• çərşənbə, 24 Aprel, 06:53
  • Baku Bakı 13°C

İftixar Piriyev: Bu gün Azərbaycan bir ailə nümunəsidir

04.04.20 15:15 1096
İftixar Piriyev: Bu gün Azərbaycan bir ailə nümunəsidir
Artıq dünyanı cənginə almış koronavirus (COVID-19) pandemiyası ilə bütün dünya xalqları mücadilə aparmaqdadır. Hər kəs bu bəladan xilas olmağa çalışır. Dünya tibb elmi hələ real bir müsbət nəticə əldə edə bilməsə də, bu faciədən birdəfəlik qurtarmaq üçün yollar axtarılır. İnanıram ki, mütləq uğurlu bir nəticə əldə olunacaq və dünya birliyi, insanlar yenə də öz sağlam həyat rejiminə qovuşacaq, həyatın ahəngdar ritmi ilə yaşamağa davam edəcəklər.
Bu fikirləriAZƏRTAC-a Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev deyib.
O, təəssüflə qeyd edib ki, dünyanın qloballaşdığı bir vaxtda insanlığa qəsd edən ağır bir faciə domokl qılıncı kimi başımızın üzərini acımasızcasına alıb: "Bu faciədən xilas olmaq hikmətinin bütün fəlsəfəsi, birliyin, həmrəyliyin, bir-birinə dəstək olmaq fenomenin gücləndirilməsinə bağlıdır. Bu fəlsəfənin zənginləşməsi üçün dövlətimiz və hökumətimiz öz fasiləsiz və hər gün yenilənən fəaliyyəti ilə səmərəverici addımlar atmaqdadır. Yeni qərarlar qəbul etməkdə və vətəndaşlarımızı qorumaq üçün həmin qərarların həyata keçirilməsi məqsədilə bütün qüvvələri səfərbər etməkdədir. Bunların hamısı, əlbəttə, bir vəzifə səlahiyyətləridir ki, onun öhdəsindən gəlmək üçün məsul şəxslərin hər biri durmadan çalışır. Lakin belə ağır dərdləri, bəlaları bəzən təkcə qərarlar, qərarların doğru-düzgün həyata keçirilməsi dəf edə bilmir. Belə hallarda, ilk növbədə, xalqa, millətə can yanğısı, ürək dolu məhəbbət və bu məhəbbəti bütün dolğunluğu, ruh dolu vicdanla ifadə etməklə onun təsir qüvvəsini hüdudsuz emosional həddinə yüksəltmək mümkün olur. Belə yanaşma insanlarda elə bir immun zənginlik yaradır ki, heç bir mənfi qüvvə, heç bir virus, pandemiya həmin immun gücə qalib gələ bilmir. Artıq pandemiyanın ilk başlanğıc dövründən etibarən dərhal və gərgin həyəcanla xalqımıza, millətimizə bütün varlıqları ilə ruh, güc, qüvvət verməyə başlayan ölkə rəhbərimiz və Birinci vitse-prezidentimiz əsl valideynlik can yanğısı ilə, bir an belə olsun xalqımızı yalnız buraxmayırlar. Hər an qayğı dolu münasibətləri ilə xalqımıza can-dildən ruh verir, qayğı göstərir və əsas olan odur ki, vəhdətdən kənarda qalmırlar. Əsl immungüclənmə və xəstəliyə yoluxmama fenomeni yalnız belə amillə özünü daha dolğun şəkildə möhkəmləndirə bilir. Bu gün Azərbaycanımız bir ailə nümunəsidir. Bütün xalqımız yaranmış vəziyyətdən çıxmaq üçün dövlətimizin, hökumətimizin qərarlarına dəstək olmaq məqsədilə "evdə qal” fəlsəfəsinə riayət edir. İnsanlarımız evdə qalmaqla təkcə özlərini təcrid etmirlər, həm də ətrafı qoruyurlar. Evdən belə, fəaliyyət prinsipləri tapılır və hər kəs bacardığı qədər aktiv həyatın çökməməsinə xidmət edən nümunələr göstərir”.
İftixar Piriyev qeyd edib ki, belə bir vəziyyətdə təmsil etdiyi İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi də aylıq repertuarını yaratmaqla sevimli tamaşaçıları ilə virtual görüşlər həyata keçirir. Onların evdə keçirdikləri zamanın səmərəli olması, həyatlarının darıxdırıcı keçməməsi üçün onlara dəstək olur. "Arxivlərimizdə qorunan tamaşalarımız, görüşlərimiz, qastrol səfərlərimizlə tamaşaçılarımızı tənha buraxmırıq. Bu da bütöv bir ailə nümunəsinin təzahürüdür. Ölkəmizdən kənarda yaşayanların belə qayğısı çəkilməkdədir. Bu nümunə bizi bütün pandemiyalardan, mənfi qüvvələrdən, qərəzli müdaxilələrdən, məqsədli mənfi mövqelərdən qoruyacaq və inanıram ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tandemləri Azərbaycan ailəsinin, onun vətəndaşlarının sağlam həyata qovuşacağını təmin edəcək. Allah Azərbaycan ailəsinə, onun liderlərinə və bütünlüklə xalqımıza yar olsun!", - deyə İ.Priyev vurğulayıb.
banner

Oxşar Xəbərlər