AZE | RUS | ENG |

İnkişaf və rifah ili - Fotolar

İnkişaf və rifah ili - Fotolar
2019-cu ilin 6 ayı Azərbaycanın siyasi, iqtisadi, sosial həyatında böyük dəyişikliklərlə yadda qalıb

Prezident İlham Əliyev ictimaiyyət qarşısında etdiyi çıxışlarında, həmçinin dövlət rəsmilərinin iştirakı ilə keçirdiyi müşavirələrdə səsləndirdiyi - "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial-rifah halının daha da yaxşılaşdırılması dayanır”, - fikirləri real həyatda atılan addımlarla üst-üstə düşür. Yəni, verilən vədlər, əməli tədbirlərlə bir-birini tamamlayır. Buna misal olaraq, sadəcə cari ilin ötən altı ayında ölkədə baş verən prosesləri, o cümlədən dövlət başçısının imzaladığı fərman və sərəncamları, həmin sənədlərdən irəli gələrək görülən işləri sadalamaq kifayətdir. Xatırladaq ki, hələ cari il yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Prezident İlham Əliyev 2019-cu ildə sosial sahədə geniş layihələrin həyata keçiriləcəyini, islahatların davam etdiriləcəyini bildirib. Fevralın 25-də keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə isə dövlət başçısı aparılan ciddi iqtisadi islahatların, şəffaflıqla bağlı görülən işlərin büdcə daxilolmalarına müsbət təsir göstərdiyini, dövlətin maliyyə vəziyyətinin yaxşılaşdığını dilə gətirərək, islahatların dərinləşəcəyini, əldə edilən əlavə gəlirlərin ilk növbədə vətəndaşların sosial müdafiəsinə yönəldiləcəyini bəyan edib. Beləliklə də 2019-cu ilin geniş islahatlar, sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacağının anonsunu verib.
 
 

Hər iki toplantıdan sonra sosial sferaya aid qəbul edilən fun­damental qərarlar, imzalanan fərman və sərəncamlar Prezident İlham Əliyevin xalqın məna­feyindən çıxış etdiyini növbəti dəfə təsdiqləyib. Sadalanan sosialyönümlü faktlar sırasına tələbələrin təqaüdlərinin artırılmasını, məcburi köçkünlərlə bağlı cari ildə çox geniş inşaat proqramlarının icra edilməsini, vaxtilə tikilmiş və hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli binaların sənədləşməsini, problemli kreditlərlə bağlı məsələnin həllini tapmasını da göstərmək olar. Ümumiyyətlə, Azərbaycanda cari ilin 6 ayında sosial istiqamətdə həyata keçirilən işlər deməyə əsas verir ki, sosial xarakterli qərarlar davamlı xarakter alıb və bundan sonra da davam etdiriləcək. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadə də bildirib ki, 2019-cu ilin ilk 6 ayı Azərbaycanın tarixinə sosial müdafiə və sosial rifah ili kimi daxil olub. Millət vəkilinin sözlərinə görə, əhalinin sosial müdafiəsinin daha da güclənməsi ilə xarakterizə olunan ilin ilk ayında atılan addımlar, imzalanan fərman və sərəncamlar insan amilinin Prezident İlham Əliyevin uğurlu siyasətinin mərkəzində dayandığını bir daha təsdiq edib. O bildirib ki, 2017-ci il iqtisadiyyatımızın sabitləşməsi, 2018-ci il iqtisadi inkişaf kimi dövlətimizin tarixinə düşübsə, 2019-cu il sosial inkişaf və rifah ili kimi öz təsdiqini tapıb.
 
 

P.Kərimzadə bildirib ki, Prezident İlham Əliyevin 2019-cu ilin 6 ayı ərzində qəbul etdiyi qərarlar, imzaladığı mühüm dövlət sənədləri, o cümlədən 18 iyun tarixli sərəncamlar ölkədə həyata keçirilən siyasətinin mərkəzində insan amilinin dayandığını növbəti dəfə nümayiş etdirib: "Təkcə son sərəncamlardan irəli gələrək, sentyabrın 1-dən minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırılacaq. Dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşları və mülki işçilərin əməkhaqları 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşları orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılacaq. Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına, dövlət büdcəsinin imkanlarına uyğun həyata keçirilən bu kimi inqilabi islahatlar ölkəmizin güclü iqtisadi imkanlarının olduğunu da ortaya qoyur. Düşünürəm ki, ötən 6 ayda əldə edilən uğurlar, qazanılan nailiyyətlər, sosial sferanı əhatə edən tədbirlər bundan sonra da davam etdiriləcək, dövlət başçımızın da vurğuladığı kimi, 2019-cu il dərin islahatlar, sosial inqilab ili kimi tarixə düşəcək”.
 


