İLMƏLƏRİN HİKMƏTİ

Çoxlarının yaranma tarixi yüz illərlə ölçülən xalçaçılıqda hər şeyin
deyilib sona çatdığına, onun insan ağlını ovsunlayan kompozisiya həllinə və
naxış örtüyünə nəsə əlavə etmək mümkünsüzlüyünə inandığı bir vaxtda onun 25
yaşında - tələbə ikən yaratdığı və dekorativ-sənət məkanında bədii şərhi
qeyri-adiliyi ilə seçilən "Şəbi-hicran” (1981) adlı süjetli xalça bəxş etməsi,
obrazlı dillə desək, aydın səmada şimşəyin çaxmasına bənzər bir hadisə oldu.
Hələ Ə.Əzimzadə adına rəssamlıq məktəbində özünəməxsus rəng duyumu ilə
həmyaşıdları arasında fərqlənən bu gəncin görkəmli xalça bilicisi Lətif
Kərimovdan öyrəndiyi peşə vərdişlərinin sayəsində bu cür unikal sənət nümunəsi
yaratması, əslində, onu yaxından tanıyanlar üçün təbii idi. 1983-cü ildə Bakıda
keçirilən Şərq xalçaları üzrə beynəlxalq simpozium iştirakçılarının təqdirindən
ruhlanan gənc xalçaçı-rəssam isə daha yüksək sənə zirvələri fəth etmək
arzusundaydı. Həmin gənc bu gün yaradıcılığı beynəlxalq xalça məkanında
oxşarı-bərabəri olmayan Eldar Mikayılzadə idi...
2006-cı ildə yenidən
"Şəbi-hicran” kompozisiyasına qayıdan rəssam əvvəlki əsərdə eləyə
bilmədiklərini burada reallaşdırmaqla, özünəməxsusluğu və ecazkarlığı danılmaz
olan sənət nümunəsi yaratmağa nail olmuşdur. Başqa sözlə desək, bir vaxtlar
duyulası sirliliyinə görə "gələcəyə göndərilmiş məktub” ayaması qazanmış xalça
sənətini qeyri-adiliyi göz qabağında olan töhfələrlə zənginləşdirməyin
mümkünlüyünü sərgiləmişdir. "Şəbi-hicran” xalçası əfsanəyə dönmüş məhəbbətlə
Füzuli poeziyası arasında obrazlı bir körpüyə bənzəyir, desək, yanılmarıq...
Hazırda Azərbaycan Xalça Muzeyini bəzəyən "Şəbi-hicran” xalçası
adından da göründüyü kimi dahi Məhəmməd Füzulinin sənət dünyasına həsr olunub.
Assimetrik kompozisiyada şairin və onun şah əsəri sayılan nakam məhəbbət
dastanı "Leyli və Məcnun”un qəhrəmanlarının talelərinə tutulan fəlsəfi-obrazlı
"bədii güzgü” bütün mənalarda yeni idi. Xalçanın bədii örtüyünü təşkil edən
əksər elementləri – ağacların, qayaların, buludların ikimənalı-rəmzi görkəmi
əsəri sirli etməklə yanaşı, həm də heyrət mücəssəməsinə çevrilməsini
şərtləndirmişdir. Buludların həm də şairin dilindən süzülən məşhur beytə
çevrilməsi, ağacın gül açmış çiçəklərinin Füzulinin bəyaz çalmasını və saqqalını,
qayaların çöhrəsindəki qəm yüklü əzalarının cizgilərini, ağac gövdələrinin söz
xiridarının geyimini əvəz etməsi çox maraqlı və düşünülmüş bənzərsiz bədii həll
tapıntısı idi. Mərkəzi kompozisiyaya daxil edilmiş digər obraz və elementlərin
hamısının da müəyyən fəlsəfi məzmun daşıdığını nəzərə alanda, əsərin çox
tutumlu bir nümunəyə çevrildiyini yəqinləşdirmək olur...
