• çərşənbə, 24 Aprel, 20:14
  • Baku Bakı 23°C

İqtisadi terminin siyasi mesajı

09.07.21 15:00 1348
İqtisadi terminin siyasi mesajı
Şərqi Zəngəzur iqtisadi rayonun yaradılması Qarabağ savaşının meydana çıxardığı üstünlüyün daha da dərinləşməsinə xidmət edən addımdır
Prezident İlham Əliyevin iyulun 7-də imzaladığı fərmanla Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü aparılıb. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bununla da ölkəmizdə iqtisadi rayonların ümumi sayı 14-ə çatdırılıb. Fərmanda qeyd olunub ki, Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir. Eyni zamanda vurğulanıb ki, Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun yaradılması da vacibdir.


Reallıqdan doğan addım, strateji hədəf

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı baxımından müsbət addım kimi qarşılanan fərmanı, o cümlədən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılmasının siyasi əhəmiyyyətini "Kaspi” qəzetinə şərh edən millət vəkili Sahib Alıyev bildirib ki, sözügedən sənəd günün reallığından doğur, strateji hədəfi var. Onun sözlərinə görə, strateji hədəf deyərkən təkcə iqtisadiyyatı nəzərdə tutmaq olmaz. Deputat deyib ki, bu fərmanla regionlarda indikindən fərqli, bir tərəfdən daha təmərküzləşmiş, digər tərəfdən isə bələdiyyələrin rolunun qat-qat artacağı yeni bir idarəçiliyin özülü qoyulur. S.Alıyev söyləyib ki, fərman həm də geosiyasi mahiyyətlidir, ikinci Qarabağ savaşının meydana çıxardığı üstünlüyün daha da dərinləşməsinə və genişlənməsinə xidmət edir.

Biz Zəngəzura da qayıdacağıq!
S.Alıyevin qənaətinə görə, Qarabağ iqtisadi rayonunun yaradılması o deməkdir ki, bolşeviklərin "kəşf”i olan Dağlıq Qarabağ anlayışı tarixin əbədi zibilliyinə atılır: "İqtisadi, siyasi əhəmiyyəti olan, strateji xarakter daşıyan fərmanın məhz iyulun 7-də imzalanması da təsadüfi deyil. Hər kəs anlamalıdır ki, Ermənistanda kimin nə yaratmasından, ona nə vəd edilməsindən asılı olmayaraq, regionda proseslər beynəlxalq normalar çərçivəsində, Azərbaycanın maraqlarına uyğun şəkildə getməlidir, inşallah gedəcək də! Bu baxımdan, Şərqi Zəngəzur iqtisadi rayonunun niyə yaradıldığı və nə anlam daşıdığı heç kəsə sirr olmasın gərək. Fərmanın gələcəyə hesablanmış hədəfi, geosiyasi çaları var. Zəngəzur vaxtilə vahid orqanizm olub. Bu vahid məkanda yaşayanların hamısı azərbaycanlılar olub. Zəngəzur bizim dədə-baba torpaqlarımızdır. Bizim heç kimin torpağında gözümüz yoxdur. Amma Qarabağla bağlı status məsələsini gündəmə gətirmək istəyən, digər fikirlərə düşənlər, o cümlədən hay havadarları anlamalıdırlar ki, əgər tarixə yenidən nəzər salınarsa, heç də onların xeyrinə olmayan gerçəkliklə üzləşəcəklər. Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması hər bir azərbaycanlı üçün xatırlatmadır ki, Zəngəzurun əsl sahibləri kimlərdir. Biz işğal altında olan torpaqlarımızı qaytarmışıq, ərazi bütövlüyümüzü təmin etmişik. Bununla bərabər Zəngəzura da qayıdacağıq!”
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər