İnflyasiyadan necə qorunmalı? - ŞƏRH
Ekspert
deyir ki, sosial müdafiə rıçaqları çevik və
təsiredici olmalıdır. Bazarlarda sağlam rəqabət mühiti yaradılmalı, monopoliya
aradan qaldırılmalı, konkret nəticələrə hesablanan subsidiyalar verilməlidir.
Heç bir halda inzibati yolla problemi həll etmək metoduna üstünlük vermək
olmaz.
BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyada ərzaq qiymətləri ötən
10 ildəən yüksək həddə çatıb. Buna əsas səbəb kimi anomal hava şəraiti, artan
istehlak inflyasiyası, enerji və əmək böhranı, pandemiya şəraiti, COVID-19 və
yeni ştammların ortaya çıxması, istehsalın azalması və sair göstərilib. 2022-ci
ilin yanvar ayında isə əsas yeyinti məhsullarının qiymətləri yenidən yüksəlib.
İstəsək də, istəməsək də həyat
bahalaşıb
Dünyadakı
mövcud vəziyyət qlobal iqtisadiyyata inteqrasiya
etmiş Azərbaycana da təsirsiz ötüşməyib. İstəsək də, istəməsək də həyat
bahalaşıb, bütün sahələrdə qiymət artımı müşahidə olunub, inflyasiya fərqli
sektorlarda özünü büruzə verib. Dövlət Statistika Komitəsinin yaydığı
məlumata görə, 2022-ci ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq
məhsullarında daha çox bahalaşma çörəyin, unun, qarabaşaq yarmasının, makaron
məmulatlarının, qoyun, mal və toyuq ətinin, təzə və dondurulmuş balığın, pendirin,
kəsmiyin, xamanın, qatılaşdırılmış şəkərli və sterilizə olunmuş üzlü südün,
kərə yağının, narın, heyvanın, naringinin, xurmanın, bananın, almanın, armudun,
xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər
və şəkər tozunun, konfetlərin, kakao tozunun, limonadın, pivənin, arağın, tütün
məmulatlarının, ucuzlaşma isə əsasən yumurtanın, portağalın, kələmin,
çuğundurun və yerkökünün qiymətlərində müşahidə olunub. Xaricdə istehsal olunan və Azərbaycana idxal olunan məhsulların qiymətində
bahalaşma xüsusilə diqqət çəkib.
Təxirəsalınmaz antiinflyasiya tədbirləri
Dünya ərzaq bazarlarında məhsulların qiymətlərində müşahidə olunan
kəskin bahalaşmanın Azərbaycanda işgüzar fəallığa, əhalinin rifahına və
alıcılıq qabiliyyətinəmənfi təsirini azaltmaq üçün fevralın 17-18-də Baş
nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib. Toplantıda dünya ərzaq bazarlarında məhsulların
qiymətlərində kəskin bahalaşmanın ölkədəişgüzar fəallığa, əhalinin
rifahına və alıcılıq qabiliyyətinəmənfi təsirinin qarşısının alınması
məqsədilə təxirəsalınmaz antiinflyasiya tədbirlərinin gücləndirilməsi geniş
müzakirə olunub. Qiymət artımı şəraitində əhalinin real gəlirlərinin və
alıcılıq qabiliyyətinin qorunmasına yönəlmiş tədbirlər və Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamları ilə əmək haqları, sosial
ödənişlər və sosial dəstək tədbirlərinin artırılması xüsusi vurğulanıb. Sosial
islahat paketinin 3,4 milyon insanı əhatə etdiyi və bu məqsədlər üçün əlavə 2,1
milyard manat dövlət vəsaitinin ayrıldığı bildirilib. Sosial dəstək tədbirlərinin davam etdirilməsi,
zərurət olduğu təqdirdə özünüməşğulluq və haqqı ödənilən ictimai işlər
proqramının əhatə dairəsinin daha da genişləndirilməsi və digər aktual
məsələlər barədə müvafiq tapşırıqlar verilib.
Sahibkar qarşısında qəti tələb
qoyularsa...
Sözügedən iclasda qəbul edilən qərarlarla yanaşı, hökumət daha hansı
tədbirlərə əl atmalı, ölkədə bahalaşmanın qarşısını necə almalıdır? Bunun üçün
potensialımız varmı, risklər hansı səviyyədədir? Ümumiyyətlə, hökumətin
qiymətləri tənzimləmək üçün rıçaqları varmı? Mövzu ilə bağlı "Kaspi” qəzetinə
açıqlama verən Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Əli
Əlirzayev bildirib ki, qiymətlərin bahalaşması daxili və xarici amillərdən,
təsirlərdən asılıdır. Onun sözlərinə görə, bunun üçün hər bir ölkənin daxili
tənzimləmə siyasəti olmalıdır: "Qiymət artımına təsir edən daxili və xarici
amillərin qarşısını inzibati yollarla almaq qeyri-mümkündür. Müəyyən iqtisadi
mexanizmlər vasitəsilə bu təsirləri yumşaltmaq olar. Bir qiymət sistemindən
başqa qiymət sisteminə keçid etmək gərəkdir. Əgər qiymət bütün dünyada
dəyişirsə, hansısa sahibkara deyə bilmərik ki, xaricdən dollarla baha qiymətə
aldığın məhsulu Azərbaycana gətirib ucuz qiymətə sat. Mənfəət olmadığı təqdirdə
heç bir sahibkar belə bir addım atmaz. İnzibati yolla sahibkar qarşısında qəti tələb
qoyularsa, o, fəaliyyətinə son verəcək. Nəticə etibarilə sahibkarlıq subyekti
sıradan çıxacaq”.
İnzibati yolla problemi həll etmək
olmaz
İqtisadçı alim deyib ki, rəqabət şəraitinə uyğun, real bazar
prinsipləri gözlənilməklə müvafiq addımlar atılmalıdır: "Bunun üçün dövlətin
özünün siyasəti var. Elə məhsullar var ki, onun qiyməti bahalaşsa da, güzəşt
yeri var. Əgər dünya bazarında neftin qiyməti bahalaşırsa, Azərbaycanın neftdən
əldə etdiyi gəlirlərin həcmi artır. Yaxud kənd təsərrüfatı məhsullarının dünya
bazarında qiyməti artırsa, ixracdan əldə etdiyimiz gəlirlər artacaq. Qiymət nədir?
Qiymət ümumi daxili məhsulu, ölkənin bütövlükdə əldə etdiyi iqtisadi artımı,
iqtisadi inkişafı təmin edir. Qiymətlər artanda iqtisadi imkanlar da çoxalır.
Qiymətlər bahalaşdıqca, əhalinin alıcılıq qabiliyyəti azalır. Belə olan
təqdirdə pərakəndə, dövlət və inhisar qiymətləri dövlət siyasəti əsasında
tənzimlənməlidir. Məsələn, neft ixracından daxil olan, yaxud digər məhsulların
bahalaşmasından əldə edilən gəlirlərin bir hissəsi sosial müdafiə məqsədilə istifadə
edilməlidir. Sosial müdafiə rıçaqları çevik və təsiredici olmalıdır. Yəni
qiymətlərin dəyişməsi heç bir istehlakçının əvvəlki həyat səviyyəsini, onun
sosial rifahını dəyişməməli, mənfi təsir etməməlidir. Dövlətin bu istiqamətdə
sosial siyasəti olmalı, əsasən də bazarlarda sağlam rəqabət mühiti yaradılmalı,
monopoliya aradan qaldırılmalı, konkret nəticələrə hesablanan subsidiyalara
üstünlük verilməlidir. Heç bir halda inzibati yolla problemi həll etmək
metoduna üstünlük vermək olmaz”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Baş nazir Əli Əsədov
fevralın 21-də "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin
gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" sərəncam
imzalayıb.
Rufik İSMAYILOV