Kamal Abdulla poeziyası bəzən çox sadə dildə, bəzən
də o qədər mürəkkəb olur ki, oxucu qatlar arasında itib-batır. Şair
düşüncəsinin fəth edə biləcəyi sonuncu sərhədlərdən gələn poetik işıq hərdən
göz qamaşdırır, hərdən də silah kimi adamın alnına dirənir. Bu poeziyanın alt
qatında həmişə xəyali bir obraz dayanır ki, biz ona "unudulmayan adam” və ya
bir az dərinə gedib "gəlməyən adam” deyə bilərik. Həmin gəlməyən adam müəllifin
bütün şeirlərini işğal etməyi bacarıb.
Və məncə, bütün şeirlərdə gözlənilir ki, gəlməyən adam gəlsin.
Kamal Abdullanın "Nar çiçəkləri” adlı şeirlər
kitabının elə ilk səhifəsini açırıq. "Alın yazısı hədər yazılmır” şeirində
gəlməyən adamın yolunu gözləyə-gözləyə xəzəlsiz bitən payızdan gileylənən
müəllif sonunda alın yazısı ilə razılaşır və gəlməyən adama "sənin allahın daha
gözəlmiş” deyib öz allahından şikayətlənir. Digər tərəfdən də "öz allahının”
varlığını təsdiqləyə bilməyəcək qədər gücsüz və köməksiz olduğunu göstərir.
"Unutmağa kimsə yox” şeirinin ilk bəndində müəllif yenə də alın yazısıyla
razılaşmaqdan başqa yol olmadığını qəbul edib yazır:
Mənə deyən gərək nə olub axı,
Nə çabalayırsan, söylə, nə xəbər?
Sən çətin tapasan axtardığını,
Sən axtardığını itirməyiblər.
Son
iki misrada müəllifin alın yazısına acığı tutur. İnsanın axtardığının niyə alın
yazısında olmadığına görə yüngülcə üsyan hissi keçirir.
Növbəti
üç bənddə müəllif ömrünü yuxu kimi yaşadığını, hardasa tələsdiyini düşünür və
ömrünü oynanılıb bitmiş oyun adlandırır. Son bənddə isə hisslərini daha çılpaq
göstərir:
Yollar getdi üzü dağa,
Yoxuşlar enişlərdən çox.
Kimsə yox xatırlamağa,
Unutmağa da kimsə yox.
Mənə
elə gəlir ki, "kimsə yox xatırlamağa” deyəndə
müəllif acı və şirin xatirələr içində itib-batdığını, "unutmağa da kimsə
yox” deyəndə isə ömrü boyu unuda bilməyəcəyini poetikanın faciəvi şəklində
verməyi bacarıb.
"Kim
dedi ki, simurq quşu var imiş” şeirində müəllif çəkilib bir kənarda dayanıb.
Artıq ürəyinin əzab yerini bilir. Gəlməyən adamın nə vaxtsa gəlib qaranəfəs
çatacağına və mat qalacağına əmindir. Nədənsə, ikinci bənddə müəllifin gəlməyən
adama da "acığı tutur”. "Hirslənir” ki, ümidlər göydən durna lələyi kimi nə
vaxtsa başımıza yağıb, ancaq biz bunun qədrini bilməmişik. Həmin şeirin son iki
misrası belədir:
Olacağın
olmağına nə var ki,
Bircə dənə
"olmayacaq” ver bizə.
Müəllif üzünü
gəlməyən adamdan küsmüşcəsinə yana çevirir və xısıldayır: qaytar o günləri,
qaytara bilsən...
Kamal
Abdullanın demək olar ki, bütün şeirlərində gəlməyən adam var. O adam həmişə
xatırlanır, qəti unudulmur. Çox maraqlıdır ki, gəlməyən adam gələ bilir, gedə
bilir, hətta danışa da bilir. Məsələn, "Bu görüş də bir qəribə nağıldır”
şeirində-
Mən deyirəm:
xoş gəlmisən dünyama,
Sən deyirsən: dumanınla, çəninlə...
misralarıyla müəllif
gəlməyən adamı gətirib danışdırır.
Gəlməyən adam obrazı Kamal
Abdullanın bütün portik düşüncələrini "zəbt edib”. Bəlkə də, gəlməyən adam onun
üçün yoxdur. Ancaq müəllif onu öz poeziyasında o qədər canlı və o qədər gözəl
təsvir edib ki, adama elə gəlir, onun poeziyası gəlməyən adamın sevgi
dastanıdır. Yəni bütün bunlar poetik düşüncənin alt qatında baş verən
həqiqətlərdir.
