şənbə, 13 Avqust, 19:49

Baku Bakı 33°C

Gürcüstan ciddi siyasi təlatümlə üz-üzə

icon 398 icon 02 iyul 2022 | 00:00 Gürcüstan ciddi siyasi təlatümlə üz-üzə

Avropadan üzvlüklə bağlı “gözlə” mesajını alan qonşu ölkədə siyasi gərginlik artıb. Müxalifət iqtidarı siyasi səriştəsizlikdə, Avropa dəyərlərindən imtina etməkdə ittiham edərək fasiləsiz aksiyalara başlamaq qərarı verib. Hakimiyyət isə Aİ-nin imtina qərarında müxalifətin günahkar olduğunu iddia edir.

Avropadan üzvlüklə bağlı “gözlə” qərarını alan Gürcüstanda siyasi gərginlik pik həddə yüksəlib. Qərar ölkədə hakimiyyətə qarşı etirazları gücləndirib, mitinqlərin sayı artıb. Müxalifət iqtidarı siyasi səriştəsizlikdə, Avropa dəyərlərindən imtina etməkdə ittiham etməkdədir. Brüsseldə keçirilən əsas sammitdə Aİ-nin 27 lideri Ukrayna və Moldovaya çoxdan gözlənilən bloka namizəd statusunu verib. Gürcüstan isə statusu almayıb. Yalnız “perspektivli ölkə” kimi göstərilib. Halbuki, 4 milyon əhalisi olan Gürcüstan özünü çoxdan Avropa dövləti hesab edir, baxmayaraq ki, onun coğrafi məsafəsi və Cənubi Qafqaz regionunda Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə ilə sərhəddə yerləşməsi kontinental mənsubiyyətlə bağlı suallar yaradır. Brüsselin qərarı məlum olduqdan sonra 60 minə yaxın nümayişçi Tbilisi küçələrinə çıxaraq məyus olduqlarını bildirib, Aİ-yə üzvlük tələbini irəli sürüb. Uğursuzluğa baxmayaraq, Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, ölkənin Avropa perspektivini tanımaq “tarixi addım”dır.

İkili standart, yoxsa...

Avropa Komissiyası bəyan edib ki, Gürcüstan bu statusu almaq üçün şərtləri yerinə yetirməlidir. Göründüyü kimi, uzun illərdir Avropaya inteqrasiya yolunda ciddi işlər görən, hətta buna görə sarsıdıcı zərbələr alan Gürcüstanı prosesdən kənarda saxlayıblar. Bəs görəsən, bu addımı növbəti dəfə ikili standart adlandırmaq olarmı? Prosesləri analiz edərkən bunun belə olduğu qənaətinə gəlmək mümkündür. Ölkənin belə duruma salınmasının səbəbi, sözsüz ki, Ukrayna müharibəsidir. Rəsmi Tbilisi ilk gündən bu müharibədə neytral mövqe tutub ki, bu da Qərbi qane etmir. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar faktiki olaraq təsirsizdir və bu da Avropanı narazı salır. Neft və qaz satışından daxil olan vəsaitlər günbəgün artır və Rusiya da Ukraynada geri çəkilənə oxşamır. Gürcüstan hakimiyyəti da bunları nəzərə alaraq Rusiya ilə münasibətləri gərginləşdirməyə getmir. Bu durum Qərbə xoş gəlmədiyindən Gürcüstana qarşı belə münasibət sərgilənir.

Vəziyyətdən yararlanmağa çalışan gürcü müxalifəti isə xalqı küçələrə çıxmağa çağırıb. Gürcüstan müxalifəti əmindir ki, ölkənin Avropaya yolunda ən böyük maneə “Gürcü Arzusu” partiyasının qurucusu, milyarder Bidzina İvanişvilidir.

Hakimiyyətə ultimatum nəticə verəcəkmi?

Müxalifət artıq ölkə rəhbərliyinə ultimatum təqdim edib və tələblərin yerinə yetirilməsi üçün bir həftə vaxt verib. Tələbnamədə deyilir ki, əgər İrakli Qaribaşvili başda olmaqla hökumət bir həftə ərzində istefa verməsə, müxalifət iyulun 3-dən Tbilisinin mərkəzində çadırlar quraraq fasiləsiz mitinqlərə başlayacaq. Müxalifət hakimiyyətdən “milli barışıq hökumətinin” təşkil edilməsini də tələb edir. “Sirtsxviliya” (Rüsvayçılıq) qeyri-hökumət təşkilatının lideri Şota Diqmelaşvili bu qənaətdədir ki, hakimiyyət “avrointerqrasiya prosesi”ni iflasa uğradıb və nəticədə Gürcüstana Aİ üzvlüyünə namizəd statusu verilməyib. Növbəti mitinqdə tələbin oliqarxların Gürcüstanın siyasi-ictimai həyatından kənalaşdırılması olacağı bildirilir. Müxalifət hesab edir ki, “milli barışıq hökumətinə” siyasətçilər yox, peşəkarlar daxil olmalı, bu texniki hökumət Aİ-nin bütün tələblərini icra etməli və ölkəni növbədənkənar parlament seçkisinə hazırlamalıdır.

“Satqınlar və düşmənlər”

Gərginlik o həddə çatıb ki, baş nazir İrakli Qaribaşvili ölkənin Aİ-yə namizəd statusu almamasına səbəb olan “satqınlar və düşmənlər”in olduğunu deyib, hətta onların adlarını da çəkib. Müxalifət Qaribaşvilinin Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsinin ləngiməsinin heç bir halda fəlakətli olmadığı barədə fikirlərinə də etiraz edir. Baş nazir bildirib ki, ölkə Aİ-dən onun Avropa istəklərinin puça çıxmayacağına dair rəsmi sənəd alıb. Müxalifətdəki Milli Hərəkatın tanınmış nümayəndəsi Xatiya Dekanoidze Qaribaşvilini “qul və qorxaq” adlandırıb. Qaribaşvili isə imtina cavabının alınmasında müxalifəti günahlandırıb: “Məhz sizin “səylərinizlə” biz Ukrayna və Moldovadan fərqli olaraq, müvəqqəti imtina aldıq. Parlamentin keçmiş spikeri David Bakradzenin Brüsselə necə getdiyini və bizə vizasız rejim verilməməsini xahiş etdiyini xatırlayıram. Mən müxalifət nümayəndəsi Georgi Kandelakinin Brüsseldə etdiyi iyrənc işlərdən danışmayacağam. Bu, hamıya məlumdur”.

Qaribaşvili Gürcüstanın Aİ və digər Avropa ölkələrindəki keçmiş səfiri, indi isə müxalifətdəki “Lelo” Partiyasının siyasi katibi olan Salome Samadaşvilini də sərt tənqid edib. Baş nazirin sözlərinə görə, Samadaşvili diplomat işləyərkən əldə etdiyi bütün əlaqələrdən istifadə edib və Gürcüstanın namizəd statusundan məhrum olması üçün səylər göstərib. “Burada, parlamentdə hələ də Brüsselə gedib ölkəmizə qarşı xəyanət edən insanlar var, avropalı tərəfdaşlar bu barədə mənə birbaşa deyirlər”, - deyə Qaribaşvili bildirib.

Gürcüstanın xaricdəki düşmənləri

Qaribaşvili daxili satqınlardan xarici düşmənlərə də keçib və ilk sırada Ukrayna Ali Radasında “Xalqın qulluqçusu” fraksiyasının lideri David Araxamiyanı göstərib. Baş nazir deyib ki, dediklərinə görə cavabdehdir və o, Araxamiyanın Gürcüstana namizəd statusunun verilməməsini tələb etdiyi barədə məlumatı Avropa və Amerika siyasətçilərindən alıb. Qaribaşvili deyib ki, Araxamiya avropalılara ultimatum verib, Gürcüstana böhtan atıb, onu Rusiya şirkətlərinə Qərbin sanksiyalarından yan keçməsinə kömək etməkdə ittiham edib.

Qaribaşvili Gürcüstanın Ukraynadakı münaqişədən uzaqlaşmasını status almamasının digər səbəbi adlandırıb. O, Gürcüstanın İraq, Əfqanıstan, Kosovo və Mərkəzi Afrika Respublikasına rekord sayda əsgər göndərdiyini xatırladıb. “35 nəfər beynəlxalq terrorizmlə mübarizədə dünya sülhü ideyası, NATO və Avropa İttifaqı ilə inteqrasiya uğrunda həlak olub. 500-ə yaxın əsgər ağır yaralanıb. Bu gün bizə birbaşa deyirlər ki, Ukrayna müharibə vəziyyətində olduğu üçün status alıb. Bəs bu gün bizdə müharibə olmadığına görə Gürcüstan cəzalandırılmalıdır?! Bunun mənası nədir?!" – Qaribaşvili fikrini tamamlayıb.

Azər NURİYEV