• cümə, 29 Mart, 00:35
  • Baku Bakı 7°C

İqtisadiyyatın gələcək inkişafına yeni nəfəs

02.07.21 15:30 2145
İqtisadiyyatın gələcək inkişafına yeni nəfəs
Ələt Azad İqtisadi Zonası Azərbaycanın regionda mövqeyini daha da gücləndirəcək
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrin davamı olaraq, dövlət başçısının iştirakı ilə iyulun 1-də Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimi keçirilib. Bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividentlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Ümumi sahəsi 850 hektar olacaq Ələt Azad İqtisadi Zonasının 60 hektarında layihələndirilmə, artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb. Bu zonanın yaradılmasında başlıca məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir.


İqtisadi fəaliyyətin hüquqi-texniki əsasları

Ələt Azad İqtisadi Zonasının iqtisadi əhəmiyyətini "Kaspi” qəzetinə şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, beynəlxalq təcrübədə geniş yer alan azad iqtisadi zonalar xüsusi rejim altında fəaliyyət göstərən ölkə ərazisinin bir hissəsidir. Onun sözlərinə görə, hazırda dünyanın 100-dən çox ölkəsində 1000-dən artıq xüsusi iqtisadi zona fəaliyyət göstərir. Millət vəkili deyib ki, bu iqtisadi zonaların 500-ə yaxını Asiya və Sakit Okean regionunda, 200-dən çoxu Amerika qitəsində, 200-dən çoxu Yaxın Şərq və Afrika ölkələrində, 100-dən çoxu isə Avropada yerləşir. O, Azərbaycanda azad iqtisadi zonaların yaradılması sahəsində ötən müddətdə mühüm işlər görüldüyünü də diqqətə çatdırıb: "İndiyə qədər ən yaxşı beynəlxalq təcrübə öyrənilib, təhlillər aparılıb və onun ölkəmizdə tətbiqi üçün ilk olaraq normativ hüquqi bazanın formalaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib. Cənab Prezident tərəfindən 2019-cu ildə imzalanmış, "Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq fərmanlara əsasən bu ərazidə iqtisadi fəaliyyətin hüquqi-texniki əsasları müəyyən edilib. Həmin sənədə əsasən, müvafiq dövlət qurumları azad iqtisadi zonalarda biznes, vergi, gömrük, digər iqtisadi və sosial tədbirlərin hüquqi-iqtisadi mexanizmləri hazırlayıblar. Ələt Azad İqtisadi Zonasının Yol Xəritəsi müəyyən edilib. Belə ki, Ələt Azad İqtisadi Zonasında maliyyə və sığorta xidmətləri, torpaq münasibətləri, gömrük, miqrasiya, əmək münasibətləri, vergi tənzimlənməsi, notariat fəaliyyəti, müflisləşmə və iflas, rəqabət. əqli mülkiyyət, ətraf mühit və s. məsələlərlə bağlı xüsusi güzəştlər tətbiq olunacaq. Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərəcək investorlar bütün vergilərdən azad ediləcək, müxtəlif növ güzəşt və stimullaşdırıcı addımlar tətbiq olunacaq. Xarici ticarətdə güzəştlər, fiskal güzəştlər – müəyyən fəaliyyət növlərinin vergilər baxımından stimullaşdırılması nəzərdə tutulur”.


