Fərqanə
Mehdiyeva öz dəst-xətti olan qadın şairlərimizdəndir. Onu həmişə ədəbiyyatın
yanında, poeziya axşamlarında, şairlərin yaradıcılıq günlərində ya tədbirin
təşkilatçısı, ya da fəal iştirakçısı kimi görmüşəm. Səmimiyyəti, poeziyaya
vurğunluğu ilə seçilən şairin bu günlərdə 55 yaşı tamam oldu. Bu müddətdə
Fərqanə xanım hansı uğurları ilə oxucunu sevindirib, bəlkə də bunu özündən
başqa kimsə tam aça bilməz. Amma həqiqət budur ki, Fərqanənin şeirləri şairi
dərin fikirlərə qərq etdiyi kimi oxucunu da həmişə düşündürür. Bu düşündürücü
şeirlərin qayəsində bir anlamaq dərdi dayanır. Və bu anlamaq şairə zülm
gətirir, bu zülm də sevgidə aldanmaq ilə başlayıbdır:
Gəl
məni aldatma ay dəli şeytan,
Onsuz
da qovrulur dilim sevgidən.
Qoşa
əllərimlə tutub başımı
Hələ
ki, çəkirəm zülüm sevgidən...
Görəsən,
şairi aldadan doğrudanmı o dəli şeytandı?! Yoxsa özü özünü oda salanda, eşq
atəşində yana-yana qovurulanda, bəzən onun vüsal dolu badəsini başına çəkib
məst olaraq dünyaya xumar-xumar baxıb xəyala dalanda, bəzən həsrət anlarını
təklikdə yaşamaq məcburiyyətində qalanda şeytan yada düşür? Axı bu aldanışın
özündə də elə bir şirinlik var ki, insan bilə-bilə aldanmaq istəyir. Əgər bu bir
aldanmaqdırsa, onun təməli ən ali hisslərin bir məcraya gəlməsi ilə qoyulur.
Bəlkə, bir dəli çayın, bir güclü axar suyun, hətta dənizin də məcrasını
dəyişmək olar, amma bir-birində mehr tapan hisslərin məcrasını dəyişmək mümkün
deyil, təki o hisslərin məcmusu öz məcrasını tapmayınca. Bu bal dadan sevginin
şirinliyi həm də insanın məsudluğu ilə sonuclanır və təsadüfü deyil ki, atasının,
anasının sevgiyə "aldanması” ilə dünyaya gələn qəhrəmanın əziz övladı da özünün
"aldanışının” nəticəsi kimi meydana çıxır:
Sevgili
çağlarım bəlkə daldadı,
Bu
sevgi əzəldən elə bal dadıb.
Atamı,
anamı sevgi aldadıb
Balam
da dünyaya gəlib sevgidən.
Bizim
qəhrəmanımızı şairə çevirən, söz xiridarı edən də bu sevgidə "aldanışı”
deyilmi? Bu aldanışın həm şirini, həm acısı gözəldi. Şirinində vüsalı, acısında
həsrəti, dərdi var sevginin. Şairlərin bəlası hərdən o acını dadanda başlayır,
amma unudurlar ki, atalarımızın ibrətamiz bir deyimi var: "Min acını yeyərlər
bir şirinin xətrinə”. Bu həqiqəti anlaya-anlaya yenə də bu lirik qəhrəmanların
fəryadı davam edər.
"Aldanmış”
həqiqətin nəticəsi olaraq şairin canından çox sevdiyi qızı böyüyür, anasının
könül dünyasına daxil olur, oradakı zənginlikləri görür. Həyatında baş verən
dəyişiklikləri yavaş-yavaş, utana-utana, çəkinə-çəkinə anasına, ən yaxın
rəfiqəsinə açmağa çalışır. Qızlar bulağında su içən övladın "dərdi” başlayır: – anasından
sevgi şeiri istəyir.
Zərif
yanağında açılır çiçək.
Gözləri
gündüzdən günəş dərəcək.
Görəsən,
oxuyub kimə verəcək?
Məndən
sevgi şeri istəyir qızım.
