Folklorun Əbdürrəhim bəy Haqverdiyevin hekayələrinin poetikasina təsiri

Milli-mənəvi varlıq anlayışını ehtiva edən folklor
uzun əsrlərdən bəri xalqın adət-ənənələrini, düşüncə tərzini, davranış
normalarını, dilini, ruhunu qoruyub yaşadan əsas enerji mənbəyi olmaqla yanaşı,
milli mədəniyyətin bir çox sahələrinin, o cümlədən də, bədii ədəbiyyatın
dinamik inkişafında əvəzedilməz mənbə kimi çıxış edir. Xalq ruhunun
incəliklərinə yaxından bələd olan sənət adamları müraciət etdikləri mövzuların
uğurlu bədii həllinə o zaman daha çox
müvəffəq ola bilirlər ki, yazdıqları əsərlərin dil və ruhunda folklor koloriti
də yetərincə yer almış olsun.
Məlumdur ki,
yazıçıların qələmə aldıqları bəzi əsərlərdə folklor nümunəsi açıq-aşkar şəkildə
özünü göstərir. Bu hal folklor nümunəsindən olduğu kimi istifadə etdikdə,
onları əsərlərin sərlövhəsinə çıxardıqda, folklor qəhrəmanlarının adlarını
müəyyən münasibətlə xatırlatdıqda daha qabarıq formada görünür. Bəzən isə
yazılı ədəbiyyat nümunələrində şifahi xalq ədəbiyyatının elementləri heç də
qabarıq şəkildə nəzərə çarpmır. Lakin diqqət etdikdə həmin əsərlərin mətnində,
mətndaxili qatlarında, təhkiyə içərisində, ümumilikdə əsərin poetikasında
gizlənmiş formada güclü bir folklorizmin olduğunu görürük.
Bədii
ədəbiyyat həmişə konkret ictimai-tarixi və siyasi-sosial şəraitdə yaranır.
Xalqın tarixi onun yazılı ədəbiyyat nümunələrində də ciddi şəkildə əks olunur.
Xalq həyatı, cəmiyyətin keçdiyi ziddiyyətli yollar bədii yaradıcılığa da
təsirsiz ötüşmür. Azərbaycanın tanınmış realist sənətkarı Əbdürrəhim bəy
Haqverdiyevin əsərlərini də bu qəbilə aid etmək olar. Qeyd edək ki, ədibin
yaradıcılığı ədəbiyyatımızda realizmin daha da dərinləşməsinə, yeni bədii
keyfiyyətlərlə zənginləşməsinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
Onun
yaradıcılıq irsi mövzu, ideya-sənətkarlıq, üslub, obrazlar qalereyası
baxımından geniş və çoxçeşidlidir. Belə ki, Ə.Haqverdiyev ədəbiyyatımızı təkcə
dolğun məzmunlu dram əsərləri ilə deyil, bir çox orijinal hekayələri ilə də
zənginləşdirmişdir. Azərbaycan ədəbiyyat tarixini demokratik ideyalarla
qüvvətləndirən Ə.Haqverdiyev yaradıcılığının ikinci dövründə, yəni 1905-1920-ci
illərdə Azərbaycan bədii nəsrinin gözəl nümunələrini yaradaraq onun məzmunca və
formaca kamilləşməsinə yardımçı olmuşdur. 1906-cı ildə "Həyat” qəzetində
yazıçının "Ata və oğul”, "Ayın
şahidliyi” kimi hekayələri nəşr edilir. 1910-cu ildə isə "Mütrüb dəftəri”,
"Şikayət”, "Qiraət”, "Şəbih”, "Acından təbib”, "Dəccalabad”, "Bomba” və s.
hekayələri "Marallarım” ümumi başlığı altında "Molla Nəsrəddin” jurnalında dərc
olunur. Bu hekayələrdə kənd yüzbaşıları, qorodovoylar, ikiüzlü ruhanilər, xəsis
tacirlər "maral” adı altında ümumiləşdirilərək tənqid edilir. Ədib
hekayələrində burjua-mülkədar cəmiyyətinin nöqsanlarını ifşa edərkən gülüşdən
ustalıqla istifadə edir. Ümumiyyətlə, gülüş, istehza Ə.Haqverdiyevin tənqid
üsulunda mühüm yer tutur.
Yazıçının bir
neçə hekayəsinin məzmun və süjeti nağıllardan, lətifələrdən alınmışdır. Lakin
ədib onları öz yaradıcılıq xüsusiyyətlərinə uyğun işləyərək orijinal, mükəmməl
bədii əsər formasına salmışdır. "Pir”, "Şəbih”, "Dəccalabad” kimi hekayələri
buna nümunə göstərə bilərik. Bu hekayələrdə nağıl və lətifələrin quruluşundan,
başlama tərzindən məharətlə istifadə olunmuşdur. Ümumiyyətlə, folklor
Haqverdiyev bədii nəsrinin nəinki məzmununa, quruluşuna, eləcə də bütövlükdə
poetikasına təsir etmişdir. "Poetika”
termininə gəldikdə, poetika – bədii ədəbiyyat haqqında elm; ədəbiyyat
nəzəriyyəsi; ədəbiyyatşünaslığın bölmələrindən və qədim terminlərindən biridir.
Poetika elmi tarixin müxtəlif dövrlərində fərqli vəzifələr daşımış və gah
müstəqil bir elm, gah da fəlsəfə, estetikanın bir sahəsi olmuşdur. Hazırda
ədəbiyyatşünaslığın bir qolu olmaq etibarilə poetika yaradıcılığının
spesifikasını təyin etməklə bədii əsərin quruluşunu, onun ideya-estetik
məzmununu, kompozisiya və süjetini, surətlər sistemini, şeir və nəsr dilinin
xüsusiyyətlərini öyrənməklə, ədəbi prosesin qanunauyğunluqlarını, ədəbi
metodları, cərəyanları, üslubları, ədəbi növləri və janrları tədqiq etməklə
məşğuldur. Son dövrlərdə elmi ədəbiyyatda etnopoetika termini də işlənməkdədir.
Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Kamran Əliyev etnopoetika haqqında
belə yazır: "Əslində, etnopoetika bədii düşüncə ilə etnosun təbiəti arasındakı
əlaqə və təması öyrənən, bu əlaqə və təmasın xüsusiyyət və əlamətlərini meydana
çıxaran bir elm sahəsi kimi qavranılır”.
Folklorun
Ə.Haqverdiyevin hekayələrinin poetikasına təsiri məsələsinə gəldikdə isə bu
hekayələrin demək olar ki, əksəriyyətində biz folklor düşüncəsinin şahidi
oluruq. Ədib hekayələrində folklor nümunələrindən demək olar ki, açıq-aşkar
şəkildə az istifadə edir. Lakin hər bir hekayəni oxuyub bitirdikdə biz bu
hekayənin mütləq bir folklor nümunəsinin məzmunu ilə səsləşdiyini görürük.
Məsələn,
"Ayın şahidliyi” hekayəsində Səlman adlı bir sövdəgəri yolda bir quldur amansızcasına
qətlə yetirir. İllər keçir, onun kiçik qardaşı Süleyman təsadüfən həmin
quldurun dəstəsinə qoşulur və qardaşının qatilinin kim olduğu aşkarlanır.
Süleyman qardaşının qisasını alır. Bu hekayənin məzmunundan belə bir fikir
aydınlaşır: "Nahaq qan yerdə qalmaz”.
Müəllif "Ayın
şahidliyi” hekayəsində ayın dilindən öz əsas məqsədini – bütün müsəlman aləmi
üçün narahat olduğunu da açıqlayır: "Amma indi bu millətin əhvalına nəzər
etdikcə deyirəm ki, lal olub danışmamaq məsləhətdir. Mənim üzümdə siz bir qara
görüb onu ləkə hesab edirsiniz. Xeyr! O, qara ləkə deyil, belə mənim ahımın
tüstüsüdür ki, əqvami-islamiyyətin hər cəhətdən cəmi millətdən geri qalmağını
görüb ciyərimdən çıxarıram!”.
"Ata və oğul”
hekayəsində isə Hacı Xəlil və onun oğlu Əkbərdən bəhs olunur. Əkbərin dostu
Rüstəm onun yolunu azmasına və müflisləşməsinə səbəb olur. Bu hekayənin
məzmunundan çıxan fikir isə belədir: "Dostdan özünü qoru, düşmənlə hesablaşmağa
nə var”; "Dostam səninlə, pulun
qurtaranacan”. Bundan başqa hekayədən o da aydınlaşır ki, Hacı Xəlilin ömrü
halallıq üzərində qərar tutmuşdur, lakin oğlu Əkbərin uçuruma yuvarlanan ömrünü
səciyyələndirən amillər məhz yalan və günahdır.
Ə.Haqverdiyevin
diqqəti cəlb edən hekayələrindən biri də "Koroğlu” hekayəsidir. Hekayəni
oxuyanda görürük ki, yazıçı bu hekayəni məhz "Koroğlu” dastanının təsiri ilə
qələmə almışdır. Əsərdə kor İsrafilin oğlu Nərimandan bəhs olunur. Dumanlı
kəndində İsrafil adlı bir kişi yaşayırdı. O, on iki yaşında ikən çiçək
xəstəliyinə tutularaq gözləri kor olmuşdu.
Onun 2 oğlu var idi: böyük oğlu Nəriman, kiçiyi Qəhrəman. Nəriman qonşu
kənddə Hacı Bayram adlı bir bəyin nökəridir. Ağası onun adını Koroğlu qoyur.
Qısa bir müddətdə Nəriman hamının hörmətini qazanır, elm, savad almağa meyl
göstərir. Bir növ dastan qəhrəmanı Koroğlu kimi o da kasıbların, kəndlilərin
ümidinə, pənahına çevrilir. Nəriman ağası Hacı Bayramın qızı Güldəstəni sevir.
Güldəstə obrazı da Nərimanla həmfikir olmaqda Nigar xanım obrazına bənzəyir.
Ədibin "Mirzə Səfər” hekayəsinin kompozisiyası
"yorğanına bax ayağını uzat”, "Qəndil”
hekayəsi "hər yoxuşun bir enişi olar”, "Çeşmək” hekayəsi "mərdi qova-qova namərd etmək”, "Şeyx Şəban”
hekayəsi isə "yıxılana balta çalan çox olar” kimi atalar sözlərinin məzmunu
üzərində qurulmuşdur. Göründüyü kimi, Ə.Haqverdiyev xalq dilinin zəngin lüğət
ehtiyatına, atalar sözü və məsəllərə yüksək qiymət vermiş, tez-tez bu xəzinəyə
müraciət etmişdir.
Bundan başqa
yazıçının "İanə” hekayəsində Şeşə quşu, "Hacıleylək” hekayəsində isə hacıleylək sədaqəti ilə bağlı inanclar öz
əksini tapmışdır.
Ə.Haqverdiyev
hеkayələrində ictimai ədalətsizlik üzərində qurulan üsuli-idarənin və bu idarədə
işləyən pristavların, qalabəyilərin, jandarm rəislərinin, qоrоdоvоyların təbiət
və münasibətlərindəki saxtakarlığı ifşa еtmişdir. Bu adamlar, kərbəlayı Zal da
daxil оlmaqla, mənsəbpərəstlik, iftiraçılıq və xudpəsəndlik kimi mənfi ictimai
xəstəliklərə tutulmuşlar, öz mənfəətləri ucundan bir-birini məhv еtməyə
hazırdırlar.
Yığcamlıq,
təsvir və surətlərin rеallığı, təbiiliyi, dilin оynaqlığı və lakоniklik
Haqvеrdiyеv hеkayələrinin əsas xüsusiyyətləridir. Nağıl və dastanlarda olduğu
kimi səmimi deyim tərzində adi söhbət intonasiyası güclüdür. Belə maraqlı
söhbət tərzli rəvayətlər oxucunu nəql edilən hadisələrə daha çox cəlb edir, bu
hadisələrin özünə də təbiilik və reallıq gətirir.
Ədibin bir
nеçə hеkayəsinin məzmun və süjеti nağıl və lətifələrdən alınmışdır. Оnlar
yazıçının öz yaradıcılıq xüsusiyyətlərinə görə işlənib, tamamilə оrijinal,
mükəmməl bədii əsərlər şəklinə düşmüşdür. "Cəhənnəm məktubları”, "Sеyidlər
оcağı”, "Pir”, "Şəbih”, "Dəccəlabad” kimi hеkayələrdə nağıl və lətifələrdən,
оnların quruluşundan, başlama tərzindən, gözlənilməz nəticə ilə bitməsindən
bacarıqla istifadə еdilir. Bu, hər şеydən əvvəl, hеkayəni fоrmaca daha da
mükəmməlləşdirir.
"Şəbih”
hekayəsində camaatın avamlığından məharətlə istifadə еdən fırıldaqçı din
nümayəndələri şəbih çıxardır və bu yolla ciblərini dоldururlar. "Pir”
hekayəsində camaatın sadəlövhlüyündən ustalıqla istifadə еdən dələduzlar hiylə
ilə pir düzəldib, оranı kеf, əyyaşlıq xərcləri mənbəyinə çеvirirlər. "Çeşmək”
hekayəsində vəkil оlan Mahmud bəy çеşmək zarafatı ilə dоstu Mirzə Əhmədi
çərlədib öldürür. "Qiraət” hekayəsində arvadının avamlığından və
sadəlövhlüyündən istifadə еdən Məşədi Qulam gеcələr min cür hiylədən çıxır.
"Diş ağrısı” hekayəsində ağrıyan bir dişi çəkdirmək üçün əlli qəpiyə qıymayan
Hacı Rüstəm bilə-bilə üç sağlam dişini çəkdirib əlli qəpik vеrir və həkimi
aldatdığına sеvinir. Bütün bu hadisələr gülməli və kiçik görünsə də, bir sıra
acı həqiqətlərin ümumiləşdirilmiş tipik ifadəsidir.
Beləliklə,
həqiqi bədii əsərlərdə cəmiyyətin sosial-ictimai gerçəkliyi, onun ideoloji,
siyasi, psixoloji, dini, fəlsəfi görüşləri, mənəvi problemləri hər şeydən əvvəl
insan şəxsiyyəti, insan xarakterləri və taleləri vasitəsilə təcəssüm etdirilir.
Ə.Haqverdiyevin əsərləri də həqiqi bədii əsərlər olaraq xalqın ictimai-siyasi və
fəlsəfi dünyagörüşünü inkişaf etdirir, xalqı daha ədalətli ictimai ideallar
uğrunda mübarizəyə hazırlayır, onun mənəvi qüvvəsini artırır.
Gülnar OSMANOVA
filologiya üzrə fəlsəfə doktoru
