• cümə, 19 Aprel, 10:02
  • Baku Bakı 13°C

İdlibdə gərginləşən qarşıdurma

28.02.20 17:04 1460
İdlibdə gərginləşən qarşıdurma
Politoloqların fikrincə, vəziyyətin sabitləşməsi üçün ilk növbədə Türkiyə ilə Rusiya ortaq məxrəcə gəlməlidir

Türkiyə Suriya ərazisində qaçqınların yerləşdirilməsi məqsədilə uzun müddətdir sərhəd boyunca əməliyyat həyata keçirir. Lakin İdlib şəhəri ilə bağlı bir müddət əvvəl yaranmış gərgin vəziyyət fevralın 28-də gecə saatlarında pik həddinə çatıb. Belə ki, Suriya "rejim qüvvələri"nin hava hücumu nəticəsində 33 türk əsgəri şəhid olub. İlkin xəbərlərə görə, şəhid olanların çoxu İdlib əyalətində olub. Hücum isə Suriyanın döyüş təyyarələri tərəfindən Balyun bölgəsində həyata keçirilib.
İlk olaraq bu əməliyyatın Rusiya tərəfindən həyata keçirildiyi informasiyası yayıldı ki, bu da iki ölkə arasında gərginlik yaradacağına şübhə yeri qoymurdu. Lakin Rusiya Müdafiə Nazirliyi hadisəyə rəsmi reaksiya verib. Nazirliyin yaydığı açıqlamaya görə, türk əsgərləri Bəşər Əsədə bağlı silahlı qüvvələr tərəfindən öldürülüb: "Əsəd rejiminə bağlı olan qüvvələr, ərazidə türk əsgərlərinin olduğunu biləndən sonra atəşi dayandırıblar".
Hadisədən sonra Prezident Rəcəp Tayyib Ərdoğanın Ankarada təcili yüksək səviyyədə təhlükəsizlik toplantısı keçirməsindən sonra Türkiyə ordusu Suriya hədəflərinə zərbələr endirməyə başlayıb. Məlumata görə, rejim qüvvələri ciddi itki veriblər.
Qarşıdurma daha da gərginləşibsə, bundan sonra hadisələr hansı istiqamətdə davam edəcək?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirdi ki, İdlibdə baş vermiş hadisə ilə bağlı bir sıra reallıqlar var: "Rusiya hücumun onun tərəfindən törədildiyini təkzib edir. Rəsmi Kreml bəyan edir ki, hücumu həyata keçirən Suriyanın siyasi rejiminin qoşunlarıdır. Yəni Rusiya guya ora heç bir müdaxilə etməyib. Digər tərəfdən, əslində Türkiyə NATO üzvü kimi alyansdan kömək və dəstək almalıdır. Çünki NATO nizamnaməsinin 5-ci bəndi var və burada qeyd edilir ki, alyans üzvü olan dövləti hərbi-siyasi blok mütləq müdafiə etməlidir. Bildiyim qədər ilə NATO rəhbərliyi çərçivəsində məsləhətləşmələr gedir. Amma burada da müəyyən fikir ayrılığı ola bilər. Çünki bəzi alyans üzvləri deyə bilər ki, söhbət dövlətlərin ərazi bütövlüyündən gedir və birbaşa dövlətlərə təhlükə yarandığı halda, NATO müdaxilə edə bilər. Bu halda isə Türkiyə başqa bir dövlətin ərazisindədir. Heç şübhəsiz ki, belə mövqelər var”.
F.Sadıxov qeyd etdi ki, bu hadisə çox acınacaqlı haldır və gərginliyə gətirib çıxaran prosesdir: "Ona görə də, belə bir münaqişə yaranmaması üçün qarşısı alınmalıdır. Bunun qarşısını beynəlxalq təşkilatlar, aparıcı dövlətlərin nümayəndələri ala bilər. Çünki indiki halda İdlibə əlavə qoşun yeritmək heç də bu münaqişənin yatırılmasına gətirib çıxarmayacaq. Burada diplomatik, siyasi yollara daha çox üstünlük verilməlidir. Əlbəttə ki, ilk növbədə Türkiyə və Rusiya ortaq məxrəcə gəlməlidir. Bunu da etmək üçün mütləq hansısa qüvvələr hər iki tərəfə vasitəçilik etməlidir. Əgər bu olmasa, Suriyada münaqişə yeni fazaya, mərhələyə keçə bilər”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Moskva elə düşünürdü ki, Türkiyə İdlibin əldən getməsinə görə Rusiya ilə münasibətlərin gərginləşməsinə getməyəcək, böyük layihələri riskə atmayacaq: "Kreml bu hesabla əlaltısı Bəşər Əsədə "İdlibə hücuma başla” əmrini verdi. Ancaq Türkiyə geri çəkilmədi, verdiyi şəhidlərin əvəzini çıxdı. Kremlin hesabları yanlış çıxdı. Türkiyə ordusunun İdlib ətrafını tərk etməsi mümkün görünmür. Çünki bu halda iki hadisə baş verəcəkdi. Birinci hadisə o olacaqdı ki, Türkiyənin illərdir formalaşdırdığı Suriya Azadlıq Ordusu Rusiya və Əsəd gücləri qarşısında məhv olacaqdı. İkinci hadisə isə İdlibin 3 milyonluq əhalisi bombardman nəticəsində Türkiyə sərhədinə yığışacaqdı. Bu iki hadisə baş verməsin deyə, Türkiyə ordusu İdlibi sonadək qorumağa və Əsəd ordusu ilə genişmiqyaslı müharibəyə başlamağa qərar verdi”.
E.Şahinoğlu vurğuladı ki, Rusiya böyük risk içində olduğunu anlayır: "Kremldə başa düşürlər ki, İdlib səmasında təyyarəsi və ya helikopteri vurulsa, Türkiyənin mövqelərinə zərbə vuracaq. Bu isə faktiki Türkiyə-Rusiya müharibəsinin başlanmasına səbəb olacaq. Hələ ki, həm Türkiyə, həm də Rusiya iki ölkə ordusunun toqquşma riskinin qarşısını almağa çalışırlar. Türkiyə yalnız Əsəd ordusunun mövqelərini hədəf götürüb. Rusiya hərbiçiləri də çalışırlar ki, Türkiyə ordusunun dislokasiyası haqqında əvvəlcədən məlumatlı olsunlar ki, toqquşma baş verməsin.
Buna baxmayaraq, vəziyyət o həddə çatıb ki, Türkiyə və Rusiya hərbçilərinin bir-birini hədəf götürməsinin riski getdikcə artır. Vladimir Putin martın 5-də türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla görüşə maraq göstərmirdi. Ancaq Türkiyə ordusunun verdiyi şəhidlər qarşılığında hücuma başlaması, Putini mövqeyindən geri çəkilməyə və Ərdoğanla görüşməyə həvəsləndirə bilər. Yəni hardan baxsaq, birinci addımı Putin atmalıdır.
Putin Əsədə "dur” əmri versə, İdlib ətrafında yenidən atəşkəsə nail olunacaq. Yox, əgər Putin macərapərəst siyasətini davam etdirib Əsəd ordusunun İdlibi ələ keçirmək siyasətini dəstəkləsə, bu halda Türkiyə-Rusiya qarşıdurması qaçılmazdır. Bu isə Avrasiya bölgəsi üçün böyük fəlakətə səbəb olacaq. Azərbaycan da bu prosesdə kənar qala bilməyəcək, müttəfiqi ilə tərəfdaşı arasında seçim etmək məcburiyyətində qalacaq. Rusiya Türkiyənin bölgədəki müttəfiqlərini hədəf götürərək, onlara təzyiqi artırmağa çalışacaq. Türkiyənin bölgədəki əsas və tək müttəfiqi isə Azərbaycandır”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər