• cümə, 29 Mart, 12:56
  • Baku Bakı 14°C

Göydələnə qalxaq, amma rahat və təhlükəsiz

06.11.19 10:30 1191
Göydələnə qalxaq, amma rahat və təhlükəsiz
Ekspert deyir ki, liflərin dəyişdirilməsi ilə bağlı səmərəsiz xərclərin qarşısını almaq üçün hərtərəfli araşdırma aparılmalıdır
"Lift təsərrüfatı tam yenilənməlidir və onların istismarı ilə bağlı təkliflər verilməlidir”. Bunu Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən deyib. Dövlət başçısı bildirib: "Biz bilirik ki, bir çox binalarda, bloklarda vəziyyət ürəkaçan deyil, lift təsərrüfatı köhnəlib. Evlərarası həyətlər bəzi hallarda zəbt olunur və ictimai istifadə üçün yerlər yoxa çıxır. Ona görə, nümunəvi həyətlərin qurulması çox böyük məna daşıyır. Biz bu sahəyə kompleks şəkildə yanaşmalıyıq. Əlbəttə ki, həyətlər, ilk növbədə, vətəndaşlar üçün rahat, işıqlı olmalıdır, təhlükəsizlik baxımından tədbirlər görülməlidir. Bir çox inkişaf etmiş ölkələrin şəhərlərində həyətlərdə təhlükəsizlik kameraları qoyulur. İndi Bakı şəhərində bir çox yerlərdə təhlükəsizlik kameraları qoyulub və bu kameralar cinayətlərin aşkar edilməsi və cinayətkarları məsuliyyətə cəlb etmək üçün böyük rol oynayır. Hesab edirəm, həyətlərdə də təhlükəsizlik kameraları qoyulmalıdır ki, təhlükəsizlik tədbirləri daha yüksək səviyyədə təmin olunsun. Lift təsərrüfatı da həmçinin. Bir neçə il bundan əvvəl yenə də mənim Sərəncamımla bir çox binaların lift təsərrüfatı yeniləndi. Ancaq təəssüflər olsun ki, istismar dövründə liftlər sıradan çıxır. Ona görə, lift təsərrüfatı tam yenilənməlidir və onların istismarı ilə bağlı təkliflər verilməlidir. Ümumiyyətlə, biz indi nümunəvi həyətlər yaradırıq. Ancaq əgər bu həyətlər normal vəziyyətdə saxlanmazsa, əgər daim diqqət olmazsa, orada qurulan bütün işlər bir il, iki il, beş ildən sonra sıradan çıxacaq. Ona görə, siz fikirləşin, təkliflər verin, necə edək ki, yaradılmış yeni infrastruktur, o cümlədən abadlıqla bağlı işlər daim nəzarətdə olsun və təmirə ehtiyacı olan obyektlər vaxtaşırı təmir edilsin".
Təəssüf ki, lift problemi ölkəmizdə aktual olan mövzulardan biridir. Belə ki, paytaxtda köhnə binaların əksəriyyətində lift sistemi yararsız vəziyyətdədir. Demək olar ki, mütəmadi olaraq insanların liftdə qalması, bəzən isə lift kanatının qırılması, sakinlərin liftin şaxtasına düşməsi haqqında xəbərlər eşidirik. Prezident İlham Əliyev bu ilin fevralında Azərbaycanın 12 şəhər və rayonunda 237 çoxmənzilli binanın lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə 40 milyon manat vəsaitin ayrılması üçün sərəncam imzalayıb. Lakin bu sahədə vəziyyət hələ də istənilən səviyyədə deyil. Açıqlanan statistik rəqəmlərə əsasən, 2019-cu il aprel ayının əvvəlinə olan məlumatlara görə, respublika üzrə 20129, Bakı şəhəri üzrə 17472 lift istismardadır. İstehsalçı zavod tərəfindən müəyyən edilən 25 illik istismar müddətini bitirən liftlərin sayı respublika üzrə 4419, Bakı üzrə 4194 ədəddir. Liftlərin respublika üzrə 614 ədədi, Bakı üzrə isə 5305 ədədi yerli icra hakimiyyətlərinin balansındadır. Bunlardan da istehsalçı zavod tərəfindən təyin olunmuş istismar müddətini keçənlərin sayı respublika üzrə 3230, Bakı üzrə isə 3102 ədəddir.
Qeyd edək ki, Sovetlər dövründə kooperativ yaşayış binalarında olan liftlərin sayı ölkə üzrə 983, Bakı üzrə 970-dir. Bu cür liftlərdən 981-i respublika üzrə, 968-i Bakı üzrə istismar müddətini tamamlayıb. Mənzil-tikinti kooperativlərinə aid yaşayış binalarında olan liftlərin sayı respublika üzrə 10876, Bakı üzrə isə 9896-dır. Yeni tikililərdəki liftlərdən yalnız Bakıda olan 10 ədədi istehsalçı zavod tərəfindən müəyyən edilmiş 25 il müddətini tamamlayıb. Dövlət müəssisə və digər təşkilatların balansında olan liftlərə gəldikdə isə respublika üzrə onların sayı 2096-dır, 208-i istismar müddətini başa vurub. Bakı şəhəri üzrə isə say 1301 ədəddir, onlardan 124-ü istismar müddətini tamamlayıb. Maraqlıdır, lift təsərrüfatını yenilənməsi problemin tam həllinə səbəb olacaqmı?
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynov bildirdi ki, yenilənmə işi ilk olaraq köhnə binalarda aparılmalıdır: "Lift təsərrüfatında yaşanan problemlər hər kəsə bəllidir. Liftlərin istismara yararsız vəziyyətdə olması səbəbindən dəfələrlə qəza hadisələri baş verib. Nəticədə bir çox şəxs ya istismara yararsız liftin qurbanı olub, ya da müəyyən dərəcədə zədə alıb. Bunun da səbəbi liftlərin köhnə və istismara yararsız vəziyyətdə olmasıdır. Məlumdur ki, lift təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı Prezident İlham Əliyev müəyyən məbləğdə vəsait ayırıb. Bunun üzərindən xeyli müddət keçsə də, lift təsərrüfatında vəziyyət dəyişməz olaraq qalır. Lift təsərrüfatının yenilənməsi məsələsinə iki aspektdən yanaşmaq lazımdır. Bakıda sovetlər dönəmindən qalmış və yeni tikili binalar var. Arxitekturada, şəhərsalmada müxtəlif tipli layihələr olduğuna görə, liftlərin də kommunikasiyası, yerləşdirilməsi üçün standartlar da fərqlidir. Düşünürəm ki, yenilənmə işi ilk olaraq köhnə binalarda edilməlidir. Çünki istismar müddətini başa vurmuş liftlər daha çox bu binalardadır. Amma ilk olaraq bu binaların statistikası aparılmalı və ortada dəqiq rəqəm olmalıdır. Bu isə əlavə, səmərəsiz xərclərin qarşısını almağa xidmət edəcək”.
Ekspertdən, yerli istehsalın bütün ölkəni liftlə təminetmə potensialını soruşduq: "Əslində, yerli istehsalın məhsullarını bir çox yeni tikili binalarda görürük. Əgər dövlət tərəfindən ciddi sifariş olarsa, niyə də təmin etmək mümkün olmasın? Amma səmimi olaraq deyim ki, yerli istehsalla, idxal edilən məhsul arasında keyfiyyət fərqi var. Məsələn, əksər hallarda yerli liftlərdə mərtəbələri göstərən rəqəmlərin tez sıradan çıxdığının şahidi oluruq. Ümumiyyətlə, lift kortəbii şəkildə alınmamalıdır. Bu istiqamətdə tender elan edilməli və ən ucuz, keyfiyyətli xidmət təklif edən şirkətlə əməkdaşlıq edilməlidir”.
Günel Azadə
banner

Oxşar Xəbərlər