belə gətirmir. Qılınc Qurban Hacıya namussuz damğası vurub onu kəndin "dustaq damı”na həbs edir. Qılınc Qurbanın böyüklük iddiası insanlara narahat, şübhəli baxışlarında mənalanır. İsfəndiyar sakit və təmkinli davranışı ilə böyükdür. Onun insanlarla xoş rəftarı, təvazökarlığı diqqət cəlb edir.
İsfəndiyar kişi el-obanın hər cür qınaq və tənələrini gözə alaraq feldşer Hacını "dustaq damı”ndan xilas edir. O, kənd əhlinin onu başa düşəcəyinə ümid edir. İsa Hüseynov saflıq, dürüstlük hisslərini İsfəndiyar kişidə təcəssüm etdirir. "Saz” povestində insani hiss və münasibətlər, əxlaq və mənəviyyat məsələləri tədqiq edilir.
Hacı günahsızdır. Yaşı qırxı ötən bu tənha insan kəndi ağcaqanadlardan təmizləmək üçün çalışıb-vuruşur. Hətta bunun üçün suya girib-çıxmaqdan ağır "rematizma” xəstəliyinə tutulur. Hacıya əzab verən cismani ağrıları deyil, namussuz kimi tanınmaq qorxusudur. İsfəndiyar kişinin gəlinlərinə də şər atılır: Ömürlərinin gənclik çağını övladlarına həsr edən Pəri və Tubuya.
İsa Hüseynov nəsrimizdə novatorluğu forma axtarışında deyil, məzmun keyfiyyətində edir. "Saz” hekayəsi əlimizdən çıxıb gedən həyatı yaşamağın iki qütbünü kəşf edir:
Despotluq yaşamaqdırmı? Ömrünü başqalarının həyatına müdaxilə ilə keçirən necə yaşaya bilər ki? İsfəndiyar kişi öz həyatını yaşayaraq başqalarını da yaşatmağın gözəl nümunəsidir.
Güc və zorakılıq, yoxsa, sevgi və sərbəstlik? Sevgi və sərbəstlik bir sazın yanıqlı səsi qədər gözəldir. Güc və zorakılıq bir qılınc kimi kəsicidir, həyatları məhv edir. Müharibənin doğurduğu çətinliklər sazın yanıqlı ifasıtək bənzərsizdir.
Hekayədə saz obrazı qabarıq verilməsə də hər bir cümlədə sazın yanğılı səsini eşidirik. Mətnin poetikası kədərli saz havalarının simləri üstə köklənib. "Saz” hekayəsi ilə ədəbiyyat üfüqlərində günəş doğdu!
Oksigen
"Teleqram” hekayəsində ekoloji aləmin, ətraf mühitin qorunması mənəvi ekologiyanın təmizliyi ilə əlaqələndirilir. Bakıda yaşayan jurnalist Zəlimxan qardaşı Qaraxandan atasının xəstə olması ilə bağlı teleqram alır. Zəlimxan kəndə gələndə tamam fərqli bir mənzərə ilə qarşılaşır:
Atası Sabit Mayılov xəstə deyil, Zəlimxanı əvvəllər sevib-ayrıldığı raykom katibi Əziz Mayılovun gözünün ağı-qarası bircə qızı Zümrüdlə evlənməyə çağırıblar. Belə bir yalan da uydurulur ki, Zəlimxan Zümrüdlə evlənməsə, Əziz Mayılov altı qız atası Qaraxanı həbs etdirəcək.
Zəlimxan meşəni gəzdikcə çox dəhşətli hadisələrə şahid olur: O, əvvəllər yamyaşıl, sıx ağaclarla örtülü olan meşənin günü-gündən məhv edildiyini görür. Meşəni məhv edən Zəlimxanın doğma ailəsidir. Zəlimxan maddi-mənəvi ekologiyanın harmoniyasını tənzimləməyə çalışır. O düşünür ki, uşaqkən etdiyi faciəvi əmələ (1942-ci ildə Zəlimxanın əlində açılan beşaçılan Qaraxanın 3 yaşlı oğlunu ölümünə səbəb olur) rəğmən sevilib-əzizlənməsi, adına qoç qurbanlar kəsilməsi, ali məktəbdə oxudulması ona görə idi ki, "bugünkü gün yetişdikdə qaqaşın (Zəlimxanın), etirazı, üsyanı yenə qırx ikinci ili xatırlatsın?!”
Zəlimxan Zümrüdə haram pulla qazanılmış zinət əşyalarını çıxarmasını məsləhət görür. Həyatın dəbdəbəsinə, komfortuna alışmış Zümrüd deyir: "Tək mənəm?! Hamı geyinmir?! Səriyyə bacının, Məryəmin geyindikləri bəs hardandır?!”
Halbuki, Zəlimxan Zümrüdün onu anlaycağını fikirləşir. Bütün ailə xirtdəyəcən rüşvətin içindədir. Bir vaxtlar Zəlimxanın təhsil ala bilməsi üçün həmin doğma adamlar yad əməllərə əl atmışdılar...
"Teleqram” hekayəsi kəndin dar, lokal məkanından çıxıb dünyanın, insanın qlobal miqyaslı tragediyası olur.
Hekayə dili, üslubu, həyatın mürəkkəbliyinə lakonik bədii həll verməsi baxımından, ədəbiyyatımıza vurulan örnək "teleqram” siqnalıdır.
Əsərin sonunda Zəlimxan ona təhsil verən, əlinə qələm verən əziz, yad adamlar haqqında nə yazacağını düşünməsi, Zümrüdü fikirləşməsi İsa Hüseynovun həyatı tədqiq edə bilmə ehtiras və bacarığından xəbər verir:
"Zəlimxan Zümrüdün yanında özünü günahkar hiss edirdi. Çünki onun Zümrüdünü dəyişdirib əvəzində başqa Zümrüd gətirən səbəbləri vaxtında görə bilməmiş, Zümrüdü vaxtında xilas edə bilməmişdi. İndi isə...
Əfsanədən doğulmuş Dəli pəri əfsanəyə çevrilib Qarasuyun dumanı ilə birgə ələgəlməz, tutulmaz olmuşdu. Zümrüdlə birgə baba da, Qaraxan da, Böyüktalanın sakit-epik həyatı da, hətta təkqol direktorla müəllimlər də əfsanəyə dönmüşdü. Elə isə, bəs Zəlimxanı bu yol ayrıcında dayanmağa məcbur edən nə idi? O, bloknotu çıxarıb dizinin üstündə açmışdı. Amma qələm başlanğıcda ilişib dururdu. Hardan başlasın, necə yazsın, meşənin, təbiətin, insan gözəlliklərinin, doğruluğun, saflığın düşmənləri haqqında necə yazsın, bütün qəzetləri, jurnalları öz patetik nitqləri ilə dolduran ”Qarğıdalı”nın, əziz, can-ciyər "Əziz müəllimlə yoldaşlıq məhkəməsi”nin haqqında necə yazsın ki, dərdinin böyüklüyü, qəzəbinin, kininin dərinliyi bütün aydınlığı ilə görünsün?”
"Teleqram” mənəvi ekologiyası, genetikası pozulmuş cəmiyyətin aynasıdır. Necə də indiki dövrlə səsləşir.
İsa Hüseynov "Quru budaq”, "Tütək səsi”, "Şəppəli”, "Kollu koxa” əsərlərində də mənəvi ekologiyanı zədələyən amilləri, unudulmuş, tərk edilmiş Azərbaycan insanının taleyini işıqlandırır.
Romantika
"Dəqiqələr və illər”in romantik(asız) anlarını xatırlayıram. Gənclik duyğuları qəlbində yenidən canlanan Heybət düşür yadımıza.
"Dəqiqələr və illər” hekayəsinin qəhrəmanı Heybət hər gün həyətlərinin qarşısından keçən, gözəl, gənc bir qıza özünün də baş açmadığı hisslərlə tamaşa edir. Heybət qızı gənclik illərində sevdiyi Tutuya bənzədir. Heybətin bu qəribə vəziyyətini arvadı Tükəz gizlincə izləyir. Heybət arvadının gənc qızdan xəbərdar olmasını biləndə peşman olur. O, qıza olan məftunluğuna görə özünü danlayır.
Heybət hələ gənclik illərindən mühafizəkar, dar düşüncəli əxlaq normalarının qatı daşıyıcısıdır. Nişanlısı Tutunu bircə dəfə plyajda açıq-saçıq vəziyyətdə görməsi bəs edir ki, onu ən nalayiq sözlərlə təhqir edib ömürlük ayrılsın. Heybətin bu hərəkəti onu özündən də ömür-billah uzaqlaşdırır.
Heybət məsələyə fanatikcə yanaşır və çox sevdiyi, məftun olduğu qadından üz döndərir. O, qırx yaşına gəlib çatanda anlayır ki, ömür karvanı nə qədər mənasız keçib. Ömrünü mənasız və heç kimə lazım olmayan yazılara, əxlaq normalarına həsr etdiyini dərk edir. Hətta arvadı Tükəzə baxanda illər boyu bu qadına verdiyi "yorğunluqdan və laqeydlikdən başqa heç nəyin” sezilmədiyini görür.
O, mənən şikəst insandır. Heybət daxilən, mənən çürüməyinin, ürəksiz yaşamağının faciəsi ilə sarsılır:
"Şap... şap... şap - dəqiqələr laqeyd, əbədi, rəhmsiz qanunla keçib gedir. Şap, şap – Yoxsan!.. Yoxsan, Heybət! Məhdud, sevgisiz, qanadsız, "ət, süd” yazan bədbəxt! Yoxsan! Ölü! Dayanıb ömür karvanın”.
Heybət mənə Bakı bulvarında rastlaşdığım qoca dilənçini xatırladır. Qoca bir dilənçi yaxınlaşıb pul istəyir. Portmanatımı eşələyib, qəpik-quruş axtarıram. Üzümü turşuda-turşuda dilənçinin ovcuna qəpik atıb ordan uzaqlaşıram. Qəfildən ayaq saxlayıb geri dönürəm: Niyə dilənirsən, ay baba? Təqaüd almırsan? Qoca dilənçinin cavabı məni sarsıdır: "Nə bilim a bala, yaşıyırıx ki, sürünürüh. Günüz gəzişirih ki, axşam gedif yıxılıf yatax”.
