• bazar ertəsi, 19 may, 14:56
  • Baku Bakı 24°C

Hərbi ekspert: "200-ə yaxın erməni hərbçisi məhv edilib"

14.09.22 17:45 834
Hərbi ekspert: "200-ə yaxın erməni hərbçisi məhv edilib"

Sentyabrın 12-dəki əməliyyat hərb tariximizin unikal döyüşlərindən və şərəfli səhifələrindən biridir. Bu döyüş göstərdi ki, Azərbaycanın təxribatlara cavabı ölümcül olacaq.

Bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov sentyabrın 12-də Ermənistan ordusunun Azərbaycanla dövlət sərhədində həyata keçirdiyi irimiqyaslı təxribatın səbəblərini, həmin təxribatın mövcud nəticələrini şərh edərkən deyib.

Polkovnik Cəlil Xəlilov baş verən məlum insidenti Ermənistandakı revanşist qüvvələrin fəaliyyəti, rəsmi İrəvanın mövcud status-kvonu dəyişmək cəhdi ilə izah edib: “Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginlik Ermənistanın revanşist siyasətinin, mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdinin nəticəsidir. Bundan əvvəl də Ermənistan ordusu dəfələrlə bu cür təxribatlara cəhd edib və hər dəfə Azərbaycan Ordusu düşmən təxribatını uğurla dəf edib. Sentyabrın 12-də də Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verib, Ermənistan ordusu həm texnika, həm də canlı qüvvə baxımından böyük itkilərə məruz qalıb.

Xatırladım ki, 2020-ci ilin iyulunda Tovuz istiqamətində də düşmən oxşar təxribatlara cəhd etmişdi. Hansı ki, həmin vaxt torpaqlarımız işğal altında idi. Tovuz döyüşlərində də Azərbaycan Ordusu düşmənə ağır zərbə vurmuş, 2020-ci ilin 44 günlük Vətən müharibəsi ərəfəsində Silahlı Qüvvələrimizin düşmən qarşısındakı psixoloji üstünlüyünü möhkəmləndirmişdir”.

Polkovnik qeyd edib ki, Ermənistan Vətən müharibəsindəki tarixi məğlubiyyətinə baxmayaraq, yeni qarşıdurmaya cəhd edir, bu məqsədlə də sərhəddə çoxlu sayda canlı qüvvə və texnika cəlb etməyə çalışırdı. Ermənistan hakimiyyəti Vətən müharibəsində darmadağın edilən ordusunu bərpa etmək, onun texniki təchizatını gücləndirmək məqsədilə bir sıra dövlətlərdən silah-sursat almağa cəhd edir, müxtəlif yollarla yeni hərbi texnikalar əldə etməyə çalışırdı. Bu məqsədlə də Qarabağa hərbçilər və silah göndərilir, orada yeni müqavimət nöqtəsi yaradılmasına cəhdlər olunurdu. Xüsusilə də, Kəlbəcər və Laçın istiqamətində irimiqyaslı hücumlara hazırlıq işləri həyata keçirirdi. 12 sentyabr döyüşü düşmənin bu arzusunu da gözündə qoydu. Silahlı Qüvvələrimiz düşmənin çoxsaylı hərbi texnikasını və canlı qüvvəsini məhv etdi, hərbi infrastrukturuna ölümcül zərbə vurdu. Bununla yanası, Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürdü. Təbii ki, biz buna görə Müzəffər Ali Baş Komandamıza, qəhrəman Ordumuza, şəhidlərimizə və qazilərimizə minnətdarıq.

Cəlil Xəlilov bildirib ki, Azərbaycan sülhpərvər siyasət yürütməklə yanaşı, onun üçün təhdid yaradan halları da diqqətlə izləyir və həmin halların aradan qaldırılması istiqamətində qətiyyətli addımlar atır: “Azərbaycan sülh dövlətidir və bunu özünün dövlət siyasətində aydın şəkildə əks etdirir. Dövlətimiz regionda sülhün və sabitliyin başlıca qarantıdır. Lakin bütün bunlar o demək deyil ki, Azərbaycan onun təhlükəsizliyi üçün təhdid yaradan hallara biganə yanaşacaq və buna əhəmiyyət verməyəcək. Əksinə, Azərbaycan nə qədər sülhpərvərdirsə, bu cür hallara qarşı bir o qədər həssasdır. 12 sentyabr döyüşləri də göstərdi ki, Azərbaycan heç vaxt ona təhlükə yaradan hallara biganə yanaşmayacaq, belə təhdidləri qətiyyətlə ortadan qaldıracaq. Onu da qeyd edim ki, sentyabrın 12-də baş verən döyüşlərdə Azərbaycan düşmən ordusuna, onun infrastrukturuna elə ağır zərbə vurub ki, Ermənistan onları bərpa etmək üçün hətta yetərli maliyyə vəsaiti tapsa belə, bunun üçün ona 4-5 illik zaman lazım gələcək. Bərpası mümkün olmayan itkilər də var ki, bu da Azərbaycan Ordusunun məhv etdiyi iki ədəd S-300 raketi, çoxsaylı hərbi texnika və məhv edilən 200-ə yaxın erməni hərbçisidir. Düşmənin onlarla postunu məhv edən Azərbaycan Ordusu bununla bir daha düşmənə göstərdi ki, təxribatların cavabı kəskin və ölümcül olacaq.

Ermənistan ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağı bir daha aydın gördü. Azərbaycan Ordusunun cəmi 7 saat davam edən unikal cavab əməliyyatı gerçəkləşdirməklə Ermənistanın uzun müddətdir qurduğu planları alt-üst etdi.

Ermənistanın son təxribatı nəticəsində həlak olmuş əsgər və zabitlərimiz öz canlarını doğma torpağımızın müdafiəsi, düşmənin yeni təcavüz planlara imkan verməmək üçün qurban verdilər. Onlar 2020-ci ilin iyulunda general Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digər igidlərimizin qəhrəmanlığını, igidliyini, şücaətini bir daha düşmənə və bütün dünyaya nümayiş etdirdilər. Azərbaycan əsgəri bir daha göstərdi ki, Vətəninə qarşı istənilən addımın, təxribatın qarşısını almaq qüdrətindədir.

Baş verənlər fonunda Ermənistan başa düşməlidir ki, kiməsə, hansısa qüvvələrəsə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz. Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini qorumağa qadirdir. Bunu Vətən müharibəsinin timsalında parlaq şəkildə təsdiqləyib və lazım gələrsə bundan sonra da təsdiqləyəcək”.

banner

Oxşar Xəbərlər