Milli Məclisin deputatı, iqtisadçı Azər Badamov da qəzetimizə açıqlamasında 2019-cu ilin 6 ayında Azərbaycanda əldə edilən iqtisadi, siyasi, sosial uğurlardan söhbət açıb. O bildirib ki, 2019-cu ilin əvvəlindən ölkəmizin həyatında vətəndaşların razılıqla qarşıladığı, Azərbaycanın inkişafına, insanlarımızın həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edən müsbət hadisələr baş verib: "Cari ilin ilk 6 ayı ərzində siyasi baxımdan Azərbaycanın dünya dövlətləri, beynəlxalq təşkilatlarla münasibətləri bir qədər də yaxşılaşıb, ölkəmizin dostları, tərəfdaşları çoxalıb. Azərbaycan Cənubi Qafqazda sabitlik, əmin-amanlıq adası, multikulturalizm və tolerantlıq ənənələrini yaşadan, beynəlxalq miqyaslı tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi edən ölkə kimi nüfuzunu daha da artırıb. Beynəlxalq forumların Azərbaycanda keçirilməsi, böyük dövlətləri təmsil edən ali hərbi rəhbərlərin dialoq məkanı kimi paytaxt Bakını seçməsi ölkəmizin inkişafını göstərməklə bərabər, həm də bizə olan inamın, etibarın nümayişidir. Hesab edirəm ki, ötən 6 ayda bu inam və etibar artıb, beynəlxalq aləmdə mövqelərimiz bir qədər də möhkəmlənib”.
 
 
 
Millət vəkili deyib ki, 2019-cu ilin 6 ayı Azərbaycan üçün sosial-iqtisadi baxımdan xüsusilə əlamətdardır: "Təkcə birinci rübdə 40 min ödənişli ictimai iş yeri açılıb və 35 min vətəndaş ödənişli ictimai işlərlə təmin edilib. Təbii olaraq sonrakı dövrlərdə bu istiqamətdə davamlı addımlar atılıb. Eyni zamanda cari ilin birinci rübündə Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar sayəsində 3 milyon vətəndaşın sosial vəziyyəti daha da yaxşılaşıb. Pensiyalar, müavinətlər, əməkhaqları, təqaüdlər artırılıb, şəhid ailələri, əlilliyi olan şəxslər, müharibə veteranları, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin, mənzil-məişət qayğılarının, həmçinin problemli kreditlərin, yeni tikilən çoxmənzilli binaların sənədləşməsinin, qeydiyyatının həlli, çoxuşaqlı ailələrə, valideyn himayəsindən məhrum olan uşaqlara qayğı istiqamətində mühüm addımlar atılıb. Prezident İlham Əliyevin ikinci rübdə - 18 iyun 2019-cu il tarixdə imzaladığı sərəncamlar və yeni qanunvericilik təşəbbüsü isə 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artıma imkan verib. Xüsusilə qeyd edilməlidir ki, son sərəncamlardan sonra minimum əmək haqqının 250 manata çatdırılması ölkəmizdə ilk dəfə olaraq minimum əmək haqqının yaşayış minimumunu üstələməsinə imkan verib. Bütün bunlar Azərbaycanın iqtisadi qüdrətini artırması nəticəsində baş verir. Çünki, iqtisadiyyat, o cümlədən qeyri-neft sektoru inkişaf etdikcə, dövlət büdcəsinin gəlirləri artıqca, ölkədə müxtəlif sahələrlə bərabər, sosial sferada da ciddi addımlar atılır. Ümumilikdə 2019-cu ilin ilk 6 ayı Azərbaycanın siyasi, iqtisadi, sosial həyatında böyük dəyişikliklərlə yadda qalıb”.
 
Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973