Hücum diplomatiyasının təntənəsi - TƏHLİL
Politoloqların
fikrincə, Brüssel görüşü ermənilərin Avropaya bağladıqları ümidlərini alt-üst
etdi. Azərbaycan Prezidenti bir daha Avropadan bütün dünyaya elan etdi ki,
milli məsələdə, Azərbaycanın təhlükəsizliyi mövzusunda heç bir güzəştdən söhbət
gedə bilməz.
Avropa
İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti
İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüş
keçirildi. Görüşdən sonrakı ilkin bəyanatlar Azərbaycanın daha bir uğura imza
atdığını göstərir. Brüssel görüşü ilə bağlı ilkin açıqlamalardan çıxan nəticələr
nədən ibarətdir? Dövlət başçısının Zəngəzur dəhlizinə alternativ olaraq Laçın dəhlizi
məsələsini gündəmə gətirməsi nəyə hesablanıb?
"Paşinyanın
başqa yolu yoxdur”
Mövzu ilə
bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyevbildirdi ki, Ermənistan baş naziri Nikol Paşinyanın ötən il noyabrın 10-da
imzaladığı təslimçilik aktında üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməkdən
başqa yolu yoxdur: "Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan
və Ermənistanın dövlət başçıları arasında keçirilən görüşün nəticəsi haqdakı rəsmi
bəyanatı məhz bundan xəbər verir. Sənəddə açıq şəkildə vurğulanır ki, Avropa
İttifaqı üçtərəfli bəyanatda nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsini,
Azərbaycanla Ermənistan arasında sülh anlaşmasının imzalanmasını, bununla bağlı
birbaşa danışıqlara başlanmasını, minalanmış ərazilərin xəritələrinin tam təqdim
edilməsini, itkin düşmüş şəxslərlə bağlı dəqiq bilgilər verilməsini istəyir.
Brüssel sərhədlərin dəqiqləşdirilməsinin də tezləşdirilməsinin tərəfdarıdır və
bu yöndə kömək edə biləcəyini də diqqətə çatdırır”.
"Avropa
İttifaqının sərgilədiyi mövqe…”
Deputat vurğuladı
ki, Ermənistanın baş naziri Nikol Paşinyan özünə xas populistliklə bunu qələbəsi
kimi təqdim etməyə çalışsa da, dəhliz məsələsində də Avropa İttifaqının sərgilədiyi
mövqe, bununla bağlı indiyə kimi stol üzərində olan digər təklifdən, açıq desək,
Azərbaycanın maraqları baxımından daha əlverişlidir: "Paşinyan dəhlizdən
danışarkən burada gömrük və sərhəd qaydalarına əməl olunacağını vurğulayır.
Amma onun açıqlamasında həmin qaydaların tərəflərin suverenliyinin qarşılıqlı
gözlənilməsi şərti ilə tətbiq ediləcəyi də öz əksini tapıb ki, bu da Prezident
İlham Əliyevin Zəngəzur dəhlizində Ermənistan gömrük postu və sərhəd məntəqəsi
quracağı halda, Azərbaycanın da Laçın yolunda oxşar addım atmaq haqqının olduğu
haqda tələbinin yerinə yetirilməsi deməkdir. Bu o deməkdir ki, Ermənistandan
Qarabağa gələnlər artıq Rusiyanın oradakı hərbi kontingentinin deyil, Azərbaycan
sərhədçi və gömrükçülərinin nəzarətindən keçəcək.Beləliklə,
rəsmi Bakının xarici siyasətdəki balanslı davranış postkonflikt dönəmində də
davam edəcək. Azərbaycanla Ermənistan arasında vasitəçilikdə inhisarçılıq
yoxdur və olmayacaq. Əgər Ermənistan rəhbərliyi milli maraqlardan çıxış etmək
istəsə, ümumiyyətlə, vasitəçiyə ehtiyac qalmayacaq. Amma bütün hallarda cəbhədə
olduğu kimi danışıqlarda da dominant və diktə edən tərəf rolunda Azərbaycan
çıxış edir, edəcək”.
