• cümə, 12 Aprel, 22:27
  • Baku Bakı 13°C

“Heyvandarlıq artıq rentabelli deyil”

02.03.24 04:14 3357
“Heyvandarlıq artıq rentabelli deyil”

Xaricdən həm ət idxalımız, həm də ixracımız əvvəlki illərlə müqayisədə xeyli artıb. Xaricə daha çox at əti satıb, ölkəyə isə daha çox ətlik heyvanlar idxal edirik. 

Dövlət Gömrük Komitəsi xəbər verir ki, 2024-cü ilin yanvar ayında Azərbaycana 8 milyon 542 min ABŞ dolları dəyərində 4 min 410 ton ət idxal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal edilən ətin həcmi 63.8 faiz və ya 1 718 ton, dəyəri isə 75 faiz və ya 3 milyon 660 min dollar artıb. Həmçinin cari ilin yanvarında Azərbaycan 32.66 min ABŞ dolları dəyərində diri heyvan ixrac edib. Bu isə dəyər ifadəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 15.1 faiz daha çox deməkdir. Yanvarda ölkəmizə 3 634.65 min ABŞ dolları dəyərində diri heyvan idxal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 43.9 faiz artım deməkdir. Ölkəmizə ət idxal olunması normaldır. Amma burada bir sual yaranır. Ölkəmizdə ətin qiymətinin bahalaşması fonunda digər ölkələrə ət və diri heyvan ixracı nə dərəcədə doğrudur? 

Ətlik heyvanları ixrac etmirik

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadənin sözlərinə görə, xarici ölkələrə ixrac etdiyimiz diri heyvanlar istifadəyə yararsızdır: “Ölkəmizdə təsərrüfatlardan çıxdaş olunmuş yük atları mövcuddur. Çıxdaş olunduqdan sonra sahibkarlar onları Orta Asiya respublikalarına ət məhsulu olaraq ixrac edirlər. Statistikada qeyd olunan diri heyvanlar dedikdə həmin yük atları nəzərdə tutulur. Yəni bizim istifadə etdiyimiz ətlik heyvanlar öz istifadəmiz üçündür. Amma ölkəmizə müxtəlif növ ətlik heyvanlar idxal edilib”. 

Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, həqiqətən də ölkəmizə müxtəlif növ iri və xırda buynuzlu heyvanlar idxal edilsə də, ixrac olunmayıb: “Safqanlı cins diri iribuynuzlu ev heyvanları, düyələr, inəklər 5653 ədəd, digər diri iribuynuzlu heyvanlar 86 520 ədəd, diri qoyunlar 320 543 ədəd, iribuynuzlu heyvan əti, təzə sümükdən ayrılmamış 920 ton, sümükdən ayrılmış 12 ton, cəmdəklər və şaqqalar 46 ton, dondurulmuş və sümükdən ayrılmamış 1137 ton, sümükdən ayrılmış yarımşaqqalar 6022 ton, donuz əti və dondurulmuş digər hissələri 1276 ton idxal edilib. Diri atlar 2793 ədəd, təzə və dondurulmuş ət 14 ton ixrac edilib”.

Müxtəlif məqsədlərlə ixrac edilməsi mümkündür

İqtisadçı Pərviz Heydərovun fikrincə, ət ixracımız ərəb ölkələrinə və Rusiyaya da ola bilər: “Kənara ət, xammal satmırıq. Yalnız diri çəkidə heyvan satışı həyata keçiririk. Diri çəkidə ölkəmizdən xaricə heyvan ixracı ərəb ölkələrinə və Rusiya istiqamətində ola bilər. Ərəb ölkələrində səhralıq, qumluq sahələr çoxluq təşkil etdiyi üçün digər ölkələrdən örüş sahələrini icarəyə götürürlər. Qoyun, mal-qara ehtiyaclarını ödəyə bilirlər. Ərəb ölkələri Yeni Zelandiya kimi ölkələrdən örüş sahələri icarəyə götürürlər. Oraya öz heyvanlarını göndərirlər, onlara qulluq olunur, sayı artırılır. Beləliklə, ölkənin ətə olan ehtiyacını da ödəmiş olurlar”.

Örüş sahələri azalıb, yem bahalaşıb 

Ekspert bildirdi ki, hazırda öz tələbatımızı da ödəməkdə çətinlik çəkirik: “Azərbaycanın heyvandarlıq sahəsində vəziyyəti bir neçə il bundan öncə ilə müqayisədə mənfiyə doğru dəyişib. Örüş sahələri azalıb, yem bahalaşıb. Artıq fərdi şəkildə heyvanların saxlanılması, heyvandarlıq təsərrüfatı ilə məşğul olmaq tamamilə aradan qalxmaq üzrədir. Fermer təsərrüfatlarında da vəziyyət qeyri-qənaətbəxşdir. Ümumiyyətlə, hazırda ölkədə heyvandarlıqla məşğul olmaq rentabelli və səmərəli deyil. Bu da özünü ölkəyə ət idxalının artması ilə büruzə verir. Halbuki bir neçə il öncə biz bu sahədə tələbatımızı 90-95 faiz həcmində ödəyə bilirdik. Bununla əlaqədar həyəcan təbili çalmaq lazımdır”. 

Bu ətlər keyfiyyətsizdir

P.Heydərov qeyd etdi ki, yaxın zamanda ət istehsalı sahəsində də xarici ölkələrdən asılı vəziyyətə düşə bilərik: “Bir ara pambıqçılığın, taxılçılığın, tütünçülüyün inkişafı ilə bağlı müəyyən genişmiqyaslı tədbirlər həyata keçirildi. Bunlar da örüş sahələrinin azalmasına gətirib çıxarıb ki, heyvandarlığı ciddi zərbə altında qoyur. İndi də bunun acı nəticələrini hiss edirik. İdxalın genişlənməsi təbiidir. Çünki yerli tələbatı ödəyə bilmirik. Kənardan gətirilən ət məhsulları maya dəyəri və qiymət baxımından ucuzdur. Çünki bu ətlər keyfiyyətsizdir. Odur ki, bütün bu məqamlara diqqət artırılmalıdır”. 

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər