• cümə, 19 Aprel, 16:42
  • Baku Bakı 25°C

Hər zamanın öz Elxanı

23.12.19 15:00 1354
Hər zamanın öz Elxanı
2008-ci ildə Türkiyənin şərqində, Elazığ şəhərində, haqqında dastanlar deyilən Harput Qalası, Fırat çayı və Xəzər gölü sahilində Azərbaycanın məşhur şairi Bəxtiyar Vahabzadəyə həsr edilmiş XVI Beynəlxalq Xəzər Şeir Axşamlarında, mən bir şair kimi müasir Tatar şeirini təmsil edirdim və bu bayrama gələn müasir Azərbaycan şairlərini də yaxından tanıma imkanım oldu. Onlar, nağıl və dastanlarda olduğu kimi üç nəfər idilər: Çingiz Əlioğlu, Elxan Zal Qaraxanlı və Zəlimxan Yaqub.
Hər üçü də yalnız onlara xas bir şeir ustası təkin könlümə oyuldu. Zəlimxan Yaqub, Türk millətinə olan sevgisini əks etdirən və bu millətin keçmişinə sahib çıxaraq gələcəyi üçün də mübarizə aparmağa çağıran vətən və millətsevər şeirləri ilə könüllərdə taxt qurdu. Şeirlərində fəlsəfi dərinliyi duyğuların zərifliyi ilə ən incə şəkildə hörməyi bacaran, dünya mədəniyyəti və ədəbiyyatı ilə əlaqədar geniş məlumata sahib məşhur şair Çingiz Əlioğlu və nəhayət, həqiqətən tarixi bir yaddaş daşıyıcısı kimi dastan şeirlərinin yanında insan duyğularının ən incə, ən dərin, ən dramatik istiqamətlərini açan intim şeir ustası Elxan Zal Qaraxanlı.
Bu şairin mənə hədiyyə etdiyi, o il daha yeni nəşr olunan kitabının adı belə zehnimi məşğul edəcək qədər sirli idi: "Yaquar yerişli Vaxt". Sanki bunlar söz deyil, əsrlərin dərinliyindən gələn bir pıçıltı, isti bir yaz gecəsi səsi yavaş gələn bir yarpaq xışıltısı, hələ kəşf edilmədən qəlbin dərinliklərində gizli qalan duyğuların keçilməz meşələrində gəzən bir yaquarın yaşıl gözlərindən axan, əsrlərə sığmaz yabani bir hüzn idi…
Şair və zaman. Bu anlayışlar şeir sənətində əsla bir-birindən ayrı düşünülə bilməz. Elxan Zal Qaraxanlının şeirlərində zaman, gözə görünməz olsa da, varlığı ilə insanı həmişə tətikdə tutar. Bəzən isə bu zaman, bir nəfəsə, bir baxışa sığan, heç bitməsin deyilən, bitincə də həmişə özünü axtartdıran şirin, titrək bir an olaraq təsvir edilir:

İstəyirəm vaxt uzansın,
İstəyirəm gəlməsin son,
Bu qapını açma qarson.
("Çiskinli Musiqi")
Bəzən də, bu zaman həm əsrlərə sığar, həm bitməsini bilməyən, dan yeri qızarmayan və bütöv bir ilə bərabər olan, amma tək bir gecəyə sığan sonsuzluğu da işarə edir...
