İş, sənət, yol yoldaşı oldular, axırda da... - AİLƏ
Onların
evində nə kişinin, nə də qadının sözü keçmir. Onların evində uşaqların sözü keçərlidir.
Bəs küsüşəndə "barışıq addımı”nı öncə kim atır?
Sevgi nədir?
Bir-birinə öyrəşmək, başa düşmək, bir-birini tamamlamaq, yoxsa nə? İnsanlar necə
sevir, necə ailə qurur? Belə yüz sual və bu suallara yüz məntiqli-məntiqsiz
cavab var. Müsahiblərim Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorları
Zemfira və Ədalət Əbdülsəmədovlar isə sevgi ilə gəldikləri sənətdən və sənətdə tapdıqları
sevgidən danışdılar.
Vurulmuşdum, gözlərim bağlanmışdı
Zemfira
xanım aktyorluğa sevgini valideynlərinin yaratdığını deyir: "Atam məni həmişə
kinoya aparır, filmin sonunda yatırdım, qucağında evə gətirirdi. Amma aktyor
olmağımın qəti əleyhinə çıxdı. Mənsə qətiyyət göstərdim. Bir müddət atamdan
gizlətsək də, iş işdən keçəndən sonra bildi”. Ədalət müəllim də uşaqlıqdan kiçik
rollar oynaya-oynaya teatra gəlib. Gözlərində sevgi və xüsusi parıltı ilə qeyd
edir: "İş yoldaşı olduq, sənət yoldaşı olduq, yol yoldaşı olduq, axırda də həyat
yoldaşı olduq”. Zemfira xanım da təbəssümlə əlavə edir: "Tamaşada tərəf müqabili
olduq, bir-birimizi tanıdıq, öyrəşdik. Mənim üçün istedad hər şeydən vacibdir.
İnsanda istedad varsa, adam onunla darıxmaz. Mən onun istedadını gördüm. Məni
ona bu bağladı. Ən əsası, Ədalət ədalətli olmağı ilə məni özünə çəkdi”.
Ədalət bəy
"Zemfira xanımı hansı cəhətinə görə sevdiniz?” sualına "Vurulmuşdum,
gözlərim bağlanmışdı” cavabını verir.
"Mən boşanıram!”
Zemfira
xanım bir əhvalatı danışır: "Üstündə monoloqumun adı – "Mən boşanıram!” yazılan
ssenarini stolun üstünə qoyub getmişdim. Evə gəldim ki, Ədalət qırmızı hərflərlə
"Mən etiraz etmirəm!” yazıb. Həssasam axı, zarafatcıl olduğunu bilsəm də, ciddi
qəbul etdim, incidim”. Ədalət bəy deyir ki, Zemfira küsəyəndir. Zemfira xanım
da əda ilə cavab verir: "Qəlbi təmiz olan adamların dili acı olur, bilirəm, nəyi
var, dilindədir. Amma mən də inciyirəm axı. Həmişə də özü ilk addımı atır
barışmaq üçün. Və özünü də elə aparır, elə bil heç nə olmayıb”.
Sevimli, istəkli, əziz ərim
"Ədalətin
adı telefonumda "sevimli, istəkli, əziz ərim”dir”
deyir Zemfira xanım. Ədalət müəllim də məsələni açır: "Bir gün baxdım ki,
telefonunda adımı "Ədiş” yazıb. Dedim, mən yekə kişiyəm, Ədiş nədir? Sildim, ad
yerində "sevimli, istəkli, əziz ərim”
yazdım”. "Çəkilişdə telefonuma zəng gəlir, ekranda o boyda yazı gedir: "Sevimli,
istəkli, əziz ərim”. Hamı deyir, gör ərini necə çox istəyir” - Zemfira xanım
gülə-gülə əlavə edir.
Yaradıcı azadlıq
Teatrların
indiki durumu ilə bağlı danışdılar: "5-6 il bundan əvvəl teatrlarda repertuar rəngarəngliyi
yox idi. Klassikaya müraciət olunsa da, daha çox eyni müəlliflərin əsərləri
qoyulurdu. Amma indi repertuar daha zəngindir” - Zemfira xanım deyir. Ədalət bəy
əlavə edir: "Bir müəllifin yubiley ili olur. Hamısı o müəllifin eyni əsərini tamaşaya
qoyur. Axı onun başqa əsərləri də var. Əgər sənin o əsərə başqa bir baxışın
yoxdursa, niyə onu qoyursan? Nazirlik yaradıcı azadlıq verib. Rejissor yeni baxışı
oldu-olmadı, tamaşanı hazırlayır”.
Tamaşaçını cəlb etmək lazımdır
Ədalət bəy
deyir ki, bu yaxınlarda "Mədəniyyət” kanalında "Leyli və Məcnun” tamaşasına
baxdım. Dünya dəyişib, hər şey dəyişib, amma "Leyli və Məcnun”un nə dekorasiyası,
nə də geyimləri dəyişib. Zemfira xanım da ifaların çox gözəl olduğunu, amma
bununla yanaşı, texniki qüsurların çox olduğunu deyir: "Görüntü çox vacibdir.
İndiki dövr bunu tələb edir. Axı buna həm də təkcə biz yox, xarici qonaqlar da baxır”.
Ədalət bəy Nizami ili”ndə İlqar Fəhminin "İskəndərə yeni namə” əsərinin Dram Teatrında
yeni üslubda, yeni tərzdə tamaşaya qoyulduğunu deyir: "Birincisi, "İsgəndərnamə”yə
tam yeni baxış oldu. İkincisi də, səhnə tərtibatı əla idi. Əsər səhnədə həm bədii,
həm də texnoloji həllini tapıb. Təsəvvür edin ki, səhnədə su və o gözəl işıq effektləri
olmasaydı, ənənəvi tamaşalardan biri olacaqdı. Bilirsiniz, tamaşaçı daha belə
şeyləri istəmir. Tamaşaçını cəlb etmək lazımdır”.
Zemfira
xanım əlavə edir ki, indi texnologiya əsridir, insanlar hər şeydən məlumatlıdır:
"Pandemiya dövründə insanlar evlərə qapandılar. Amma internet vasitəsilə həm də
dünyaya açıldılar. Həm kino, həm teatr dünyasından xəbərdar oldular”.
Vəsait dərdi, alqışlar, yaşamaq eşqi
"Çalışdığımız
Dövlət Gənc Tamaşaçılar teatrında hər nəsil üçün tamaşalar qoyulur” deyir
Zemfira xanım: "İnanın ki, aktyorlar səhnədə dəridən-qabıqdan çıxır, ortaya
yaxşı bir tamaşa qoymağa çalışırlar. Son illərdə bizdə də, başqa teatrlarda da
novatorluq var, amma vəsait yoxdur. Vəsait olsa, yaxşı dekorasiya da olar,
geyim də. Aktyorlar da, rejissorlar da, hamı ürəklə işləyir. Səhnəyə çıxanda
pul yaddan çıxır, ancaq vicdan oynayır. Amma tamaşa bitir, həyat davam edir
axı. Aktyorun yaşamağı, özünü formalaşdırmağı
və realizə etməyi üçün pul lazımdır. Vəsait olsa, çox şey düzələr və daha yaxşı
olar”.
İndiki gənclər...
"İndiki gənclərin çoxu (hamısı yox) reklamları ilə –
sosial şəbəkələrdə şəkil, video paylaşmaqla məşğuldur. Kitab oxumaq, öz üzərində
işləmək əvəzinə sosial şəbəkədədirlər. Bu sənətə çox yüngül baxırlar. Əməyinlə,
zəhmətinlə, savadınla qabağa getməli, tanınmalısan” deyir Zemfira xanım. Ədalət bəy də fikirlərini bildirir: "Müharibə
mövzulu tamaşalarda oynayacaq, filmlərdə çəkiləcək potensialda, görünüşdə gənc
aktyorları, demək olar ki, görmürəm. Elə bil indikilər (hamısını demirəm) sanki
bu sənətə şit-şit, cılız rollar oynayıb "tik-tok”da məşhur olmaq üçün gəlirlər”.
Və sonda "evdə Zemfira xanımın sözü
keçir, yoxsa Ədalət müəllimin” sualına ikisi də bir ağızdan "uşaqların”
cavabını verirlər.
Söhbətləşdi: Xanım Aydın