• cümə, 24 May, 07:13
  • Baku Bakı 13°C

“Hər insana uyğun it cinsi var” - PEŞƏKAR

30.03.24 02:23 3271
“Hər insana uyğun it cinsi var” - PEŞƏKAR

Nicat Əhmədli: “İt sahibinə oxşayar” deyimi düzdür. İtin xasiyyətini sahibi istədiyi kimi formalaşdıra bilər. Ona baxdıqda onun sahibinin də xasiyyətini təxmin etmək olur. Bu səbəbdən itlər təlimə tez verilməlidirlər ki, xarakterlərini təlimçi formalaşdırsın”.

“Elə bir avadanlıq yoxdur ki, itləri əvəz etsin. İtlərin burnunda 200 min qoxu respiratoru olur. Bu göstərici insanda maksimum iki mindir. Bir it binaya daxil olduqda hər qoxunu hiss edir”. Bu fikirlər Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının partlayıcı və sursat axtarışı üzrə xüsusi hərbi hissənin baş kinoloqu olmuş Nicat Əhmədlinindir. Hazırda itlərin təlimi ilə məşğul olan N.Əhmədli ilə sevimli dostları və onların tərbiyəsi haqqında danışdıq.

“Kinoloq it üçün rəhbər olmalıdır”

Müsahibimiz bildirir ki, kinologiya elminin təməlləri hərbi məktəblərdə qoyulub. Bu elm Pavlov nəzəriyyəsinə və psixologiyaya əsaslanır: “Kinoloqun bədən dili ideal olmalıdır. Çünki itlər səs, üz mimikası və bədən dili ilə hərəkət edir. Dediyimiz sözlərin heç birini anlamırlar. Kinoloq it üçün rəhbər olmalıdır ki, heyvan özünü ona bənzətsin. Təlimçi itlə arasına məsafə qoymalıdır ki, it onu sahibi yox, müəllimi kimi qəbul etsin”. 

“İti başa salmaq olur, sahibini yox”

N.Əhmədlinin sözlərinə görə, bu sahədə itlərlə bağlı çətinlik yoxdur. Əksinə, insanlarla işləmək daha yorucudur: “İti başa sala bilirik, amma itin sahibinə nəyisə izah edə bilmirik. Sahibi hər şeyə etiraz edirsə, iti təlimə qəbul etmirik. Deyirlər ki, “iti təlimə verim, iki aydan sonra gəlim əmr verim, yerinə yetirsin”. Elə bilirlər ki, itə proqram yükləyəcəyik və hər şeyi edəcək. İtə vaxt ayırmasanız, qayğı göstərməsəniz, tapşırıqları həftədə bir dəfə təkrarlatmasanız təlimin nəticəsi olmayacaq. Təlimi üç ay itə, bir ay da sahibinə keçirəm. Birləşdirdikdə ortaya nəticə çıxır. Təlim keçmiş itlə, təlim haqqında məlumatı olmayan sahib mümkün deyil. Çünki sahibinin bədən dili yanlış olacaq və it səhvlər edəcək”.  

“İtlərin öz yaşayış arealı olmalıdır” 

Çox zaman insanlar itləri evdə saxlayır. Lakin bu, o qədər də doğru yanaşma deyil: “Ən yaxşı təlimçi itin sahibidir. Hər iti saxlamaq üçün eyni saatlarda yeməyini vermək, gəzintiyə çıxarmaq və oyun həddini aşmamaq lazımdır. Çox insan iti bina evində saxlayır. Lakin itlər sürü psixologiyası ilə yaşayır, sizi rəhbər olaraq görməlidirlər. Özünü sizinlə eyni səviyyədə görsə, özünü rəhbər düşünəcək. İtin özünə aid ərazisi olmalı və orada yaşamalıdır. İt düzgün yetişdirilməzsə, onda aqressiya olacaq. Balaca itlər düzgün yetişdirilmir deyə, daha səs-küylü olurlar. Böyük it isə düzgün yetişdirilmədikdə insanları tuta bilər. İtaət istəyirsinizsə, “olmaz” komandasını aşılamaq kifayətdir. İti döymək, şiddət göstərmək olmaz, amma çox şıltaq itlərə cəza kimi yüngül toxunuşlarla vurmaq olar”.  

Tabe olmağı sevməyən it cinsləri

Kinoloq deyir ki, itlər kiminlə çox vaxt keçirirsə, özünü ona oxşadır: “İt sahibinə oxşayar” deyimi düzdür. Sahibi itin xasiyyətini istədiyi kimi formalaşdıra bilər. Ona baxdıqda onun sahibinin də xasiyyətini təxmin etmək olur. Bu səbəbdən itlər təlimə tez verilməlidirlər ki, xarakterlərini təlimçi formalaşdırsın. Təlimə 3-4 ayından yaş yarıma kimi başlamaq yaxşıdır. 2-3 yaşındakı itin xasiyyətini dəyişmək çətindir”.  
Müsahibimiz bildirir ki, müxtəlif xasiyyətə sahib it cinsləri var: “Müəyyən cinslər var ki, tabe olmağı sevmirlər, daha azad ruhludurlar. Haskilər, malamutlar, laykalar, akitalar... Bəzi təlimçilər o itləri qəbul etsə də, biz təlim keçmirik. Çünki sahibi ilə mütəxəssisin bədən dili fərqlidir. İnsan gərək xarakterinə və yaşadığı yerə uyğun it cinsi seçsin. Bir xanım Cane corso cinsi olan itlə baş edə bilməz. Heç vaxt it saxlamamısızsa, basqın xarakterli iti gətirsəniz, sözünüzə baxmayacaq. İtin xasiyyəti sahibini üstələyərsə, heç nə etmək mümkün deyil. Ən basqın xarakterli it rotveylerdir. İnadçı cins itlərin öyrənməsi vaxt aparır. Biql, Jack Russell terrierlərin heç nə vecinə deyil, öz dünyaları var. Taksaların da özünəməxsus xarakteri var. Bu cür itlərə təlim keçmirəm. Golden retrieverlər çox ağıllı itlərdir. Onlar məni heyrətləndirirlər, çünki əmri tez anlayırlar, bədən dilinə yatqındırlar, onlarla işləmək insanı yormur. Retriever və malinoalar əmri tam dəqiqliklə yerinə yetirirlər”.  

“İtaətsiz mühafizə canlı bombadır”

Təlimçinin sözlərinə görə, bir itin öyrənmək müddəti iki ildir. Amma sahibi ilə gəlməlidir: “İtin həm mühafizəkar, həm də itaətkar olması üçün zamana ehtiyac var. İlk üç ay itaət öyrədilir. Sonra sahibi istəyərsə, üç ay mühafizəni keçirik. İtaətsiz mühafizə canlı bombadır. İtaəti öyrətməyib tutmaq komandalarını öyrətsək, sakitləşdirə bilməyəcəyik. Amma mühafizə daha çətindir. Çünki oradakı incə xətti qaçırmaq olmaz. Fiqurantın adi səhvi təlimi məhv edə bilər. İtin hər balaca addımında sığallayırıq, afərin deyərək özgüvən aşılayırıq. İt hürdükdə, cummaq istədikdə işarə veririk ki, fiqurant qaçsın. Amma itin üzərinə gəlsə, fiqurant itdən böyük olduğu üçün özgüvəni qırılar və bacarmadığını anlasa, qorxaq olar. Çünki heyvanlar ölçüyə görə hərəkət edir. Dişi itlər təlimə daha tez cavab verir, analıq instinktinə görə mühafizəni daha yaxşı bacarırlar. Dünyada dişi itə, ölkəmizdə isə erkək itə üstünlük verirlər”.  

 İti kinoloqla alın ki, aldanmayın

Heyvan satışlarından danışarkən müsahibimiz bildirir ki, bəzən satıcılar insanları aldadırlar: “İtin cinsi saf qandırsa, qiyməti yüksək olur. Məsələn, toy pudel cinsi 2000-3000 manatdır. Bəzən aldadıb qarışıq cins satırlar. Pudellər o qiymətə dəyər. Çünki onlar çox ağıllıdırlar, “olmaz” komandasını daha tez qavrayırlar, yüksək təlim qabiliyyətinə sahibdirlər. Sahibini müşahidə etmək qabiliyyətləri çox yüksəkdir. Tükü tökülmür və qoxuları olmur. İt almaq istədikdə kinoloqla məsləhətləşmək lazımdır. 15 dəqiqə söhbət etdikdən sonra bilmək olur ki, bu insana hansı cins uyğundur. Hər insana uyğun it cinsi var”.  

Bəzən sosial şəbəkələrdə görürük ki, övladı olan valideynlər əvvəldən sahibləndikləri heyvanları başqasına verirlər ki, uşağıma mikrob keçər. Amma müsahibimiz deyir ki, itlərlə uşaqların bərabər böyüməsinin müsbət tərəfləri daha çoxdur: “Əgər itin baxımı yerindədirsə, dərmanları vaxtında verilirsə, heç bir ziyanı yoxdur. İt saxlayan şəxs də hər üç ayda bir dəfə qurd dərmanı qəbul etməlidir. Qurd və infeksiya keçməməsi üçün keyfiyyətli vaksin və dərman əsas şərtdir”. 

İtlərimizə hansı qidaları verməliyik? 

Kinoloq it saxlayarkən etdiyimiz ən böyük yanlışlardan da danışır: “İtə ev yeməyi, kolbasa, ət, sümük vermək olmaz. Bişmiş sümük lap təhlükəlidir. Çünki sümük süngər tərkiblidir, bişdikdə məsamələri genişlənir və dişlədikdə kəsici alətə çevrilir. İt sümüyü udur və iç orqanları zədələnə, hətta birdəfəlik ölə bilər. Əti ya qurudulmuş, ya da dondurub donunu açaraq vermək olar. Çünki donduqda bakteriyalar ölür. Çiy ət itin bağırsağında qurd yarada bilər. Ona görə də itlərə yalnız mağazalarda satılan quru yem vermək lazımdır. Bazarda kiloqramı 40-200 manata qədər olan yemlər mövcuddur. Qiyməti 90-150 manat arası olan yemlər daha keyfiyyətlidirlər. Tərkibi quzu və ya mal əti olmalıdır. Toyuq tərkibli yem itlərdə dəri xəstəlikləri yaradır. İtlərə sulu yemək də vermək olmaz. Süd ziyandır, çünki bağırsaqda sürüşkənlik yaradır”. 

Küçə itlərini toplu halda yemləmək olmaz

N.Əhmədli ilə küçə itlərinin insanlara hücum etməsi mövzusuna da toxunduq: “İt insana o halda hücum edir ki, ona aqressiya göstərilir. İtlər sürü ilə yaşadığı üçün əksər hallarda toplu gəzirlər. Parklarda cəm halda yatdıqlarını görə bilərsiniz. Bir insan oradan keçəndə hücum edirlər, çünki özlərinə sahə müəyyən edib balalarını qoruyurlar, oraya yaxınlaşdıqda reaksiya verirlər. Hücumun səbəbi balasını, yaxud erkəyin dişisini qorumaq instinktidir. Bir də küçə itlərini toplu halda yemləmək olmaz. Bu, onların təbiətinə ziddir. Onlar sürüdə özlərinə rəhbər seçirlər. O yem tapır və digərlərini istiqamətləndirir. Amma yemlədikdə, rəhbər olaraq insanı görməyə başlayırlar. Yemək hazır gəldiyi üçün tək işləri olduqları sahəni mühafizə etmək deyil, insanlara da hücum edirlər. Küçə itlərini qısırlaşdırmaq lazımdır ki, çoxalmasınlar. Qısırlaşdırma dişilərdə bətn, erkəklərdə isə prostat xərçənginin qarşısını alır”. 

Böyük itlərdə xəstəlik daha çox olur

İtlərin xəstəlikləri də elə məhz nəzarətsiz cütləşmədən yaranır: “İtlərin ömrü minimum 7-8, maksimum 14 ildir. Balaca itlər daha uzunömürlüdürlər. Böyük itlər qocalanda omba, sümük problemləri yaranır. Bəzi it cinsləri genetik xəstəliklərə meyillidir. Böyük itlərin hamısı displaziyaya yoluxa bilir. Bu zaman it ömürlük iflic olur. Səbəb ən çox qohum evliliyidir. Bu səbəbdən heyvanların cütləşməsini nəzarətə almaq lazımdır. Satışı ilə məşğul olanlar bacı və qardaşı cütləşdirib satırlar. O zaman xəstəliklər meydana çıxır”.  

“Hər it öz kinoloqu ilə daha yaxşı fəaliyyət göstərir” 

“Heyvandır” deyib keçdiyimiz canlılar insanların duyğularını anlayır, kefimiz olmadıqda hiss edir, xəstə olduqda stress keçirirlər. Sahibi oyun etsə də, onun kefini açmaq üçün çalışır: “Kinoloq kimi hərbidə işlədikdə bir iti mənə təhkim etdilər. O, çox yaramaz idi. Hətta Rusiyadan gəlmiş təlimçi ilə də yola getməmişdi. Mənimlə yavaş-yavaş dostlaşdı. Onunla vətənimizi və xalqımızı qoruyurduq. Amma mən hərbidən çıxdıqda o it də fəaliyyətini dayandırdı. Daha axtarış etmirdi. Həmin vaxt o iti mənə gətirdilər. İt məni gördükdə yavaş-yavaş tanıdı yenidən həyata qayıtdı. 10 yaşına qədər yaşadı. İtlər təhkim olduqları kinoloqa alışırlar deyə, çalışırlar onları işdən çıxarmasınlar. Kinoloq tərxis olduqda it onu ölmüş kimi qəbul edir və stressə düşür. Hər it öz kinoloqu ilə daha yaxşı fəaliyyət göstərir, başqası gəldikdə əvvəlki kimi ola bilmir”.   

Zərif Salmanlı

 

banner

Oxşar Xəbərlər