• cümə axşamı, 28 mart, 21:51
  • Baku Bakı 13°C

Heykəltəraş ömrü

24.02.20 13:00 3634
Heykəltəraş ömrü
Nicat Məmmədovun gecikmiş yubiley portreti...
O, Azərbaycan təsviri sənətində onu zaman-zaman xatırladacaq iz qoyub gedənlərdəndir. Söhbət 37 yaşında dünyasını dəyişən tanınmış heykəltəraş Nicat Məmmədovdan gedir...
Diqqətçəkənliyi danılmaz olan və çağdaş inkişaf mərhələsinə əsasən son doxsan ildə əldə etdiyi böyük uğurlarla daxil olmuş milli heykəltəraşlığımızda elə adlar var ki, özləri vaxtsız dünyanı tərk etsələr də, zaman-zaman xatırlanırlar. Bunu heç şübhəsiz, həmin sənətkarların yaratdıqlarının yaddaqalanlığı şərtləndirib. Elxan Aslanov (1937-1970), Fuad Bakıxanov (1938-1987), Hamlet Musayev (1936-1978), Əfrasiyab Mirzəyev (1936-1983) və ən nəhayət, haqqında söz açmaq istədiyimiz Nicat Məmmədov (1929-1966) belə sənətkarlardandır.
Bakının Maştağa qəsəbəsində anadan olan Nicat Məmmədov uşaqlıqdan ruhunda gözəlliyi duymaq və onu əsərlərdə ifadə etmək arzusu ilə yaşamışdır. Bu mənada onun 1946-cı ildə uğurla imtahan verib məşhur "Əzimzadə məktəbi”nin tələbəsi adını qazanması da bir il əvvəl İkinci Cahan müharibəsi cəbhələrindən qələbə ilə qayıdan atası Miryusifə və qəsəbə məktəbində müəllim işləyən anası Tuti xanıma böyük hədiyyə olmuşdur. 1951-ci ildə "Fəhlə” adlı diplom işinin gözəl bədii həlli ilə Dövlət imtahan komissiyasını heyrətləndirən Nicat Məmmədov elə həmin il V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun heykəltəraşlıq fakültəsinə qəbul olunmuşdur. Burada məşhur heykəltəraş N.Tomski və V.Şvarsdan ustalığın incəliklərini öyrənmiş və sonda ərsəyə gətirdiyi "Ailə” adlı diplom işi (1957) ilə həm müəllimlərinin, həm də çoxsaylı həmkarlarının və sənət xiridarlarının rəğbətini qazanmışdır. Artıq 1954-cü ildən "Məktəbli qız” portreti ilə sərgilərdə iştirak etməyə başlayan Nicatın Bakıya qayıtmasını çoxları, xüsusilə onun istedadına yaxşı bələd olan həmkarları maraqla gözləyirdilər. Onların hamısı onun heykəltəraşlıq sənətimizi dəyərli əsərlərlə zənginləşdirəcəyinə inamlı idilər. Odur ki, onun işıqlı gələcəyini düşünənlər onu belə tez itirəcəklərini ağıllarına belə gətirmirdilər...
Bəli, onun təhsilsonrası başlanan müstəqil yaradıcılıq mərhələsi cəmisi 10 il çəkdi. Özü isə sanki bunu duyurmuş kimi bu qısa zaman kəsiyində çox məhsuldar işlədi, bacardığını, bəzən də lap mümkün olmayanları elədi. Sevimli anasının arzusunun göyərməsinə rəğmən 29 yaşında ailədə də qurdu, iki il sonra isə artıq evlərində onun ilhamını pərvazlandıran Yeganə adlı qızı böyüyürdü. Altı il sonra isə o, elə əziz balası ilə birlikdə mənzilində qaz sızması nəticəsində dünyaya əlvida deyəcəkdi. Yaxınlarını, dost-tanışlarını sözün əsl mənasında yandırıb-yaxacaqdı. Ölümündən sonra layiq görüldüyü SSRİ Dövlət mükafatını isə qohumları alacaqdı. Onun şöhrət çələngi gecikməsə də, yoxluğu qarşılığında bu mükafat daha çox köhnə yaranın qaysağını qoparacaqdı...
Nicat Məmmədovun qısamüddətli yaradıcılığı çox yaddaqalan olub. Həmin dövrdə keçirilən müxtəlif miqyaslı sərgilər və az qala bir-birini əvəz edən müsabiqələr onun öz istedadını göstərməyə imkan verdi. Ölüm qabağı Bakıdakı Xatirə kompleksi üçün (siyasi motivli olduğu üçün müstəqillik dövründə uçurulmuşdur) keçirilən müsabiqədə uğurla iştirak etməsi və onun qalibi olması (1966) gənc heykəltəraşın böyük sənət qələbəsi idi. Təəssüf ki, o, yaratdığı bu əsərin Dövlət mükafatına layiq görüldüyündən (1972) xəbərsiz dünyasını dəyişdi.
Onun müsabiqə uğurları isə 1958-ci ildən başlamışdı. O vaxt Rudakinin Düşənbədə ucaldılacaq abidəsi üçün elan olunan müsabiqədə o, məşhur heykəltəraşlarla bərabər mübarizə aparıb bu sənət yarışmasının həvəsləndirici mükafatını almışdı. Bir il sonra isə Biruninin Daşkənddə qoyulacaq abidəsi üçün keçirilən müsabiqədə üçüncü mükafata layiq görülmüşdü. Nicatın Aşqabad şəhərində ucaldılacaq Məhtimqulunun heykəli üçün elan olunmuş müsabiqəyə (1960) təqdim etdiyi əsəri də yarışmanın həvəsləndirici mükafatını almışdı.
Adlarını çəkdiyimiz heykəllər tanınmış şəxsiyyətlərlə bağlı olduğundan onlarda obrazların insani-yaradıcı keyfiyyətlərini və psixoloji durumunu üzə çıxarmaq istəyi qabarıqdır. Plastik formaların geniş ümumiləşdirilməsinə uzanan yolun həm də obrazların səciyyəviliyini qabardan istəkdən qaynaqlanması da heykəllərə təsirli görüm, düşündürücü məzmun bəxş etmişdir. Bu, həm də onun istedadlı portret ustası olmasından irəli gəlirdi.
Nicat Məmmədovun əllinci-altmışıncı illərə təsadüf edən yaradıcılığında həm xəyali obrazlar, həm də müasirlərinin portretlərinə müraciət əsas yer tutmuşdur. "Məktəbli qız” (1954), "Katya” (1953), " Qız portreti” (1958) və "Tələbə qız” (1959), "Nəriman Nərimanov” (1959), "Qızım Yeganənin portreti” (1963) portretlərində, eləcə də "Ailə” (1957) və "Səadət” (1959) çoxfiqurlu kompozisiyalarında müəllifin portret oxşarlığını ümumiləşdirilmiş obraza çevirmək istəyi qabarıqdır. Heykəltəraşın əsərləri arasında yaxın dostu olan cərrah-bəstəkar İbrahim Topçubaşovun portreti xüsusi yer tutur. Onun psixoloji-yaradıcı yaşantılara bələnmiş portreti təsirli və yaddaqalandır. Bu əsərlərin hər birində yüksək icra sənətkarlığı nümayiş etdirən müəllif qəhrəmanlarının əza dəqiqliyini həm də ümumiləşdirməyə bələdiyindən onların hər biri obrazlı tutum almış cəlbedici forma-biçimdə görünürlər. Onlarda obrazlara xas olan cəhətlər müxtəlif materialların səciyyəvi xüsusiyyətləri nəzərə alınmaqla yüksək plastik ifadəsini tapmışdır.
Onun zamanında yüksək dəyərləndirilən "Ailə” və "Səadət” əsərlərindəki məna-məzmun yükünün tamaşaçını duyğulandıra biləcək görkəm və ifadəli siluet almasındandır ki, onlar zamansızlığa qovuşmaqla bu gün də özünün yüksək bədii-estetik və mənəvi-psixoloji təsir gücünü qoruyub saxlamaqdadırlar. Hər iki əsərdə sevinc hisslərinin plastik tutumunu-bədii obrazını yaratmağa nail olan gənc heykəltəraş sözün əsl mənasında insanların emosional durumunun cəlbedici və yaddaqalan abidəsini yaratmışdır.
Qeyd etdiyimiz uğurlar göstərir ki, 1958-ci ildə onun Rəssamlar İttifaqının üzvlüyünə namizəd keçməsinə zəmanət verən tanınmış tişə ustaları Mirələsgər Mirqasımov, Pyotr Sabsay və Fuad Əbdürrəhmanov, bir il sonra isə onun yaradıcı qurumun həqiqi üzvlüyünə qəbul olunmasını dəstəkləyən Həyat Abdullayeva, Tokay Məmmədov və Ömər Eldarov öz inamlarında yanılmayıblar. Bunu S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qorunan şəxsi işindəki zəmanətlərdən də görmək mümkündür.
Nicat Məmmədovun müasirləri indi də onun sənətkarlığını, insani keyfiyyətlərini yaxşı xatırlayırlar. Bizimlə söhbətlərində akademik Ömər Eldarov, əməkdar rəssam Arif Qazıyev, heykəltəraş Aslan Rüstəmov və başqaları onun istedadını yüksək dəyərləndirməklə, faciəli ölümünün heykəltəraşlıq sənətimiz üçün duyulası itki olduğunu vurğuladılar.
Taleyin qəribə işləri çoxdur. Onun birinə də ürəyi yaşayıb-yaratmaq eşqilə çırpınan Nicat Məmmədov tuş gəldi. Ölümün öz soyuq sığalını ata-balanın üzünə çəkdiyi gün "Molodyoj Azerbaydjana” qəzetində sənətşünas N.Miklaşevskayanın Nicatın yaradıcılığına həsr olunmuş məqaləsi çap olunmuşdu. Bu unudulmayacaq tarix baharın gözəl bir gününə – aprelin 22-sinə təsadüf etmişdi. Günün qəribəliyi də Nicat Məmmədovun ölüm xəbərini eşidib toplaşanların ikili ovqatda olması idi. Belə ki, onların hər birinin əllərindəki və dillərindəki qəzet təqdiri ilə gözlərindəki yaş gilələri çulğaşmışdı. Heç kim baş verən hadisəyə inanmaq istəmirdi. Elə bu günə kimi də onu tanıyanlar təzadlı ovqatdadırlar. Başqa sözlə desək, yadigar qoyub getdiyi əsərlərə görə sevinirlər, yoxluğuna görə isə təəssüflənirlər. Bizcə, bu onun həyatda və sənətdə qazana biləcəyi ən böyük mükafatdır...
Ziyadxan Əliyev


banner

Oxşar Xəbərlər