• çərşənbə axşamı, 19 mart, 07:58
  • Baku Bakı 8°C

İlahi günah, yoxsa qürur, fəxarət hissi?!

16.09.19 10:30 1039
İlahi günah, yoxsa qürur, fəxarət hissi?!
Azər Turanın Oğullardan Ataya doğru xronoloji ardıcıllıqla qələmə aldığı "XX əsr – fəryadın metafizikası” kitabını mən atadan oğullara doğru vərəqləmək istədim. Baxmayaraq ki, müəllif bu kitabda XX əsrin modernizm dalğasından bəhs edir, Azərbaycan və türk ədəbiyyatlarının dünya havasına köklənmə məqamlarına işıq salır, bu, kitabdakı ikinci qatın gizlinlərini görüb dərk etməyə mane olmur. O qat ki, orda oxucuya türk təəssübkeşliyi, ulu Turanın hayqırtısı tarixlə ədəbiyyatın vəhdətində çatdırılır, bir zamanlar az qala dünyaya sahib olmuş ulu türkə öz tarixini yenidən vərəqləməyə səsləniş, çağırış ehtiva olunur.
Zərdüştü qurd dərisinə bürünmüş turanlı Bratvarkş, yaxud qurd sifətli turanlı maq Rvaxş Tur, ərəb qaynaqlarına görə, Gök Börü Quz – Boz Qurd öldürdü.
Bu sözlərə Azər Turanın "XX əsr – fəryadın metafizikası” kitabında rast gəlirik. Mətnin, min illərinin metafizikasında insan beynində təhtəlşüur təlatümlər yaradan düşüncələr... Tanrının elçisini öldürmək, onun sözçüsünü cəzalandırmaq....
İlahi günah, yoxsa qürur, fəxarət hissi?!
Günah? "Tanrı”nın yaşı türkün yaşı qədərdir. Min illərdir, Tanrının ordusu kimi görəvləndirilən türklərin düzənini pozanların da cəzası, ədalət məhkəməsidir. Uzağa boylanmadan xristian dünyasının hamisi, Tanrı qırmancı sayılan Atillaya keçid etmədən də bu öyküdən imtina etmək sadəcə qısqanclıq sayılar. Zərdüşt kimdir? –peyğəmbər. Və Tanrıyla yaşıd olan türk milli kimliyini Əfrasiyabın simasında təhqir edir.
"Avesta" Turan xaqanı olaraq, türk olaraq acıqla yad etdiyi Franxrasyanı – Əfrasiyabı – Alp Ər Tonqanı, daha doğrusu, öz dövrünün real bir adamını, Turan sərkərdəsini qorxunc və "iyrənc" adlandırıb. Tanrıyla yaşıd olan türkü təhqir etmək elə Tanrı düzəninə qarşı çıxmaq, bəşər yaradılışından imtina etməkdir. O peyğəmbər olsa belə cəzalanmalıdır. Zərdüşt öz təhrif edilmiş milli eqoizmi ilə qələmini özü qırdı...
Kitabın bir sıra bölümlərində Qız qalası və bu kimi əlaqəli mətnlərə rast gəlirik. Sovet və işğal dönəmlərində çox bəsitcə uydurulmuş nağıllar qədim miflərlə əvəz edilir. Qızdan Qaza kimi çevriliş edilir. Qız qalasının (Qaz qalasının) şumer, İtaliyadakı mədəniyyətlərə kimi gizli əlaqələri üzə çıxarılır.
Nə bilmək olar? Bəlkə də, Şumer mədəniyyəti qədər, İtaliya mədəniyyətinin də alt qatında türk və digər xalqların oxşar mədəniyyəti yatır. Hər halda Neapolda yaradılmış türk skif çarlığının buraları vətən seçməsi öz-özünə təsadüf ola bilməz. Eynilə də dünya alimləri də İtaliyanın qədim sakinləri etrusklarla türklərin oxşar mədəniyyətlərini, bəziləri isə qan qohumluğunu üzə çıxaran tezislər irəli sürür. Qızların (Qaz)ların Romanı xilas etməsi, Romanı yaradanların canavar südü ilə bəslənib qorunması, Ergenekon kimi ortaya çıxıb Romanı salması...
Bəlkə də, bəndəniz Emin Pirinin "İtaliyaya məktublar” kitabını yazması da bu təhtəlşüur genetik yaddaşın nəticəsidir.
Heradotdan başlayaraq Alp Ər Tonqa ətrafında cərəyan edən hadisələrin kitablaşması belə söyləməyə əsas verir ki, türk tarixinin bilinən, yazılan ilk hadisələri Azərbaycan torpaqlarında baş verib. Dünyada türk yurdu olaraq görünən ilk Vətən Azərbaycandır. Dədə Qorqud "Oğul atanın sirridir." deyib.
Azər Turan Azərbaycanı, Qafqazları, Güneyi türkün ilk vətənlərindən hesab edir. Müəllifə görə, Qafqaz dağları bəsirət gözüylə aydınlığa qovuşan Ergenekondur. Kiçik bir haşiyə çıxaq. Türk xalqlarının köçəri olmasına görə digərlərinin mifləri onlar haqqında vətənsizləşdirmə missiyasını yerinə yetirməyə çalışıb. Kobud misal olsa da bu gün Parisə iş və.s dalınca gedən birinin nəsli uzun illərdən sonra Azərbaycana qayıtdıqda gəlmə, işğalçı sayılır? Əsla. Türklərin daim hərəkətdə olması, başqa diyarlara deyil, vətəndən vətənə köçmə olmuşdur. İstər Mesopotomiya, istər şərqi Avropa, istər Altaylar. Bu yalnız dövrün şəraitinə uyğun olaraq vətəndən vətənə yerdəyişmədir.Təsərrüfatla əlaqəli olaraq torpaqların dincə qoyulması kimi zamanla yerdəyişmələr, köçmələrdir. Buraya zamanla istiləşmə, soyuqlaşma kimi təbii şəraiti, təhlükəsizliyi də əlavə etsək hər şey aydındır.
Alp Ər Tonqa demişdi: "Bir Türk bir inciyə bənzəyir. Sədəfin içində və dənizin dibində onun dəyəri yoxdur. Fəqət dənizin dibindən çıxarılıb sədəfindən alınınca qiymətlənir. Hökmdarların taclarında, gəlinlərin boyunlarında və qulaqlarında bir süs olur".
Dəyərli türk aydınları – İsmayıl bəy Qaspıralı, Yusuf Akçura, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu son nəfəslərinədək çalışaraq türk tarixinə əvəzsiz xidmətləri ilə öz möhürlərini vurmuşlar. Daxili və xarici siyasətdə apardıqları paralel mübarizələr uğurlu ştrixlərlə verilmişdir.
Azər Turanın İsmayıl bəy Qaspıralıya həsr etdiyi məqalənin ilk iki abzası belə oxucunu hər şeydən xəbərdar edir. Müəllif yazır, "... Kulikov döyüşündə Məğlub olmuş Mamay xandan bəri Toxtamışın boş və sahibsiz qalmış taxtına beş yüz ildən sonra bir İsmayıl bəy çıxdı. Türküstan səhralarında türk balalarına cəhalət kərtənkələsi yedizdirən yalınğac dərvişlərin dövranı bitdi. Uluq bəyin viran qalmış ocağında maarif işıqları yenidən yandırıldı. XIX yüzil sanki rus çarı ilə krımlı mirzənin mənəvi dialoqu zəminində və ikincinin qələbəsi ilə başa çatdı."
"Fəryadın metafizikası” da Azər Turanın – türk ruhunun qələbəsidir!

Emin PİRİ

banner

Oxşar Xəbərlər