AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Göz yaşlarından doğan sənət

Göz yaşlarından doğan sənət

10 İyun 2020, 13:00 1012
İki növ insan vardır: hissləri ilə hərəkət edən və ağlı ilə hərəkət edən insan. Fikir vermisinizsə, heç vaxt bir insanda bu iki şey vəhdət təşkil etmir. Eyni zamanda, nə ağılla hərəkət edən insan hissləri ilə hərəkət edən insandan üstün, nə də hissləri ilə hərəkət edən insan ağılla hərəkət edəndən üstün olur. Birinin əskikliyi hər zaman hiss olunur. Nəzərinizə çatdırım ki, ədəbiyyatda da bu iki şey – ağıl və hiss bir cərəyanın içində bir-biri ilə vəhdət təşkil edə bilmədiyi üçün daim əskiklik hiss olunurdu. Bəli, ədəbiyyatda ağıldan da, hisslərdən də yaranan cərəyanlar var. Hissləri ilə qərar verən insanlara çox vaxt "sentimental ruhlu insan” deyirlər. Bəs yaxşı, görək, ədəbiyyatda sentimentalizm nədir? Bu məqaləmdə sizə "hisslərdən doğan sənət”dən, yəni ədəbiyyatda sentimentalizmdən danışacağam. Məqalənin sonunda hər birinizin özünüzə "görəsən, mən sentimental insanam?” sualını verəcəyinizə inanıram.
 
XVII əsrin ortalarında Qərb ölkələrində, xüsusən Fransada klassisizm ədəbi cərəyanı ömrünü başa vurmağa məcbur oldu. Onu sentimentalizm ədəbi cərəyanı əvəz etməyə başladı. Klassisizm əsaslandığı mütləqiyyəti yıxan burjuaziya zadəganlara qarşı mübarizə aparır, orta təbəqələrə isə səmimi, xeyirxah münasibət bəsləyirdi.
XVII əsrin 50-60-cı illərində İngiltərədə yaranmış, sonradan Fransaya keçmiş, sentimentalizmin təşəkkül tapmasında  bu dəyişiklik əsas səbəb olmuşdur.
 
Sentimentalizm – sentimen sözündən törəmədir və bu sözü ilk dəfə ingilis ədibi Stern "Sentimental səyahət” əsərində işlətmişdir. Onun "Tristan Şildi”, Riçardsonun "Ramela”, Russonun "Yeni Elza”, Karamzinin "Zavallı Liza” əsərləri də sentimentalizmin kamil nümunələrindəndir.
Artıq bu vaxtlardan etibarən sentimentalizm klassizmə qarşı durub onun əsas prinsiplərini, estetik tələblərini rədd etməyə başladı..
 
Sentimentalizm formalaşdığı vaxtdan keçmiş ədəbi cərəyanın əsas mövzularını, qəhrəmanlarını dəyişməyə başladı. Mövzular adiləşdi, qeyri-adilikdən uzaqlaşdı. Əsərlərin qəhrəmanları öz sadə dilində, öz təbiətlərinə uyğun dildə danışmağa başladılar. Yazıçılar zərif danışıq dili axtarmağa ehtiyac duymadılar. Artıq krallar, əsilzadələr bədii əsərlərin mövzusu kimi dəbdən düşür, zadəganların kobudluğu, aşağı təbəqəyə pis münasibəti tənqid olunmağa başladı.
 
Sentimentalistlər kəndi, kənd həyatını, kəndliləri, onların yaşayış tərzini bəyənir, kiçik sexlər dövrünü idealizə edirdilər. Onlar şəhərlərin böyüməsini dəhşətlə qarşılayır və bu inkişafın qabaqcıl və mütərəqqi cəhdlərini görə bilmirdilər. Sentimentalistlər insan zəkasına, onun gücünə inam gətirə bilmirdilər.
"Fövqadəlik əvəzinə sadəlik, ehtirasların toqquşması əvəzinə yoxsul təbəqənin gündəlik həyəcanları, qəhrəmanın düşdüyü mühitin ətraflı təsviri, müxtəlif ölkələrin uzaq keçmişindən götürülmüş tarixi şəxsiyyətlərin faciəsi əvəzinə insanın müasir cəmiyyətdəki taleyi və.s klassisizmin qanun-qaydalarını, üç vəhdət prinsiplərini tari-mar edirdi...
 
Faciə və komediya janrlarındakı melodramlar, epik növdə gündəlik, məktub şəklində yazılmış povest, roman janrı və səyahətnamələr daha əlverişli görünürdü.
Bu janrlara müraciətin səbəbləri var idi. Çünki bunlarda verilən konfliktlərdə gərgin dramatizm olmurdu. Sentimentalistlər əsərlərində hiss-həyəcanın təsvirinə əsas yer verirdilər. Həm də onlar oxucuları həyəcanlandırmaq, hisslərinə təsir göstərmək məqsədi güdürdülər.
 
Bir də bunu xatırladaq ki, sentimental yazıçıların qəhrəmanları cəmiyyətin orta və aşağı təbəqəsindən götürüldüyü üçün onların dili özlərinin səviyyəsinə uyğun verilirdi. Dili sadə və aydın idi. Yeni forma, janr tələbləri təsadüfi deyil, hiss-həyəcanın qüvvətli təzahürünə yol açması ilə bağlı olmuşdur. Məktub, gündəlik, xatirə və s. onu yazanın fərdi aləmini, gizli bədii aləmini ifadə etmək üçün daha əlverişli idi. Deyək ki, sentimentalizmin bu xüsusiyyəti bütün Qərb ölkələrinin ədəbiyyatında olsa da, onun ideya istiqaməti eyni olmamışdır.
 
XIII əsrin II yarısında ingilis ədəbiyyatında burjuaziya ilə dvoryanlar arasında ziddiyyət gərgin olmadığına görə Riçardson, Stern və başqalarının əsərlərində sosioloji yox, əxlaqi məsələlərə əsas yer də verilmişdir. Nəzəriyyəçi alimlərin əksər bir qismi məhz bunu qəbul etmişlər ki, İngilis sentimentalistləri öz əsərlərində nəsihətə üstünlük veriblər. Onlar məsləhət bilirdilər ki, dvoryanlar heç də aşağı təbəqənin nümayəndələrinin qəlbinə dəyməsin, onları məhv etməsin, onlar yüksək mənəvi ləyaqətə, təmiz qəlbə malikdirlər, qarşılıqlı məhəbbətə layiq insanlardırlar. Burada sentimentalizm ilə bağlı bir neçə məsələdən də söhbət açmaq lazım gəlir.
Birincisi budur ki, ingilis sentimentalizmdə barışdırıcılıq mövqeyidir. Məsələn, Fransa sentimentalizmi dvoryanlığa qarşı barışmaz mövqedə durduğu halda, ingilis sentimentalizmində barışdırıcılıq, başqa sözlə liberalizm özünü göstərirdi.
 
İngilis sentimentalizmi öz inkişafının ilk mərhələsində bir qədər seçilən xüsusiyyətlərə malik olmamış, lakin yaranmasına təkan vermişdir. İngilis sentimentalizmi öz inkişafında müxtəlif mərhələlərdən keçibdir. Onun həm ilk, həm də yetkin mərhələsinin nümayəndələri olmuşdur. Ceyms Tomson, Eduarf  Yunq, Tomas Qreyn ilk mərhələyə mənsub olan şairlərdir.
Bilirəm, hər kəsin ağlında sual yaranır ki, "bəs Azərbaycan ədəbiyyatında sentimentalizm?”
 
Azərbaycan ədəbiyyatında sentimentalizm bir ədəbi cərəyan kimi tam formalaşmasa da, bu cərəyanın yaradıcılıq prinsiplərini, bu və ya başqa dərəcədə, özündə əks etdirən əsərlər də olmuşdur. Buna nümunə olaraq C.Cabbarlının "Solğun çiçəklər” pyesini, A.Şaiqin yarımçıq qalmış "Vicdan və əzab” romanını, xüsusilə A.Divanoğlunun sentimentalizm üslubuna xas olan bədii xüsusiyyətləri özündə əks etdirən "Can yanğısı” povestini misal göstərmək olar. Doğrudur, "Solğun çiçəklər” uzun müddət ədəbiyyatşünaslıqda romantizm ilə realizm arasında dayanan bir əsər kimi təhlil olunmuşdur. Ancaq C.Cabbarlı ədəbi irsinin ən yaxşı tədqiqatçılarından olan akademik Məmməd Arif  məsələyə daha dəqiq elmi mövqedən yanaşaraq bu əsərdə "melodramatizm və sentimentalizm ünsürlərinin” olduğunu da etiraf etmişdir.
Sentimentalizm cərəyanının necə maraqlı bir cərəyan olduğunu göstərmək, eyni zamanda sizlərə daha da aydın olması üçün içərisində sentimentalizm ünsürləri olan oxuduğum üç əsər haqqında şəxsi təhlilimi bölüşürəm.
 
Nikolay Mixaloviç Karamzin – "Zavallı Liza”
 
"Zavallı Liza” – bu povesti sentimentalizm cərəyanına nümunə olaraq oxudum. Əsəri çox bəyəndim. Hətta düşünürəm ki, bu povestdə daha da incəliklərə gedilsə, hadisələr daha da açılsa, möhtəşəm bir roman çıxardı. Povest olmasına baxmayaraq, insanı tez bir zamanda özünə bağlayır və təsir edir. Bunu niyə deyirəm, çünki çox vaxt belə 20-23 səhifəlik povest və hekayələr insanı tam özünə bağlaya bilmir, sanki əsərin içinə girə bilmirsən, ya da elə əsərə bağlananda əsər bitir. Burda isə çox fərqli idi. Artıq 3-cü səhifədən insanı özünə çəkir və sən bir romanda olduğu kimi əsəri, obrazları həyatının bir parçası kimi hiss edirsən. Onu da qeyd edim ki, əsəri oxuyanda sanki indiki dövrdə yazılıbmış hissini verir. Düzdür, Lizanın hissləri indiki dövrə görə çox saf görünsə də Erast heç də indiki dövr oğlanlarından fərqlənmir. Ən qəribəsi isə, yazıçı obrazları o qədər incəliklə təsvir edib ki, oxuyanda obrazlar sizə absurd gəlməyəcək. Yəni, sentimental əsər olmasına baxmayaraq, obrazlar bizə həddindən artıq saf, qəddar, hadisələr reallıqdan uzaq görünmür. Əksinə, çox realdır. Məsələn, mən əsəri bitirdikdən sonra Erasta "pis insandır” və ya əsərdə "mənfi obrazdır” deyə bilmədim. Bunun səbəbini mən yazıçının ustalığında görürəm. Məncə, oxucunun nə mənfi, nə də müsbət deyə bilməyəcəyi bir obraz yarada bilmək böyük məharətdir. Liza obrazına gəldikdə isə, düşünürəm, Lizanın zavallı olmasında günahkar 20 faiz Erastdırsa, 60 faiz özü, 20 faiz də anasıdır.
 
Ən çox təsir edən isə, Erast nə qədər öz kefini düşünən biri olsa da, Lizanın ona qarşı olan o saf hisslərini hiss edə bilir və Lizaya qarşı, əslində, mərhəmət hissi duyur. Əslində, Erastın da hissləri Liza qədər saf idi. Fikrimcə, bu saf sevginin məhv olmasının səbəbi saf hisslərin ani olaraq ağlın çətinliklə idarə edə bildiyi hisslərlə əvəz olunması oldu. Erast Lizadan uzaqlaşaraq, əslində, Lizaya yaxşılıq etmək istəmişdi. Onu öz saf olmayan hisslərinə qurban vermək əvəzinə ondan uzaqlaşmışdı. Heyf ki, Lizanın hisləri o dərəcə saf və sadiq idi ki, bu hisslərə özünü qurban verdi.
Bəlkə də, əsər sentimental olmasa idi tamamilə başqa cür olardı, sonluq da, süjet xətti də. Lakin əsərin bizə bu qədər təsir etməsinin səbəbi də elə sentimental olmasıdır.
 
Abdulla Bəy Divanoğlu – "Can yanğısı”
 
Bir qadın düşünün, adı Ruqiyyə. Sevdiyi insanı ilahi məhəbbətlə sevən, "hara istəyirsənsə, məni özünlə apar… nə desən razıyam, nə dərəcədə zəhmətlərə buyursan, düçar olmağa hazıram. Bu gündən sonra Ruqiyyə sənə pərvanədir, yandır, yax, qovur, hər nə bəlalar, hər nə xətalar olsa, hər nə əziyyətlər olsa, boynuma alıb sənin uğrunda durmuşam” deyən bir qadın. İndi isə bir kişi düşünün, adı Əhməddir. Qarşısında sədaqət andı içən, gözəl, pak, dağ çiçəyi kimi zərif, kövrək Ruqiyyəyə xəyanət edən bir kişi.
 
Ruqiyyə də öz məhəbbətinin qurbanına çevrildi. Əhməd Ruqiyyəni ilk görəndə keçirdiyi heyranlıq, məhəbbət hissini içindəki kin və təkəbbürlə əvəz etdi. Ruqiyyə Əhmədin vətən sevgisinə görə öz vətənindən, hətta ailəsindən keçir. Əhməd isə Ruqiyyənin bu sevgisini sanki göylərdən alıb yerə çırpır. Ruqiyyə Əhmədin gözü qarşısında adi bir üzüntüsünə dözə bilməyib onunla hər şeyə razı oldu. Bəs qarşılığında Əhməd nə etdi? Gözlərinin önündə günü-gündən şam kimi əriyən Ruqiyyəyə hələ bir şillə də vurdu. Əhməd kimsəsiz, evsiz, işsiz bir qaçqın olanda ona evini açan, qızını verən Ruqiyyənin ailəsinə qarşılığında Ruqiyyəyə toyuq damını layiq bildi. Əhmədin son peşmançılığı isə bunların heç birini əvəz etmirdi. Çünki Əhməd silahsız bir qatil idi. Bir insanı öldürmək üçün əlini qana bulamağa ehtiyac yoxdur, bir insanın ölməsi üçün də cisminə ehtiyac yoxdur. Əhməd Ruqiyyənin əzablı gözyaşlarına "yaz yağışı” dediyi gün, Ruqiyyə Əhməd xoşbəxt olsun deyə yalandan gülməyə çalışaraq boynuna atılanda Əhmədin ona şillə vurduğu gün ölmüşdü.
 
Cəfər Cabbarlı – "Solğun çiçəklər”
 
Əfsuslar olsun ki, oxuduğum sentimental əsərlərdə məhəbbətinin qurbanı olanlar qadınlar olur. Təəssüf ki, yenə bir qadın düşünürük. Adı Saradır. Mələk təbiətli, Bəhramı ülvi bir məhəbbətlə sevən, atasından qalan var-dövləti onun adına keçirmiş, bütün təhqirlərə, əzab-əziyyətlərə baxmayaraq, son nəfəsinə qədər əhdinə, ilqarına sadiq qalan Sara. Bəs yaxşı, Bəhram nə etdi? Saranın saf sevgisini Saranın ögey bacısının var-dövlət vədinə, şirin dilinə dəyişdi. Halbuki Saranın ögey bacısı Bəhrama eşqini etiraf edəndə Bəhram demişdi: "çəkil! Uzaqlaş məndən! Bir dəfə sənə dedim ki, günbədi-səmavil təzəlzül edib kürreyi-ərz toqquşsa da, yalın qılınclar quru sümüklərimə çarpıb iniltisi dağlarda əks-səda olsa da bütün dünya qaranlıq bir məzarstana dönüb  bəşəriyyət məhv olaraq yer üzündə bir sən və bir də mən qalsam da, yenə saranın qəbrini qucaqlayıb orada ölərəm. Amma öz bacısının məhəbbətinə xəyanət edən bir qızı almaram...” təəssüf ki, Bəhramın dedikləri ilə etdikləri eyni olmadı. Sara göz yaşları içərisində günlərlə əzab çəkdi. Bəhram Saraya bir açıqlama verməyə tənəzzül belə etmədi. Saranın eşqi o qədər böyük idi ki, üsyan etmədi. Bəli, əsas sentimental ünsür də elə Saranın üsyan etmədən, mübarizə aparmadan gözyaşları içərisində əriyib getməsi idi. Saranın sadiq sevgisinin qarşılığı köhnə bir koma oldu. Bəhram isə vicdan əzabı ilə qıvrılırdı: "Vicdan! Vicdan! Ox, Vicdan! Vicdan! Pələngi-biaman! Vəhşiyi-canistan! Ox, fəlakətlər təcəssüm edib, nizələr kimi insanın gözünə batsa da, ildırımlar hiddətlənib, şrapnellər kimi insanın vicdanına hücum etsə də, səmalar tənəzzül edib, bombalar kimi insanın başında gur-gur partlasa da, yaralı vicdanın xəfif iniltisi qədər insanı narahat etməzlər. Ah, vicdan! Həya! O, biinsaf vəhşi pələnglər kimi insanı qəlbində daim çırpınır. İti dırnaqları ilə ürək hövzəsindən tutub damarların nəhayətinə qədər ovum-ovum didir, parçalayır, gah uca dağlarda olan vulkanlar kimi partlar, yanar, yandırar, gah anasız yetimlər kimi için-için ağlar, ağladar, ağladar, gah səhralarda tömə axtaran aslanlar kimi nərə çəkib, dırnaqlarını şaqqıldadar, gah çeşmələr kənarına düşmüş yaralı ahular kimi mini-mini inildər, inildər, gah səmalarda uçan qartallar kimi insanın mövcudiyyətini sarsıdacaq qədər hiddətlənər, gah qəfəslərdəki bülbüllər kimi zar-zar zarıldar, gah dəryalar kimi təlatüm edib, insanın vücudunu lərzədar edər, gah məzarıstanlar kimi bir sayeyi-küdurət və vəhşət olub nəzərə çarpar.”.
 
İnanıram ki, bu üç əsərin təhlilindən sentimentalizm sizə daha da aydın oldu. Bir cərəyan ki, ümumiləşdirilmiş obrazlar vasitəsilə bizim daxili aləmimizi açıb bizə göstərir, hisslərimizə təsir edir onu necə sevməyək axı.
 
Aytac Aslanova