• çərşənbə axşamı, 27 fevral, 14:10
  • Baku Bakı 5°C

İrəvanın təhdidi cavabsız qalmamalıdır

28.01.23 03:00 793
İrəvanın təhdidi cavabsız qalmamalıdır

Cənubi Qafqazda sabitliyə maneə olan Ermənistan yenə də 2020-ci ildən əvvəlki ritorikaya qayıtmağa cəhd edir. Xarici himayədarların tumarları erməniləri yenə həvəsləndirir. Ermənistan rəsmiləri hərbi güc tətbiqindən danışmağa başlayırlar. Amma başa düşmürlər ki, bu çağırışlarla özlərinə ölüm hökmü çıxarmış ola bilərlər. 

Ermənistan yenə də pozucu fəaliyyətini davam etdirir. Biz rəsmi İrəvandan sülh müqaviləsi üzrə daha konstruktiv mövqe gözlədiyimiz anda, qarşı tərəf yenə köhnə əyyamlara qayıdış etmək istəyir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu günlərdə Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı Laçın yolu ətrafında yaranmış vəziyyətin hərbi yolla həll edilməsi təklifini səsləndirib. Təbii ki, bu, Ermənistan tərəfindən xarici himayədarlara sığınaraq verilən bəyanat olub. Maraqlıdır ki, bu bəyanatdan bir neçə gün öncə Azərbaycan prezidenti ilə telefon danışığında ABŞ dövlət katibi Antoni Blinken rəsmi Bakını sülh səylərini ikiqat artırmağa çağırıb. Bu çağırışın fonunda Ermənistanın xarici işlər naziri müharibə çağırışı edib. Belə görünür ki, üçtərəfli bəyanatın icrasını tələb edən Azərbaycandan sülh səylərinin daha da artırılması tələb edilir, müharibə çağırışı edən Ermənistana isə “gözün üstə qaşın var” deyən olmur. 

“Ermənistan regionda pozuculuq fəaliyyəti ilə məşğuldur”

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşir bildirdi ki, bu açıqlama ilə Ermənistan 2020-ci ildən əvvəlki ritorikasına qayıdıb: “2020-ci ilin payızında bu ritorikanın nə ilə nəticələndiyini bütün dünya gördü. Bu ona dəlalət edir ki, Ermənistan yekun sülh sazişini imzalamaq fikrində deyil. Yenə də kənardan gələn təlimatlar, tapşırıqlar əsasında davranmaqdadır, regionda pozuculuq fəaliyyəti ilə məşğuldur. ABŞ-ın da həmişə olduğu kimi, məqsədli ikili yanaşması göz önündədir. İndiki şəraitdə Azərbaycan ərazisində hansısa məsələnin hərbi yolla həllindən danışılırsa, bu, çox təhlükəli bir vəziyyət yaratmış olur”. 

“Bu mövqe blef xarakteri daşıyır”

E.Mirbəşir vurğuladı ki, düşmən bu açıqlama ilə açıq şəkildə barış niyyətində olmadığını göstərir, yenə də Azərbaycanı müharibə ilə təhdid edir. Amma görünür Ermənistanın xarici işlər nazirinin ölkəsinin hərbi imkanları haqqında dolğun təsəvvürü yoxdur. 2020-ci ilə qədər də yenilməz erməni ordusundan bəhs edirdilər. Amma 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu həmin “yenilməz ordu”nu darmadağın etdi. Ermənistan ordusunda 10 mindən artıq fərari qeydə alındı. İndi Ermənistan darmadağın edilmiş ordusu ilə Azərbaycan ərazisində Laçın yolunu açmaq istəyirsə, özünə ölüm hökmü imzalamış olacaq. Yəni Ermənistanın xarici işlər nazirinin bu mövqeyi reallıqdan tam uzaqdır, blef xarakteri daşıyır. ABŞ başda olmaqla Qərbin Ermənistan xarici işlər nazirinin bu açıqlamasından sonra susqunluq nümayiş etdirməsi bizdə onların Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində maraqları olmadığı təsəvvürlərini möhkəmləndirir. Əksinə, onlar Ermənistandan yenə də bir alət kimi istifadə edərək Cənubi Qafqazda münaqişəli vəziyyət yaratmağa çalışır, gərginliyi artırmağa cəhd edirlər”.

“Deməli, hələ Azərbaycanı yaxşı tanımayıblar”

Politoloq Natiq Miri də bildirdi ki, Ermənistan hökuməti son proseslər kontekstində ruhlanıb: “Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı ciddi beynəlxalq təzyiq var. Avropa Birliyi, onun tərkib hissəsi olan Fransa, o cümlədən Avropa Parlamentinin qəbul etdiyi qətnamə, ABŞ-ın “Laçın yolu açılmalıdır” məzmunlu telefon zəngləri Azərbaycana təzyiq xarakter daşıyır. Ermənistan da bundan ruhlanıb. Əslində Mirzoyanın “müharibə yolu ilə Laçın yolu açılmalıdır” fikrinin arxasında Ermənistan ordusuna arxalanma nəzərdə tutulmur. O, beynəlxalq birliyin təşkil etdiyi hərbi gücün vasitəsilə bu yolun açılmasını təklif edib. Çünki Ermənistan bu gücdə deyil ki, ordu ilə gəlib bu yolu aça bilsin. Ayrıca bu, növbəti işğal cəhdi sayıla bilər. Çünki Laçın yolu deyilən ərazi Azərbaycan ərazisindədir. Bura heç bir dövlətin hərbi müdaxiləsi mümkün deyil. Bu, beynəlxalq hüquqa görə birbaşa işğal deməkdir. Ümumilikdə bu, çox absurd bir istəkdir və ermənilərin növbəti dəfə özlərini aldatmalarından başqa bir şey deyildir. Əgər düşünürlərsə ki, sərt ritorika ilə rəsmi Bakını geri çəkilməyə məcbur edəcəklər, deməli, hələ Azərbaycanı yaxşı tanımayıblar”.

Ermənistanın sərt ritorikası cavabsız qalmamalıdır

N.Miri qeyd etdi ki, bu açıqlamanı o qədər də ciddi qəbul etmək lazım deyil: “Ancaq hər bir halda, sərt ritorika Azərbaycanı ciddi şəkildə təhdid etmək deməkdir və bu, cavabsız qalmamalıdır. Əlbəttə ki, əgər belə bir hərbi təhdid varsa və bunu bir dövlətin xarici işlər naziri edirsə, nəyə görə onda bizim sərhədlər açıq qalmalıdır? Ona görə də biz bu açıqlamaya cavab olaraq Laçın yolunu ümumiyyətlə bağlamalıyıq. Ən azından, sərhədçilərimiz və gömrüyümüz bu yolda giriş-çıxışa nəzarət etməlidirlər. Ermənilər Zəngəzur dəhlizinin açılmasına və rus qoşunlarının ora nəzarət etməsinə imkan verirlərmi? Vermirlər və buna qarşılıq Rusiya Ermənistana heç nə etmir. Bəs onda biz niyə Laçın dəhlizini tam olaraq rus hərbçilərin nəzarətinə verməliyik? Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi o deməkdir ki, 10 noyabr sənədinin bir müddəası tamamilə yerinə yetirilmir. Ermənistan bundan açıq şəkildə imtina edir. Bunun heç bir zaman həyata keçirilməyəcəyi ilə bağlı açıqlama verir. Ermənistanın xarici işlər nazirinin və parlament spikerinin son açıqlamalarına baxsaq, bunu bir daha görmüş olarıq. Belə olduğu təqdirdə Azərbaycan da öz mövqeyində bəzi dəyişikliklər etməlidir. Bütün dünyaya bəyan etməlidir ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edir. Kimsə buna qarşı çıxa bilməz”.

Bəxtiyar Məmmədli 

banner

Oxşar Xəbərlər