Etiraf edək ki, Azərbaycan xalçaçılığının çoxəsrlik tarixində buna
qədər bu cür zəngin məna-məzmunla yüklənmiş xalçalar çox az olmuşdur. Eldar
Mikayılzadə əldə etdiyi yaradıcılıq uğurlarını sonralar da davam etdirmiş və
dünya xalçaçılıq sənətinə əvəzsiz töhfələr vermişdir. Onun XX əsrin sonlarında
yaratdığı "Nağıllar aləmi” (1983), "İslam” (1992), "Təbriz” (1993), "Bürclər”
(1994), "Xilaskar” (1995-1997), "Üç din” (1998), "Səttar” (1999),
"Bismillahir-rəhmanir-rəhim” (2001), "Üç peyğəmbər” (2003) və s. nadir sənət
nümunələri belə incilərdəndir. Onun XXI əsrdə ərsəyə gətirdiyi "Yaranış”
(2010), eləcə də "Kəhkəşan” və "Səttarın arzusu” (hər ikisi 2012) xalçaları isə
bədii-estetik tutumuna və bədii-texniki xüsusiyyətlərinə görə bənzərsizdirlər.
Mürəkkəb kompozisiyalı, çoxfiqurlu "Yaranış” əsərinin süjet xəttini
xalçanın yaranma tarixçəsi, başqa sözlə desək, qoyunların otarılmasından hazır
xalçanın bazarda satılmasına qədər uzanan bir yolu əhatə edir. Özlüyündə çox
maraqlı olan bu prosesi ardıcıllıqla izləməklə müəllif ona ilk dəfə
xalçaçılığın özündə cəlbedici və yaddaqalan bir bədii görkəm verməyə nail
olmuşdur. Əsərin ən maraqlı xüsusiyyəti təqdim olunan süjetlər məcmusunun
rəssam tərəfindən yeni xalçanın kağız üzərindəki çeşnisi kimi təqdim etməsidir.
Başqa sözlə desək, zənginliyi ilə seçilən bu təsvir qurulmuş hananın
üzərindədir. Onu da qeyd edək ki, yüzlərlə ecazkar xalçanın toxunduğu bu dəzgah
özünün yaratdığı sənət növündə ilk dəfə olaraq məhz bu əsərdə görüntüyə
gətirilib.
2012-ci ildə Eldar Mikayılzadə "Səttarın arzusu” və "Kəhkəşan”
əsərlərini tamamlamışdır. Dahi mənzərə ustasına həsr olunmuş xalçada o rəssamın
36 rəngkarlıq əsərinin fraqmentlərini bir araya gətirməklə, Azərbaycan
təbiətinin ümumiləşdirilmiş obrazını yaratmağa nail olmuşdur. Əslində, çoxsaylı
əsərlərdən "məcmu”, "qurama” və yaxud "kollaj” yaratmaq elə də çətin bir proses
deyil. Ancaq xalçaçı-rəssam çox fərqli bir bədii vasitədən istifadə etməklə, bu
çoxsaylı fraqmentlərdən bütövlüyü danılmaz olan yeni bir mənzərə yaratmışdır.
Onun qənaətincə, "Səttarın arzusu” yalnız bu bədii tutumda ola bilərdi. Odur
ki, bu əsər də dahi mənzərə ustasının digər tabloları kimi cəlbedici və
duyğulandırıcıdır...
