• cümə, 29 Mart, 10:25
  • Baku Bakı 5°C

Ha indi bu da Şəkinin kinoteatrı - Fotolar

03.10.18 10:45 8797
Ha indi bu da Şəkinin kinoteatrı - Fotolar
Hər bir xalqın mədəniyyəti onun dünyadakı vizit-kartıdır deyirlər. Bir dövləti dünyaya tanıtmaq üçün mədəniyyətin rolu misilsizdir. Bu məsələdə kinonun da üzərinə böyük yük düşür. Sevindiricidir ki, bu gün paytaxtda fəaliyyət göstərən kinoteatrlarımızda yerli filmlər əcnəbi filmlərlə rəqabətə girir, hətta qalib də gəlirlər. Bu, məsələnin ən sevindirici tərəfidir. Kinoteatrlarımız tamaşaçı qıtlığı çəkmir, əksinə, kommersiya filmləri nümayiş etdirməklə tamaşaçı toplamağa çalışırlar. Bu isə. ən azından, tamaşaçıda kinoteatr mədəniyyəti formalaşdırır.
Yadımdadır, anam gəncliyini xatırlayarkən deyirdi ki, axşamlar sizləri də götürüb kinoteatra gedir, yeni gələn hind filmlərini izləyirdik. Bu gün o ənənə bərpa olunmağa başlayır. Artıq biz o hind filmlərinə deyil, yerli istehsal olan filmlərimizə baxırıq. Amma və lakin bu gün bölgələrimizdə yaşayan vətəndaşlarımız kinoteatr mədəniyyətindən uzaq düşüblər. Bölgələrdə yaşayan gənclərdə bu mədəniyyəti formalaşdıracaq kinoteatrlarımız fəaliyyətini dayandırıb. Əslində, kinoteatrların binası var, amma içində göstərməyə nə kino, nə də şəraiti var. Xüsusən də bu gün turistlərin Azərbaycanın dilbər guşələrinə axın etdiyi vaxtda kinoteatrların baxımsız qalmış binaları xoşagəlməz təəssürat yaradır. Bəzən də tarixi kinoteatrlarımızın yerini şadlıq sarayları, yeni binalar, otellər tutur. Tarix gözümüzün qabağında yox olub gedir. Halbuki, paytaxt kinoteatrları kimi, onlar da tamaşaçı toplaya, burada işçi qüvvəsi yığa, eyni zamanda bölgədə yaşayan vətəndaşlarda kino mədəniyyəti formalaşdıra bilərlər.
Şəki Azərbaycana gələn turistlərin çox seçdiyi bölgələrdən biridir. Möhtəşəm mənzərəsi, müasir otellər, Şəki halvası buraya böyük turist axını cəlb edir. Ancaq Şəkidə gördüyümüz bir mənzərə, doğrusu, bizi çox məyus etdi. Şəhərin mərkəzində 10 ildən artıqdır ki, fəaliyyətini dayandırmış Mirzə Fətəli Axundov adına kinoteatrın binası dağılmaqdadır.
Bir zamanlar əsil istirahət mərkəzi idi

Şəhərin mərkəzi küçələrindən biri olan və dörd tərəfi otellərlə əhatələnən bu məkanda istirahət edən 70 yaşlı İbrahim dayı ilə söhbət etməyə başladıq. Şəkidə doğulan, bütün ömrü məhz burada keçən İbrahim bəy bildirdi ki, bura artıq kinoteatr deyil: "Bura istifadə olunmur. 10 ildən artıqdır ki, yararsız vəziyyətdədir. Televiziyalardan izlədiyimiz qədəri ilə, görürük ki, Bakıda kinoteatrlarda filmlər göstərilir. Ancaq təqribən 1958-ci ildə tikilən bu bina yararsız haldadır. Cavanlıqda istirahət üçün üz tutduğumuz bu məkan çaylaq daşları ilə əhatələnib. Əvvəllər bu kinoteatrda hind, türk kinoları göstərirdilər. Biz "Zita və Gita”, "Avara” kimi tanınmış hind kinolarına məhz burada baxmışıq. Bundan başqa, Şəkiyə səyyah kinolar gəlirdi”.

İbrahim dayının həmsöhbəti 64 yaşlı Məhəmməd Aydın deyir ki, bu kinoteatrla bağlı hansısa tədbirin görüləcəyi söylənilir: "Buranı müasir kinoteatr kimi istifadə etmək mümkündür. Amma daha çox otellərə diqqət edirlər. Bura mərkəz hesab olunur. "Kinoteatrın qabağı” deyəndə, buranı nəzərdə tuturlar. Əvvəllər ailəmizi də götürüb bura gəzməyə gələrdik, çünki bura mərkəz idi. Kinoteatrın qarşısı mərkəz olaraq bura bilinirdi. Şəkidəki bayramlar, kütləvi tədbirlər məhz burada keçirilirdi. Bu gün isə bu kinoteatr bir mədəniyyət mərkəzi olaraq işləmir”.

Qarşısında milli dramaturgiyamızın əsasını qoyan Mirzə Fətəli Axundovun büstü qoyulmuş kinoteatr indi ömrünün ən son günlərini yaşayır. Binanın çardağı çöküb, dörd tərəfi baxımsız haldadır. Vaxtilə mədəniyyət mərkəzi olan kinoteatr dağılıb gedir. Şəkinin yerli sakinləri söhbət zamanı qeyd etdilər ki, binanın baxımsız vəziyyətdə qalmasının, təmir olunmamağının səbəbi bu məkanın iş adamlarına satılması və onun yerində otel və ya biznes mərkəzinin tikiləcəyidir.
Hazırda kinoteatrın ərazisi təyinatı üzrə istifadə edilmir və binanın qarşısı maşın dayanacağı funksiyasını daşıyır.

Kinoteatr artıq satılıb

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Elşad Əliyevlə əlaqə saxladıq. Müsahibimiz məsələdən xəbərdar olduqdan sonra bildirdi ki, bölgələrdə fəaliyyət göstərən kinoteatrlar Mədəniyyət Nazirliyinin balansında deyil: "Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2016-cı il tarixli 1003 nömrəli fərmanının 4.2 bəndinə əsasən, Bakıda və rayonlarda yerləşən bütün dövlət kinoteatrları, o cümlədən Şəkidə yerləşən kinoteatr özəlləşdirilməyə açılıb. Mədəniyyət Nazirliyinin balansında yalnız "Nizami” Kino Mərkəzi var. Kinoteatrlarla bağlı mütəmadi olaraq bizə müraciət edirlər. Ancaq artıq biz onlara cavabdeh deyilik. Bölgə kinoteatrları Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə məxsusdur. Hazırda həmin kinoteatrın özəlləşdirilib-özəlləşdirilməməyi ilə bağlı hər hansı məlumatımız yoxdur. Onun indiki vəziyyətindən xəbərsizik. Bundan sonra o kinoteatrın taleyi – söküləcəkmi, yoxsa yerində binamı tikiləcək - bu barədə heç bir məlumat verə bilmərik”.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilovla əlaqə saxladıq. O bildirdi ki, Şəkidə fəaliyyət göstərən kinoteatr artıq özəlləşdirilib: "Bundan sonra o binanın kinoteatr olaraq istifadə edilib-edilməyəcəyindən xəbərsizik. Sizə ancaq onu deyə bilərik ki, həmin bina artıq özəlləşdirilib”.

Şəki Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov mövzu ilə bağlı sualımıza cavab olaraq bildirdi ki, hazırda həmin kinoteatrın ərazisi özəl mülkiyyətdir: "Bizə verilən məlumata əsasən, orada yaxın zaman çərçivəsində mədəniyyət sahəsini əhatə edəcək bir layihənin həyata keçirilməsi nəzərə tutulur”.

Şəki Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi Yusif Məmmədov isə bildirdi ki, kinoteatr məsələsi ilə bağlı böyük layihələr gözlənilir: "Şəkidə ASAN xidmət mərkəzi tikilir, orada kinoteatr xidmət göstərəcək. Hətta cənab prezidentimizin də bu açılışa gələcəyi gözlənilir. Orada böyük bir kinozal olacaq. Axundov kinoteatrı ilə bağlı da layihələr gözlənilir”.

"O kinoteatrı 10 il qoruyub saxlayıblarsa, bunun özü böyük nailiyyətdir”

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas bizimlə söhbətində Azərbaycanda əvvəlki kinoteatrların mövcud olmamağından gileyləndi: "İndi heç əvvəlki kinoteatrlar da yoxdur. Paytaxtda fəaliyyət göstərən bir-iki "moll”arımız var ki, onlarda müasir kinoteatrlar fəaliyyət göstərir. Əvvəllər "Araz”, "Dostluq”, "Şəfəq”, "Nərimanov”, "Gənclik”, "Vətən”, "Tələbə”, "Sevil” və bir çox adlarını unutduğum kinoteatrlar fəaliyyət göstərirdi. Bunlarla bərabər, bölgələrimizdə yay kinoteatrları da təşkil olunurdu. İndi o binaların hamısı satılıb, yerində çoxmərtəbəli binalar tikilib. İndi heç kimə kinoteatr lazım deyil. Bölgələrdə Sovet dövründən qalma kinoteatr binalarını alıb, yerində şadlıq evləri tikiblər”.
A.Abbas qeyd etdi ki, Şəkidəki kinoteatrı 10 il qoruyub saxlayıblarsa, bunun özü böyük nailiyyətdir: "Nəinki paytaxtda, bölgələrdə belə hündür binalar, oteller tikilir. Belə bir dövrdə 10 ildir o bina qalıbsa, Şəkinin icra başçısına mükafat düşür. Hələ o dağıdılmayıbsa, biz buna şükür etməliyik. Kinoteatrları indi xaricilər açır və bizim məmləkət üzərindən saysız pullar qazanırlar. Onlar bizim filmləri göstərmirlər. Kassaya hesablanan filmlər göstərirlər. Şəkidəki bu teatrı kim təmir etdirib, yenidən kinoteatr kimi istifadəyə verəcək? O kinoteatrı yenidən istifadəyə verib pul qazanmaq da mümkündür. Kimsə o kinoteatrı təmir etdirib istifadəyə versə, ona bir qurban mən özüm kəsərəm. Bu saat orada turist qaynayır. Azərbaycanın tarixi, müasir filmlərini nümayiş etdirsələr, turistlər də gəlib o filmlərə baxarlar. Bilirəm, indi deyəcəksiniz ki, müasir dövrdür, kompyuter əsridir, hamı televizordan, internetdən baxır kinoya. Ancaq elə deyil, uzun müddətdir baxdığımız bir filmə gedin bir kinoteatrda baxın, orada tamam başqa effekt, tamam başqa bir kino görəcəksiniz. Filmdəki incəlikləri məhz kinoteatrda izləmək mümkündür. Bu baxımdan, "Nizami” Kino Mərkəzi mükəmməl kinoteatrdır”.

CinemaPlus kinoteatrlar şəbəkəsinin ictimai əlaqələr üzrə meneceri Nərmin Həsənova deyir ki, onların hazırda bölgələrlə bağlı layihələri var: "Hazırda Gəncə şəhərində 2 kinoteatrımız fəaliyyət göstərir. Ötən mövsüm 3 kinoteatr götürdük. Qubada, Mingəçevirdə və Masallıda kinoteatrları tamaşaçıların ixtiyarına verdik. Bu yaxınlarda Şəkidə də kinoteatr olacaq. Şəkidən başqa, ilin axırına qədər başqa bir regionda kinoteatr açılacaq. Növbəti illərdə isə bir çox bölgələrdə kinoteatrlar açmağı düşünürük. 2 il ərzində 6 kinoteatr açmaq fikrimiz var”.

Təbii ki, ölkəyə kinoteatrlar lazımdır. Özü də şadlıq evləri və ya restoranlarla müqayisədə daha çox lazımdır. Kinoteatrlar mədəni mühitin ən vacib komponentlərindən biridir. Zəngin tarixi mədəniyyəti olan müasir ölkəni bunsuz təsəvvür etmək mümkün deyil.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər