Güclənən mövqeyimizin növbəti təsdiqi

Azərbaycanın ictimai-siyasi həyatında “Avropa Siyasi Birliyi” ilə bağlı ən yadda qalan məqam təbii ki, 2022-ci ilin Praqa sammitidir. Tarixi qələbəmizdən sonra iki il ərzində aparılan sülh prosesində dönüş nöqtəsi məhz Praqa sammiti çərçivəsində aparılan danışıqlar zamanı qoyulub.
Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib. Builki Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edirlər.
Tədbirdə innovasiya, enerji və sənaye davamlılığına keçid yolu ilə rəqabətqabiliyyətli və iqtisadi təhlükəsizlik, miqrasiya, Avropanın yeni dünya kontekstində lider mövqe tutması kimi mövzular müzakirə olunub.
Qeyd edək ki, “Avropa Siyasi Birliyi” təhlükəsizlik, iqtisadi sabitlik və demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi və iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.
Suverenliyin tam bərpası prosesinin başlanğıcı
Azərbaycanın ictimai-siyasi həyatında “Avropa Siyasi Birliyi” ilə bağlı ən mühüm yadda qalan məqam təbii ki, 2022-ci ilin Praqa sammitidir. Tarixi qələbəmizdən sonra iki il ərzində aparılan sülh prosesində dönüş nöqtəsi məhz Praqa sammiti çərçivəsində Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı qoyulub. Praqa sammiti Azərbaycanın döyüş meydanındakı hərbi qələbəsinin nəticəsinin diplomatik və siyasi müstəvidə rəsmən təsdiqi idi. Xatırladaq ki, Praqada Prezident İlham Əliyev Fransa, Avropa İttifaqı və Ermənistanın Azərbaycana qarşı planını pozmaqla Emmanuel Makronla Paşinyanı ölkəmizin ərazi bütövlüyünü tanımağa və Alma-Ata deklarasiyasına istinad etməyə məcbur etdi. Təbii ki, Makron və Paşinyanın Azərbaycan ərazi bütövlüyünü tanıması öz xoşları ilə baş vermədi. Prezident İlham Əliyev çoxgedişli uğurlu kombinasiya quraraq onlara başqa çıxış yolu qoymadı.
Praqa sammitinin nəticələri
Dövlət başçısının diplomatik liderlik qabiliyyəti və qətiyyətli iradəsi ilə İrəvanın Qarabağı rəsmən Azərbaycan ərazisi kimi tanıması bölgəmizdə yaşanan bütün prosesləri köklü şəkildə dəyişdi. Xatırladaq ki, bu qərar zamanı hələ rus sülhməramlıları Azərbaycan ərazisində idi və separatçı rejim onların dəstəyi ilə varlığını sürdürməyə çalışırdı. Lakin Praqa sammitinin nəticələri Azərbaycanın suverenliyinin tam təmin edilməsinin bünövrəsini qoydu. Rusiyada Qarabağdan heç bir zaman çıxmayacaqlarını, hərbi mövcudluqlarını davam etdirəcəklərini iddia edən siyasilər və ermənipərəst şovinistlər Azərbaycanın ali rəhbərliyinin diplomatik qələbəsi qarşısında tam aciz bir vəziyyətə düşdülər. Nəticə isə bəllidir. Məhz həmin sənəd Qarabağdan müvəqqəti yeləsən rus sülhməramlılarının çıxarılmasını sürətləndirdi.
Çoxşaxəli xarici siyasət
Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi həm də ölkəmizin çoxşaxəli xarici siyasət kursunun daha müstəqil şəkildə həyata keçirilməsinə zəmin yaradıb. Bu gün Bakı həm Şərq, həm də Qərblə çoxistiqamətli, bərabərhüquqlu tərəfdaşlığa və ikitərəfli münasibətlərə malikdir. Eyni zamanda, Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələndirici körpü rolunu oynayır. Çinlə, Avropa İttifaqının bir çox aparıcı dövlətləri ilə strateji tərəfdaşlıq sənədlərinin imzalanması, Avropanın enerji təhlükəsizliyi və alternativ nəqliyyat dəhlizləri baxımdan Azərbaycana ehtiyacının artması Prezident İlham Əliyevin uzaqgörən siyasi gedişlərinin və uğurlu diplomatik kombinasiyalarının nəticəsidir.
“Bu gün bizimlə hesablaşmayan sabah peşman olur”
Dövlət başçısının “Avropa Siyasi Birliyi” də daxil olmaqla müxtəlif beynəlxalq platformalara ali qonaq qismində dəvət olunması, ölkəmizlə əməkdaşlığın genişləndirilməsinə maraq göstərən ölkələrin sayının durmadan artması Azərbaycanın beynəlxalq aləmdə orta və regional güc kimi tanınması, qəbul edilməsi deməkdir. Hazırda isə dünyada gedən proseslər və çoxqütblü dünya düzəninin formalaşmağa başladığı şəraitdə məhz orta güc dövlətlərinin mövqeləri, ümumi güc balansında rolu artmaqdadır. Bu, ölkəmizin müxtəlif mərkəzlər və münaqişədə olan dövlətlər arasında vasitəçilik missiyasına ev sahibliyi etməsində də özünü büruzə verir. Azərbaycanın artan əhəmiyyəti, nüfuzu, şərtləri ilə artıq hamı hesablaşır.
Prezident İlham Əliyevin mayın 10-da Ağdama səfəri zamanı vurğuladığı kimi: “Təsadüfi deyil ki, Azərbaycana dünyada olan münasibət, - hətta bizə düşmənçilik edən dairələr, qüvvələr, ölkələr bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır. Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur”.
Azad Əliyev
