Hərb tariximiz rənglərin işığında
Çoxəsrlik
tarixə və zəngin bədii ənənələrə malik olan təsviri sənətimizin mövzu
palitrasında hərb tariximizə həsr
olunmuş müxtəlif janrlı əsərlər xüsusi yer tutur. Bunu şərtləndirən başlıca
səbəb bu hərb tariximizin kifayət qədər qədim olmasıdır. Elə Albaniya dövlətini
idarə edən Mehranilər sülaləsinin nümayəndəsi Cavanşirin naməlum tişə ustası
tərəfindən hazırlanmış tunc heykəlində (VII əsr) də hərb tariximizin əski
işartıları görünməkdədir. Eldəgizlərin əsgərini əks etdirən plastika nümunəsi
də bu qəbildəndir.
IX əsrdə ərəb işğalçılarına qarşı mübarizə aparan
məşhur sərkərdəmiz Babəkə həsr olunmuş əski sənət əsərləri bizim dövrə gəlib
çatmasa da, sovet dönəmində onun igidliyinin dəfələrlə rəssam və heykəltəraşlarımız
tərəfindən tərənnüm olunduğunu qeyd etməliyik. Yeri gəlmişkən deyək ki, İkinci
Dünya Savaşı illərində sovet hökumətinin cəmiyyəti faşizmlə mübarizəyə
ruhlandırılmasında adları Azərbaycan xalqının qan yaddaşında əbədi yer tutmuş
xalq qəhrəmanları Babək, Koroğlu və Cavanşir obrazlarından istifadə olunmuşdur.
Həmin əsərlərin təbliği - insanlara bu
cür igid sələflərinin olduğunu xatırladılması, heç şübhəsiz, həm ön, həm də
arxa cəbhədə olanlar üçün sonsuz dərəcədə ruhlandırıcı idi. Bu mənada M.Abdullayev,
S.Şərifzadə və B.Mirzəzadə tərəfindən yaradılmış "Böyük Babəkin yürüşü” (1941)
çoxfiqurlu tablosunun, S.Şərifzadənin "Babək”(1944), T.Tağıyevin "Koroğlu”
(1942), K.Xanlarovun "Cavanşir” (1942), S.Bəhlulzadənin "Babək üsyanı” və "Bəzz
qalasının müdafiəsi” (1940-1941) rəngkarlıq tabloları ilə yanaşı, heykəltəraş
F.Əbdürrəhmanovun Babək, Cavanşir və Koroğlu ilə bağlı relyeflərinin (1943)
adını çəkmək olar. Bu obrazlara sonrakı illərdə T.Salahov, T.Məmmədov,
A.Qazıyev və b. da bədii münasibət göstərmişlər.
Əgər hərb tarixi mövzusunun milli təsviri
sənətimizdə yer alması tarixinə xronoji ardıcıllıqla nəzər salmalı olsaq, onda
bunun bilavasitə ADR-in yaranmasından - ərazilərimizin sərhədlərinin
müəyyənləşdirilməsindən və Azərbaycan Ordusunun təşkilindən sonra daha geniş
baş tutduğunu deməliyik. Bununla belə qeyd etmək lazımdır ki, uzaq orta
əsrlərin bədii mənzərəsində əsas yer tutan miniatür üslublu əsərlər arasında da
döyüş, o cümlədən də Şah İsmayıl Xətainin ömür yoluna işıq salan müharibə
motivlərinə rast gəlinir.
Bu mənada elm aləminə qədər də geniş tanış olmayan "Cahanarayi-Şah
İsmayıl Səfəvi” adlı salnamədə yer almış 20-yə yaxın illüstrasiyanın adını
çəkmək olar. Miniatür üslublu əsərlərin estetikasında bədii şərtilik və stilizənin
üstünlük təşkil etməsinə baxmayaraq, bu qrafik rəsmlərdə babalarımızın 500 il
əvvəl malik olduqları hərbi geyimi, silahı, döyüş meydanında davranışlarını –
qalalara hucumlarını və müdafiə olunmalarını görmək mümkündür. Bir çox hallarda
olduğu kimi bu əlyazmasının da rəssamlarının adını dəqiq müəyyənləşdirmək
mümkün olmamışdur. Hər halda əlyazmasının 1524-cü ildə tamamlandığını və həmin
dövrdə şah saray kitabxanasında
Kəmaləddin Behzad, Ağamirək, Sultan Məhəmməd, Müzəffərəli Məhəmmədi, Şah
Məhəmməd və b. tanınmış sənətkarların fəaliyyət göstərdiklərini nəzərə alsaq,
bu önəmli əsərin bəzədilməsindən onların kənarda qaldıqlarını təsəvvür etmək
sadəcə qeyri-mümkündür. Əlyazmasına daxil edilmiş "Bakı qalası”, "Çaldıran
vuruşu”, "Sultan Muradla Şah İsmayılın döyüşü”, "Xan Məhəmməd Ustaclının
Əlaüddövlə Zülqədr oğulları ilə vuruşu” və "Qara xanın Sultan Səlim ordusu ilə
döyüşü” əsərləri Səfəvi dövrü müharibələrinin Azərbaycan tarixində
bədiiləşdirilməsi baxımından duyulası əhəmiyyət kəsb edir.
