İkibaşlı problem - ARAŞDIRMA
Və
ya sənədsiz evlərdən əmlak vergisi alınmalıdır?
Abşeron rayonunun bir qrup sakini bu günlərdə
redaksiyamıza müraciət edərək, yerli idarəetmə orqanları tərəfindən qanunsuz
olaraq vergiyə cəlb olunmalarından şikayətləniblər. Qeyd ediblər ki,
bələdiyyələr tərəfindən onlara bildirişlər təqdim olunub. Həmin bildirişlərdə
konkret ünvan və maddə göstərilmədən Azərbaycan Respublikasının Konstitusiyası,
Vergi Məcəlləsi, "Bələdiyyələrin statusu haqqında”, "Bələdiyyənin maliyyəsinin
əsasları haqqında”, "Yerli (bələdiyyə) vergi və ödənişlər haqqında” Qanunlar,
"Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə” sadalanır. Sakinlərdən
tələb olunur ki, bu və digər qanunvericilik aktlarına uyğun işlərin həyata
keçirilməsinin təmin olunması, yerli (bələdiyyə) vergilərin (əmlak və torpaq
üzrə) və ödənişlərin müəyyən edilməsi, sənədlərin arxivləşməsi istiqamətində
işlərin aparılması məqsədilə uçota alınması və ödəniş kodlarının verilməsi üçün
torpağın, evin sənədləri, bunlar yoxdursa, eskiz layihə və ölçülər qeyd
edilməklə vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti 5 gün ərzində bələdiyyəyə
təqdim olunsun. Hər bir belə bildirişdə, onu təqdim edən yerli özünüidarəetmə
orqanının adı, ünvanı, əlaqə telefonları, bələdiyyə sədrinin ad-soyadı,
həmçinin vergi şöbəsinin müdiri kimi təqdim olunan Ceyhun adlı şəxsin mobil
telefon nömrəsi qeyd olunur.
Naəlac qalan sakinlər
Eyni standart mətnin əks olunduğu belə bildirişlər
Mehdiabad və Masazır sakinlərinə evbəev paylanılır. Maraqlı məqam burasıdır ki,
Mehdiabad Bələdiyyəsi ərazisində yaşayan sakinlərə təqdim olunan bildirişlərdə
bələdiyyə sədri Vüqar Hüseynovun ad-soyadı, imzası və möhürü olduğu halda, eyni
mətnlə Masazır Bələdiyyəsi tərəfindən verilən bildirişdə bələdiyyənin vergi
şöbəsinin müdiri Ceyhun İsmayılovun ad-soyadı, imzası və bələdiyyənin möhürü
əks olunub. Belə bildirişləri alan sakinlərdən bir qrupu iddia edir ki, yerli
özünüidarəetmə orqanları vətəndaşların mülkiyyət hüququnun tanınması, daşınmaz
əmlaklarının müvafiq sənədlərinin hazırlanması üçün sakinlərə heç bir hüquqi və
mənəvi dəstək olmur, hər hansı maarifləndirmə işi aparmır. Yəni vətəndaşın
aldığı torpağın, tikdiyi evin sənədləri olmadığı halda, o, əmlak və torpaq
vergisinə cəlb olunur. Hüquqi baxımdan sənədləşməsi qaydasında olmayan
mənzillərdən vergi adı altında yığılan pulların necə və haraya xərclənməsi də
vətəndaşları düşündürən suallardandır. Çünki həm Mehdiabadda, həm də Masazırda
məhəlləarası yolların asfalt örtüyünün, kanalizasiyanın olmamağı və sair bu
kimi problemlər uzun illərdir vətəndaşları qayğılandırır. Sakinlər iddia
edirlər ki, bu problemlərin həlli üçün dəfələrlə bələdiyyələrin qapısını
döysələr də, onlara ya yalançı vədlər verilir, ya da "bizim səlahiyyətimiz
çatmır icra hakimiyyəti orqanlarına müraciət edin” deyib yola salırlar. Nəticə
etibarilə heç bir real iş görülmür. Naəlac qalan sakinlər öz ciblərindən pul
xərcləyib kanalizasiya xətti çəkir, məhəllə arası yollara asfalt, daş
qırıntısı, çınqıl tökdürür, zığdan, palçıqdan canlarını qurtarırlar. Təbii
olaraq, bu kimi hallar vətəndaşları düşündürür, haqlı narazılıqlara səbəb olur
və heç bir əməli fəaliyyəti, səlahiyyəti olmayan bələdiyyəyə hər hansı
ödənişlərin edilməsi yubanır.
Qanunlar nə deyir?
Vətəndaşların müraciətini araşdırarkən, öncə
bildirişdə adı xüsusi qeyd olunan Vergi Məcəlləsinə nəzər saldıq. Məcəllənin I
fəslinin Ümumi müddəalarının 8-ci Maddəsi Yerli vergiləri (bələdiyyə vergiləri)
əhatə edir. Bildirilir ki, Yerli vergilər (bələdiyyə vergiləri) bu Məcəllənin
206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin
torpaq və əmlak vergilərindən ibarətdir. Məcəllənin Vergi dərəcələri adlı
206-cı Maddəsinin 1-0 bəndində göstərilir ki, müvafiq icra hakimiyyəti
orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya
irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə
edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin
dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə
edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı
torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və
meyarlar əsasında müəyyən edilir. 206.3. bəndində isə göstərilir ki, bu
Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar
istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə Abşeron rayonunun
qəsəbə və kəndlərində müvafiq dərəcələr tətbiq olunur: Yaşayış fondlarının,
həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu
torpaqlar (manatla) 10000 m²- dək olduqda 0,5 AZN, 10000 m²-dən yuxarı olan
hissə üçün 1,0 AZN, sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti
və digər xüsusi təyinatlı torpaqlar (manatla) 10000 m²- dək olduqda 8 AZN,
10000 m²- dən yuxarı olan hissə üçün 16 AZN.
Şikayət olunan tərəf susur
Qanunvericiliyə istinad etməklə yanaşı, qarşı tərəfin
də mövzuya dair fikrini öyrənmək, sakinlərin irad və iddialarını bələdiyyələrin
təqdim etdikləri bildirişlərdə vergi şöbəsinin müdiri kimi qeyd olunan Ceyhun
adlı şəxsin diqqətinə çatdırmaq, məsələyə aydınlıq gətirmək, obyektiv yanaşma
ortaya qoymaq üçün (050) 744-13-98 mobil telefon nömrəsinə dəfələrlə zəng
vurduq. Təəssüf ki, zənglərimizə cavab verən olmadı.
Narazılığın kökündə sənədsiz evlər problemi dayanır
Əmlak
məsələləri üzrə ekspert Nüsrət İbrahimli mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında deyib ki, ortaya çıxan narazılığın kökündə
sənədsiz evlər problemi dayanır. Onun sözlərinə görə, aidiyyəti dövlət qurumu
bu məsələnin həllinə həssas yanaşmalıdır: "2008-ci ildə ABŞ-dan Azərbaycana bir
mütəxəssis dəvət etmişdik. O, Amerikadakı böyük bir qurumun - Əmlakçılar
Assosiasiyasının prezidenti idi. Həmin mütəxəssis buradakı əmlakçılara təlim
keçirdi. Ona sual verdim ki, ABŞ-da sənədsiz evlər məsələsi necə həllini tapır?
Təsəvvür edin, sənədsiz evlərin nə demək olduğunu ona yarım saat ərzində başa
sala bilmədim. Çünki onlarda elə bir sistem qurulub ki, hər hansı tikinti
tikmək zərurəti yaranan zaman müvafiq qurum əraziyə baxış keçirir, ölçüb-biçir,
lazımi sənədləşmə işi aparır və tikintiyə start verilir. Deməyim budur ki,
normal ölkələrdə "sənədsiz evlər” termini və problemi olmur. Əgər kimsə hər hansı
bir evdə yaşayırsa, həmin evdən istifadə edirsə, müvafiq qurum gəlib yerində
lazımi işlər görməli, tələb olunan sənədləri hazırlayıb vətəndaşa təqdim
etməlidir. Bu, birmənalıdır”.
Sənəd yoxdursa əmlak vergisi alına bilməz
Ekspertin sözlərinə görə, qanunlara istinad etsək,
əgər vətəndaşın yaşadığı evin hüquqi baxımdan sənədləri hazır deyilsə və ya
yoxdursa, o, hər hansı əmlak vergisinə cəlb oluna bilməz: "Lakin bunun digər
tərəfi də var. Nəzərə alaq ki, Azərbaycanda, xüsusən də Abşeron yarımadasında
çoxlu sayda sənədsiz evlər var və onlardan istifadə olunur. Həmin ərazilərdə
bələdiyyələr fəaliyyət göstərir. Bələdiyyələrin öz fəaliyyətini qurması,
öhdəliklərini yerinə yetirməsi üçün müəyyən xərclər var. Bu xərclərin
qarşılanması üçün torpaq və əmlak vergisi müəyyən edilib. Vətəndaşlar bu
vergiləri ödəməsələr, bələdiyyələr fəaliyyətlərini necə quracaqlar? Bütün
bunları nəzərə alanda, görürsən ki, problemin iki "başı” var. Vətəndaş deyir
evimin sənədi yoxdur və qanunla əmlak vergisinə cəlb edilə bilmərəm. Ancaq
illərdir o evdə yaşayır və haqlı olaraq bir sıra yerli problemlərin həllini bələdiyyədən
tələb edir. Bələdiyyə isə yerli vergiləri toplaya bilmədiyi üçün büdcəsini
formalaşdıra, fəaliyyətini tam qura, üzərinə düşən vəzifələri yerinə yetirə
bilmir. Məntiqlə yanaşsaq, əmlak vergisi ödənməlidir. Vətəndaş vergini
vaxtlı-vaxtında ödəməli, daha sonra yapışmalıdır bələdiyyənin yaxasından və
tələb etməlidir ki, zəhmət çək, problemləri həll et”.
Vətəndaşlar süründürməçilik hallarından əziyyət çəkirlər
"Bələdiyyələrin
fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli qeyd edib ki, vətəndaşın bələdiyyəyə ödədiyi vergi,
nəticə etibarilə onun xeyrinə xərclənir, yerlərdəki problemin həllinə yönəlir:
"Vətəndaş öz əmlakını sənədləşdirmək üçün təşəbbüslə çıxış etməli, lazımi
addımlar atmalıdır. Amma məsələ budur ki, vətəndaş cəhd etsə də, istədiyinə
nail ola bilmir. Torpağın, mənzilin çıxarışını, texniki pasportunu almaq üçün
aidiyyəti qurumlara müraciət edən vətəndaşlar süründürməçilik hallarından
əziyyət çəkirlər. Müxtəlif süni maneələrin yaradılması səbəbilə çoxsaylı
vətəndaşlar, illərdir yaşadığı evlərin sənədləşməsini təmin edə, daşınmaz əmlakının
hüquqi baxımdan sahibi ola bilmir. Abşeron ərazisində yüzlərlə, minlərlə
sənədsiz evin olması da buna əyani misaldır. O ki qaldı belə evlərin əmlak
vergisinə cəlb olunmasına, qanunla bu, mümkün deyil. Ancaq vətəndaş illərdir o
evdə yaşayırsa, yerli bələdiyyənin xidmətlərindən faydalanırsa, əmlak vergisini
ödəməli, yerli özünüidarəetmə orqanının fəaliyyətinin təşkilinə öz töhfəsini
verməlidir. Çünki vətəndaşın bələdiyyəyə ödədiyi vergi, nəticə etibarilə onun
xeyrinə xərclənir, yerlərdəki problemin həllinə yönəlir”.
Rufik
İSMAYILOV