• cümə axşamı, 25 aprel, 16:39
  • Baku Bakı 23°C

Fərqanənin anlamaq dərdi

15.04.19 13:51 1762
Fərqanənin anlamaq dərdi
Fərqanə Mehdiyeva öz dəst-xətti olan qadın şairlərimizdəndir. Onu həmişə ədəbiyyatın yanında, poeziya axşamlarında, şairlərin yaradıcılıq günlərində ya tədbirin təşkilatçısı, ya da fəal iştirakçısı kimi görmüşəm. Səmimiyyəti, poeziyaya vurğunluğu ilə seçilən şairin bu günlərdə 55 yaşı tamam oldu. Bu müddətdə Fərqanə xanım hansı uğurları ilə oxucunu sevindirib, bəlkə də bunu özündən başqa kimsə tam aça bilməz. Amma həqiqət budur ki, Fərqanənin şeirləri şairi dərin fikirlərə qərq etdiyi kimi oxucunu da həmişə düşündürür. Bu düşündürücü şeirlərin qayəsində bir anlamaq dərdi dayanır. Və bu anlamaq şairə zülm gətirir, bu zülm də sevgidə aldanmaq ilə başlayıbdır:

Gəl məni aldatma ay dəli şeytan,
Onsuz da qovrulur dilim sevgidən.
Qoşa əllərimlə tutub başımı
Hələ ki, çəkirəm zülüm sevgidən...

Görəsən, şairi aldadan doğrudanmı o dəli şeytandı?! Yoxsa özü özünü oda salanda, eşq atəşində yana-yana qovurulanda, bəzən onun vüsal dolu badəsini başına çəkib məst olaraq dünyaya xumar-xumar baxıb xəyala dalanda, bəzən həsrət anlarını təklikdə yaşamaq məcburiyyətində qalanda şeytan yada düşür? Axı bu aldanışın özündə də elə bir şirinlik var ki, insan bilə-bilə aldanmaq istəyir. Əgər bu bir aldanmaqdırsa, onun təməli ən ali hisslərin bir məcraya gəlməsi ilə qoyulur. Bəlkə, bir dəli çayın, bir güclü axar suyun, hətta dənizin də məcrasını dəyişmək olar, amma bir-birində mehr tapan hisslərin məcrasını dəyişmək mümkün deyil, təki o hisslərin məcmusu öz məcrasını tapmayınca. Bu bal dadan sevginin şirinliyi həm də insanın məsudluğu ilə sonuclanır və təsadüfü deyil ki, atasının, anasının sevgiyə "aldanması” ilə dünyaya gələn qəhrəmanın əziz övladı da özünün "aldanışının” nəticəsi kimi meydana çıxır:

Sevgili çağlarım bəlkə daldadı,
Bu sevgi əzəldən elə bal dadıb.
Atamı, anamı sevgi aldadıb
Balam da dünyaya gəlib sevgidən.

Bizim qəhrəmanımızı şairə çevirən, söz xiridarı edən də bu sevgidə "aldanışı” deyilmi? Bu aldanışın həm şirini, həm acısı gözəldi. Şirinində vüsalı, acısında həsrəti, dərdi var sevginin. Şairlərin bəlası hərdən o acını dadanda başlayır, amma unudurlar ki, atalarımızın ibrətamiz bir deyimi var: "Min acını yeyərlər bir şirinin xətrinə”. Bu həqiqəti anlaya-anlaya yenə də bu lirik qəhrəmanların fəryadı davam edər.
"Aldanmış” həqiqətin nəticəsi olaraq şairin canından çox sevdiyi qızı böyüyür, anasının könül dünyasına daxil olur, oradakı zənginlikləri görür. Həyatında baş verən dəyişiklikləri yavaş-yavaş, utana-utana, çəkinə-çəkinə anasına, ən yaxın rəfiqəsinə açmağa çalışır. Qızlar bulağında su içən övladın "dərdi” başlayır: – anasından sevgi şeiri istəyir.
Zərif yanağında açılır çiçək.
Gözləri gündüzdən günəş dərəcək.
Görəsən, oxuyub kimə verəcək?
Məndən sevgi şeri istəyir qızım.

Sevgi şeirləri oxuyan, sevən, lakin sevgisini hələlik ətrafından, atasından qardaşından gizlədən qızlar, Leyli dövründə yaşamasalar da, hələlik hisslərinin aşkara çıxmasını istəmirlər. Zaman-zaman Leyli kimi sevgisini ürəyində yaşadan qızın dərdini kağızdan başqa kimsəyə açmağa "hünəri” çatmır. Ağ vərəq üzərində hisslər həyacanlı, intizarlı duyğuların təcəssümünə çevriləndə anlaşılır ki, bu qız şairdir. Öz qızının da taleyini şair kimi görəndə Fərqanə xanım çalışır ki, qələmi qızının əlindən alsın. Ona görə qələmi qızının əlindən almaq istəyir ki, qadın şairlər daha sentimental olurlar. Onlar hisslərinin əlində aciz qalır, dərdlərini bölüşməyə cəsarət etmirlər. Təbii ki, belə bir hallar da özlüyündə qadın şairlərin həyatının acınacaqlı, iztirablı keçməsinə, bəzən də anlaşılmamasına gətirib çıxarır.

Xəyalı göylərdə yerini yazır,
Qovrula-qovrula sirrini yazır.
Hələ beş dərdindən birini yazır,
Qızları qoymayın şeir yazmağa.

Amma neyləmək ki, bəxtinə şairlik yazılan qızlar seçilmiş olurlar. Bəlkə bu da taleyin bir sınağıdır, nə demək olar. Şairlik Allah vergisi olduğundan Fərqanə dərdlərə sinə gərərək kənarlaşa bilmədi, əksinə özünün poetik düşüncəsi, metaforaları, dilinin səlisliyi və ahəngi ilə müstəqillik dövrü Azərbaycan şeirini zənginləşdirməkdədir.
Şair zamanın səsi, minlərlə insanın duyğularının ifadəçisi, yaralı könüllərə məlhəm olan, ruhumuzu oxşayan nəğmələrin yaradıcısıdır. Ona görə acından ölsə də, ehtiyacını kimsəyə bildirməyən, sözdən kömək uman, ümid gözləyən şair haqqın, ədalətin tərəfdarı olduğundan həm də dar ağacının sirdaşına da çevrilə bilir. Necə ki, zaman-zaman şairlər dar ağacına salam deməyi özlərinin şərəf işi saymışlar. Bariz nümunə olaraq İmadəddin Nəsiminin haqq yolunda dar ağacından asılması, lakin onu məramından döndərə bilmədiklərindən dövrün zalımlarının miskin vəziyyəti kino lenti kimi gözlərimiz qarşısında canlanır. Məhz bu baxımdan Fərqanə də deyir ki:

Yesin ürəyini, ölsün acından...
Tək sözə söykənsin ehtiyacından.
Edam kötüyündən, dar ağacından
Gərək ayrılmasın şairin başı...

Elə ki şair özünü haqqın yanında görür daha sevgi şeirləri yaza bilmir. Çünki indi daha böyük, qlobal məsələlər düşündürür onu. Vətən dərdi, torpaq, yurd həsrəti, bəşəriyyətin dinc və günahsız sakinlərinə qarşı böyük güclərin törətdikləri vəhşiliklər, axıdılan qanlar, dağılan tifaqlar, "gülü burnunda” öldürülən körpələrin fəryadı şairi rahat buraxmır, səsi gəldikcə bağırmaq, yatmış vicdanları oyatmaq istəyir.

Şeirlə bölürəm bu tən dərdimi,
Vərəqlər üstündə bitən dərdimi.
Yazıram el-oba, Vətən dərdini,
Sevgi şeirləri yaza bilmirəm...

Şair Vətən dərdini yazır. O dərdi yazır ki, Vətənində vətənsiz qalıb. Süfrəsinin başında oturtduğu, çörəyini böldüyü, qucaq açdığı namərd qonşuları – ermənilər tərəfindən işğal olunan torpaqlarından didərgin düşənləri gördükcə şairin dərdi təzələnir. İşğal olunmuş ərazilərdən biri də Laçın rayonudur. Vaxtı ilə Laçının şad günlərində yaranmış "Laçın” havasına oynayanlar çoxuydu. Daha bu havaya oynamağı şair sindirə bilmir.

Daha nəyin qalıb, haran göynəsin,
Dağlara dərd çəkdik, Aran göynəsin.
Qoy bir az duz səpim, yaran göynəsin,
Laçınsız Laçını oynama, qardaş!

Vecsiz dedik, bəlkə də dünyanın ən dərdli adamıdır oynayan. Bəzən dərdindən oynayan, dərdin oynatdığı adamlar da olur ki, dərdin ağırlığına tab gətirə bilmədiyindən əsəbləri pozulur, müvazinətini saxlaya bilməyib yıxılırlar. Mənən yıxılanların dərdi özlərindən böyük olur. Bu səbəbdən də Fərqanənin poeziyasında bu dərdlər bir-birini izlədikcə şairin anlamında dərdlər böyüyür.

Ürəyi dağlıdı küsər qız, gəlin,
Bizdən ümidini üzər qız, gəlin.
Dözməz əsirlikdə əsir qız, gəlin,
Laçınsız Laçını oynama, qardaş!

Dərdi anlamaq ağırdır. Anlamaq dərdi daha ağırdı. Fərqanə dərdi anlayaraq özünə dərd edən şairdir. Bitib tükənməyən müharibənin gətirdiyi bəlalar sayılmaqla qurtarmır. Sahibsiz və kimsəsiz qalmış uşaqlar yetimxanalarda, uşaq bağçalarında böyüyürlər. Zamanı gəlincə onların yeni həyata başlamalarında da bir məhzunluq yaşanır. "Uşaq bağçasından gəlin köçən qız”ın toyu da göz yaşları ilə müşayiət olunur.

Gözümdən yayınmır yol çəkən gözün,
Dərdini içində açıb bükürsən.
Keçir xəyalından uşaqlıq çağın,
Şükür böyümüsən gəlin köçürsən.

Şair uşaq bağçasından gəlin köçən qıza analıq etmək istəyir, onun dərdini bölüşmək, azaltmaq istəyir. İmkanı olsaydı qızın cehizini də alardı. Amma şair qıza ağ gəlinlik paltarının xoşbəxtlik gətirməsini, payızın timsalında onun taleyində bəd rol oynayanların hamısının saralıb-solmasını arzulayır. Bu qızın cehizi yoxdur, onun cehizi didərgin adı, nəsibi qaçqınlıqdır.

Tale yaddaşına salsın izini,
Baxıb ağ donuna saralsın payız.
Maşınlar daşımır cer-cehizini,
Uşaq bağçasından gəlin köçən qız.

Fərqanə uşaq bağçasından gəlin köçən qıza bir ana kimi yanaşır. O qızın da anası olsaydı, cer-cehizi də olardı. Analar bütün ömürlərini övladlarının yolunda girov qoyurlar. Acımadan, öz ağrısını unudub balasının ağrısına yanmaq anaların müqəddəs vəzifəsinə çevrilibdir. Analardan söhbət düşmüşkən Fərqanə cəfakeş Azərbaycan qadınının - anaların nisgilini yaşayan və yaşadan şairdir. Bu nisgil "Təndir” şeirində özünü büruzə verməkdədir. Anasından sonra təndir də sahibsiz qalıb, çörək yapanı yoxdur.

Keçib boğazımız gərib kəndirə.
Dərdimiz bəllidir, dərman tapılmır.
Evin dalındakı qərib təndirə
Gör neçə zamandı çörək yapılmır.

Ağır olur anlamaq dərdi. O şeyi ki anlayıb çarəsini tapa bilmirsən – o zaman dərdin daha böyüyü xirtdəyindən yapışır. Çarə nədir?! Çarəni Fərqanə bütün insanlar kimi Yaradana üz tutmaqda tapır. Amma bu müraciətin özündə də şairin anlamaq dərdi öz ifadəsini göstərməkdədir. Şair anlayır ki, onun dərdi çarəsizdi. Alın yazısı deyilən taleyin bütün acıları sanki Allah tərəfindən kodlaşdırılaraq göndərilmişdir. Şair gecələr Allahı ilə söhbət edir, ümidini itirdiyini söyləyir.

Elə hey baxıram, hey üzü üstə,
Sərili qalıram gün üzü üstə.
Qoyaq haqqımızı tərəzi üstə,
Sən alın yazırsan, mən şeir, Allah!


Haqq məsələsində şair bir qədər asilik etsə də, səmimidir, bilir ki, Allahın haqqını heç bir bəndə qaytara bilməz. Tərəzi üstünə insanların bu dünyada qazandıqları savab və günahlar qoyula bilər. Təbii ki, şairlərin savabı çoxlarının günahlarını üstələyər. Şairlər kimsənin haqqını tapdalamırlar, şeirləri ilə məzlumun, haqlı haqsızın yanında olurlar. Biz də Fərqanəyə bu yolda əzmkarlıq, və uğurlar arzulayırıq.

Nizami MURADOĞLU
filologiya elmləri doktoru
banner

Oxşar Xəbərlər