Dövlətin hərtərəfli dəstəyi

Deputat söyləyib ki, bu güzəştlər vergi bazası və onun ayrı-ayrı komponentlərini, vergi dərəcələrinin səviyyəsini, vergilərdən daimi və ya müvəqqəti azadolmalar kimi məsələləri əhatə edə bilər: "Eyni zamanda, maliyyə güzəştləri – subsidiyaların müxtəlif formalarını əhatə edir. Subsidiyalar büdcə vəsaitləri və güzəştli dövlət kreditləri hesabına – birbaşa və kommunal xidmətlərə aşağı qiymət qoymaqla, torpaq sahələrindən istifadə etmək üçün icarə haqqının azaldılması yolu ilə - dolayı formalarda verilə bilər. Azad İqtisadi Zonada adminstrativ güzəştlər - müəssisələrin qeydiyyatdan keçirilməsi, xarici vətəndaşların ölkəyə girişi və çıxışı prosedurlarının sadələşdirilməsi nəzərdə tutulur. Ələt Azad İqtisadi Zonasında geniş iqtisadi spektrdə sərbəst surətdə qərar verə bilmək hüququna malik olan lokal, xüsusi bir idarəetmə sistemi mövcud olacaq. Azad Zonada fəaliyyət göstərən şəxslərə hər hansı milliləşdirmə, müsadirə tədbirləri və ya özəl mülkiyyətə aid hər hansı digər məhdudiyyət tətbiq edilə bilməz. Biznes nümayəndələrinə valyuta əməliyyatları aparmaq azadlığı veriləcək, mənşə sertifikatları üçün rüsum tələb olunmayacaq. İnvestorların, səhmdarların, Azad Zona rezidentlərinin, hüquqi şəxslərinin və onların işçilərinin, heç bir məhdudiyyət olmadan, hər hansı xarici valyuta ilə işləməyə və əməliyyatlar aparmağa hüququ vardır. Azad İqtisadi Zonaya dövlətin də hərtərəfli dəstəyi olacaq”.

Yeni investisiyaların cəlb edilməsi

A.Hüseynov bildirib ki, Ələt Azad İqtisadi Zonası əsas etibarilə industrial cəmiyyətin, elmi texnologiyalara və dördüncü sənaye inqilabının tələblərinə əsaslanan çoxşaxəli iqtisadi layihədir və bu modelin əsas hədəfi də qeyri-neft iqtisadiyyatının inkişafına dərin töhfə verməkdir: "Yerli və xarici investisiyaların ölkə iqtisadiyyatının inkişafına cəlb edilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, yeni rəqabətqabiliyyətli və səmərəli istehsal və xidmət sahələrinin təşkilinin dəstəklənməsi yeni qeyri-neft siyasətinin əsas hədəfləridir. Bu baxımdan Azad İqtisadi Zona Azərbaycanın neft iqtisadiyyatının gələcək inkişafında yeni nəfəsin açılması deməkdir, nefti əvəz edən genişhəcmli gəlir əldəetmə sektorunun möhkəmlənməsinin təmin edilməsidir. Ələtdə onlarla sənaye müəssisəsi yaradılacaq, dünyanın ən nüfuzlu şirkətləri ilə əməkdaşlıq çərçivəsində ən son texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsul istehsal olunacaq. Bu layihələrin icrası sayəsində qeyr-neft sektorunun əsas aparıcı bölməsinə çevrilməklə, qeyri-neft məhsullarının ixrac imkanlarının genişlənməsinə dərin töhfə verəcək. Azərbaycana böyük iqtisadi dividentlər, qeyri-neft valyutasının axını təmin olunacaq. Onu da nəzərə almaq lazımdır ki, Ələt Azərbaycanın ən mühüm strateji tranzit nöqtələrindən birinə çevrilməkdədir və bu baxımdan Azad İqtisadi Zona Azərbaycanın Cənubi Qafqazda sürətli inkişafını böyüdəcək və ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Azad İqtisadi Zonanın təşkili dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Ələt Azad İqtisadi Zonası Qaradağ rayonunun sosial-iqtisadi inkişafına da dərin töhfə verəcək”.


Qeyri-neft ixracında artım

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər üzvü Vüqar Bayramov hesab edir ki, Ələt İqtisadi Zonası Azərbaycanda qeyri-neft sektorunun inkişafı və bütövlükdə iqtisadiyyata investisiyanın cəlb edilməsi baxımından vacib layihədir. Deputatın fikrincə, Ələt İqtisadi Zonasının əsas üstünlüyü ondan ibarətdir ki, burada iqtisadi zona ilə bağlı xüsusi qanun qəbul edilib: "Ələt İqtisadi Zonası beynəlxalq hüquqla tənzimlənir və hətta bu, hasilatdan pay bölgüsünə uyğun statusun verilməsi deməkdir. Bu, sərmayənin cəlb edilməsi, xüsusən də aparıcı xarici şirkətlərin Ələt İqtisadi Zonasına investisiya qoyuluşunun təşviqi baxımından vacibdir. Azərbaycan hökuməti tərəfindən Ələt İqtisadi Zonasında ilkin infrastruktur formalaşdırılacaq. Bu da xarici investisiyanın cəlb edilməsi baxımından vacibdir. Ələt İqtisadi Zonası, xüsusən də qeyri-neft məhsullarının istehsalı baxımından yeni sərmayənin cəlb edilməsinə imkan verəcək. Bu, istehsal edilən məhsulların bir qisminin daxili, bir qisminin xarici bazara çıxarılmasını təmin edəcək. Ələt İqtisadi Zonası həm də Azərbaycan üçün texnologiya və innovasiyanın cəlb edilməsi baxımından vacib hesab olunur, yeni ixtisaslı kadrların işlə təminatına müsbət təsir edəcək. İqtisadi Zonanın yerləşməsi orada istehsal olunan məhsulların ixrac baxımından kifayət qədər böyük üstünlükləri var. Bu baxımdan burada istehsal edilən məhsulların ixrac olunacağı və bununla da Azərbaycanın qeyri-neft ixracının artacağı gözlənilir”.


Əlverişli coğrafi mövqe

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev də qəzetimizə açıqlamasında deyib ki, Ələt Azad İqtisadi Zonasının yaradılması ilə gələcəkdə qeyri-neft sektorunda irəliləyişin şahidi olacağıq: "Bu iqtisadi zonanın yaradılması üçün Azərbaycan dövləti tərəfindən xüsusi hazırlıqlar həyata keçirilib. Hətta bununla bağlı xüsusi qaydalar və qanunlar hazırlanıb. İqtisadi zonada işləyəcək xarici şirkətlərin fəaliyyətini tənzimləyəcək qaydalar buraya xarici sərmayənin cəlb edilməsində çox böyük stimul və dəstək olacaq. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizinin kəsişdiyi əlverişli coğrafi mövqedə yerləşir. Məhz bu üstünlükləri düzgün dəyərləndirmək və xarici səhmdarları əraziyə cəlb etmək üçün belə bir zonanın yaradılmasına ehtiyac var idi. Son dövrlərdə əsas nəqliyyat xətləri üzərində baş vermiş qəzalar və müəyyən fors-major hadisələr böyük dövlətləri alternativ yollardan istifadəyə sövq etdi. Məhz Azərbaycan ərazisindən keçən alternativ yollar da böyük iqtisadiyyatı əllərində cəmləşdirən şirkətlər və dövlətlər üçün çox maraqlıdır”.


İqtisadiyyatın inkişafına böyük təkan

Millət vəkili qeyd edib ki, hazırda Çindən Avropaya gedən yükdaşımalar üçün ən sürətli yol məhz Azərbaycan ərazisindən keçir: "Ən yaxın dövrdə Zəngəzur dəhlizinin fəaliyyətə başlamasından sonra bu yol daha da qısalacaq. Həmçinin ötən günlərdə İran ərazisindən keçməklə Rusiyadan Hindistana gedən yolla ilk yüklər göndərildi. İlk yüklər testdən keçdi. Bu, onu deməyə imkan verir ki, Rusiyadan Hindistana yüklərin daşınmasında Şimal-Cənub xəttindən aktiv şəkildə istifadə olunacaq. Ələt Azad İqtisadi Zonasının imkanları xarici səhmdarlar üçün əlverişlidir. Bu da qeyri-neft sektorunun inkişafına çox böyük dəstəkdir. İqtisadi Zonada yaxın gələcəkdə baş verəcək irəliləyiş qısa müddətdə Azərbaycan iqtisadiyyatının inkişafına böyük təkan olacaq. Bu da Azərbaycanın neftdən asılılığını azaldacaq. Qeyri-neft sektorundan gələn gəlirlər Azərbaycan büdcəsinə axın edəcək. Beləliklə, biz qeyri-neft sektorunda gözlədiyimiz irəliləyişin şahidi olacağıq”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər