• cümə, 26 Aprel, 14:02
  • Baku Bakı 23°C

Həqiqətləri danışan muzey - FOTOLAR

25.09.21 11:00 935
Həqiqətləri danışan muzey - FOTOLAR
Ukraynanın görkəmli yazıçısı və ictimai xadimi İvan Frankonun Ədəbi-Memorial Muzeyindən reportaj
Ukraynanın görkəmli yazıçısı və ictimai xadimi İvan Frankonun Ədəbi-Memorial Muzeyi Lvovda - şəhər kənarında yerləşir. Lvovun yaşlı sakinləri muzeyə gedən yolu daha sadə üsulla izah edirlər. Franko küçəsi 152-də yerləşən ikimərtəbəli ev "İsveçrə üslubu”nda tikilib. Bu memarlıq abidəsi eyni zamanda böyük yazıçının şəxsi əşyalarının ekspozisiyasıdır. Adı Lvov Milli Universitetində, Ukraynadan Kanadayadək küçə və əyalətlərdə əbədiləşən klassik yazıçının ev muzeyi gələn turistlərə İvan Franko haqqında həqiqətləri danışır.

Yaşıllığa qərq olan bağçalı ev
Rəngbərəng gül-çiçəyə, yaşıllığa qərq olan kiçik bağçalı evin birinci mərtəbəsində beş otaq və bir mətbəx, ikinci mərtəbəsində də iki kiçik otaq var. Otaqlar kifayət qədər sadədir və hər birində qızdırıcı sobalar və stolların üstündə kerosin lampaları gözə dəyir. Mənbələrdə göstərilir ki, bu villanın inşası üçün İvan Franko son qəpiyini verərək torpaq alıb. Babasının ölümündən sonra Qalisiya Regional Bankına illik 4 faizlə 12.000 kron kredit ödəyib. Kreditin qalanı atalarının ölümündən sonra oğulları tərəfindən geri qaytarılıb. Digər bir mənbədə isə "Ukraynanın siyasi fəalları Frankonun kasıb şəraitdə yaşadığını görüb yazıçıya bu evi hədiyyə ediblər”- deyə qeyd edilib.


Franko ömrünün son 14 ilini -1902-ci ildən 1916-ci ilədək olan bir dövrü bu evdə yaşayıb. Yazıçının ölümündən sonra dul arvadı və oğulları ailələri ilə birlikdə bu evdə qalıblar.

1940-cı il 10 oktyabrda Ukrayna Ali Radasının qərarı ilə İvan Franko Ədəbi Xatirə Muzeyi fəaliyyətə başlayıb. Oğlu Petra Franko deputat olanda atasının adına muzey yaratmağı qərara alıb.


30 mindən çox eksponat
"Almanların Lvova hücumu zamanı muzey işləməyib. Muzeyin eksponatları Ukrayna Milli Muzeyinə və Taras Şevçenko adına kitabxanaya köçürülüb. İvan Frankonun evi aviabomba zərbələrindən ciddi zərər çəkib. 1969-cu ildə muzeydə ilk təmir işləri aparılıb” - deyə muzeyin gənc əməkdaşı məlumat verir.

2011-ci ildə Frankonun ev muzeyinə "Milli Muzey” statusu verilib. Muzeyin filialları həmçinin yazıçının yay tətillərini keçirdiyi Naqueviç və Krivorivne kəndlərində də yaradılıb.


Muzeyin Fondunda 30 min eksponat qorunur. Bunların içərisində yazıçının şəxsi əşyaları, əlyazmaları, fotoları, ailə şəkilləri, dünya xalqlarının dilində olan əsərləri, avtoqraflar, şəxsi sənədlər, orijinal fotolar və s. mühüm yer tutur.

Yazıçı, alim, filosof, siyasi fəal
Muzeyi gəzdikcə "İvan Franko Lvov və ümumilikdə Ukrayna üçün kim idi?” sualına aydın cavab tapmaq olur. "Görkəmli yazıçı mücadilə içində keçən yaşamı ilə Ukrayna ədəbiyyatının və siyasi tarixinin önə çıxan fiqurlarından biridir. Nobel mükafatına namizəd göstərilsə də, buna ömrü çatmayan bir yazıçıdır”- deyə bildirirlər.
Frankonun ən sevimli otağı ilə tanış olmaqla yazıçının öz parlaq əlyazmalarını hansı qələmlə yazdığını, hansı piano arxasında oturduğunu, hansı musiqini və kitabları xoşladığını öyrənmək, ailəsindəki adətlər haqqında məlumat almaq olur.


Bir-birindən dəyərli əşyalar

Muzeyin ekspozisiyası ziyarətçiləri yazıçının yaşadığı və işlədiyi ab-havaya qaytarır. Frankonun ən sevimli otağı olan iş otağı tamamilə yenidən yaradılıb. Şəxsi əşyaları da bu otaqda qorunur. Frankonun memorial ekspozisiyadakı əşyaları muzeyin ən qiymətli eksponatları sayılır. Ekspozisiyanı yazıçının yaxın dostu, rəssam İvan Truşun əsərləri bəzəyir. İşlədiyi masa, kitablar toplusu, qələmqabı, əlyazmaların saxlandığı qutu, şeirlərinin yaradılmasına şahid olan şamdan, yazıçının kağız kəsdiyi bıçaq, İvan Yakovleviçin öz əli ilə toxuduğu balıqçılıq toru, ifa etdiyi fortepiano, ailə şəkilləri, dostları ilə fotoları və s. əşyalar maraq doğurur.

Böyük dəyərə malik kitabxana
"Kitabxana Franko üçün çox böyük dəyərə malik idi. Yazıçının kitabxanası Lvovdakı ən mükəmməl kitabxanalardan biri hesab olunurdu. Frankonun vəsiyyətinə əsasən, ölümündən sonra kitabxana və arxiv Elmi Cəmiyyətə verildi və orada 1950-ci ilə qədər saxlanıldı. Sonra kitabxana Ukrayna Milli Elmlər Akademiyası Taras Şevçenko adına Ədəbiyyat İnstitutuna verildi ki, bu günə qədər də orada saxlanılır”- deyə muzey əməkdaşı qeyd edir.

Dünən və gələcək
Muzeyin ikinci binasında yazıçının Ukrayna heykəltəraşları tərəfindən hazırlanan 10-dan artıq büstü sərgilənib. Muzeyin zirzəmisində isə gənc rəssamların yazıçının əsərlərinə, həyatına həsr etdikləri işləri yer alıb.

Muzeydə hər il "Frankovski oxu günləri”, ədəbi və incəsənət görüşləri, bayramlar, mühazirələr təşkil edilir. Muzeyin və digər elmi qurumların əməkdaşları təqdimatlarla çıxış edirlər. "Muzeydə tez-tez sərgilər, yaradıcılıq görüşləri, xatirə tədbirləri keçirilir. İvan Frankonun həyat yolu böyüyən nəsil üçün örnəkdir. Onlar belə görkəmli şəxsiyyəti tanımalı, onun irsini öyrənməlidirlər. Franko təkcə dünən deyil, həm də gələcəkdir”- deyə muzeyin direktor müavini İqor Medvid bildirir.


Böyük yazıçı haqqında hekayələr muzeyə baş çəkənlərdə həmişə maraq doğurur. Lvova səyahət edənlər, tələbələr, yerli sakinlər muzeyə baş çəkir, Ukrayna ədəbiyyatının böyük klassiki haqqında məlumat əldə edirlər. Muzeyə qrup halında ekskursiyalar təşkil olunur.

Muzeyə giriş biletlədir. Böyüklər üçün bilet – 50, tələbələr üçün 30, uşaqlar və təqaüdçülər üçün 20 UAH (qrn) təşkil edir. Jurnalistlər üçünsə muzeyə giriş pulsuzdur. Muzeydə audiobələdçi xidməti var. Bundan əlavə, muzey əməkdaşları qonaqlara İvan Frankonun həyat və fəaliyyəti, yaşadığı dövr haqqında ətraflı danışırlar.
Təranə Məhərrəmova
Bakı-Lvov

banner

Oxşar Xəbərlər