Eldar Mikayılzadə elə həmin
il çağdaş dünya incəsənətində oxşarı olmayan "Kəhkəşan” xalçasını tamamlamaqla,
yaradıcı potensialına və təxəyyül sonsuzluğuna görə, doğrudan da, zamanında bənzərsiz
olduğunu bir daha təsdiqləmişdir. Bu bənzərsizliyi şərtləndirən başlıca
səbəb-nəticə azərbaycanlı sənətkarın dünya xalça sənətinə çoxəsrlik fasilədən
sonra bədii həllində çoxsaylı qiymətli daş-qaşlardan istifadə olunan toxuculuq
nümunəsi bəxş etməsidir. Ədalət naminə deyək ki, tarixdə buna bənzər xalça
mövcud olub. Təəssüf ki, bizim eranın VII əsrində yaradılmış həmin toxuculuq
nümunəsi bu günümüzə gəlib çatmayıb. Həmin xalı Sasani hökmdarı Xosrov Pərvizin
(II Xosrov) vaxtında toxunubmuş. "Xosrovun baharı” adlanan bu qədim xalını
Sasanilərin sarayından ərəblər qənimət kimi aparıblar. Lakin xəlifə Ömərin
sərkərdələri arasında bu qənimət üstündə ixtilaf düşüb və nəticədə 35-ə yaxın
sərkərdə vəziyyətdən yeganə çıxış yolu kimi misli-bərabəri olmayan sənət
əsərini kəsib öz aralarında bölüşmək qərarına gəliblər. Bununla da o vaxtlar
dünyada bənzəri olmayan bir sənət nümunəsini məhv etmiş olublar. İpək və qızıl
saplardan toxunulmuş bu xalının üzərindəki təsvir və naxışlar qiymətli
daş-qaşlarla nəqş olunubmuş. Onunla daha çox texniki baxımdan səsləşən Azərbaycan
variantının – "xələf”inin toxunuşunda rast gəlinən çətinliklərə rəğmən demək
olar ki, "sələf”in özünün də zamanında yaşayıb-yaratmış xalçaçıların yalnız
yüksək sənətkarlığı nəticəsində ərsəyə gətirildiyini söyləmək olar. İki ilə
başa gələn "Kəhkəşan”ın toxunuşunda pambıq, yun, ipək və qızıl saplara tapılan
xalçada qiymətli daş-qaşlardan istifadə olunmuşdur. Başqa sözlə desək,
kompozisiyaya müvafiq olaraq xalçanın naxış örtüyündə 725 ədəd feonit və svarov
daşlarını (ağ, sarı, mavi, yaşıl və qırmızı rəngin yeddi çaları) görmək və
onların bədii-estetik gücündən zövq almaq mümkündür. Bu yerdə xalçanın texniki
baxımdan heç də asan ərsəyə gəlmədiyini vurğulamaq istərdik. Belə ki, xalçada
işlədilən 725 qiymətli daşın iplərin əhatəsində etibarlı oturuşu yalnız onların
qızıl arğac üzərində "zili” texnikası ilə oturdulmasından sonra əldə
olunmuşdur. Bu alt arğaclara və daşlara isə 1,382 qram qızıl işlədilmişdir.
Londonda çap olunan "Xalı” jurnalının redaksiya heyətinin üzvü, Şərq
xalçaları üzrə Beynəlxalq konfransın akademik şurasının sədri, xalçaçılıq üzrə
nüfuzlu ekspert sayılan italiyalı Alberto Baralevi 2013-cü ildə Bakıyada olarkən
burada Eldar Mikayılzadənin bənzərsiz yaradıcılığı haqqında məlumat alandan
sonra xalçaçı-rəssamım emalatxanasında olmuş, onun son illərdə yaratdığı bir neçə
süjetli xalçaya, o cümlədən "Yaranış”a öz heyranlığını bildirmişdir. Məşhur
ekspert onun əsərlərini çağdaş dünya xalçaçılığının böyük nailiyyəti kimi
dəyərləndirmişdir. O, yerli mətbuata verdiyi açıqlamada görkəmli xalça ustası
ilə görüşünün nəticəsini belə ifadə etmişdir: "Azərbaycanın Quba, Naxçıvan və
Bakı şəhərlərindəki xalça emalatxanalarını gəzdim. Gördüklərimin qarşılığında
deyə bilərəm ki, Eldar Mikayılzadə böyük rəssamdır”. Maraqlıdır ki, 2014-cü
ildə fəaliyyəti bilavasitə qədim xalçaçılığın elmi-nəzəri və bədii-texniki
məsələrini işıqlandırmaq olan "Xalı” jurnalında E.Mikayılzadənin "Yaranış”
xalçasının reproduksiyası və haqqında məlumat çap olunmuşdur. Qənaətimizcə,
məşhur jurnalın öz ənənəsini pozması heç şübhəsiz Azərbaycan sənətkarının dünya
xalçaçılığına verdiyi töhfənin çox böyük olmasından irəli gələn məsələdir...
Ziyadxan Əliyev