"Yol – 1” şeirində müəllif gəlməyən
adamın gəlib getmələri arasında özünü itirir və etiraf edir ki:
Biləmmədim
gəlir, gedir izlərin?
Biləmmədim
hansındasan yolların...
...Səni necə
gizlədir gözlərin,
Səni necə
qoruyur qolların...
Həmçinin bu bənddə
gəlməyən adama görə sonsuz narahatlıq hissi vardır.
"Gəldiyim yola” şeirində müəllif
"ulduz tozu kimi” qonduğu üzlərin və "nakam ümidlərin acığına” özü gəlməyən
adama getmək istəyir. Son bənddə isə hər kəsin bir gəlməyən adamı olduğunu və
hər kəsin gəlməyən adamına özünün getdiyini təsəlli bilir. Nə qədər ki, sağdır
elə gəldiyi yolla da gəlməyən adamına doğru iti addımlarla addımlamaq
fikrindədir.
Gəldiyim
yolla da qayıdacağam,
Yolun
başlanğıcı - yolun sonucu,
Mən
qayıtmalıyam, nə qədər sağam,
Mən nə birinciyəm, nə də sonuncu.
"Yaşa
bu dünyada”, "Nar çiçəkləri”, "Divar önünə” və başqa bir neçə şeirlərini
müəllif sanki gəlməyən adamın yanında yazır. Ona məsləhətlər verir, xatirələr
danışır, birlikdə arzular qururlar.
Yenidən
dünyaya gəlmək istəyib,
Səhvsiz
yaşamağı arzulayarıq.
Son dəfə
sakitcə ölmək istəyib.
Ölərik –
ayrılıb görrük ki, varıq.
"Büllur qab” şeirində müəllif
gəlməyən adamı gəlmədiyinə görə danlayır, ona uşaq kimi aldanıldığını, süni
olduğunu irad tutur. "Səninki yenə də səndə qalacaq” şeirində də gəlməyən adama
iradlar bitib tükənmir. Hətta acıq verir ki, nə vaxtsa uzaqlardan sənin
cildində gələn adam olacaq. Belə vəziyyətdə sanki gəlməyən adamın göz yaşlarına
"dözməyib” müəllif "hər şey təzədən” şeirini yazır. İtirilmiş və qazanılmış nə
varsa hamısını kənara qoyub təzədən başlamağı təklif edir. Sonra da bütün
yollarda itirmək olduğunu, yalın ayağına batmaq istəyən tikanlar bitəcəyini
qəbul edərək qəti qərara gəlir ki, bütün nağıllar bitəcək. Diz-dizə,
çiyin-çiyinə olmağımız itirdiklərimizə əvəz olacaq. Bu, həyatdır və belə də
olmalıdır. Buna görə də "hər şey təzədən” – deyir.
Hələ nələri
də itirəcəyik.
Bu dərs
olmayacaq yenə də bizə.
İtmişə əvəz
də gətirəcəyik –
Yenə
çiyin-çiyinə, yenə diz-dizə...
Hər şey
təzədən?
Hər şey
təzədən!...
"Təkcə
özüm özümlə” şeirinə baxırıq. Müəllif gəlməyən adamın yanında yoxa çıxır.
Allaha şikayətlənir ki, niyə güzgülər üzünü göstərmir.
Bir də görrəm
tapammıram özümü,
Dönüb sənə,
ona, buna – itmişəm.
Güzgülər də
göstərmirlər üzümü,
Ay allahım,
mən sənə nə etmişəm?
Sonra özü də gəlməyən adama çevrilib
dünyanın sirrinə mat qalır. Dəmir məntiqiylə nə baş verdiyini anlamır, olanları
mif adlandırıb yenə də öz-özüylə qaldığını şikatəycəsinə gəlməyən adamın
qarasına deyir.
Kamal Abdullanın tək-tük şeirləri
var ki, onların içində gəlməyən adam yoxdur. Deyə bilərik ki, "Ağ atlı oğlan”
şeirini gəlməyən adamsız yazıb. Bu, kitabın ilk süjetli şeiridir. Bu şeiri bir
neçə cür təhlil etmək olar. Mənim üçün ən doğrusu belədir ki, qalın kitab
adlandırılan güllü-çiçəkli gözəl bir kənddə ağ atlı oğlan yaşayır. Sonra
universitetə daxil olduğu üçün böyük bir həvəslə şəhərə gəlir. Şəhərdə onun yoluna
min kələk qururlar, ac qurd kimi ona hücum edirlər. Ancaq o, öz ayaqları
üzərində dayanmağı bacarır. Ağ atı isə onun ayaqlarıdır. Bütün maneələri dəf
edəndən sonra üstünə çiçəklər yağır. Oğlan fərəhdən qəhərləndikcə çiçəklər onun
ayağının altına yıxılır.
Yolunda
min kələk qurdular onun,
Ağ
at olmasaydı, oğlan batardı.
Canına
daraşdı ac qurdlar onun,
Ağ
at qurtardı.
Sonra
da üstünə yağdı çiçəklər.
Bir
çiçək yüz çiçək, min çiçək oldu.
Oğlanı
fərəhdən boğanda qəhər,
Ağ
atın gözləri çiçəklə doldu.
Təzə həyatı bəyənən oğlanın sinəsinə
alqışlar yağ kimi yayılır. Kəndini unudub hansısa uğuruna sevinir və sonra bir
qızla ailə həyatı qurur. Vaxt keçdikcə oğlanın ayaqları qəribsəyir və kəndinə
qayıtmaq istəyir. Nə qədər dartılırsa, oğlanı apara bilmir. Sonra ayaqları
təkcə qayıtmaq istəyir. Ancaq yollar geriyə dönmür.
Bir
vaxt keçəcəkdi – kiçik, qısa vaxt.
Nağıla
qayıtmaq istəyəcəkdi.
Qəribsəyəcəkdi
nağılçün ağ at.
Kişnəyib
oğlanı səsləyəcəkdi.
Səsi
eşitməmək asandan-asan.
Oğlan
ağ atına minməyəcəkdi.
Ağ
at istəyəcək təkcə qayıtsın,
Yollar
da geriyə dönməyəcəkdi.
Əslində, "ağ atlı oğlan” şeirində də
axtarıb gəlməyən adamın zərrələrini tapmaq olar. Gəlməyən adam artıq gəlib,
lakin onun gəldiyi yerlər üçün o, əbədi olaraq gəlməyən adama çevrilib.
"Beyrəyin Kafir qızı ilə vidalaşıb
əsirlikdən qaçması” hadisəsini Kamal Abdulla bir şeirlə möhtəşəmcəsinə verə
bilib. On altı illik gəlməyən adamı həm gətirib, həm də kafir qızı üçün
gəlməyən adama çevirib.
"Sənin yolun” şeiri Kamal Abdullanın gəlməyən adama yazdığı "açıq
məktub”a oxşayır. Sanki müəllifin gəlməyən adamı özünü ondan gizlədərək hər gün
yanından min dəfə ötüb keçir və müəllif onun hardan keçdiyini bilmək istəyir
ki, gedib yolunda dayansın. Sonunda gəlməyən adama acı təbəssümlə belə deyir:
Gözlərin
qayıtdı ilkinliyinə -
Sən
özün qaldın.
Yəni, hər yerdən
sənin gözlərin baxır, onlar qayıdıb və səndən sədaqətlidir.
"Günahlarım” şeiri özündə nəhəng bir
məna daşıyır. Müəllif öncə xatirələri sapa düzülmüş mirvariyə bənzədir. Sonra
sap qırılır və mirvarilər dağılır. Yerə düşüb diyirlənərək uzaqlaşan
mirvarilərin hər birini gəlməyən adama bənzədir, hələ də sapın üstündə, yəni
əlində qalmış bircə mirvaridən başqa. Onu da çevirib hər tərəfinə baxır və
görür ki, gəlməyən adama ən çox oxşayan elə bu mirvaridir.
Günahlarım
ürəyimdə dağ oldu.
Xatirələr
mirvari tək düzüldü.
Sap
qırıldı, mirvarilər dağıldı.
Hamısı
da təkcə sənə oxşadı.
Birindən
başqa.
Sonra
gördüm, yox –
O
da sənə oxşayır.
"İşıq
qalıb arxada” şeirində müəllif gəlməyən adama özünü öyür. Acıqcasına ondan öndə
olduğunu dilə gətirir. "Tənha fişəng” şeirində isə, gəlməyən adamın gəlməməsinə
heyfsilənir,.
