İctimai sektorda “təmizlik”
Hüquq
müdafiəçiləri hesab edir ki, ictimai nəzarət peşəkar, qərəzsiz, obyektiv, təmənnasız
olmalıdır. Əks halda dələduzların əhatə dairəsi genişlənir, kök atır. Bu da cəmiyyətdə
əsl ictimai nəzarəti deqradasiyaya uğradır.
Vətəndaş cəmiyyəti
institutlarının əsas fəaliyyət istiqaməti ictimai nəzarət funksiyasıdır. Azərbaycanda
ötən illər ərzində formalaşan təşkilatlar var ki, onlar bu istiqamətdə kifayət
qədər sanballı və əhatəli işlər həyata keçirirlər. Amma mütəmadi olaraq vətəndaş
cəmiyyəti adından sui-istifadə ilə məşğul olanlar da tapılır. "İctimai nəzarət”
adı altında insanların etimadından istifadə edərək onlara qarşı müxtəlif
formalarda dələduzluq edirlər. Elə bu günlərdə hüquq-mühafizə orqanları tərəfindən
"İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri Rasim Məmmədov həbs edildi.
Sumqayıt Şəhər Polis İdarəsində müvafiq araşdırmanın nəticəsinə uyğun olaraq ona
qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanıb.
Bunun
ardınca isə "Yeni İctimai Nəzarət Şurası” adlı qanunsuz təşkilat vasitəsilə vətəndaşları
aldadıb rüşvət verməyə təhrik edən Ramil Şükürov saxlanılıb. Rəsmi məlumatlara
görə, əvvəllər dələduzluq və saxta sənədlər hazırlama kimi cinayət əməllərinə
görə məhkum olunmuş Ramil Şükürov müvafiq qaydada dövlət qeydiyyatından
keçirilmədən qanunsuz yaratdığı "Yeni İctimai Nəzarət Şurası” adlı təşkilatın fəaliyyətinə
cəlb etdiyi digər şəxslərlə birgə törətdiyi qanunsuz əməllər aşkar edilib və
ona qarşı cinayət işi açılıb. Təbii ki, belə hallar ictimai sektorun nüfuzuna zərər
vurur, insanlarda inamı azaldır. İctimai sektoru belə adamlardan necə təmizləmək
olar?
"Həyatda dələduz
olduqları kimi…”
Hüquq
müdafiəçisi Novella Cəfəroğlu bildirdi ki, əslində, belə şəxslərin həbs edilməsi
heç də vətəndaş cəmiyyətinə zərbə deyil: "İctimai sektorda heç də hamı elə
deyil, kifayət qədər təmiz, şəffaf fəaliyyət göstərən insanlar var. Amma elələri
var ki, həyatda dələduz olduqları kimi vətəndaş cəmiyyətinə də soxularaq,
burada da dələduzluqla məşğul olur”.
N.Cəfəroğlu
qeyd etdi ki, dünən qeyri-hökumət təşkilatı yaradanların evi, maşını var: "Amma
biz 30 ildir bu sektordayıq, bu imkanlarımız yoxdur. Təbii ki, onlar başqa
adamlardır, mən başqa. Məhz qeyri-hökumət sektorundan dələduzların təmizlənməsinə
gəlincə, hesab edirəm ki, bu məsələdə təşkilatlar birgə qərar verməlidirlər.
Misal üçün, Milli QHT Forumu bu məsələ ilə bağlı bir araya gəlib, müzakirə aparmalıdır.
Eləcə də, qanunvericilikdə müəyyən dəyişikliklər etmək olar. Onu qeyd edim ki,
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yeni yaradılıb və əminəm
ki, belə məsələlərlə bağlı onların da fəaliyyəti olacaq”.
"Elə bil cəmiyyətdə
virus kimi yayılırlar”
Hüquqşünas
Sahib Məmmədov bildirdi ki, əvvəl belə "reketliklə” məşğul olan daha çox
"jurnalist”lər idi, sonra bir qrup şəxs MMC-lər yaratmaqla bu işlə məşğul
oldular: "Sonra QHT-lər yarandı, hansı ki, qeydiyyatı olan-olmayanlar arasında
bunun "dəb” aldığını gördük. Məsələ ondadır ki, burada təkcə pul tələbi deyil.
Fəxri fərmanlar, müxtəlif dövlət xadimlərinin şəkli olan diplomlar verdilər.
İndi də "Şuşa” adından istifadə edirlər. Hesab edirəm ki, bunların hamısına
kompleks şəkildə yanaşılmalıdır. Son dövrlər həbs edilən şəxslərə gəlincə,
bütün ölkə bilirdi ki, onlar nə ilə məşğuldur. Təəssüf ki, belə əməllərlə məşğul
olan başqaları da var. Amma həbs olunanların bahalı avtomobilləri göz qabağında
idi. Təsəvvür edin ki, bunlar rayona gedəndə müşayiətlə gedirdilər, rəhbər
işçiləri şantaj edirdilər. Bunlar nə idi ki? Əlbəttə ki, onlar himayə
olunurlar. Əvvəllər də belə şəxslər həbs olunub, amma indi də yaxalanmalı
olanlar çoxdur. Elə bil, cəmiyyətdə virus kimi yayılırlar. Belə adamlarla
danışığa getməyənlər də daim şantaj obyektinə çevrilirlər”.
"Bunun
reyestrini yaratmaq lazımdır”
Hüquqşünas
qeyd etdi ki, bu məsələ ilə bağlı dövlətin müvafiq qurumları məşğul olmalıdır:
"Eyni zamanda, dövlət qurumlarının əməkdaşlarına tapşırıq verilməlidir ki, belələri
ilə əlaqəyə girməsinlər. Həmçinin belə şantajçıların əlində olan media
orqanları, sosial şəbəkədəki səhifələri, profilləri nəzərdən keçirilməlidir. Bunun
üçün də həmin media orqanlarının, sosial şəbəkədəki saxta səhifə və profillərin
reyestri aparılmalıdır. Əvvəllər Mətbuat Şurası "qara siyahı” tuturdu. Çoxları
onu bəyənmirdi, tənqid edirdi. İndi o da yoxdur. Ümid edirəm, yeni qanunla bu
kimi məsələlər nəzərə alınacaq. Çünki belə insanlar sosial şəbəkələr, "ailə qəzetləri”,
onlayn portallar üzərindən şantaj etməyə başlayırlar və arxasında da yaxşı
olmayan məsələlər durur”.
"Əsl
ictimai nəzarəti deqradasiyaya uğradır”
S.Məmmədov
vurğuladı ki, bu məsələnin qarşısını almaq lazımdır, çünki çox təhlükəlidir: "Əks
halda əhatə dairəsi genişlənir, kök atır. Bu da cəmiyyətdə əsl ictimai nəzarəti
deqradasiyaya uğradır. Dövlət başçısı istəyir ki, ölkədə konstruktiv, qərəzsiz,
müstəqil vətəndaş nəzarəti olsun. Vətəndaşların özü, mətbuat, qeyri-hökumət təşkilatları
nəzarət eləsin. Ölkə prezidenti bunu dəfələrlə vurğulayıb. Amma nəzarət belə
olmalıdır - peşəkar, qərəzsiz, obyektiv, təmənnasız”.
Bəxtiyar Məmmədli