AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Hər bir məmur qanun qarşısında cavabdehdir

Hər bir məmur qanun qarşısında cavabdehdir

Siyasət
21 Fevral 2020, 16:37 1633
Deputatların fikrincə, öz əməlləri ilə xalqı dövlətdən, hakimiyyətdən narazı salan məmurlar məsuliyyətdən kənarda qalmayacaqlar
 
Bir müddət əvvəl Ağstafa və Yevlaxın indiki və sabiq icra başçıları vəzifəli şəxs qismində törətdikləri əməllər və korrupsiya ilə bağlı həbs edildilər. Baş vermiş hadisəyə qədər isə Prezident İlham Əliyev tərəfindən müxtəlif tədbirlərdə, müşavirələrdə rüşvət və korrupsiyaya qarşı ciddi mübarizə aparılacağı ilə bağlı xəbərdarlıq edilmişdi. Lakin bu xəbərdarlıqlardan nəticə çıxarmayan şəxslər nəticə etibarı ilə qanun qarşısında cavab verməli olacaqlar.
Görünən odur ki, bir müddət əvvəl baş verən bu hadisələr hələ də bir çox məmurlarda təsəvvür yaradıb ki, bu, epizodik haldır, davamı olmayacaq. Elə bu günlərdə hüquq mühafizə orqanları tərəfindən Neftçala İcra Hakimiyyətinin vəzifəli şəxsləri, o cümlədən Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru və müavini korrupsiya və rüşvətxorluq hallarına yol verməkdə ittiham olunaraq saxlanılıblar.
Qeyd edilən faktlar göstərir ki, Azərbaycanda rüşvətxorluq və korrupsiyaya qarşı ciddi şəkildə mübarizə aparılır və Prezident İlham Əliyevin qətiyyətli mövqeyi ortadadır. Kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında cavabdehlik daşıyır.        
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli bildirdi ki, Prezident İlham Əliyevin iradəsi ortadadır və həqiqətən də heç kim rüşvət və korrupsiya əməlinə görə məsuliyyətdən sığortalanmayıb: "Eləcə də ölkədə kompleks tədbirlər həyata keçirilir. Yəni, dövlətimiz möhkəmlənir. Ola bilər ki, müstəqilliyimizin ilk illərində müəyyən boşluqlar var idi, eləcə də hər bir məsələ, o cümlədən dövlət quruculuğu prosesləri xəlbirdən keçirilirdi, ələnirdi. Getdikcə bu proseslər başa çatıb və indiki halda dövlət başçısı çox güclü hakimiyyətə sahiblənib. Artıq bütün dünya etiraf edir ki, Azərbaycan özünün əhalisinə və ərazisinə nisbətən daha böyük reytinqə və imicə malikdir. Yəni, Azərbaycanda sabitlik mövcuddur, ölkəmizdə kifayət qədər dövlətin əsasları qurulub. Bununla yanaşı, ölkəmizdə siyasi, iqtisadi, hərbi və digər sahələrlə bağlı əsaslar mövcuddur. Ona görə də cənab Prezident bir növ yuxarıdan inqilab elan edib. Hadisələr bunu deməyə əsas verir və hər kəs bundan dərs almalıdır. Bəziləri hesab edirdi ki, korrupsiya və rüşvətxorluqla mübarizədə atılan addımlar epizodik hallardır. Guya ki, şəxsi münasibətlər üzərində qurulmuş bir olaydan irəli gələrək hansısa icra başçısı və ya vəzifəli şəxs cəzalandırılır. Amma bütün proseslər göstərir ki, bu, ardıcıl olaraq həyata keçirilən dövlət siyasətidir”.
T.Kərimli qeyd etdi ki, xalqı dövlətdən, hakimiyyətdən narazı salmaq istəyənlər məmurlar, onların ətrafında olanların heç biri məsuliyyətdən kənarda qalmayacaq: "Ona görə də həm bir insan, həm deputat və həm də Vəhdət Partiyasının sədri kimi cənab Prezidentin korrupsiya və rüşvətxorluqla, eləcə də səlahiyyət həddini aşanlara qarşı mübarizəsini təqdir edirəm və alqışlayıram. Bu bizim üçün də başucalığı gətirir. Çünki biz hər yerdə cənab Prezidentin sabitlik və inkişaf proqramını dəstəkləyərik. Xalqımız inanır ki, dövlət bu məsələdə haqlıdır və hər birimiz ona bu məsələdə yardımçı olmalıyıq. İctimai nəzarət, siyasi partiyaların da fəaliyyəti güclənməlidir ki, cənab Prezidentin başlatdığı islahatlar davam etsin və müvəffəqiyyətlə həyata keçsin”.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov bildirdi ki, Ağstafa və Yevlağın indiki və sabiq icra başçılarının həbsindən sonra çox məmurun yuxusu qaçıb: "Bunu müsahibələrimdə, açıqlamalarımda da qeyd etmişdim ki, çoxlarının kürkünə bit düşüb, çapalayır. Cənab Prezidentin etdiyi  xəbərdarlıqlar və "özünüzü yığışdırın, heç kimə güzəşt olmayacaq” mesajı qüvvədədir və bu proses davam edəcək. Yəni bundan sonra nə qədər səhlənkar, məsuliyyətsiz və nə cür olmalısan ki, dövlət başçısının tapşırıqlarından, tələblərindən nəticə çıxartmayasan. Hesab edirəm ki, rüşvətxor, korrupsiyaya bulaşmış kim varsa, onlar da saxlanılanların ardınca gedəcək. Cənab Prezident müxtəlif tədbirlərdə bir neçə dəfə televiziya vasitəsilə çıxışı zamanı qeyd etmişdi ki, biz korrupsiya və rüşvətxorluğa qarşı müharibə elan edirik, bunun kökünü kəsmək üçün hər şey edəcəyik və heç kimə də güzəşt olmayacaq. Yəni bu xəbərdarlıqlardan sonra da bir nəticə çıxartmırlarsa, onda onlara qarşı hüquqi addımlar atılmalıdır. Hesab edirəm ki, hamı cənab Prezidentin qarşıya qoyduğu tələblərə ciddi əməl etməlidir, xəbərdarlıqlardan nəticə çıxartmalıdır, işində dönüş yaratmalıdır və xalqa vicdanla, namusla xidmət göstərməlidir, vəzifəsini qanunla icra etməlidir”.
E.Məmmədov vurğuladı ki, gedən proseslər kimin nə cür düşünməyindən asılı deyil: "Yəni cənab Prezident qarşıya tələb qoyub ki, biz rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə aparmalıyıq və ölkədə bunun kökünü kəsməliyik. Dövlət başçısı bunu deyirsə, hamı bundan nəticə çıxartmalıdır və düşünməməlidir ki, bu, müvəqqəti haldır və deyildi, keçdi. Xeyr. Deyilir, tapşırıq verilir və müvafiq qurumlar da nəzarət edir. Kim nə düşünür, hansı əməlin sahibidir, özü bilər, ancaq qanuna əməl etmək lazımdır”.  
 
BƏXTİYAR