Füzulidən verilən subliminal mesajlar - TƏHLİL

44 günlük
müharibədən sonra regionda yeni geosiyasi reallıqda Türkiyənin rolu artıb.
İndiki halda gözə görünən üçtərəfli formatda Azərbaycan-Rusiya-Ermənistan var,
amma burada gözə görünməyən dördüncü qüvvə də var ki...
Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Azərbaycana gəlişi ötən səfərlərdən
çox fərqləndi. Ərdoğan Prezident İlham Əliyevlə birgə Füzuli Beynəlxalq Hava Limanının
açılışını etdi. İki qardaş ölkə liderinin iştirakı ilə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd
avtomobil yolunun, "Dost Aqropark”ın təməli qoyulub. Daha sonra Zəngilanın
Ağalı kəndində Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub və
prezidentlər "Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar.
Politoloqlar, mətbuat isə bu səfərin əhəmiyyətini müzakirə etməkdədir.

Siyasi və
mənəvi dəstək
Mövzu ilə
bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər
doktoru Elşad Mirbəşir bildirdi ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub:
"Bu iki qardaş ölkənin münasibətləri dünyanın digər dövlətləri üçün bir örnəkdir.
Yaxşı xatırlayırıq, münaqişənin mövcudluğu dövründə Türkiyə hər zaman Azərbaycana
siyasi və mənəvi dəstək verdi. Bütün mötəbər tribunalardan Azərbaycanın ərazi
bütövlüyünün təmin olunmasının vacibliyini vurğuladı. Azərbaycan öz resursları,
hərbi qüdrəti hesabına torpaqlarını işğaldan qurtardı və ərazilərdə tikinti quruculuq
işlərinə başladı. Bu işlərdə yenə də Azərbaycana dost, qardaş ölkələr, o cümlədən
Türkiyə də yaxından iştirak edirlər”.

Birgə bəyanata
həssas yanaşma
Deputatın
sözlərinə görə, cənab Prezidentin strateji baxışı həm də onu hədəfləyir ki,
işğaldan azad olunan əraziləri qısa zaman kəsiyində məskunlaşdıraq: "Təbii ki,
orada əhalinin yaşaması və təhlükəsizliyin təmin edilməsi, iş yerlərinin olması
üçün ilk olaraq infrastruktur qurulmalıdır. İşğaldan azad olunmuş ərazilərdə nəqliyyat
infrastrukturunun qurulması istiqamətində Azərbaycan çox böyük fəallıq nümayiş
etdirir. Bununla həm də ölkəmiz göstərir ki, ötən ilin noyabr ayının 10-da imzalanmış
birgə bəyanatın şərtlərinə də dəqiqliklə əməl edir, həssas yanaşır. Çünki həmin
sənədin əsas bəndlərindən biri də ərazilərdə nəqliyyat kommunikasiyasının yaradılmasıdır.
Ölkə prezidenti ilkin olaraq Füzulidə hava limanının tikilməsi haqqında qərar
verdi. Bu, olduqca strateji bir qərar idi. Nəzərə almaq lazımdır ki, Füzuli
coğrafi baxımdan strateji mövqelərə malikdir və orada digər ərazilərimizə - Cəbrayıl,
Zəngilan, Ağdam, Şuşa istiqamətində unikal kommunikasiya imkanları mövcuddur”.

Dünya görəcək
ki...
E.Mirbəşir
vurğuladı ki, Füzuli hava limanının tikintisi və onun açılışında Türkiyə
prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı olduqca böyük mesaj yüklüdür: "Hər
şeydən öncə qardaş Türkiyə və prezident Ərdoğan nümayiş etdirir ki, Azərbaycanın
yanındadır. Füzuli hava limanının açılışının edilməsi və bu prosesdə iki ölkə prezidentinin
birgə iştirakı dünyanın diqqətini daha çox həmin ərazilərə çəkir. Bu, çox böyük
təsir gücünə malik olacaq. Dünya görəcək ki, Azərbaycan öz ərazilərində olduqca
böyük sürətlə quruculuq işləri görür. Erməniləri təxribatlar törətməyə sövq edən
dünyanın bəlli mərkəzləri artıq qəbul etmək məcburiyyətində qalacaqlar ki, Azərbaycan
öz ərazilərinin sahibidir. 30 il müddətində Qərbin bəzi dairələri çox gözəl
bilirdilər ki, Ermənistan Azərbaycanın işğal altında saxladığı əraziləri minalar
tarlasına çevirdi. Azərbaycan isə o minaları təmizləyir və həm də paralel
olaraq ərazilərdə quruculuq işlərini həyata keçirir. Hesab edirəm ki, Ərdoğanın
səfəri, əsasən, bu mənada çox təsirli olacaq.

Azərbaycanın gücünün göstəricisi
Ərdoğanın Füzulidə hava limanının açılışında
iştirakının subliminal mesajlarını da sadalamaq istərdim. Birincisi, Azərbaycanla Türkiyə
bir yerdədirlər. İkincisi, dünya görəcək ki, Azərbaycan işğaldan azad etdiyi ərazidə
hava limanını qısa zaman kəsiyində inşa edib istifadəyə verdi. Azərbaycan Prezidenti
İlham Əliyevin qeyd etdiyi kimi, belə bir təhlükəli ərazilərdə qısa zaman kəsiyində
hava limanının istifadəyə verilməsi təcrübəsinə, ümumiyyətlə, dünyada rast gəlinməyib.
Bu, Azərbaycanın gücünün göstəricisidir.
Füzuli hava limanı bundan sonra Azərbaycanın qərb sərhədlərinin təhlükəsizliyinin
təmin olunmasında olduqca təsirli rola malik olacaq”.

"Cənubi
Qafqazda Türkiyənin iştirakı ilə…”
Politoloq
Fərhad Məmmədov bildirdi ki, Türkiyə prezidentinin növbəti dəfə azad olunmuş ərazilərə
səfəri işlərin aparılması ilə tanışlıqdır: "Ərdoğanın səfəri çərçivəsində böyük
infrastruktur layihəsi olan Füzuli beynəlxalq hava limanının açılışı oldu. Zəngilanda
"ağıllı kənd”lə tanışlıq və aqroparkın təməli qoyuldu. Ən əsası isə səfərin
strateji əhəmiyyətini izah edən və Zəngəzur dəhlizinin önəmli bir parçası olan
Horadiz-Ağbənd avtomobil yolunun təməlinin qoyulması mərasimi baş tutdu. Yəni
bununla da, Cənubi Qafqazda Türkiyənin iştirakı ilə və Türkiyə istiqamətində
olan böyük bir infrastruktur layihəsinin təməli qoyuldu”.

"Hədəflərlə
bağlı bütün tədbirlər reallaşır”
F.Məmmədov
qeyd etdi ki, Ərdoğanın səfəri ciddi bir mesajdır: "Mesaj da ondan ibarətdir
ki, 44 günlük müharibədən sonra regionda yeni geosiyasi reallıqda Türkiyənin rolu
artıb. İndiki halda gözə görünən üçtərəfli formatda Azərbaycan-Rusiya-Ermənistan
var, amma burada gözə görünməyən dördüncü qüvvə var ki, bu da Türkiyədir. Onu
da nəzərə almaq lazımdır ki, Rusiyanın hər hansı bir fəaliyyəti Türkiyə ilə
uzlaşdırılmış formada həyata keçirilir. Bütövlükdə Ərdoğanın bu səfəri, Azərbaycan
və Türkiyənin sürətlə həyata keçirdikləri layihələr onu göstərir ki, qarşıya qoyulmuş
hədəflərlə bağlı bütün tədbirlər reallaşdır”.
Bəxtiyar Məmmədli