"Bu, sərsəmləmədir”
S.Alıyev qeyd
edib ki, bəziləri Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsini gözdən
salmaq üçün Zəngəzur dəhlizi ilə Laçın yolunun eyni status daşımasının, guya,
Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti nəzarətində olan hissəsinin gələcəkdə
Ermənistanın bir hissəsi sayılması təhlükəsini yaratdığını bildirirlər: "Bu, sərsəmləmədir.
Bütün dünya, Rusiya özü belə prezident səviyyəsində Qarabağın da Naxçıvan kimi
Azərbaycan torpağı olduğunu deyir. Hətta Paşinyan belə arada buna eyham vurur. Bir
də heç kəs yaddan çıxarmasın ki, Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti
nəzarətində olan hissəsi dedikdə, söhbət, ətrafında Azərbaycan ordusunun 20-ə yaxın
hərbi hissəsinin, yüzdən artıq döyüş-xidmət postunun və yaxın gələcəkdə yüz
minlərlə soydaşımızın yerləşəcəyi torpağımızdan gedir”.
"İlham
Əliyev ermənilərin ümidlərini alt-üst etdi”
Politoloq
Əlimusa İbrahimovbildirdi ki, Prezident İlham Əliyevin Brüssel səfəri həm
regionumuzda, həm də qlobal səviyyədə geniş maraqla gözlənilirdi: "Bütün siyasi
qüvvələr böyük səbirsizliklə İlham Əliyevlə Nikol Paşinyan arasında Avropa İttifaqı
Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək görüşü gözləyirdi.
Amma İlham Əliyev böyük ustalıqla, özünəməxsus gedişi ilə bütün məsələləri
NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşdə həll etdi. O, nə Paşinyanı, nə
erməni tərəfini, nə də ermənilərin Avropa böyüklüyündə himayədarlarını
intizarda qoymayaraq, üçtərəfli görüşə qədər öz sözünü dedi. Bununla da İlham
Əliyev Paşinyan başda olmaqla bütün ermənilərin Avropaya bağladıqları ümidlərini
alt-üst etdi. Dövlət başçısı bir daha Avropadan bütün dünyaya elan etdi ki,
milli məsələdə, Azərbaycanın təhlükəsizliyi mövzusunda heç bir güzəştdən söhbət
gedə bilməz. Heç bir təşkilat Azərbaycanla münasibətdə təzyiq vasitəsinə əl
atmamalıdır. Avropa Ermənistanın gələcəyini istəyirsə, ona təsir və təzyiq etməlidir.
Təsadüfi deyil ki, dövlət başçısının Zəngəzur dəhlizi və Laçın yolu ilə bağlı məhz
Avropanın paytaxtı hesab olunan Brüssel şəhərində səsləndirdiyi bəyanat növbəti
dəfə ermənilərin qol-qanadını qırdı. Paşinyanın suyu süzülə-süzülə yenidən
Putinə üz tutmaqdan başqa çarəsi qalmadı”.
Unudulmayacaq
siyasət dərsi
Ə.İbrahimov
qeyd etdi ki, ermənilər və onların havadarları Paşinyanı Rusiyada görüş keçirməkdən
imtina etməyə məcbur edərkən düşünürdülər ki, Brüsseldə İlham Əliyevdən hər
hansı bir güzəşt ala biləcəklər: "İlham Əliyev isə bütün diplomatik səriştəsini
və dövlət rəhbəri kimi sərhədsiz imkanlarını ortaya qoyaraq Avropanın başında
oturanlara heç vaxt unutmayacaqları siyasət dərsi keçdi. Azərbaycan
diplomatiyasının Brüsseldə qazandığı qələbə bizim bir il bundan qabaq 44 günlük
müharibədə qazandığımız zəfər kimi möhtəşəm oldu. Bu qələbə bizim danışıqlar
masası arxasında qazandığımız ikinci zəfərimizdir. Əlbəttə ki, bu qələbələr Azərbaycan
xalqının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qazanılır. Əslində,
İlham Əliyevin bir neçə il əvvəl elan etdiyi hücum diplomatiyasının təntənəsi
budur”.
Bəxtiyar Məmmədli