Elxan Qaraxanlının şeir kitabı, mənim son illərdə oxuduğum ən gözəl çağdaş şeir kitablarından biriydi. Bəzi şairlərin şeirləri yüngül və asan oxunar. Onlarda hər gün görüb bildiyimiz hadisələr və duyğular yenə hər gün gözümüzə ilişən obyektlərin vasitəçiliyi ilə izah edilər. Bəzi şairlərin şeirləri isə onların dərinliyinə çatmaq üçün geniş məlumat istər. Elxan Qaraxanlının kitabı da elədir. Nə ilə heyrətləndirdi məni şair? Hər şeydən öncə, dünya səviyyəsində zəngin məlumat sahibi olması ilə, hər şairin sahib olması lazım olan əxlaqı ilə. Dünya mədəniyyəti, tarixi və ədəbiyyatı sahəsində geniş məlumat, əlavə olaraq həyata fəlsəfi baxış və romantiklik. Bunları mən şəxsən, şairə yaradan tərəfindən verilən bir hədiyyə olmaqla birlikdə, yetişdiyi dövrdə - Sovet dövründə - aldığı təhsilin nəticəsi olaraq da görürəm. Sovetləri nə qədər söysək də, o dövr bizə çox qiymətli dəyərlər də peyvənd etdi: yaşadığın müddətcə elm toplama, müxtəlif mədəniyyətləri öyrənmə və ən əhəmiyyətlisi, kitab oxuma. Zatən ancaq kitab oxuyan bir insan bu qədər məlumat və mədəniyyət sahibi ola bilər.. Misir sivilizasiyasına aid olan Amon-Ra, Osiris, İzida, sfinks, Nefertiti, Cleopatra və piramidalardan tut, Şumer və Göytürk mədəniyyətinin tanrısı, ilahələri və qəhrəmanları: İştar, Tan-Ra, Umay, Venera, Çulpan, Ötüken, Alp Ər Tonga. Qədim Yunan mədəniyyəti ilə əlaqədar şəxslər Esxil, Helen, Paris, Orfey, Uzaq Şərqin simvolu olan Budda, İslam dini və onun nümayəndələri Məhəmməd, Mikayıl, Cəbrayıl, Xristian dininə aid Məryəm Ana, İsa, Roma Papası və daha yaxın dövrlərin qazancı olan dünya tərəfindən məşhur şəxslər Rembrant, Janna D'ark, Bonapart, Marks, Mitskeviç, Svetayeva, Kafka, Çe Gevara, Pikasso, Mirey Matye, Elton John, Zeki Müren, onlar hamısı Elxanın şeirlərində dilə gətirilməkdədir. Maraqlı olanı da odur ki, yad etmək xətrinə xatırlamaz bu şəxsləri şair. Hamısını mütləq öz yerində, bir düşüncəsini daha iti, daha diqqətə çarpan etmək üçün istifadə edər. Orta məktəbdə oxuduğumuz kitabların səhifələrindən çıxan qəhrəmanlar da az deyil bu kitabdakı misralarda: macəraçı Oliver Tvist, həyata erkən atılmaq məcburiyyətində qalan Lolita, qadınların ağlını başından alan Sirano De Berjerak, Sen Jermen və Don Juan, tək bir nəfəsi ilə sevən ürəyi buza çevirən Qar Kraliçası və onun sehrinə boyun əyməyən Gerda ilə Kay… Hamısı bizə uşaqlığımızdan o qədər tanış olan və tərəfimizdən sevilərək kim bilir neçə dəfə oxunmuş kitablar və həmişə özümüzü onların yerinə qoymağa çalışdığımız qəhrəmanlar! Yalnız bu qədər deyil. Dünya tərəfindən məşhur Tac Mahal, Notre Dam və Aya Sofya kimi əsərlər də Qaraxanlının şeirlərində xatırlanır. Sanki bir şairin könlünün heç bir kainata sığmazlığını göstərmək istədiyi kimi, bu kitab öz içinə inanılmaz geniş coğrafiyanı sığdırmaqdadır: Savannaları ilə məşhur Afrika, çayı ilə məşhur Seylon, Çin, hər gün televiziyadan eşidilən Sidney, Mayami, Paris, Dakar, Polşanın gözdə şəhəri Krakov, XX əsrin başında rusların Parisi sayılan Odessa, türklərin könlündə xüsusi bir yerə sahib olan Məkkə, hər Azərbaycanlı üçün yaxın İstanbul, Tiflis və azərbaycanlıların ürəklərini dağlayan Təbriz, Bəzz qalası, Şiraz, Xorasan…
Bu şeirlərdə çaylardan belə "hippilerin" çıxdığı Missisipidən götür, qarla örtülü Visla, Şamanların ayinlərinə şahid olan İrtış ilə Yeniseyə və Azərbaycanın qüruru olan Araza qədər yada salınır. Mifologiyaya adı həkk olunmuş Olimp dağı, əfsanəvi Tanrı dağları… Yəqin ki, bu qədər nümunə bəs edərdi şairin bilgisini ölçmək üçün. Lakin bunlar hamısı bizim daha çox Rus mədəniyyəti vasitəçiliyi ilə öyrəndiyimiz məlumatlardır. Çox təəssüf ki, bütün bu zəngin biliklər içində bizim öz Türk mədəniyyətimiz ilə əlaqədar məlumat verilmirdi. Şairin də yazdığı kimi o dövrlərdə: Umay anam, Alp Ər Tonga, / Yad Kongodan daha yaddı. ("Axta Yaddaşın Rapsodisi")
Azadlığına müharibə nəticəsində böyük itkilər ilə çatan Azərbaycan şairləri də sanki yığılan dərdləri izah etmək üçün bir azad nəfəs gözləyirmişlər kimi, düşüncələrini duyğu ilə yoğuraraq (ortaya) bir çox şeir çıxartdılar və Elxan Qaraxanlının bir Türk kimliyini yansıtan əsərləri, bunun ən gözəl nümunəsidir desəm yanılmaram. Onun şeirlərində biz gəlib keçən bütün köhnə Türk inanclarının izlərini görə bilirik: Tanrıya inanma, Umay ananı tanıma, Çulpan ulduzunu eşq tanrıçası ilə qaynaşdırma, Şamanlık, kamlık, təbiətə, ağaclara tapınma və bəzi heyvanları totem olaraq qəbul etmə vs. Ayrıca, "içində Səlcuq ruhu yatan" ("Unudulmaz İstanbul") bir Türk olaraq, şair əsərlərində bütün Türk boylarına xas geniş çöllərə, köç etməyə və ata olan sevdasını da dilə gətirməkdədir. Atların kişnəməsini xatırladan dalğaların səsi ("Yağma Həvəsi"), "cəng həvəsi dəf eşidincə işıqlığa qaçan" ya da "göy dağlardan son dənizə su içməyə enən" atlar ("Göy Dağlardan Atlar Enər"), yorğa gedişli araqlı-kımızlı hava ("Bir Gün İzidanı Bakıda gördüm", "Dan Üzünün Qəzəli"), sam yeli dadında şərab ("Ölüm Haqqında Günəş"), duanın dadında kımız ("Şam Kölgəsində Vida"), çöl qoxulu sevdalar ("Yuxu Bilməz İstanbul"), sonsuzluğa çəkən köç həvəsi ("Göy Dağlardan Atlar Enər"), "yalını oynadan" atlara bənzər avtomobillər ("Kenquru Həvəsli Anlar"), "şahlanan göy ayğır"ı xatırladan duyğular ("Çitten Bir Qız Gəlir"), "gecəni kamlayan şaman" ("Xəncərlənmiş Sevginin Soneti"), "ürkək ilxılardan daha sürətli qaçan" çay ("Qızılcıqlı Öpüşlər")… Atalarımızın qədimdən at qurban etməyi, yağış yağdırmaq üçün yada daşı istifadə etməyi, maralı müqəddəs bir heyvan kimi düşünməyi, Şamanların barabana vuraraq ayin geşçirməyi, Ötükendə uduk (müqəddəs) bir meşə, onun şeirləri ilə hamısı tək tək canlanır bizim yaddaşımızda:
Elxan Qaraxanlının Türk tarixini yad edib yazdığı uzun şeirləri də (poemaları) var. Məsələn? Türk tarixinin bir çox məqamını bir yerdə verməyə çalışdığı "Xaqannamə" adlı dastana bənzər şeiri. Bu şeir, hələ yazılmaqda olub bəzi qisimləri yeni tamamlanmış vəziyyətdədir. Əsərdə məkan, "Xəzər küləyi Oğuz ağızında oxuduğu" və Dədə Qorqudun yatdığı Dərbənd, azanlar susub minarələrdə küləklər oynaşan, xan torpaqlarının hərraca qoyulduğu Daşkənd və Xivə torpaqları, Rusların işğalına uğrayıb dinindən və dilindən imtina etdirilmə qorxusu yaşayan Qazan Xanlığı və s. bu kimi çox geniş Türk coğrafiyasında keçməkdədir. Əsərdə Çingiz Xan, Saltıq Buğra, Timuçin, Baybars, Artuk Xan, Çağrı Bəy, Atilla, Kaşğarlı Mahmud, Fateh, Qazi Burhanəddin, Kürşat və Süyümbikə kimi göstərdikləri qəhrəmanlıqları ya da faciəvi qədərləri ilə Türk dünyasını titrədən hökmdar və məşhur şəxslərin həyatlarından parçalar verilməkdədir. Şeirin dili çox axıcı olduğundan ötəri təsvir edilən hadisələr – Türkün şanlı və eyni zamanda faciyəvi tarihi gözümüzün qarşısında bir film kimi canlanmaqda və keçmişdən ibrət götürməyə çağıraraq gələcəyimiz haqqında ciddi düşüncələrə aparmaqdadır.
Xüsusi olaraq burada Elxan Qaraxanlının Türkçülüyü əks etdirən və Türk ruhunda yazılan "Savaş Ayələri" adlı əsəri üzərində də dayanmaq istəyirəm. Bu şeirində şair, Türkü cəngə çağıran "əbədi bir çağrış"ı duyaraq və "Alpların zamanı gəldiyinə" içdən, könüldən inanaraq "qılıncının pasını silkələyib" bütün Türk dünyasını "ölümlə ölməzliyin sonuncu döyüşü"nə çağırmaqda. "Yatmış ruhumuzu titrət, oyandır!.." kimi misralar ilə Tanrıya səslənən Qaraxanlı, bütün ümidini "bozqurtların uluduğu müqəddəs ana" - son döyüşə - bağlamaqdadır. "Dünyanın eşi" olan insana bunu şair çox dəqiq və hər Türkün anlayacağı bir şəkildə açıqlamaqdadır:
Tanrıdağdan Təbrizə, Bir yol uzanar bizə./
Ən son, axır dənizdə/ Əmri dayandır!”
Bu şeirdə Türk milləti, bənzərsiz bir tarixə sahib olan ulu və cəngavər bir millət olaraq göstərilməkdədir:
Göylər səltənətindən,
Sürüşüb qalan bizik,
Yenilməz orduların,
Cəngini çalan bizik.
…Millətlər gəldi-gedər,
Əbədi qalan bizik!
"Göydəkinin də sevdiyi" Alpların bu döyüşdə qazanacaqlarından şairin heç şübhəsi yox. "Tanrı, qoru Türkümü" deyə dua edən şairin burada vermək istədiyi ən əhəmiyyətli mesajı da bütün Türkləri bir bütün olaraq görmə istəyidir. Çünki ancaq birlik olduqları zaman zəfər Türklərin olacaq:
Ərənlə nərə çəkərkən,
Silahımız pas tökərkən,
Tanrıdağdan, Ötükəndən,
Gözlənən imdad gələcək. Get.
…Madam coğrafiyaya toxunduq, Elxan Qaraxanlının şeirlərində iştirak edən iki ulu şəhərdən də bəhs etmək istəyirəm: Bakı və İstanbul. Birincisi, şairin yaşadığı və öz əli qədər yaxın və tanış olduğu Bakı. Bəzən mərkəzi küçəsində Rus akkordeonu çalan ("Kefli Bakı"), bəzən də durğun və neftə bulaşmış bu şəhərin türküləri "tam fərqlidir, tam fərqli" ("Çiseli Musiqi"). "Şumer ləhçəsində mahnı oxuyan" və dənizdən qaçan "eşq qalası, təklik qalası" ("Bu Gecə Veneranı Düşünərəm Mən") Bakının simvolu Qız Qalası ilə məşhur bu şəhərdə şairin yazdığı kimi "dualar da tez çatar göyə" ("Polonez").
Şairin könlündə xüsusi yer tutan digər şəhər isə İstanbuldur. Qaraxanlının "Boğaziçindən Türkülər" adlı güldəstəsində "Avropanın bürclərinə qarmaq atan" İstanbul, "yarpaq tökən vəziyyətdə" göstərilməkdə olsa da əslində şair, qədimliyi və müasirliyi yan-yana tutan bu şəhərin tam bir yağlı boya tablosunu çəkməyi bacarmışdır:
"Əlbəttə bu rəqs edənlər/
Yeniçeri rəqslərini unutmuşlar çoxdan.
Və Avropadan nə gəlsə
Məbəd qarşısında oturmuş kimi
Qatlayırlar dizlərini…
Keçmişlər burada çox şanlı…
Elxan Qaraxanlının şeirlərində çox geniş və zəngin inanc dünyası da ayrı bir mövzu olaraq izlənilə bilər. Yuxarıda təqdim etdiyimiz nümunələrdən də gördüyümüz kimi, əsrlərdir İslam dininə mənsub bir Türk olmasına baxmayaraq, Elxan Qaraxanlı, şeirlərində tez-tez qədim Türk inanc sisteminə müraciət edir. "Allah" sözü yerinə daha çox "Tanrı" sözünü istifadə etməsi ona, bəlkə də Türklərin yaşadığı ən qədim dövrlərə dönməsini təmin etməklə çox cazibədar gəlməkdədir. Çünki Göy Tanrı dini, qadağalardan çox azadlıq vəd etməkdə idi insanlara:

Göy Tanrının səltənəti
Bambaşqadır, bambaşqa…
("Atəşgahlı Anılarda")
Göy Türklərin şüuruna Tanrı anlayışı ilə birgə yaxşıca yerləşən Umay, Bay-ana, Ayzıt, Taissa, Anaqut, Mehri Banu, Çulpan kimi tanrıçalar da şairin könlünə hakim olub onun düşüncələrinə sızmaqdadır:
Yolumuza uğur çilə Umay ana, bayana,
Nal səsləri tümen-tümen yayılacaq cahana.
("Göy Dağlardan Atlar Enər")
Amma eyni zamanda şairin Allahı, onun varlığını və tək olduğunu tanıyan gözəl misraları da az deyil. Allahın şairə gecə və yalnız ikən daha yaxın olduğunu görürük:
Mənə mane olma gecə,
Mən Allahla danışıram.
Böyük Azərbaycan şairi Nəsimi kimi, könlünə barındırdığı bütün inancları ilə bərabər hər iki dünyanı sığdırıb, özü heç birinə sığmayan Elxan Qaraxanlı, Yaradana bəzən bütün adları ilə bir yerdə səslənir. Bir göyərçin kimi göylər üçün yaradılan şairin ruhu, dua edə-edə qonaq yaşadığı Yer kürəsindən əbədiyyətin sakini olmaq üçün göylərə yüksələrkən, Yaradan adının necə xatırlanacağı nə fərq edər ki:
Tanrı, Göy, Xuda, Allah,
Qurban dedim adına,
Al götür məni qanadına,
Canım dayanmaz, uçur
Sil türkünün suçunu,
Hu…, hu…, hu….
Bəzi şeirlərində rast gəldiyimiz "Allah məndən ayrı deyil, o hər şeydə vardır" kimi misralar da bizə şairin Allahı panteistik ruhda qəbul etdiyini göstərirlər:
Sevda hər yerdə var,
bəlkə də hər zərrədə
("Göyərçinli rast")
"Mən varsam sən də varsan,
Sən varsansa, mən də varam”.
("Mən Burada Tək, Sən Orada Tək").
Özünün ilahi bir sevdadan yaradıldığına inanan şair - "İlahi sevdadan mən oldum zahir…"deyir - ("Şahbaz Şəhərin Mahnısı") beləcə o sevginin kökünü Yerdən deyil Göydən axtarmaqda. Haqsız da deyil, çünki sevgi, kainatda hər şeyə nəfəs üfürən və həyatın başlanğıcı olan bir duyğudur. Tanrını xatırladığımız anlar da daha çox sevdiyimiz zamanlar olar:

Tanrı bostanında sevgi bəsləyir,
Nə qədər seviş var, həyat da bitməz,
("Ölüm Son Deyil")
Eşq ilə əlaqədar ümumiləşdirmələrlə yanaşı, şeirlərdə həyat və ölüm fəlsəfəsi də yer alır. "Got Min Uns", "Gəl Gedək Şeytanlanaq", "Firiştəli Mahnı", "Xain Kösöv" kimi şeirlərdə həyat ümumiyyətlə "qarışıq, fani, faydasız", dünyadakı məşğuliyyətlər də "mələz və xaşıl", həyat isə "mənasız və qan soran" deyə tanıdılır. Şair kədərlənərək "Ölümlə Seviş" adlı bir şeirində hiyləgərliklə və mənasız keçən həyatı belə izah edər:
Göy üzündə qara bulud,
Yer üzündə qara gecə.
Ömür keçər yavaş yavaş
Bədənimdən keçə-keçə.
Yaxşı, belə bir həyatın içində yer alan şair kimdir, özünə necə tərif verər? "Çölün oğlu" olan əsl Türk, amma dinini Ərəblərdən alan və eyni zamanda Rus və Avropa tərzi təhsilə sahib olan Elxan Zal Qaraxanlı, bu mövzuya şeirlərində tez-tez toxunmaqla, çox maraqlı təriflər vermişdir:

Dünya top kimi yup yumru,
Mən torpaq üstündə filiz,
Bir az Türkəm, bir az Ərəb,
Bir az Rusam və İngilis.
"Nə Yaxşı ki, Mən Varam")
Son illərdə dəyişən həyat, Qaraxanlının şeirlərində açıq-aşkar görünməkdədir. Elxan Qaraxanlının şeirlərinin ən üstün cəhəti, deyərdim ki, təsvirlərdir. Bu, həm təbiət təsvirləri, həm insana xas yaşanan hərəkət və duyğuların təsviri. Təbiət təsvirləri içində ən çox rast gəldiyimiz, günəş və gecə təsviridir.
Ümumiyyətlə təbiət ilə əlaqədar o qədər maraqlı, gözəl təsvirlər var ki, Elxan Qaraxanlının şeirlərində, könül istər hamısını saysın. Amma mümkün deyil! Amma, yalnız təbiət hadisələri deyil, insanın yaşadığı duyğu, düşüncələr və hərəkətlər də çox gözəl izah edilir Elxan Qaraxanlı tərəfindən.
Bütün bu müvəffəqiyyətli görüşlərin içində mənim diqqətimi çəkən bir ünsür daha var: Elxan Qaraxanlının şeirləri yalnız sözlərdən meydana gəlmir, hər misrada musiqi mövcuddur! İnanılmaz dərəcədə muzikaldır onun şeirləri. Musiqi onun başqa bir çox şeirində də incə qırmızı bir ip olaraq həmişə özünü göstərməkdədir. Bu, azərbaycanlıların öz muğamları da ("Su Pərili Sonata"), İrtış sahilindəki bir kənddə şaman rəqsinin ritmləri də ("Boğaziçindən Türkülər"), Polşalıların Polonezi və Krakovyakı da ("Polonez"), İspan restoranında "iti qılınc oynadan" dəli gitara səsi də ("Polonez"), ağlaya-ağlaya oynayan gözələ yoldaşlıq edən gitara da ("Gitaraya"):
…Musiqi mövzusu açılmışkən mütləq "Polonez" adlı güldəstə içində yer alan "Krakovyak" adlı bir şeirdən də bəhs etmək lazımdır. Krakovyak, Polşalıların milli oyunudur. Qaraxanlının bu şeirini oxuyarkən sanki bu oyunu oynayırmış kimi hiss edir və birdən özünü bu musiqinin içində tapırsan. Şair, bu oyunun ritmini misralarda o qədər doğru tutdurmuşdur ki!

Şairin yaradıcılığında, mən şəxsən XX. əsrin başı dünya şeirinin ən məşhur adları olan Boris Pasternak, Nikolay Gumilöv, Appoliner, Sartr, Pablo Neruda, Xəlil Cibran, Orxan Vəli Kanık kimi şairlərin ruhunu və ən dərin fəlsəfi axınlar olan simvolizm ilə varoluşçuluğun izlərini gördüm. Amma yenə də Elxan Qaraxanlını heç bir şair ilə müqayisə etmək istəməzdim. Çünki onun şeirləri həm mövzu, həm üslub olaraq çox özəldir. Onlar, yalnız Elxan Zal Qaraxanlının şeirləridir. Ancaq bu şairin ruhundan var olub, ancaq onun qələmindən yazıla bilərdilər.
…Elxan Qaraxanlının şeirlərini bir neçə dəfə oxuyaraq artıq kitabını bağlayanda, hələ gözümdə yağışlı bir gecə yarısı, sükunət içində söyüdlərin altında çoxdan itən sivilizasiyaların və gözlə görülməz sirrli dünyaların səsinə qulaq asan şairi görürdüm. "Səhra sarısı" gözlərini qəmli hüznlü göyə tikmiş həsrətin gil kitablarını oxuyurdu sanki:
Güllərin açılışında yaşayırıq,
Atların qaçışında doğuluruq,
Daşlaşan duayıq bir məbəddə,
Səhra yuxusunda suyuq…
Çulpan ZARİF
Qars Universitetinin dosenti

Azərbaycan türkcəsinə çevirəni: Azər Musayev


banner

Oxşar Xəbərlər