Hamı düşündüyünü birbaşa dediyi üçün kökdən düşən janr
25.02.19 11:40
3068
Epik növün ən qədim
janrlarından biri - təmsil həcmcə kiçik olsa da, dərin məna ifadə etməsi ilə fərqlənib.
İnsanlara xas nöqsanları, eyibləri ayrı-ayrı əşya, bitki və
heyvanların timsalında əks etdirən təmsilin tənqidi və satirik məzmunda olması, əxlaqi-tərbiyəvi və nəsihətli səciyyə
daşıması bu janrın aktuallığını artırıb.
Xatırladaq ki, hələ qədimyunanədəbiyyatında
mövcud olan təmsil17-18-ci əsrlərdə yüksək inkişaf səviyyəsinə çatıb. Qədim
RomadaFadr (I əsr), Qədim Yunanıstanda Ezop(VI-V əsrdə) nəsrlə
yazdığı təmsilləri ilə məşhur idi.HindistandaIII əsrə aid təmsillər
toplusu "Pançatantra” məlumdur. Yeni eranın ən məşhur təmsil yazanlarından
birifransızşairi Jan Lafonten(XVII əsr) olub.
Rusiyada təmsilin inkişafıXVIII əsrinsonu,XIXəsrin
əvvəllərinə aiddir. Həmin dövrün ən məşhur təmsilçiləri A.P.Sumarokov,
İ.İ.Xemnitser, A.E.İzmaylov, İ.İ.Dmitriyevdir.Rusiyaədəbiyyatında təmsil
janrının kulminasiyasıİ.A.Krılovunyaradıcılığı hesab olunur. Onun əsərləri
dünyanın bir çox dillərinə, o cümlədən Azərbaycan dilinə də tərcümə olunub.
Təəssüf ki, Azərbaycan ədəbiyyatında ilk nümunələrinə
Nizami Gəncəvinin "Sirlər xəzinəsi” poemasında rast gəlinən, sonradan
A.Bakıxanov, Q.Zakir, S.Ə.Şirvani, M.Ə.Sabir, Abbas Səhhət, Abdulla Şaiq kimi
şairlərin müraciət etdiyi janra bu gün diqqət azalıb. "Müzakirə”mizə qoşulan ədəbiyyat adamlarının təmsilin
çağdaş durumu ilə bağlı maraqlı fikirləri var.
Aktuallıq qazana bilər
Professor Bədirxan Əhmədovun fikrincə, hər bir janr zamanından asılı olaraq bəzən
önə çıxır, bəzən isə geri çəkilir. Bir çox janr və formalar isə öz ömrünü başa
vurub sıradan çıxır: "Bu gün şairlərimizin müraciət etmədiyi təmsil satiraya
daxildir. Satira isə bütün tarix boyu ədəbiyyatda gah irəli çıxmış, gah da geri
çəkilmişdir. Bu, satiranın əsas xüsusiyyətlərindən biridir. Onun təzahürü daha
çox cəmiyyətdə baş verən hadisələrdən, ictimai-siyasi proseslərdən asılı olur.
Aristofandan başlayan satira müxtəlif formalarda (satirik şeir, komediya,
sarkazm, pamflet, felyeton, parodiya və s.) təzahür edir. Bunlardan biri də təmsildir.
Nə zaman ki, satira cəmiyyətdə önə çıxır, o zaman təmsil də boy göstərir. Qədim
Romada Fadr (I əsr), Yunanıstanda Ezop (e.ə. VI-V əsr) nəsrlə yazdıqları təmsillərlə
formanı inkişaf etdiriblər. Rus ədəbiyyatında Sumarakovla başlayan təmsil
Xemnitser, İzmaylovla davam etmiş, nəhayət Krılovla ən yüksək zirvəsinə
çatmışdır”.
Ədəbiyyatşünas alimin fikrincə, Azərbaycan ədəbiyyatında
da təmsil Xaqani, Nizami, Bakıxanov, Zakir, S.Ə.Şirvani, M.Ə.Sabir, A.Səhhətlə
yeni mərhələsini yaşayıb. Belə ki, Azərbaycan ədəbiyyatında təmsil ən çox XIX əsrin
sonu XX əsrin əvvəllərində yazılıb: "Diqqət edilərsə, bu dövr realizm dövrüdür,
lakin sosrealizm dövründə təmsil geri çəkilir. Bir də 60-cı illərdə yenidən
görünməyə başlayır. Məhz bu dövrdə sosrealizm kontekstində satiraya yaşıl işıq
yandırılır. Rus ədəbiyyatında Sergey Mixalkov bu formanın ən tanınmış nümayəndəsi
idi. Azərbaycan ədəbiyyatında isə H.Ziya təmsil janrını inkişaf etdirənlərdən
olur. İ.Tapdıq, Mərkəz Qacar, Mikayıl Məxfi, Z.Xəlil, T.Mahmud, T.Elçin,
İ.Etibar və başqaları son illərə qədər bu formada yazıb yaratmışlar”. Təmsilin
bu gün nə üçün yazılmamasına gəlincə, B.Əhmədov bildirdi ki, burada məsələ bir
qədər fərqlidir: "Yəni son illərdə satira, komizm geri çəkilmişdir. Baxmayaraq
ki, son dövrlərə qədər bəzi təmsillər yazılırdı, sadəcə olaraq, təmsil janrını
önə çıxaran şairlər yoxdur. Düşünürəm ki, təmsil ədəbi janr kimi heç zaman əhəmiyyətini
itirməyəcək. İndiki dövr satira dövrü deyil, ancaq istənilən vaxt satira və təmsil
aktuallıq qazana bilər. Necə ki, Sabirdən sonra satirik şeirin bir daha zamanı
gəlməyəcəyini düşünürdük. Ancaq Baba
Pünhanla satirik şeir özünün yeni mərhələsini yaşadı. Təmsilin oxucusunu itirməsi
ilə də razılaşmaq olmaz. Yaxşı bir təmsil yazan ortaya çıxarsa, bu forma yenidən
böyük oxucu kütləsi toplaya bilər. Təmsil bir forma kimi yığcam olur, az sözlə
bir çox mətləbləri ifadə etmək mümkün olur. Hətta hər hansı bir məqalədə, irihəcmli
bədii əsərdə deyilə bilməyən ictimai-siyasi prosesləri belə, təmsildə ifadə etmək
olar. Bu cəhətdən demək olmaz ki, təmsil bir forma kimi əhəmiyyətini itirib.
Bir istedadlı şairin gəlişilə bu forma yenidən aktuallıq qazana bilər”.
B.Əhmədovun
fikrincə, çox zaman oxucuya nəyi təqdim edirsən, onu da qəbul edir: "İnanıram
ki, yeni bədii təsvir və ifadə vasitələri, poetik zənginliklə, günümüzdə baş
verən hadisələri ezop dili, təmsil formasında ifadə, dərhal geniş oxucu kütləsi
toplaya bilər”.
Uşaqlar üçün maraq kəsb edəcək səviyyə
"Təmsil
janrının bu gün yoxa çıxmasından danışmaq haqsızlıq olardı” deyən tənqidçi Elnarə Akimova hesab edir ki, sadəcə əvvəlki dövrə nisbətən janra
maraq azalıb: "Məsələn, əvvəllər Hikmət Ziya, Xanımana Əlibəylinin
yaradıcılığında təmsillərlə çıxış etmək sistemli xarakter daşıyırdı. Buna görə,
bu istiqamətdə yazan imzalar kimi tanınır, etiraf edilirdilər. Bu gün də təmsillərə
rast gəlinir: bir qədər əvvəl Mərkəz Qacarın maraqlı təmsillərinioxumuşdum,
hazırda Rafiq Yusifoğlunun, Zahid Xəlilin, Sevinc Nuruqızının, İnqilab İsaqın,
Qəşəm İsabəylinin və başqalarının yaradıcılığında janrın işləkliyini görmək
olur. Amma niyə əvvəlki dövrlərə nisbətən maraq azalıb? Çünki təmsil janrı
özündə satira və tənqidi pafosu ehtiva edir. Müəllifin demək istədikləri ezop
dili, simvollar vasitəsilə bitki, heyvanlar üzərinə köçürülür. Bu gün, bu
baxımdan, azad düşüncənin önə keçdiyi zaman kəsimidir. Hamıistədiyini
birbaşa yazır və deyir.Yazıçının sətiraltı nəyəsə eyham vurmasına
ehtiyac qalmır. Odur ki, çağdaş dövrümüzdə təmsil janrı ancaq uşaqlar üçün
maraq kəsb edəcək səviyyəyə keçib”.
Tənqidçinin fikrincə, əslində, təmsili
bütün dövrlərdəuşaqlar üçün daha lazımlı bilmişik: "Bu, bəlkə də
janrın təbiətindəki tərbiyəedicilik, əxlaqi dəyərlər formalaşdırmaq
funksiyasından irəli gəlib. İstisna kimi, yəni həm böyüklər, həm də kiçiklərə
uyğunluq baxımından, Elçinin son dövr nağıllar adı altında təqdim etdiyi hekayələri
nümunə gətirə bilərəm. Həmin mətnlərdə predmet, təsvir ünvanı nəbatat, heyvanat
aləmi - ağac, kol, quş və s. olsa da, təhkiyənin arxasında həyatın özü,
duyğular aləmi, insan görünür. Yazıçı günü-gündən
ucuzlaşan, dəyərini itirən bu dünyada sevgi mövzusunu daha fərqli düşüncə
sferasında təqdim edir, insana dair ali hisslər ağaclar, quşlar üzərinə
köçürülməklə, orijinal bədii interpretasiyada təqdim olunur”.
Zaman üçün xarakterik deyil
Yazıçı Şərif Ağayarın fikrincə, hər dövrün xarakterindən irəli gələn
janrlar formalaşır. Bu gün təmsil zaman üçün xarakterik deyil: "O cür satirik
dillə üstüörtülü nəsihətlər vermək oxucuya maraqlı gəlmir. Hətta bir az sadəlövhlük
kimi görünür. Düşünürəm ki, təmsil zamanını keçirib. Lakin nə vaxtsa yeni
alleqorik fəndlər meydana gələ və təmsilvari əsərlər yarana bilər. Misal üçün,
Corc Oruelin "Heyvanıstan” romanı, yaxud bizim Tofiq Tağızadənin "Köpək” filmi
kimi. Sənətin dəyişməyən yeganə qaydası sənətkarlıqdır. Zamanın tələblərinə
uyğun sənətkarlıq varsa, köhnə heç nə yoxdur”.
Görünür sosial sifariş yoxdur
Yazıçı Orxan Fikrətoğlu hesab edir ki, şairlərin bu janrda yazması üçün
istedadları çatmır: "Mən jurnalistikadan dərs deyəndə karikaturanın artıq Azərbaycan
mediasından çıxmasına çox təəssüfləndiyimi bildirirdim. O cümlədən, təmsil
janrının ədəbiyyatdan uzaq düşməsinə də eynilə təəssüflənirəm. Krılovdan üzü bəri
Seyid Əzim Şirvani, Qasım bəy Zakirin gözəl təmsilləri var. Təmsil Azərbaycan
düşüncəsində oturuşmuş bir janr idi. O cümlədən, Hikmət Ziya, Fikrət Sadıq gözəl
təmsillər yazıb. Təəssüf ki, artıq bu janrda yazılmır». Yazıçı hesab edir ki,
oxucu zövqü və ədəbi fazası, intellekti o qədər daralıb ki, onlara təqdim
olunan ancaq tərcümədir: "İndi dəyəri olmayan ədəbiyyat zövqsüzlüyü elə formalaşdırıb ki, bəlkə də
heç oxucuya təmsil artıq maraqlı deyil. Yəni sifariş də yoxdur. Təbii ki, ədəbiyyat
sifarişli olmamalıdır. Amma sosial sifariş olmadan heç nə gündəmə gəlmir.
Krılov rus gerçəkliyində təmsili model olaraq ortaya qoyanda cəmiyyət tərəfindən
sosial sifariş var idi. Görünür, bu gün sosial sifariº yoxdur. Çünki artıq ədəbiyyat
o qədər alleqarik reallıqdadır ki, istedadsız insanlar yazıçı kimi qəbul
olunur. İstedadlı yazıçılar ümumiyyətlə, anlaşılmır və ədəbiyyatçı sayılmır.
Meyarlar itdiyi üçün təmsil də gündəmdə deyil”.