XVI-XVIII əsrlərdə İrəvan xanlarının iqamətgahı kimi mövcud olan
Sərdar sarayının interyerini bəzəyən təsviri sənət nümunələri arasında da o
zamanların döyüşçülərinin obrazlarını əyaniləşdirən əsərlər vardır. XX əsrin
əvvəllərində ermənilər tərəfindən yerlə-yeksan edilən sarayın həmin rəngkarlıq
tabloları Gürcüstana aparıldığından və sonradan Dövlət İncəsənət Muzeyində
saxlandığından onların bir qismi bizim günlərə gəlib çıxmışdır. 2019-cu ildə
Azərbaycan bərpaçıları tərəfindən həyata qaytarılan həmin bədii irs sonradan
Heydər Əliyev Mərkəzində ictimaiyyətə də təqdim olunmuşdur.
Sarayı bəzəyən portretlərin çoxunu (Fətəli şah Qacar, Abbas Mirzə,
İrəvan sərdarı Həsən xan İrəvanlı, Rüstəm – Zal və s.) 1850-ci ildə 25 yaşı
olmasına baxmayaraq dövrünün məşhur rəssam kimi tanınan Mirzə Qədim çəkmişdir.
Yeri gəlmişkən deyək ki, öz dövrü üçün duyulası dərəcədə ciddi bir sifarişin
ona həvalə olunması ilk növbədə onun istedadına olan inamın göstəricisi idi. Hazırda Gürcüstan Dövlət İncəsənət Muzeyində
saxlanan "Sərkərdə” və "Fətəli şah” əsərləri rəssamın Sərdar sarayı üçün
işlədiyi portretlərdəndir. Bu sənət nümunələrinin timsalında Qacarlar dövrünü
əhatə edən hərbçi geyimi barəsində müəyyən məlumat almaq mümkündür. Ədalət naminə demək lazımdır ki. M.Q.İrəvaninin
obrazları bütün mənalarda həm Azərbaycan, həm dünya rəssamlığında gördüyümüz
bədii şərhlərdən çox fərqlənir. Bunları
həm də milli təsviri sənətimizdə
gerçəkləşməyə başlayan dəzgah
rəssamlığı formalarının və realizm bədii prinsipinin ilk görüntüləri hesab etmək mümkündür. Onun ərsəyə gətirdiyi
portret-kompozisiyalarda bədii şərh özünəməxsusluğunun qabarıq ifadəsi
obrazların real, onlar üçün fon - yerlik rolunu oynayan məkanın şərti-dekorativ
biçimdə təqdim olunmasındadır. Bu vaxta qədər
rast gəlinməyən bu cür ifadənin
təsirli olmasına yardımçı olan bədii məziyyət rəssamın obrazların yerə yaxın
hissələrini əhatələyən sahənin rəng və naxış örtüyündəki əlvanlığı bütünlükdə
qoruyub saxlaması, onu şərti təqdim etməsi, onların çöhrələrinin
"qonşuluğundakı” yaxın sahələrin rəng
tutumunu isə "zəiflətməklə”, obrazların çeşidli yaşantılarını tamaşaçı üçün
daha cəlbedici və qabarıq olmasına nail
olmasıdır...
ADR-in
23 aylıq mövcudluğu dövründə bu mövzuya müraciətlərin yoxluğu ilk növbədə yerli
rəssam kadrlarının çatışmazlığı ilə bağlı olmuşdur. Azərbaycan Parlamentinin
1919-cu ilin 1 sentyabrında yüz azərbaycanlı gəncin hökumət hesabına xarici
ölkələrin nüfuzlu təhsil ocaqlarına göndərilən Zeynalabdin Əliyev hələ Bakıda
olarkən Azərbaycan milli əsgərinin təsvirini çəkən ilk rəssam olmuşdur. Avropada
təhsil almış ilk milli heykəltəraşımız kimi tanınan bu gənc, həm də
Cumhuriyyətin ilk dövlət atributlarının yaradılmasında iştirak etmişdir.
Müstəqillik dövrünün ilk medallarını yaradan Z.Əliyev həmin vaxt silsilə poçt
markalarının eskizlərini işləmişdir. Bu nümunələrin hazırlanması Azərbaycan Parlamentinin açılışına həsr
edilmişdi. 1919-cu ilin 20 oktyabrında buraxılmış ilk poçt markaları dəstini 10
nümunə təşkil edir. Dəyəri 10, 20, 40 və 60 qəpik, 1, 2, 5, 25 və 50 manat olan
markaların üzərində müxtəlif təsvirlər vardır. Əlində üçrəngli bayraq tutmuş
əsgər, Şirvanşahlar sarayı, Atəşgah və əli oraqlı biçinçinin rəngli qrafik
təsvirləri həmin markaların bədii tərtibatını təşkil edir. Bütün markaların
üzərində Azərbaycan və fransız dillərində "Azərbaycan Cumhuriyyəti” sözləri
yazılmışdır.
Müstəqillik
tariximizdə müstəsna yeri olan ADR dövrü ikinci dəfə müstəqillik
qazanmağımızdan sonra rəssam və heykəltəraşlarımızın diqqət mərkəzində
olmuşdur. Tərkibində azərbaycanlıların olduğu Qafqaz İslam Ordusunun Nuru
Paşanın rəhbərliyi ilə əzəli Azərbaycan torpaqlarının yağılardan təmizlənməsi
neçə-neçə əsərdə bədii tutum almışdır. Belə bir əsəri ADR-in 100 illiyi
ərəfəsində gəncəli fırça ustası F.Abdullayev yaratmışdır. Onun yaratdığı
tabloda (2015) Nuru Paşanın Gəncədə qarşılanması təsvir olunmuşdur.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının 2013-cü ildə Azərbaycan tarixi
mövzusunda keçirdiyi "Əsrlər-nəsillər” müsabiqə-sərgisində Cumhuriyyət
mövzusunun geniş yer tutması da yaradıcılarımızın öz tarixlərinə maraq və
ehtiramlarının göstəricisi olmuşdur. Heykəltəraş Xanlar Əhmədovun "General
Əliağa Şıxlinski” və "General Səməd bəy Mehmandarov”, Arif Qazıyevin "Nuru
paşa”, Mübariz Əmiraslanovun "İstiqlal”, Vüqar İmanquliyevin "Mübariz
İbrahimov”, Əlisəfa Əsgərovun "Mübariz”, Zakir Əhmədovun "Mənim xalqım” plastik
nümunələri, rəngkar Arif Məmmədov "Cuhuriyyət xadimlərinin Gəncədə
qarşılanması”, Tofiq Ağababayevin "General Əliağa Şıxlinski”, Altay Hacıyevin
"Fətəli xan Xoyski”, Bəxtiyar Yusifovun "Nuru Paşa”tabloları, qrafika rəssamı
Arif Hüseynovun "Azərbaycan generalları” silsiləsi və s. nümunələr həmin
sərginin yaddaqalan əsərlərindən olmuşlar.
Respublikamızın 71 il tərkibində olmasına
baxmayaraq xalqımızın Sovet Ordusu sıralarında vuruşan azərbaycanlıların
təsviri sənət ustalarımız tərəfindən sevə-sevə vəsf olunması ilk növbədə həmin
insanların göstərdikləri qəhrəmanlıqlarla bağlı idi. Bu mənada heykəltəraş
F.Əbdürrəhmanov, C.Qaryağdı, A.Əsgərov, M.Rüstəmov və N.Əliyevin, qrafik
O.Sadıqzadə Həzi Aslanov, İsrafil
Məmmədov və Mehdi Hüseynzadəyə həsr etdikləri əsərlərin adını çəkmək olar.
Bakıdakı Hərb Tarixi Muzeyinin ekspozisiyasında
da toxunduğumuz mövzu ilə bağlı
uzaq-yaxın keçmişimizi əhatə edən əsərlər (müəllifi Natiq Camal) nümayiş olunmaqda, bu yöndə keçilən şərəfli
yolu təbliğ olunmaqdadır. İldən-ilə müstəqilliyin imkanlarından faydalanan
rəssam və heykəltəraşlarımızın gələcəkdə də bu mövzuya sadiq qalacaqlarına
inanmaq istərdik. Belə ki, yaşananların inandırıcı və təsirli formada gələcək
nəsillərə çatdırılması üçün sənət əsərləri ən yaxşı vasitədir...
(Milli
Qəhrəman Çingiz Mustafayev adına Fondun "Hərb tariximiz” mövzusunda elan etdiyi
yazı müsabiqəsinə təqdim olunur)Ziyadxan Əliyev