İctimai məzmunlu şeirin mövqeyi
İctimai məzmunlu şeirlərin
ustası Maya Angelounun şair kimi əsas üstünlüyü mövzular üzrə dəyişən poetik
intonasiyası hesab oluna bilər. Bu tipli şeirlərdə qəzəb, əsəb, etiraz tonu
poetikliyi üstələyir, zaman-zaman sözçülükdən qaçmaq, uzunçuluğa varmaq kimi
şeiri yorucu edən amillə də qaçılmaz olur. Belə şeirlərin başqa poetik
nümunələrdən başlıca fərqi ondan ibarətdir ki, şair əvvəlcədən nə deyəcəyini, fikrini
kimə və necə çatdıracağını yaxşı bilir, nəticədə şeir sanki yazı prosesində
yaranmır. Çağdaş dünyamızın problemlər məngənəsində boğulduğu bir dönəmdə ən
rəngarəng poeziya ictimai məzmunlu olandır, çünki bu tipli şeirlər öz dövrü
üçün ciddi əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, yaşanılan problemlər gələcək nəsillərə
də miras qalır, onda bu cür şeirlərin ömrünün artdığını, aktuallıq müddətinin
uzandığını deyə bilərik. Adətən, ictimai məzmunlu şeirlər bəzi şairləri "avara
qoyur”: o mənada ki, bu mövzulu şeirlərə meyl etdikcə şair həddən artıq
populyarlıq qazanır, amma zamanla anlayır ki, o, bir dövrdən sonra sadəcə
sosial sifarişin reallaşmasına çalışan bir alətə çevrilib. Poeziya isə bu cür
"kənardan idarəetmələri” sevmir, nəticədə təbiiliyini itirir.
Ancaq Maya Angelou bu tipli
şeirlər yazsa da fərqli bir poetik mövqe seçib və ona görə də böyük şöhrət
qazanıb. Bu fərqli yol nədən ibarətdir: O daim lirika ilə sosial şeirin ortaq
nöqtəsində dayanıb və bu da onu bir şair kimi tükənməyə qoymayıb. Eyni zamanda
onun şeirinin problem coğrafiyası da bəs qədər genişdir və fərqli insan
mənzərələri ilə tanış olan şair onların
müxtəlifdilli dərdlərini ifadə edib və nəticədə rəngarəng bir poetik irs
meydana gətirib.
İctimai motiv, sosial
problemlərin poetik ifadəsi şairə eyni zamanda rəngarəng şeirlər yazmaq üçün
geniş imkanlar da yaradıb: Çünki ictimai motivli şeir təkcə avtobioqrafik
xarakter daşımır, yaxud yalnız şair müşahidələrinin yekunu kimi ərsəyə gəlmir,
əksinə orada kənar obrazlar, adamlar və onların müşkülləri, toxunduqları
problemlər özü şeirdə qəhrəman rolunda çıxış edirlər. Maya Angelounun
şeirlərində də oxşar üstünlükləri müşahidə etmək mümkündür: Yəni, o kölələrin
azadlığı, ağanın quluna öz dinini qəbul etməyə məcbur qoyması, qadın
hüquqsuzluğu, erkən nikah, kapitalizmin belbükən qaydaları, kişilərin zorakılığı,
qürbətdəki sıxışdırmalar, öz haqqını müdafiə edə bilməyən insanların
çarəsizliyi, küçə həyatı və sair problemlərə həsr olunan şeirləri mövzular üzrə
şairə ayrı-ayrı tonlarda danışmağa, başqa-başqa mövqelərdən çıxış etməyə, dürlü
intonasiyaları canlandırmağa, poetik ahəngdarlığı müxtəlif ladlar üzərində
çatdırmağa, yeni səslərlə danışmağa imkan verir. Əlbəttə, bütün sadalananlar
şeiri əlində əridə bilən, mövzunu istədiyi səmtə yönəldib qəlbindəki qayəni
poetik müstəviyə kökləməyi bacaran şair üçün əvəzsiz imkanların yaranması
deməkdir. Özünü başqasının yerinə qoyub yazmaq çətin, amma mümkün məsələdir.
Sanki başqasının yaşadıqlarını yaşamısan kimi yazmaq və o mövqedə oxuculara
qurama görünməmək, əlbəttə ki, Maya Angelou kimi istedadı qaynayıb-daşan bir müəllif
üçün reallaşa bilən ədəbi imkan idi və o da bir dünya vətəndaşı, bəşər övladı,
hamını öz qardaş və bacısı nəzərində görən bir
şair kimi hər cür problemlərin əsirinə çevrilmiş insanların sözçüsü kimi
qalmağı bacarırdı. Maya Angelounun sosial şeirləri
bir başa onun doğulduğu və xalqını əzablara sinə gərməyə sövq edən mühitlə
bağlı idi. Baxmayaraq ki, Maya Angelou xanım idi, daha çox dərəcədə zaman-zaman
qadınların kişilər tərəfindən əzilməsindən yazırdı, amma onun sərt tonu, etiraz
dolu poetik intonasiyası kişilərə xas zəhmlə oxucuya ötürülür. Sosial, ictimai
məzmunlu şeirdə pafosdan qaçmaq çətin məsələdir, o mənada çətindir ki, o tipli
şeirlər yazan şair poetik əsərlərində daha çox dərəcədə nitq irad edirmiş kimi
görünür. Təbii ki, kütlə qarşısında dayanıb fikir bildirməyin öz qaydaları var
və onlar tələb edir ki, müəllif ictimaiyyətin"dilində” danışsın, amma Maya
Angelou bu "tələ”dən ustalıqla yayınır, şeirlərində problemləri cəmiyyətə
xitabən dilə gətirsə də, onları bir insanın taleyi kimi fərdiləşdirir. Buna görə də onun şeirləri pafosdan,
ritorikadan, "müstəntiq ahəngi”ndən uzaqdır və olduqca təbii təsir bağışlayır.
Baxmayaraq ki, o kütlənin şairi hesab olunur, milyonların rəğbətini qazanıb, XX
əsr dünya şeirinin ən çox oxunan imzalarındandır, amma o, şeirlərində ictimai problemləri öz içindən keçirərək
təqdim edir və nəticədə obrazları, qəhrəmanları və mühiti ilə həmtale,
həmqismət mövqeyini özünə poetik qərargah seçir...
Fərid Hüseyn