• şənbə, 20 Aprel, 09:37
  • Baku Bakı 14°C

Humanizm dəyərlərinə sadiqliyin daha bir nümunəsi

08.04.20 16:40 4279
Humanizm dəyərlərinə sadiqliyin daha bir nümunəsi
Azərbaycan Prezidentinin humanist addımı yüksək qiymətləndirilir
Azərbaycan müstəqillik əldə etdikdən indiyə qədər ötən müddət ərzində ölkəmizdə 66 əfv sərəncamı imzalanıb, 11 amnistiya aktı qəbul edilib. Dövlət başçılarının imzaladığı sərəncamlara əsasən, bu günə qədər 4871 şəxs əfv edilib. Ulu öndər Heydər Əliyev siyasi kursunun, o cümlədən humanist ənənələrinin davamçısı olan Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları 40412 şəxsi əhatə edib, onlardan 8580 nəfər azadlıqdan məhrum etmə cəzasından azad olunub. Dövlət başçısı İlham Əliyev aprelin 6-da "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” daha bir sərəncam imzalayıb. Bu sərəncam dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin Prezidentə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Onlardan 165-i kişi, 11-i qadındır. Azadlığa çıxan şəxslər göstərdiyi humanistliyə, mərhəmətlik siyasətinə və imzalanan əfv sərəncamına görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Baş verənlərə qara yaxma cəhdi
Ölkə ictimaiyyəti tərəfindən də əfv sərəncamı rəğbətlə qarşılanıb. Ayrı-ayrı peşə sahibləri, siyasətçilər, deputatlar, alimlər növbəti əfv aktını Azərbaycan Prezidentinin insanpərvər siyasətinin göstəricisi, ailələrə sevinc bəxş etmək ənənəsinə sadiq qalmsının təzahürü kimi dəyərləndiriblər. Qeyd olunub ki, indiki həssas dönəmdə imzalanan əfv sərəncamı azadlığa çıxan şəxsləri və onların ailə üzvlərini, həmçinin yaxın ətraflarını əhatə etməklə yüzlərlə, minlərlə insanın könlünü şad edib, qayğısını azaldıb. Lakin əfsuslar olsun ki, ağa qara deməyi özlərinə həyat tərzi seçən radikal müxalifət təmsilçiləri bu dəfə də çoxsaylı insanların sevincini, Azərbaycan Prezidentinin humanist addımını görməzdən gəlməyə, ümumilikdə baş verənlərə qara yaxmağa cəhdlər ediblər. Belə ki, AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının sədri Arif Hacılı, Milli Şura sədri Cəmil Həsənli, jurnalist Xədicə İsmayıl və digərləri əfv olunanlardan arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayorAkif Çovdarov,həmin nazirliyinTransmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayorSübahir Qurbanovun olmasını əsassız tənqid edərək, ümumən atılan humanist addımın əhəmiyyətini kiçiltməyə çalışıblar.


İnsanlara dərin mənəvi keyfiyyətlər aşılamaq
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyevamövzu ilə bağlı açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin imzaladığı növbəti əfv sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqliyinin daha bir nümunəsidir. Onun sözlərinə görə, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənə dövlətimizin başçısı tərəfindən ardıcıl olaraq həyata keçirilir. Millət vəkili deyib ki, ardıcıl olaraq dövlət başçısı tərəfindən əfv sərəncamlarının imzalanması istər humanizm və əxlaqi, istərsə də cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır: "Budəfəki əfv sərəncamı ilə 176 məhkum azadlığa qovuşdu. Sərəncam koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı bir sıra məhkumlara şamil olunub. Əfv məsələsinə baxılarkən, məhkumların və onların ailə üzvlərinin müraciətləri, məhkumların səhhəti, törətdikləri cinayətlər, cəza çəkdikləri müddətdə davranışları və digər məsələlər nəzərə alınıb. Ümumiyyətlə, humanist addımlar mahiyyət etibarilə insanlarda yeni hiss və vərdişlərin formalaşmasına, insani dəyərlərin möhkəmlənməsinə təsir göstərir. Yəni, cinayət törədən şəxslərin qanunla müəyyənləşdirilmiş qaydada layiq olduqları cəzanı almaqdan azad edilməsi insana dərin mənəvi keyfiyyətlər aşılamaq gücündədir”.


Cəmiyyət radikal müxalifəti qəbul etmir
S.Fətəliyeva qeyd edib ki, ölkəmizdə siyasi mövqeyindən, əqidəsindən asılı olmayaraq, hər kəs atılan müsbət addımları dəyərləndirməyi bacardığı halda, radikal müxalifət yenə öz ampluasında qalmaqda davam edir, dövlətimizin humanizm prinsiplərindən, demokratik dəyərlərə sadiqliyindən siyasi məqsədlər üçün yararlanmağa çalışırlar: "Dövlətin belə məhkumları əfv etməsi həmin insanların özlərinə olan inamını artırır, gələcəkdə öz həyatlarını qanunlara hörmət çərçivəsində davam etdirərək, ölkənin layiqli vətəndaşı olmağa sövq edir. Dövlətin humanist siyasətini xalqımız, cəmiyyətimiz yüksək qiymətləndirir. Nəticədə, cəmiyyətdə qarşılıqlı hörmət və rəğbət, habelə qanunçuluq prinsiplərinə söykənən vətəndaş-dövlət münasibətləri güclənir. Beləliklə, bu sərəncam da Azərbaycan dövlətinin humanizm prinsiplərinə, demokratik dəyərlərə sadiqliyini bir daha təsdiqləyir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, radikal müxalifət bu humanist addımı siyasiləşdirməyə çalışır. Siyasi mövqeyindən, əqidəsindən asılı olmayaraq, hər kəs atılan müsbət addımları dəyərləndirməyi bacarmalıdır. Bunu radikal müxalifət düşərgəsi haqqında demək mümkün deyil. Onlar bilməlidirlər ki, tutduqları bu cür mövqeyə görə cəmiyyətimiz tərəfindən qəbul olunmurlar. Bizim üçün əsas olan xalqımızın mövqeyidir ki, Azərbaycan xalqı dövlətimizin başçısının həyata keçirdiyi siyasəti, o cümlədən onun atdığı humanist addımları birmənalı şəkildə dəstəkləyir”.

İnsanpərvərlik, humanizm prinsipləri
Milli Məclisin deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov Azərbaycan dövlətinin və onun rəhbərinin idarəetmədə şəfqət, humanizm və insanpərvərlik kimi ali dəyərlərə hər zaman sadiq qaldığını dilə gətirib. O deyib ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiqdir və onu yeni dünya reallıqlarına adekvat olaraq davam etdirir. Deputatın fikrincə, ölkə başçısı bu prosesdə varislik və müasirliyin unikal harmoniyasına nail olmağı bacarır: "Məsələyə bu xüsusda yanaşdıqda qeyd etməliyik ki, Azərbaycanda siyasətə humanizmi baza prinsipi olaraq gətirməklə əfv və amnistiya təsisatlarının yaradılması da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və iradəsi sayəsində 1995-2003-cü illərdə 77 mindən çox məhkuma şamil edilən 7 amnistiya aktı və 32 əfv fərmanı verilib. Bu məhkumlardan 21 min 325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunub. Möhtərəm Prezidentimiz İlham Əliyevin imzaladığı əfv sərəncamlarına əsasən isə 4871 nəfər məhkum azad olunub. Azərbaycanda və onun hüdudlarından kənarda belə şəfqət, mərhəmət nə nəciblik mücəssiməsinə çevrilmiş ölkəmizin Birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva hələ Milli Məclisin deputatı olarkən 4 dəfə - 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktlarının qəbulu ilə bağlı qanunvericilik təşəbbüsləri ilə çıxış edib və nəticədə 40 mindən artıq məhkumun cəzası tam və qismən ləğv olunub. Bütün bu sadalan faktlar və arqumentlər bir daha təsdiqləyir ki, insanpərvərlik, humanizm prinsipləri son 27 il ərzində Azərbaycanın dövlət siyasətinin təməl prinsipləri olaraq tətbiq və təşviq olunmaqdadır. Cənab Prezidentin 6 aprel tarixli əfv sərəncamı da eyni məntiqin yeni şəraitdə ifadəsi kimi qiymətləndirilməlidir”.
"Koronavirus demokratları”
Bütün bunların fonunda Azərbaycanın radikal müxalifət kəsiminin yenə öz naqis xislətini büruzə verməsini millət vəkili təəssüf doğuran hal kimi qiymətləndirib. Bildirib ki, Azərbaycan hakimiyyətinin koronavirus infeksiyasına qarşı mübarizədə həmrəylik, birlik və məsuliyyətimizi daha da möhkəmləndirməklə bağlı çağırışları, eyni zamanda xalqımızı və dövlətimizi bu qorxunc xəstəliyin acı nəticələrindən hifz etmək üçün tətbiq etdiyi sərt karantin tədbirləri "5-ci kolon” nümayəndələri tərəfindən süngü ilə qarşılanıb. Deputatın sözlərinə görə, radikal müxalifət növbəti qarayaxma, yalan və iftira kampaniyasını həyata keçirmək üçün növbəyə dayanıb: "Onların paralel olaraq ianələrini aldıqları müəyyən xarici dövlətlərin eyni infeksiyaya qarşı eyni qəbildən olan addımlarının şərəfinə mədhiyyələr qoşmaq növbəsinə dayanıqları da diqqətdən yayınmır. Bu ikiüzlülük və milli xəyanətin klassik nümunəsi kimi göz qabağındadır. Hətta iş o yerə çatıb ki, bu antimilli ünsürlər işğalçı Ermənistanın koronovirusa qarşı atdığı müəyyən addımları təqdir etməkdən belə çəkinmirlər. Guya ki, rəsmi İrəvanın məcburi məhdudiyyətlərə rəvac verən addımları ölkədə "demokratiyanın baza prinsiplərini zədələmir”. Onlar bu kimi gülünc və sərsəm ifadələr işətməkdən belə, vaz keçmirlər. Halbuki "sapı özümüzdən olan baltalar” çox gözəl bilirlər ki. işğalçı Ermənistanda martın 16-da fövqəladə vəziyyət elan edilib. Mətbuata senzura tətbiq olunub. Kütləvi informasiya vasitələri və sosial şəbəkələrin koronavirus pandemiyası ilə bağlı yalnız rəsmi dövlət məlumatlarına istinad etmələri tələbi qoyulub. Bunun əksi olduqda, müvafiq addımı atmış tərəf 2 saat ərzində təkzib verməlidir. Bu baş verməyəcəyi təqdirdə qaydaları pozmuş tərəfə qarşı sərt cəza tədbirləri görülür. Yeri gəlmişkən, ölkəmizdə radikal dəstə və qruplaşmalar öz naqis xislətlərinə və xəbis dünyagörüşlərinə adekvat olaraq "koronavirus demokratiyası” deyilən həqarətli bir termin də icad ediblər. Amma xalqımız onları "şanlı” keçmişlərinə görə "azadlıq aşiqləri” kimi xatırlayır və rədd edir. Bundan sonra isə onları "koronavirus demokratları” kimi permanent "siyasi izolyasiya”da saxlayacaqları artıq teorem yox, aksiomdur”.
Rufik İSMAYILOV



banner

Oxşar Xəbərlər