İmtiyaz və məsuliyyət yaradan Bəyannamə - TƏHLİL
Politoloqların
fikrincə, Müttəfiqlik Bəyannaməsi Rusiyanın Azərbaycana siyasi dəstək verməsinə,
ərazi bütövlüyünün tanınması ilə bağlı ermənilərin müəyyən fitnə-fəsadlarının
aradan qaldırılmasına təsir göstərəcək.
Prezident
İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə fevralın 21-də
Moskvada səfərdə olub. Səfər çərçivəsində hər iki dövlət başçısı Kremldə əvvəlcə
təkbətək görüşüb, ardınca "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası
arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalayıblar. V.Putin
Bəyannaməni dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni səviyyəyə keçidi kimi
dəyərləndirib. Prezident İlham Əliyev ölkələrimiz arasında çox geniş müqavilə-hüquq
bazasının olduğunu, indiyə qədər 245 sənədin imzalandığını xatırladaraq, həmin
sənədlər arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin
xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Dövlət başçısının sözlərinə görə, bu
Bəyannamə Azərbaycan-Rusiya münasibətlərini müttəfiqlik səviyyəsinə çıxarır, böyük
imtiyaz və məsuliyyət yaradır.
Erməni lobbisinin əsas arqumenti əlindən alındı
Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin rəhbəri,
politoloq Eldar Namazovsözügedən Bəyannamənin əhəmiyyətini şərh edərək deyib ki, Azərbaycanla Rusiya
arasında müttəfiqlik haqqında Bəyannamənin imzalanması Ermənistanı məyus edib:
"Erməni lobbisi hesab edir ki, 44 günlük müharibədən sonra Ermənistan əvvəlcə
İranı, məlum Bəyannamənin imzalanmasından sonra isə Rusiyanı Azərbaycana uduzub.
Həqiqətən də, müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin Azərbaycan
üçün böyük əhəmiyyəti var. 44 günlük savaşdan sonra istədiyimizin 90 faizinə hərbi
yolla nail olmuşduq. Yerdə qalan 10 faizə nail olmaq üçün diplomatik-siyasi
yolla addımlamağımız vacib idi. Bax bu 10 faizə nail olmaq, diplomatik-siyasi
yolla addımlamaq üçün Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti
haqqında Bəyannamənin imzalanması mühüm əhəmiyyət daşıyır. İndiyə qədər erməni
lobbisinin əlində yeganə bir arqument qalmışdı. Hər dəfə Rusiyada ölkəmizin
haqlı mövqeyi müdafiə ediləndə rusiyalı ekspertlər deyirdilər ki, Azərbaycan
beynəlxalq hüquqa görə haqlı olsa da, faktiki olaraq Ermənistan Rusiyanın müttəfiqidir.
Azərbaycan imzalanan Bəyannamə ilə Rusiyadakı erməni lobbisinin təsiri altında
olan bəlli dairələrin əlindən son arqumentlərini də aldı”.
Müstəqil xarici siyasət, beynəlxalq əlaqələr məhdudlaşdırılmır
Bəyannamədəki 43 bəndin hamısını nəzərdən keçirdiyini,
başqa sənədlərlə müqayisələr apardığını xatırladan politoloq söyləyib ki, burada
Azərbaycan üçün vacib olan bir çox məqamlar var: "Sənədin birinci bəndində açıq
şəkildə göstərilib ki, tərəflər bir-birinin ərazi bütövlüyünə, suverenliyinə
hörmətlə yanaşır, bir-birinin daxili işlərinə qarışmamaq, separatizm və
terrorçuluğa qarşı birgə mübarizə öhdəliyi götürür. Eyni zamanda Bəyannamədə sərhədlərin
toxunulmazlığı və sair kimi vacib prinsiplər əks olunub. Bu, Azərbaycan
qarşısında geniş imkanlar açır. Prezident İlham Əliyev Moskvada mətbuat qarşısında
çıxış edəndə də bu bəndi xüsusi vurğuladı. Ümumilikdə, Bəyannamənin ruhunda,
orada yazılan hər bir bənddə Azərbaycanın maraqları əksini tapıb. Bu,
fundamental məsələdir. Həm Rusiyanın, həm də Azərbaycanın yüksək səviyyədə beynəlxalq
əlaqələri var. Hər iki dövlət imzaladığı Bəyannamə ilə müstəqil xarici siyasətini,
beynəlxalq əlaqələrini məhdudlaşdırmır. Yəni Azərbaycan indiyə qədər xarici ölkələrlə
imzaladığı hər bir müqaviləyə sadiqdir və bu çərçivədə qurulan əlaqələr bundan
sonra da davam etdiriləcək. Bu sənədlərdən biri də Türkiyə ilə Azərbaycan
arasında Şuşada imzalanan hərbi ittifaq barədə Bəyannamədir”.
Şuşa və Moskva bəyannamələrinin fərqi
Şuşa və Moskva bəyannamələrini müqayisə edən
E.Namazov bildirib ki, bu sənədlərin birincisi hərbi-siyasi ittifaq, digəri
müttəfiqlik hüququna malikdir: "Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında
imzalanan hərbi-siyasi ittifaq sənədidir. NATO-nun nizamnaməsinin məşhur 5-ci bəndi
var. Həmin bənd NATO üzvü olan dövlətlərin bir-birinə hərbi dəstəyini, müdafiəsini
nəzərdə tutur. Bu, Alyansa üzv dövlətlərin öhdəliyidir. Şuşa Bəyannaməsi də məhz
bu baxımdan həm Türkiyə, həm də Azərbaycan üçün əhəmiyyətlidir. Türkiyə və Azərbaycana
qarşı kənardan hər hansı təhlükə olduğu təqdirdə, hansı addımların atılacağı,
hansı müdafiə tədbirlərinin görüləcəyi konkret şəkildə yazılıb. Moskvada
imzalanan Bəyannamədə isə qeyd olunur ki, tərəflərdən birinə qarşı hər hansı təhlükə
olarsa, əgər bu, BMT-nin Nizamnaməsinə, müttəfiq ölkənin imzaladığı digər sənədlərə
zidd deyilsə, bir tərəf digər tərəfə müraciət edə bilər, qarşı tərəf bu müraciətə
baxa bilər. Hər iki sənədin fərqi açıq şəkildə ortadadır. Bu baxımdan, Şuşa Bəyannaməsi
hərbi-siyasi ittifaq, Moskva Bəyannaməsi müttəfiqlik sənədidir”.
Regiondakı proseslərə təsir imkanı olan ən birinci
ölkə
Politoloq Qabil Hüseynli hesab edir ki, müttəfiqlik qarşılıqlı fəaliyyəti
haqqında Moskva Bəyannaməsi Azərbaycana bölgədəki bir sıra məsələlərin həllində
Rusiyanın siyasi dəstəyindən yararlanmaq imkanı yaradır. Onun sözlərinə görə,
hazırda Azərbaycan üçün ən vacib məqamlardan biri Ermənistanla sülh müqaviləsinin
bağlanması, ərazi bütövlüyünə dəstək verilməsi, sərhədlərin delimitasiya və demarkasiyası,
nəqliyyat, kommunikasiya əlaqələrinin açılmasıdır: "Bu proseslərə təsir imkanı
olan ən birinci ölkə Rusiyadır. Bu ölkənin Ermənistan üzərində təsiri böyükdür.
Müttəfiqlik Bəyannaməsi Rusiyanın Azərbaycana siyasi dəstək verməsinə, ərazi
bütövlüyünün tanınması ilə bağlı ermənilərin müəyyən fitnə-fəsadlarının aradan
qaldırılmasına təsir edəcək. Digər tərəfdən, Rusiya Azərbaycanla həm quruda, həm
də Xəzər dənizində sərhədi olan ölkədir. Rəsmi Moskvanın xarici siyasətində müəyyən
xoşagəlməz məqamlar olsa da, Azərbaycana münasibətdə Rusiyanın dəstəyindən,
potensialından istifadə edilməsi vacibdir. Bu, bölgədəki hər hansı zərərli
prosesin qarşısını almağa xidmət edəcək. Bu baxımdan da Moskva Bəyannaməsi
xüsusi əhəmiyyət daşıyır”.
Rufik İSMAYILOV