• cümə axşamı, 25 aprel, 16:42
  • Baku Bakı 23°C

“İkinci Bosfor”un perspektivi

19.06.21 09:00 1521
“İkinci Bosfor”un perspektivi
Gələn həftə Türkiyədə ən irimiqyaslı layihənin təməli atılacaq
İyunun 26-da Türkiyə daha bir irimiqyaslı layihələrindən birinə imza atacaq. Prezident Rəcəb Tayyib Ərdoğanın şəxsən iştirak edəcəyi İstanbul kanalının təməlqoyma mərasimi baş tutacaq. Yeni irimiqyaslı layihə özündə nəyi birləşdirir və "ikinci Bosfor” qazmağa ehtiyac nədən yaranıb? Bəllidir ki, əsrlər boyu Bosfor və Dardanel Asiyadan Avropaya gedən unikal bir marşrut rolunu oynayıb. Türkiyə mediasının yazdığına görə, fransızlar Süveyş kanalını qazana kimi və bundan əvvəl XV əsrdə portuqaliyalı Bartalomeu Diaş Afrikadan Asiyaya yolu kəşf edənə kimi bu boğazlar yeganə strateji yol idi. "Köhnə dünya”dan gəmilər İstanbula, Asiyaya məhz bu marşrutla gedirdi. Məhz bu səbəbdən də ərazi, böyük imperiyaların illər uzunu ələ keçirməyə çalışdıqları yağlı tikə idi. Rusiya imperiyası Finlandiyadan Çukotkaya kimi uzanmasına, Qafqazı işğal etməsinə baxmayaraq, "Bosforda ayaqları yumaq” fikrini beyinlərindən çıxarmırdılar. Çünki məhz bur torpaq dünya okeanına azad çıxış demək idi. Hibraltar boğazına nəzarət edən ingilisləri nəzərə almasaq. Makinderin dili ilə desək, Bosfora nəzarət edən şəxs, dünyaya nəzarət edir. Tək bir fakt - Bizans imperiyasının çiçəkləndiyi dövr, onun sivilizasiyaların kəsişməsində yerləşməsi ilə bağlı idi. Eyni ifadəni türklərə də aid etmək olar. İstanbul fəth olunana qədər osmanlılar müasir Türkiyənin yarısı və Balkanın bir hissəsini əhatə edirdi. İstanbul alınandan sonra osmanlılar bütün Şimali Afrikanı, İraq, Ərəbistan yarımadasını, İraq, İranın bir hissəsi, Qafqazı, Balkan yarımadasını və Krımı ələ keçirdi. Hətta Vyanaya kimi gedib çıxdılar. Bu gün Türkiyə mövcudluğuna, güclü dövlət kimi qalmasına görə, məhz İstanbula minnətdar olmalıdır. Alternativ marşrutlara və yeni növ nəqliyyat vasitələrinə baxmayaraq, türk boğazları bu gün də öz əhəmiyyətini itirməyiblər. Boğazlar ətrafında yerləşən İstanbul bütün türk ixracının yarısını verir.
Beləliklə, Bosfor və Dardanel tək Türkiyə deyil, bütövlükdə dünya iqtisadiyyatı üçün əhəmiyyətlidir. Hazırda dünya neft daşınmalarının üç faizi boğazlardan keçir. Gün ərzində bu nəqliyyat arteriyasından 50 min gəmi gedir ki, bu da Süveyş kanalında olan daşımalardan 3-4 dəfə çoxdur. Rusiya üçün də boğazlar çox əhəmiyyətlidir. Onun neft ixracının 40 faizi - ölkə büdcəsinin əsas gəlir mənbəyi məhz Bosfor vasitəsilə reallaşır. Dünya ticarəti də mütəmadi inkişaf edir. Yəqin ki, İstanbulda olan hər kəs nazik arteriya ilə növbə ilə hərəkət edən saysız-hesabsız gəmi axınını müşahidə edə bilib. Bu tıxaclar iri nəqliyyat, neft korporasiyalarının pul sərfiyyatını artırır və onlara baha başa gəlir. Bosforda iri tankerlərin yığılması alternativ kanalın yaradılmasını zəruri edir. Süveyş kanalında yaşanan son olay göstərdi ki, tək bir marşrutla hərəkət etmək necə də təhlükəlidir. Türkiyə rəhbərliyi də bunu anlayaraq biznesə yardım etmək, eləcə də, özü mənfəət qazanmaq qərarına gəlib.
Bütün bunlardan çıxış edərək, Türkiyə prezidenti, Bosforun yükünü azaltmaq, ona paralel olaraq İstanbul kanalını inşa etmək qərarına gəlib. Yeni arteriyanın uzunluğu 150, eni isə 25 metr olacaq, Mərmərə dənizini Qara dənizlə birləşdirəcək. Yükburaxma qabiliyyəti isə Bosforda olandan 1,5 dəfə çox olacaq. 50 min əvəzinə 85 min gəminin buraxılması, həm tıxacların, həm də ləngimələrin qarşısını alacaq. Belə bir vəziyyət nəinki Bosforda hərəkətin intensivliyini artıracaq, həm də ekoloji riskləri azaltmağa imkan verəcək. Çünki buradan təhlükəli yüklərlı dolu gəmilər də gedir. Onların sayı son on ildə on faiz artıb. İstanbul kanalı Türkiyə Cümhuriyyətinin 100 illiyinə, daha dəqiq desək, 2023-cü ilə kimi hazır olmalıdır. Əgər İstanbul kanalı reallaşarsa, o zaman Ərdoğanın 20 ildəki hakimiyyəti dövründə həyata keçiriləcək ən irimiqyaslı layihə olacaq. Təsadüfi deyil ki, prezident Ərdoğan da onu "ağlasığmaz layihə” adlandırıb. Qalır əsas məsələ - maliyyə. Bəllidir ki, kanalın inşası işləri həddən artıq vəsait tələb edir. Bir sıra məlumatlara görə, bunun üçün 10 milyard dollardan 20 milyard dollara kimi vəsait sərf olunacaq. Layihədən ən çox sevinən daşıyıcı şirkətlərdir. Onların saatlarla, günlərlə növbələr gözləməsinə son qoyulacaq. Qısa müddət ərzində bunu etmək olarsa, əla olar.
Beləliklə, Türkiyə kanalın işə salınması ilə il ərzində 6 mlrd. dollardan 8 milyard dollara kimi gəlir götürəcək. Yəni layihə iki-üç il ərzində özünü doğruldacaq. Lakin necə deyərlər, hər şey pulla ölçülmür. Yeni kanal regional və dünya siyasətini inanılmaz şəkildə dəyişə bilər. Bosfor boğazı ilə gəmilərin keçməsini 1936-cı il Montre Konvensiyası nizamlayır. Bu razılaşma ticarət gəmilərinin azad hərəkətini müəyyən edir. Mahiyyət etibarilə bu saziş Bosfor boğazını, bir növ həyət qapısına çevirib. Və ən əsası, Türkiyəyə heç bir mənfəət gətirmir. İkincisi, Ankara üçüncü ölkələrin çox sayda hərbi gəmisinin Qara dənizə girməməsi üçün ona nəzarəti həyata keçirmək məcburiyyətindədir. Qara dəniz dövləti olmayan ölkələrin donanmalarının ümumi tonnajı 45 min tondan çox olmamalı, eləcə də onlar Qara dənizdə 3 həftədən çox qala bilməz. Yeni bir kanalın ərsəyə gəlməsi Montre Konvensiyasının qüvvəsini azaltmış olur.
Bunlarla yanaşı, Ərdoğanın Montre Konvensiyasının müddəalarının yeni kanala şamil olunmayacağını deməsi, müxalifətin qəzəbinə, xarici dövlətlərdə isə çaşqınlığa səbəb olub. Kanalın Montre Konvensiyasını təhdid etdiyi və Türkiyənin təhlükəsizliyini şübhə altına aldığını iddia edən yüzə yaxın keçmiş diplomat və admiral açıq bir məktub yazaraq inşaatın dayandırılmasını tələb edib. Ancaq Türkiyə prezidenti barışmaz mövqe ortaya qoyub. Yəni kanal tikiləcək. İş planı təsdiqlənib və tikintinin başlama mərasiminin bu il 26 iyun tarixində keçirilməsi planlaşdırılır. Rusiya üçün İstanbul Kanalının yaradılması faydalıdır, çünki malların Avropaya, Afrikaya və Yaxın Şərqə çatdırılması üçün əlavə yollar verir. Bununla birlikdə, Rusiya Xarici İşlər Nazirliyi kanalın açılmasının Montre Konvensiyasına yenidən baxılmasına gətirib çıxarmayacağını və Türkiyənin NATO ölkələri və ABŞ-dan 1936-cı il sənədində tələb olunduğundan daha çox hərbi gəminin İstanbul kanalından keçməsinə icazə verməyəcəyini gözləyir. Türklərin Rusiya tərəfinin istəklərini nəzərə alacağını isə zaman göstərəcək. Ən azından, iki ölkə liderləri arasındakı münasibətlərin mövcud səviyyəsi, Ankaranın həssas bir bölgədə Moskvanın maraqlarına diqqət yetirəcəyinə inanmağa əsas verir.
Azər
banner

Oxşar Xəbərlər