Hərçənd, qocanın cavabı çox böyük həqiqətləri ifadə edir. Dövrümüzün həyat tablosudur. Yalanların ifşasıdır. Bu məqamda söz və ədəbiyyata da ehtiyac yoxdur.
Nə bilim a bala, yaşıyırıx ki, sürünürüh. Günüz gəzişirih ki, axşam gedif yıxılıf yatax”.
Biz yenə də Heybətin yanına qayıdaq: Heybət və onun kimilər də gündüz gəzişirlər ki, gecə gedib yatsınlar. Dəqiqələr və illər sutək axıb gedir, şap... şap... şap, şup... şup... şup...
Naməlum, vaxtı-vədəsi bilinməyən ömrü baş qatmaq üçün yaşamaq necə də dəhşətlidir, ilahi. Günü günə qurban vermək. Ömrü puç etmək. Maksimalist "dəyərlərlə” çürütmək. Başqalarının həyatını da məhv etmək.
Bizim torpaq
"Məhşər” romanı ədəbiyyatımızın zaman, məkan və məna miqyasını genişləndirir. Nəsiminin həyatını qələmə alan yazıçı fərdin, şəxsiyyətin kamilliyi konsepsiyasını irəli sürür. Hürufilik təriqətinin işıqlı, faydalı yönləri və təriqət mənsubları arasındakı naqis cəhətlər qarşılaşdırılır.
Romanda öz bədii həlini tapan vahid həqiqət budur: Bəşəriyyətin qurtuluşu, işıqlı və firavan gələcəyi fərdlərin kamillik zirvəsinə ucalmasından asılıdır.
"Məhşər” tarixi roman kimi də xüsusi ədəbi hadisədir. Tarixin sirli həqiqətləri, dövrün ictimai-siyasi qarşıdurmaları İsa Hüseynovun təfəkkür süzgəcindən uğurla keçirilib müasir oxucuya təqdim olunur. Nəsimi şeiriyyətinin ağır, fəlsəfi poetikası "Məhşər”in dil və üslubunda müşahidə edilir.
İsa Hüseynov "İdeal” romanında "Yanar ürək”də işlədiyi mövzunu yeni formatda qələmə alır. "Yanar ürək”də mənfi obraz kimi canlandırılan Sultan Əmirli "İdeal” romanında müsbətdir.
Burada mövzu qəhrəmanın pis və yaxşı olması deyil. Belə bir bölgü ədəbiyyat üçün heç lazım deyil. Əsas məsələ İsa Hüseynovun yaxşını və pisi, gözəli və çirkini estetik ölçüdə işləməsidir.
Sultan olduqca mürəkkəb, ziddiyyətli xarakterdir. O, bir tərəfdən həyatını xalqa həsr edir, bir yandan da xalq düşmənlərinin çirkin əməllərinə göz yummaqla şübhə doğurur.
Üstəlik, öz qardaşı oğlu Səmədin nişanlısı Gülgəzlə ailə qurması Sultan Əmirli haqqında səsləndirilən ittihamlara haqq qazandırır. Səməd Əmirlinin idealı olan Sultan Əmirli xalqın gələcəyi üçün ağır sınaqlara məruz qalır. "İdeal” süjet xəttinin qeyri-adiliyi, xalqın tarixi və taleyi ilə bağlı problemlərə toxunması baxımdan bənzərsizdir.
İsa Hüseynov "İdeal” romanında Azərbaycanın mədəniyyət, tarix və genetika məkanını - torpağını axtarır. Bu axtarış tarix kitablarında olduğu kimi mücərrəd sonluqla bitir.
İsa Hüseynov "İdeal”da modernist roman texnikası işlədir. Paralel zamanlar, hadisələrin geriyə və irəliyə sıçrayışı modernist və postmodernist elementlər dövr üçün yenidir.
İsa Hüseynov "İdeal” romanında ifrat ideal axtarışında olsa da, sənət tarixindən kənarda qalmır. "İdeal” romanı tapa bilmədiyimiz idealı, həqiqəti ən azından sözdə, sənətdə axtarır. Ən azından, sözün poetik gücündə tapır.
Bu məqamda özümüzü balaca görmək olmaz. İsa Hüseynov ən azından estetik miqyasda Avropa və Latın Amerikası romançılarından geri qalmır. Yazdığı hekayələr (povest demək istəmirəm) roman səviyyəsində dəyərlər ifadə edir.
Müasir Azərbaycan nəsri İsa Hüseynov qələmində formalaşır. Muğannanın ölməz əsərləri "müharibə, aclıq, səfillik və sair bəlalar, yer üzündə nə dərd – azar varsa hamısının” metaforudur. XXI əsrin əyrintiləri Muğanna qələminə tuş gəlir...
Ülvi Babasoy
banner

Oxşar Xəbərlər