• cümə, 29 Mart, 10:20
  • Baku Bakı 5°C

İmperiyanın dağılması həyatını dəyişdi - GÖR-GÖTÜR

11.06.22 02:30 1442
İmperiyanın dağılması həyatını dəyişdi - GÖR-GÖTÜR

“Məktəbə gedəndə görmə qabiliyyətim 100 faiz olub. İnstituta girəndə minus 5, bitirəndə minus 8 idi. Evin ağır işlərini atam görürdü. Mənə “sən oxuyansan, oxu” deyirdilər. Bu da mənə əlavə məsuliyyət yükləyirdi. Səhv etməyə haqqım yox idi. Ailəm mənə sərbəstlik verib və həyatda etdiyim kəskin dönüşlərə mane olmayıb”

Bir gənc düşünün. “Seçilənlər”dən olmağı qarşısına məqsəd qoyub. “Rayon uşağı” olduğu üçün peşəsində fərqlənməyin yeganə yolunun nadir ixtisas seçmək olduğunu düşünüb. O “nadir ixtisas” onu fəhlə də edib, usta da, gəmi mühəndisi də, müxbir də, şərhçi də, şöbə müdiri də, müəllim də...

 

Fəhləlikdən başlayan yol...

Fəhləlikdən başlayan bu yol ən ali peşəyə qədər yüksəlib. Özünün də dediyi kimi, həyat ona öyrəndiklərini öyrətmək üçün fürsət yaradıb. Müsahibimiz “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tabeliyində olan Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqovdur. Mətbuatda uzun illər “Vüqar Mirsadiq” imzası ilə tanınıb.

 

“Səhv etməyə haqqım yox idi”

Ziyalı ailəsində böyüyüb. Atası iqtisadçı, anası həkim olub. Məktəbdə əlaçı olub. Elə yaxşı oxumağı da onu rayonda təsərrüfat işlərindən azad edib: “Həqiqətən, çox oxumuşam. Məktəbə gedəndə görmə qabiliyyətim 100 faiz olub. İnstituta girəndə minus 5, bitirəndə minus 8 idi. Evin ağır işlərini atam görürdü. Mənə “sən oxuyansan, oxu” deyirdilər. Bu da mənə əlavə məsuliyyət yükləyirdi. Səhv etməyə haqqım yox idi. Çünki mənə etimad var idi. Ailəm mənə sərbəstlik verib və həyatda etdiyim kəskin dönüşlərə mane olmayıb”.

 

“Hər şərdə xeyir var”

Həkim olmaq istəyib. Onun yaşadığı rayonda hamı ya həkim olmaq istəyirdi, ya müəllim. O da bu psixologiya ilə hərəkət edib: “Müsabiqədən keçmədim. “Hər şərdə xeyir var” deyirlər. Həkimlik mənim xarakterimə uyğun deyildi. Çünki xəstələrin ağrılarını görməyə ürəyim dözməzdi. O vaxt ali məktəbə daxil olmayanlar peşə təhsili alanda iş təcrübəsi sayılırdı. Mən də texniki peşə məktəbinə sənədlərimi verdim. Həm təcrübə topladım, həm də metalların emalı sahəsində staj qazandım. Texniki peşə məktəbini də fərqlənmə diplomu ilə bitirdikdən sonra təhsilimi Rusiyada davam etmək istədim”.

 

Rusların qrup nümayəndəsi...

“Yaxşı və seçilən mütəxəssis olmaq istəyirdim. O vaxt geniş yayılmış ixtisaslardan seçsəydim, özümü təsdiq etmək çətin olardı. Bu səbəbdən “Gəmiqayırma və gəmi təmiri” ixtisasını seçdim. O vaxt Azərbaycanda bu sahədə ali məktəb yox idi. Leninqrad (indiki Sankt-Peterburq) Su Nəqliyyatı İnstitutuna daxil oldum. Yaxşı nəticələrimə görə məni qrup nümayəndəsi seçdilər. Hazırda da ən yaxın dostlarım tələbə yoldaşlarımdır. Bu gün gəmiçilik sahəsində sayılıb seçilən insanların hər biri ilə eyni universiteti bitirmişik”.

 

Özümə söz verdim ki...

Təhsil müddətində gəmidə təcrübə keçmək onun unutmadığı xatirələri arasındadır. Çünki o zaman həyatında ilk dəfə gəminin sükanı arxasına keçib: “Xəzər Dəniz Layihə Elmi-Tədqiqat İnstitutunun direktor müavini Sülhi Bəbişbəyli ilə bir yerdə gəmidə təcrübə keçirdik. Rusiyanın daxili suları ilə Svir və Volqa çayına qədər gəldik. Biz mühəndis idik. Kapitandan soruşdum ki, gəmini idarə etmək çətindir, yoxsa asan? Dedi ki, mən sənə izah edərəm, özün idarə edərsən. 100 metr uzunluğunda yük gəmisi idi. Sükanı mənə verdi və özü getdi. Elə bilirdim ki, sükanı döndərən kimi gəmi dönəcək. Sən demə, gəminin sükanı onun arxasında olur. Böyük detaldır. Onu döndərəndə suyun axını ona dəyir və gəmi ətalət göstərərək bir müddət sonra yavaş-yavaş dönməyə başlayır. Sükanı əvvəlcədən döndərməlisən və ölçüləri hesablamalısan. Mən gəmini stabilləşdirənə qədər xeyli əziyyət çəkdim. Dedim ki, Vüqar, sən gəmiqayırma mühəndisisən, otur öz işinlə məşğul ol. Gəmini peşəkarlar sürsün. Anladım ki, hər şeyə həddindən artıq maraq göstərmək düzgün deyil. Hər işin öz peşəkarı olmalıdır”.

 

“Bu, böyük təsadüf idi”

Gəmiçilik sahəsində çalışdıqdan sonra təsadüf nəticəsində jurnalistikaya gəlib: “Universiteti bitirdikdən sonra məni təyinatla indiki Xəzər Dəniz Neft Donanma İdarəsinə göndərdilər, orada usta işlədim. İl yarım çalışandan sonra Viktor Kalmanoviç adlı mütəxəssis məni çağırdı və dedi ki, çox bacarıqlısan, səni texnoloq kimi görmək istəyirəm. “Saqqızım”ı oğurladı. O vaxt sovet imperiyası son günlərini yaşayır, zavodlar bağlanırdı. Bu, mənim həyatımda dönüş nöqtəsi oldu. Azərbaycan Televiziyasında Şahin Şahsuvarov adlı jurnalist var idi. Zəng etdi ki, Sumqayıta çəkilişə gedirəm, mənimlə gedək. O vaxt təsadüfən məzuniyyətdə idim. Dedi ki, Ukraynadan alim gəlib, Həzi Aslanovla bağlı araşdırma aparır. Onun həyatından danışacaq. Getdik, tədbirin sonunda dedi ki, sən rus dilini yaxşı bilirsən, müsahibə al. İlk dəfə kamera qarşısına keçdim və ürəyimdən keçən sualları verdim. Çəkilişdən sonra kaseti redaksiyaya gətiriblər, baxış keçirilib və məni bəyəniblər. O gündən AzTV ilə əməkdaşlığa başladım və jurnalistikaya gəldim. Müxbir də, şərhçi də, aparıcı da, şöbə müdiri də oldum. Bu, çox böyük təsadüf idi”.

 

-    Necə olur ki, gəmiqayırma mühəndisi efirdə uğurlu kadr olur?

- Sovet təhsil sistemində orta məktəbdə bütün fənləri oxuyan şagird hər bir ixtisasda rahat işləyə bilirdi. O dövrdə də qaynar siyasi inkişaf gedirdi. Hakimiyyət dəyişiklikləri, Ulu öndərin hakimiyyətə qayıdışı hamının gözü önündə baş verirdi. Məhz o qaynar dövrdə informasiya studiyasında ictimai-siyasi şöbənin müdiri idim və efirə də çıxırdım. Bu vaxta qədər yığdığım baza mənə kömək oldu.

 

Sərbəst və azad fikirli...

İki qızı, bir oğlu var. Özü necə tərbiyə alıbsa, övladlarını da elə böyüdüb - sərbəst və azad fikirli: “Övladlarım həyatları ilə bağlı bütün qərarlarını özləri veriblər. Qızlarım istər həyat yoldaşı, istər karyera seçimlərini özləri ediblər. Bircə oğluma məsləhət verdim ki, sən də mənim seçdiyim sahəni seç ki, yol göstərə bilim. O da sadəcə məsləhət idi. Oğlum da mənim yolumu davam etdirdi və Odessa Milli Dəniz Universitetini bitirdi”. 

 

Məhəbbət olan yerdə...

“Bəzi ailələr xüsusilə qız uşaqlarını müəyyən məhdudiyyətlərlə böyüdürlər. Məhdudiyyətlər olmalıdır, amma körpə vaxtı... Uşaq “yox” sözünü bilməlidir. Hər şeyi istəyəndə ona verirlərsə, şıltaq olur. Böyüyəndən, ağlı kəsəndən sonra yavaş-yavaş məhdudiyyətlər aradan qaldırılmalıdır. “Yox”ları əvvəldən bildiyinə görə mənfi istiqamətə getməyəcək. Amma həddi-buluğa çatanda həyatı ilə bağlı qərarlarını verməlidir. İstər ana ilə ata, istərsə də valideynlə  uşaq arasında məhəbbət olmalıdır. Məhəbbət olan yerdə qarşılıqlı inam, etimad var, hansısa ifrat tədbirlərə ehtiyac qalmır.

 

“Övladının da, tələbənin də yolunda yanmalısan”

Dənizçilikdən, jurnalistikadan danışdıq. Həmsöhbətimiz həm də müəllimdir: “Müəllimlik zirvədir. Bu gün hər tələbədə öz övladımı görürəm. Müəllimə ziyalı deyirik. Ziyalı nur, işıq verəndir. Nur, işıq vermək üçün yanmalısan. Yanmasan, o işıq çıxmayacaq. Özünü gərək tələbənin də, övladının da yolunda yandırasan. Bu gün tələbələrim xaricdən zəng edirlər. Hamısının da səsindən adlarını bilirəm. Akademiyada yüksək vəzifə tutan tələbələrim var. Hazırda kafedra müdirimiz tələbəmdir. Artıq tələbələrimlə çiyin-çiyinə işləyirəm. Baxıram, fəxr edirəm”.

 

- “Hədəflərimə çatdım” deyə bilərsiniz?

- Bizim vaxtımızda deyirdilər ki, həyatda öz yerini tutasan. Məncə, hədəf karyera qurub, istənilən zirvəyə mütləq çatmaq olmamalıdır. İnsan həyatda öz yerini tutmağı bacarmalıdır. Xoşbəxt o insandır ki, səhər evdən işə, axşam işdən evə həvəslə gedir. Mən işə də, evə də sevinərək gedirəm. Bu, maksimalizmdir. Karyeraya gəldikdə, yüksək səviyyəli mütəxəssis ola bilərsən, amma bildiyini kiməsə verə bilmirsənsə, heç bir məna ifadə etməz. Hazırda təcrübəmi bölüşür, gələcək nəsillərə ötürürəm. Məncə, həyatda öz yerimi tutmuşam.

Aygün ƏZİZ

 

banner

Oxşar Xəbərlər