Sevgi
şeirləri oxuyan, sevən, lakin sevgisini hələlik ətrafından, atasından
qardaşından gizlədən qızlar, Leyli dövründə yaşamasalar da, hələlik hisslərinin
aşkara çıxmasını istəmirlər. Zaman-zaman Leyli kimi sevgisini ürəyində yaşadan
qızın dərdini kağızdan başqa kimsəyə açmağa "hünəri” çatmır. Ağ vərəq üzərində
hisslər həyacanlı, intizarlı duyğuların təcəssümünə çevriləndə anlaşılır ki, bu
qız şairdir. Öz qızının da taleyini şair kimi görəndə Fərqanə xanım çalışır ki,
qələmi qızının əlindən alsın. Ona görə qələmi qızının əlindən almaq istəyir ki,
qadın şairlər daha sentimental olurlar. Onlar hisslərinin əlində aciz qalır,
dərdlərini bölüşməyə cəsarət etmirlər. Təbii ki, belə bir hallar da özlüyündə
qadın şairlərin həyatının acınacaqlı, iztirablı keçməsinə, bəzən də
anlaşılmamasına gətirib çıxarır.
Xəyalı
göylərdə yerini yazır,
Qovrula-qovrula
sirrini yazır.
Hələ
beş dərdindən birini yazır,
Qızları
qoymayın şeir yazmağa.
Amma
neyləmək ki, bəxtinə şairlik yazılan qızlar seçilmiş olurlar. Bəlkə bu da
taleyin bir sınağıdır, nə demək olar. Şairlik Allah vergisi olduğundan Fərqanə
dərdlərə sinə gərərək kənarlaşa bilmədi, əksinə özünün poetik düşüncəsi,
metaforaları, dilinin səlisliyi və ahəngi ilə müstəqillik dövrü Azərbaycan
şeirini zənginləşdirməkdədir.
Şair
zamanın səsi, minlərlə insanın duyğularının ifadəçisi, yaralı könüllərə məlhəm
olan, ruhumuzu oxşayan nəğmələrin yaradıcısıdır. Ona görə acından ölsə də,
ehtiyacını kimsəyə bildirməyən, sözdən kömək uman, ümid gözləyən şair haqqın,
ədalətin tərəfdarı olduğundan həm də dar ağacının sirdaşına da çevrilə bilir.
Necə ki, zaman-zaman şairlər dar ağacına salam deməyi özlərinin şərəf işi
saymışlar. Bariz nümunə olaraq İmadəddin Nəsiminin haqq yolunda dar ağacından
asılması, lakin onu məramından döndərə bilmədiklərindən dövrün zalımlarının
miskin vəziyyəti kino lenti kimi gözlərimiz qarşısında canlanır. Məhz bu
baxımdan Fərqanə də deyir ki:
Yesin
ürəyini, ölsün acından...
Tək
sözə söykənsin ehtiyacından.
Edam
kötüyündən, dar ağacından
Gərək
ayrılmasın şairin başı...
Elə
ki şair özünü haqqın yanında görür daha sevgi şeirləri yaza bilmir. Çünki indi
daha böyük, qlobal məsələlər düşündürür onu. Vətən dərdi, torpaq, yurd həsrəti,
bəşəriyyətin dinc və günahsız
sakinlərinə qarşı böyük güclərin törətdikləri vəhşiliklər, axıdılan qanlar,
dağılan tifaqlar, "gülü burnunda” öldürülən körpələrin fəryadı şairi rahat
buraxmır, səsi gəldikcə bağırmaq, yatmış vicdanları oyatmaq istəyir.
Şeirlə
bölürəm bu tən dərdimi,
Vərəqlər
üstündə bitən dərdimi.
Yazıram
el-oba, Vətən dərdini,
Sevgi
şeirləri yaza bilmirəm...
Şair
Vətən dərdini yazır. O dərdi yazır ki, Vətənində vətənsiz qalıb. Süfrəsinin
başında oturtduğu, çörəyini böldüyü, qucaq açdığı namərd qonşuları – ermənilər
tərəfindən işğal olunan torpaqlarından didərgin düşənləri gördükcə şairin dərdi
təzələnir. İşğal olunmuş ərazilərdən biri də Laçın rayonudur. Vaxtı ilə Laçının
şad günlərində yaranmış "Laçın” havasına oynayanlar çoxuydu. Daha bu havaya
oynamağı şair sindirə bilmir.
Daha
nəyin qalıb, haran göynəsin,
Dağlara
dərd çəkdik, Aran göynəsin.
Qoy
bir az duz səpim, yaran göynəsin,
Laçınsız
Laçını oynama, qardaş!