Kamal Abdulla bəzi şeirlərində
dünyanın sonunacan gedib çıxır, tənhalığın ən dəhşətlisini yaşaya bilir, ilahi
eşqin kandarından əl eyləyir. "Dünyanın sonuncu tənha adamı”, "Allahım, sən
mənim ürəyimdəsən” şeirləri buna misal ola bilər. "Dünya sənin bir ömürlük
intizarın” adlı üç bəndlik bir şeirdə müəllif bir və ya iki insanın olum və
ölüm arasındakı həyat yollarının maneələrindən söz açaraq ölümdən sonrakı
həyatın varlığını da qeyd etməyə fürsət tapır.
Yaxın
olduq eşitmədik,
Bir-birimizin səsini,
Güllələrdən deşik-deşik,
Mənim səsim, sənin səsin.
Nəydi sənin dediklərin,
Nəydi sənin duyduqların,
Bu dünya sənin kədərin,
Bir ömürlük intizarın.
Taleyimiz yol azsa da,
Allah səsimi eşidər,
Həyat bizi ayırsa da,
Ölüm bizi birləşdirər.
"Qəribədir, deyilmi” şeiri də
gəlməyən adama yazılmış açıq məktub kimidir. Bu dəfə müəllif öz məktubunu daha
kövrək, daha yalvarışlı yazıb. İlk bənddə gəlməyən adamdan soruşur ki, sənə
qəribə deyilmi, həyatımın bir tərəfi yaz, o biri tərəfi qışdır?
Evimin
bir tərəfi,
Yazdır, günəş çıxıbdır.
Bu birində şaxta, qış.
Qəribədir, deyilmi?
Şeirin sonrakı bəndlərində bir şair
ürəyinin çırpıntısını duyuruq və son bənddə yağış səsinin evin içində yaratdığı
qəribə abu-havanı aydın-açıq görmək olur.
Yağış
səsi güclənir,
Şiddət ilə döyünür,
Sanki ev də çırpınır,
Eynən ürəyim kimi.
"Su pərisi” şeirində müəllif ya
xəyalən, ya da reallıqda və hansısa çoxadamlı bir yerdə gəlməyən adam ilə
uzaqdan-uzağa görüşür. Baxışları toqquşanda biri-birini tanıyırlar. Gəlməyən
adamın getməmişdən qabaqki bütün xatirələri danışır.Kamal Abdullanın "Haralara
gətirəcək bizi bu yol” şeirinin adı elə bir şeirdir. Müəllif bu şeirdə özünü
gedən adamın yerinə qoyur və yollardan şikayətlənir.
Qorumadıq
özümüzü, nəfsimizi,
İnanmıram
saxlayacaq izimizi,
Nə
biz yolu tanıyırıq, nə yol bizi.
Haralara
gətirəcək bizi bu yol?
Gəlməyən adamla gedən adam
arasındakı yolları ildırım kimi ani və göydəndüşmə hesab edərək bu yolların hər
tərəfinin uçurum olduğunu deməsi müəllifin öz həqiqətinə çatmasından və bu
həqiqətlə razılaşmasından xəbər verir.
Hər
tərəfi uçurumdu, sıldırımdı,
Bilmək
olmur sonu yoxdu, bir addımdı?
Elə
bil ki, göydən düşdü, ildırımdı,
Haralara
gətirəcək bizi bu yol?
Bir incə məqam da
danılmazdır ki, "Nar çiçəkləri” kitabında bütün şeirlər o qədər həssaslıqla və
dəqiqliklə düzülüb ki, hamılıqda bir tamlıq təşkil edirlər.
"Etiraf – 1” və "Etiraf – 2” şeirlərində Kamal Abdulla heç
nəyi etiraf etmir. Əksinə, o qədər sirli danışır. "O gün” və "Ölü quş olub daş
kimi düşəm” şeirlərindən görünür ki, müəllif gəlməyən adamın xatirələrinə belə
sədaqətlə yanaşır.
İşıq
dediyin bir ilğım imiş,
Qaranlıq
mənim var-yoxum imiş.
Qaranlıq
mənim varlığım imiş.
Əsl
işıq da onun içində.
"Kitabi-Dədə Qorqud”dan sirriçində
nəğmələr” "Nar çiçəkləri”nə xüsusi rəng, xüsusi şirinlik qatır. Həqiqətdir ki,
Dədə Qorqud dili Azərbaycan oxucusunun canına hopub. Hər bir müəllif oxucu
qəlbinə yol tapmaq üçün özünə hansısa qaydalar müəyyənləşdirməlidir.
"Sirriçində nəğmələr”dən oxucu qələminə gedən yol isə soy-ana dilimizdən, yəni
içimizin içindən keçir.