I Pyotrun vəsiyyəti, erməni gözyaşları və Türkiyənin tarixi səhvi...

"Ermənilər tarix boyu yalanları və göz yaşları ilə özlərinə lazım olanları edə biliblər. Bu gün də ermənilər türk dünyasına, müsəlman aləminə və azərbaycanlılara qarşı insanlara böhtan atmaqla özlərinə bəraət qazandırmaq istəyirlər".
Bu sözləriSİA-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Anar İsgəndərov ermənilərin tarix boyu özlərini acındırma siyasətindən danışarkən deyib.
Onun sözlərinə görə, 1915-ci ildə Osmanlı ərazisində ermənilərə qarşı soyqrımı törədilmədiyi halda, ermənilər demək olar ki, öz yalanları ilə dünyanı inandıra biliblər:
"Erməni və ermənilərə havadar olar dövlətlər erməni yalanlarını məmnuniyyətlə qəbul etdi və onu siyasiləşdirdi. Çox təssüflər olsun ki, Türkiyə Cümhuriyyəti erməni xalqına qarşı tarixi faktları ortaya qoymadı. Aradan 60-70 il keçəndən sonra Türkiyə Cümhuriyyəti anladı ki, belə məsələlər arxiv sənədləri əsasında arxivlərdə yox, parlament kürsülərində həll olunur, amma gec idi. Erməni və erməniyə havadar olan dövlətlər, Türkiyə Cümhuriyyətini istəməyən dövlətlər, Bosfor və Dardanel üçün gecə-gündüz darıxan, bunu dərd edən dövlətlər, Konstantinopolu İstanbul kimi görmək istəməyən dövlətlər, "Aya Sofya"nı bu gün də məscid kimi görmək istəməyən dövlətlər, əslində erməniyə kömək adı altında özünün Türkiyə Cümhuriyyətinə olan nifrətini ortaya qoydular. Çox təəssüf olsun ki, o vaxt Türkiyə Cümhuriyyəti məsələlərə qarşı sərt münasibət göstərmədi. Üstəlik 70 illik Sovet dövründə Ermənistan Sovet Respublikası bütün dünyanı inandırmaq istədilər ki, erməni xalqı əzabkeş bir xalqdır, tarix boyu gözyaşı içərisində yaşayıb, həmişə dövlət qurmaq cəhdləri olub və bu cəhdlərin qarşısını alan dövlətlərin başında da ilk əvvəl Osmanlı dövləti, daha sonra isə Türkiyə Cümhuriyyəti durub. SSRİ-də də bu təbliğatı uğurla apardılar. Çünki, Sovet dövləti də Türkiyəyə qarşı düşmən mövqedə olan dövlət idi. Keçmiş çar Rusiyası, daha sonra Sovet Rusiyası həmişə I Pyotrun vəsiyyətini əlində əsas tutdu. Buna əsasən, Rusiya o zaman xoşbəxt ola bilərdi ki, Bosfor və Dardanel onun boğazları, İstanbul onun paytaxtı olsun, isti dənizlərə çıxış əldə etsin və dünyanın hökümdarı olsun. Təbii ki, bu, I Pyotrun dövründə deyilən fikir olsa da tarixin sonrakı dövrlərində də hakim vəsiyyət və hakim fikir kimi bu fikirdən istifadə edildi. Ermənilər də bundan məharətlə istifadə etdilər".
70 illik Sovet dövründə, 1918-ci ildə Bakıda, Şamaxıda, Qubada həm qəza mərkəzlərində, həm də qəzalarda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqrımılarla bağlı sənədlər olsa da, bu sənədlər arxivdə qaldı və üzə çıxmadı, lakin, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra həmin sənədlər əlimizdə idi:"Biz, həmin sənədləri bütün dünyaya yaymalıyıq ki, artıq erməni məkrinin iç üzü açılsın. Bu mənada biz dünyanın əksər dövlətlərinin maraqlarını başa düşürük. Çünki, siyasət maraqlar üzərində qurulub. Biz elə etməliyik ki, maraqlar təkcə bununla bitməsin. Dünyanın ən böyük dövlətlərində təbliğatımızı aparmaq üçün kifayət qədər sənədlərimiz var. Bu, sənədlər tarix boyu ermənilərin bizə qarşı olan təcavüzünü əks etdirir. Həmin sənədlər ortalığa gətirilən zaman, dünyanın diqqət mərkəzinə çatdırıldıqda heç bir dövlət bizi ermənilərə qarşı təcavüzkar adlandıra bilməz. Əslində erməni təcavüzünün iç üzü açılmış olar. Hazırda biz dövrün tarixi sənədlərini həm də siyasi kürsülərdə ortalığa qoymaqla erməniləri məğlub etmiş oluruq".