Vecsiz
dedik, bəlkə də dünyanın ən dərdli adamıdır oynayan. Bəzən dərdindən oynayan,
dərdin oynatdığı adamlar da olur ki, dərdin ağırlığına tab gətirə
bilmədiyindən əsəbləri pozulur,
müvazinətini saxlaya bilməyib yıxılırlar. Mənən yıxılanların dərdi özlərindən
böyük olur. Bu səbəbdən də Fərqanənin poeziyasında bu dərdlər bir-birini
izlədikcə şairin anlamında dərdlər böyüyür.
Dərdi
anlamaq ağırdır. Anlamaq dərdi daha ağırdı. Fərqanə dərdi anlayaraq özünə dərd
edən şairdir. Bitib tükənməyən müharibənin gətirdiyi bəlalar sayılmaqla
qurtarmır. Sahibsiz və kimsəsiz qalmış uşaqlar yetimxanalarda, uşaq
bağçalarında böyüyürlər. Zamanı gəlincə onların yeni həyata başlamalarında da
bir məhzunluq yaşanır. "Uşaq bağçasından gəlin köçən qız”ın toyu da göz yaşları
ilə müşayiət olunur.
Gözümdən
yayınmır yol çəkən gözün,
Dərdini
içində açıb bükürsən.
Keçir
xəyalından uşaqlıq çağın,
Şükür
böyümüsən gəlin köçürsən.
Şair
uşaq bağçasından gəlin köçən qıza analıq etmək istəyir, onun dərdini bölüşmək,
azaltmaq istəyir. İmkanı olsaydı qızın cehizini də alardı. Amma şair qıza ağ
gəlinlik paltarının xoşbəxtlik gətirməsini, payızın timsalında onun taleyində
bəd rol oynayanların hamısının saralıb-solmasını arzulayır. Bu qızın cehizi
yoxdur, onun cehizi didərgin adı, nəsibi qaçqınlıqdır.
Tale
yaddaşına salsın izini,
Baxıb
ağ donuna saralsın payız.
Maşınlar
daşımır cer-cehizini,
Uşaq
bağçasından gəlin köçən qız.
Fərqanə
uşaq bağçasından gəlin köçən qıza bir ana kimi yanaşır. O qızın da anası
olsaydı, cer-cehizi də olardı. Analar bütün ömürlərini övladlarının yolunda
girov qoyurlar. Acımadan, öz ağrısını unudub balasının ağrısına yanmaq anaların
müqəddəs vəzifəsinə çevrilibdir. Analardan söhbət düşmüşkən Fərqanə cəfakeş
Azərbaycan qadınının - anaların nisgilini yaşayan və yaşadan şairdir. Bu nisgil
"Təndir” şeirində özünü büruzə verməkdədir. Anasından sonra təndir də sahibsiz
qalıb, çörək yapanı yoxdur.
Keçib
boğazımız gərib kəndirə.
Dərdimiz
bəllidir, dərman tapılmır.
Evin
dalındakı qərib təndirə
Gör
neçə zamandı çörək yapılmır.
Ağır
olur anlamaq dərdi. O şeyi ki anlayıb çarəsini tapa bilmirsən – o zaman dərdin
daha böyüyü xirtdəyindən yapışır. Çarə nədir?! Çarəni Fərqanə bütün insanlar
kimi Yaradana üz tutmaqda tapır. Amma bu müraciətin özündə də şairin anlamaq
dərdi öz ifadəsini göstərməkdədir. Şair anlayır ki, onun dərdi çarəsizdi. Alın
yazısı deyilən taleyin bütün acıları sanki Allah tərəfindən kodlaşdırılaraq
göndərilmişdir. Şair gecələr Allahı ilə söhbət edir, ümidini itirdiyini
söyləyir.
Elə
hey baxıram, hey üzü üstə,
Sərili
qalıram gün üzü üstə.
Qoyaq
haqqımızı tərəzi üstə,
Sən
alın yazırsan, mən şeir, Allah!
Haqq
məsələsində şair bir qədər asilik etsə də, səmimidir, bilir ki, Allahın haqqını
heç bir bəndə qaytara bilməz. Tərəzi üstünə insanların bu dünyada qazandıqları
savab və günahlar qoyula bilər. Təbii ki, şairlərin savabı çoxlarının
günahlarını üstələyər. Şairlər kimsənin haqqını tapdalamırlar, şeirləri ilə
məzlumun, haqlı haqsızın yanında olurlar. Biz də Fərqanəyə bu yolda əzmkarlıq,
və uğurlar arzulayırıq.