• cümə, 29 Mart, 14:55
  • Baku Bakı 14°C

Hörmət qoyuruq, hörmət də tələb edirik - TƏHLİL

16.10.21 10:00 859
Hörmət qoyuruq, hörmət də tələb edirik - TƏHLİL
Tehran xarici siyasət kursunda naqislikdən çıxış edir, Azərbaycana və digər qonşularına qarşı aqressivlik nümayiş etdirir. İranın daxili və xarici siyasətində ciddi islahatlara ehtiyac var.
İranın Azərbaycana qarşı davranışındakı qeyri-səmimilik, iki ölkə arasındakı münasibətlərin gələcək vəziyyəti yerli medianın, həmçinin beynəlxalq mətbuatın gündəmini zəbt edən siyasi mövzulardan biridir. Məhz bu səbəbdən İtaliyanın "La Repubblica” qəzetinin əməkdaşı Azərbaycan Prezidenti İlham Əliyevdən müsahibə götürən zaman cənub qonşumuzun davranışlarına da toxunub, bununla bağlı dövlət başçısına sual ünvanlayıb, Bakının bundan sonra atacağı addımlarla maraqlanıb.


Prioritetimiz qonşu ölkələrlə münasibətlərdir

Prezident İlham Əliyev İranın İsrail-Azərbaycan münasibətlərini bəhanə etdiyini, ölkəmizin xarici siyasətinin çox açıq, şəffaf, sabit və müstəqil olduğunu diqqətə çatdırıb. Bildirib ki, heç bir digər ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz və ya buna çalışmalı deyil. Onun sözlərinə görə, qərarlar Bakıda, Azərbaycanın milli maraqları əsasında, dövlət başçısı tərəfindən verilir. Prezident deyib ki, əgər kimsə süni bəhanədən istifadə etməyə çalışaraq Azərbaycanı digər ölkə ilə münasibətlərinin olmasında günahlandırıbsa, belə cəhdlər boş çıxıb, bu, düzgün yol deyil və gətirib dalana çıxaracaq. Ölkə rəhbəri qeyd edib ki, Azərbaycan öz sərhədlərinə hörmətlə yanaşılmasını istəyir: "Biz bütün ölkələrlə və ilk növbədə, qonşularımızla dost münasibətlərə malik olmaq istəyirik. Bizim prioritetimiz qonşu ölkələrlə münasibətlərdir. …Biz digərlərinə etdiyimiz hörmətin özümüzə də olmasını tələb edirik”.


Birinci şəxsin dilindən verilən ikinci bəyanat

Mövzu ilə bağlı "Kaspi” qəzetinə danışan politoloq Sədrəddin Soltan deyib ki, İtaliya nəşrinə müsahibəsində Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər İranla bağlı açıq və üstüörtülü şəkildə birinci şəxsin dilindən verilən ikinci bəyanatdır. Onun sözlərinə görə, birinci bəyanatında rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində kimin nə işlə məşğul olmasına dair rəsmi Bakıda dəqiq məlumatların olması öz əksini tapıb. S.Soltan bildirib ki, bu, qonşuluq prinsipləri nəzərə alınaraq diplomatik və mədəni şəkildə İrana edilən xəbərdarlıq olub: "44 günlük Vətən Müharibəsində İranın Ermənistana etdiyi yardımlar rəsmi Bakıya məlumdur. Müzəffər Ali Baş Komandan İlham Əliyev qalib ölkənin rəhbəri kimi əvvəllər bu məsələnin üzərinə çox getmədi, qonşumuzla münasibətlərimizin gələcəyini düşünərək vəziyyətin gərginləşməsini istəmədi. Onsuz da İranın göndərdiyi yardımlarla birlikdə Ermənistan məğlub edilmişdi. Lakin sonrakı müddətdə rəsmi Tehran Azərbaycan Prezidentinin diplomatik, ağayana davranışından düzgün nəticə çıxarmadı. İran bütün hədləri aşaraq qonşuluğa, dostluğa, din qardaşlığına yaraşmayan addımlar atdı, saxtakarlığa yol verdi, hətta Azərbaycanın ünvanına ittihamlar səsləndirdi”.


Beynəlxalq hüququn prinsiplərinə görə…

Politoloq söyləyib ki, qonşu ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşan rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünə də eyni qaydada hörmətlə yanaşılmasını tələb edir: "Ermənistanı Azərbaycanın Qarabağ bölgəsi ilə birləşdirən Gorus-Qafan yolunun bir hissəsi ölkəmizin ərazisindən keçir. Yolun bu hissəsindən istifadə edən tərəf, təbii olaraq, Azərbaycandan icazə almalı, bizimlə hesablaşmalıdır. Amma İran bunu etmək istəmir, sanki Azərbaycanla hesablaşmağı özünə rəva bilmir. Azərbaycan ərazisindən tranzit kimi yararlanan İranın yük avtomobilləri qanuni şəkildə gömrük rüsumu ödəməli deyil? Digər tərəfdən, Azərbaycanın xarici siyasətini, hansısa xarici ölkə ilə münasibətlər qurub-qurmamağını İran müəyyən etməlidir? Azərbaycanda milli dövlətçiliyin yaranmasında İranın hansısa rolu olubmu? Yoxsa müstəqilliyimizi yenidən bərpa edəndə İran Azərbaycana dəstək verib? Beynəlxalq hüququn prinsiplərinə görə, hər bir dövlət istənilən ölkə ilə münasibətlər qurmaqda sərbəstdir. Bu, onun suveren hüququdur, daxili işidir. Bu nöqteyi-nəzərdən İranın Azərbaycan-İsrail münasibətlərini bəhanə gətirməsi beynəlxalq hüququ pozmaqdır, ölkələrin müstəqilliyinə, suverenliyinə hörmətsizlikdir, dövlətimizi təhdid etməkdir”.


Qonşulara qarşı aqressivlik

S.Soltanın sözlərinə görə, İran öz gözündə tiri görmür, başqasının gözündə çöp axtarır: "İran öz Konstitusiyasının tələbini kobud şəkildə pozaraq müsəlman ölkəni - Azərbaycanı müdafiə edənləri təqib edir. İrandakı azərbaycanlılar Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünə dəstək verdikləri üçün təqib və təzyiqlərə məruz qaldıqları halda, Fələstini müdafiə edən iranlılar təqdir edilir. İranın belə ikili yanaşması təəssüf doğurur. Bütün bu reallıqlar fonunda Prezident İlham Əliyev İtaliya mətbuatına müsahibəsində dilə gətirdiyi fikirlərlə İran hakimiyyətinə yerini göstərib. Onlara mesaj verib ki, Azərbaycan müstəqil dövlətdir, heç kimin kiçik qardaşı deyil, xarici siyasətini yalnız milli-dövlətçilik maraqlarına uyğun qurur. Azərbaycan İranla ortaq tarixə, mədəniyyətə və dinə malik olan qonşu ölkədir. İranda 30 milyona yaxın azərbaycanlı yaşayır. Xarici siyasətimizdə bu amillər mütləq nəzərə alınır, İranla xoş münasibətlərin saxlanması hədəflənir. Lakin rəsmi Tehran xarici siyasət kursunda naqislikdən çıxış edir, Azərbaycana və digər qonşularına qarşı aqressivlik nümayiş etdirir. İranın daxili və xarici siyasətində ciddi islahatlara ehtiyac var”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər