• çərşənbə axşamı, 19 mart, 06:51
  • Baku Bakı 8°C

Fuad Allahverdiyev: “Əsas məqsəd Azərbaycanı regionun əsas rəqəmsal mərkəzi etməkdir”

22.01.20 18:41 1571
Fuad Allahverdiyev: “Əsas məqsəd Azərbaycanı regionun əsas rəqəmsal mərkəzi etməkdir”
"AzerTelecom” şirkətinin baş direktoru Fuad Allahverdiyev bu gün İsveçrənin Davos şəhərində işinə başlamış sayca 50-ci Dünya İqtisadi Forumu çərçivəsində "Report”a müsahibə verib.
- Forum çərçivəsində keçirilən "Caspian Week" forumunda ekspert kimi çıxış edəcəksiniz. Zəhmət olmasa çıxışınız haqqında danışardınız.
Sabah "Caspian Week” tədbiri çərçivəsində həmçinin "AzərTelecom” şirkətinin icra etdiyi layihənin təqdimatı olacaq. Layihənin məqsədi Avropa ilə Asiya arasında internet bağlantısında Azərbaycanı tranzit bir marşrutdan mərkəzi ölkəyə çevirməkdir. Bu məqsədlə başlıca layihələrdən biri də "Transxəzər Fiber-Optik Kabel Xətti” layihəsidir. "Transxəzər Fiber-Optik Kabel Xətti” layihəsi xüsusi əhəmiyyət kəsb edir. Bildiyiniz kimi Azərbaycan həmişə, tarixi boyu Avropa ilə Asiya arasında "İpək Yolun”da mərkəzi ölkə olub. Müasir dövrdə də Azərbaycan bu infrastruktur layihələrini icra etməklə Asiya ilə Avropa arasındakı internet tranziti marşrutlarının Azərbaycandan keçməsini təmin edəcək və burada ən önəmli layihələrdən biri Xəzərin dibi ilə keçən fiber-optik kabelin inşa olunmasıdır.
"Transxəzər Fiber-Optik Kabel Xətti” layihəsi özü iki istiqamətdən ibarətdir. Birinci istiqamət Azərbaycan – Qazaxıstan istiqamətidir, ikinci istiqamət isə Azərbaycan – Türkmənistan istiqamətidir.
Azərbaycan – Qazaxıstan istiqaməti üzrə inşa olunanXəzər dənizinin dibi ilə keçən fiber-optik kabeli Asiya ilə Avropa arasında bağlantı yaradacaq. Burada məqsəd Çin və Çin ətrafında olan ölkələrin internet tranzit marşrutlarının Azərbaycandan keçməsidir. Belə bir statistikanı sizə deyim ki, hal-hazırda həmin marşrutların bir istiqaməti Rusiya üzərindən keçir. Uzunluğu təxminən 11 min km-ə yaxındır. İkinci istiqamət isə Çinə cənubdan okean üzərindən keçən bağlantıdır. Bu bağlantılar Avropa Birliyində yerləşən müxtəlif Data Mərkəzlərə birləşir və internet oradan alınır. Çünki internetin, məlumatların yerləşdirildiyi həmin məlumat mərkəzləri əsasən Frankfurt, London, Amsterdan, Sofiya və bu kimi şəhərlərdə yerləşir. Azərbaycandan keçəcək marşrutun isə uzunluğunun 9 min km. olması planlaşdırılır. Yeni yaranan marşrut ən yaxın, ən sərfəli və gecikmələrin ən az olduğu bir marşrut olacaqdır.


İkinci planlaşdırdığımız istiqamət Azərbaycan – Türkmənistan istqamətidir. Burada isə əsas məqsəd gələcəkdə Hindistan və onun ətrafında olan ölkələrin də internetə olan tələbatının Azərbaycan üzərindən tranzit olaraq ödənilməsidir.
Bu istiqamətdə də artıq layihələndirmə işləri davam edir. Sabahkı tədbirdə də biz "Transxəzər Fiber-Optik Kabel Xətti” layihəsinin mahiyyəti və qurulan bu infrastruktur layihələrinin gələcəkdə həm Azərbaycana, həm də Azərbaycan ətrafında olan regionlara verəcəyi birbaşa və dolayı töhfələrdən danışacağıq. Çünki biz bu gün 4-cü sənaye inqilabı (Sənaye 4.0) dövründə yaşayırıq. 4-cü sənaye inqilabı bu gün "Davos Forumu”nda geniş müzakirə olunan mövzulardan biridir. Çünki, yeni iqtisadiyyatın səmərəliliyi və effektivliyi təbii ki, 4-cü sənaye inqilabında rəqəmsal həllərin inkişafına bağlıdır.
Bu istiqamətdə infrastruktur layihələri çox vacib bir yer tutur və bizim layihənin icrası öz bəhrəsini həm Azərbaycan iqtisadiyyatına, həm də onun ətrafındakı regionda olan digər ölkələrin iqtisadiyyatına verəcək.
Növbəti mərhələdə məqsədimiz budur ki, bu infrastruktur layihələrini qurmaqla gələcəkdə Azərbaycanda məlumat mərkəzlərinin yerləşdirilməsi, böyük şirkətlərin – kontent operatorlarının, "Google”, "Amazon”, "Facebook”, "Alibaba” və.s kimi şirkətlərin məlumat mərkəzlərinin Azərbaycanda da yerləşməsi təmin edilsin. Eləcə də gələcəkdə internet trafikinin verilməsində artıq Azərbaycan tranzit ölkə olaraq deyil, bu internet trafikini ixrac edən ölkə olaraq iştirak etsin.
Bütün bunlar "Azerbaijan Digital Hub” proqramı çərçivəsində icra olunur və bu proqramın əsas məqsədi Azərbaycanı regionun əsas rəqəmsal mərkəzi etməkdir.

banner

Oxşar Xəbərlər