• cümə, 19 Aprel, 03:26
  • Baku Bakı 18°C

Fərhad Bədəlbəyli: Azərbaycan Dövlət Himninin sədaları altında Qələbə bayrağının Şuşada yüksəldilməsini mütləq görəcəyik

08.10.20 09:00 873
Fərhad Bədəlbəyli: Azərbaycan Dövlət Himninin sədaları altında Qələbə bayrağının Şuşada yüksəldilməsini mütləq görəcəyik
SSRİ və Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli həmvətənlərə müraciət edib.
Bakı Musiqi Akademiyasının mətbuat-xidmətindən Trend-ə verilən məlumata görə, müraciətdə deyilir:
"Əziz həmvətənlərimiz! Azərbaycanın əziz dostları!
Bu gün xalqımız öz tarixinin şanlı səhifələrini yaşayır. Biz azərbaycanlılar, neçə illər boyu davam edən ağrılı, iztirablı, faciəli hadisələrdən, ağır itkilərdən sonra öz doğma torpaqlarımızı qaytarırıq, bizim gözəl Vətənimizin, suveren və müstəqil Azərbaycanımızın ərazi bütövlüyünü bərpa edirik!
Azərbaycan Prezidenti İlham Əliyevin "Qarabağ – Azərbaycandır!” sözləri bizim tariximizə qızıl hərflərlə həkk olunacaq. Çünki, Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında apardığı müharibə - ədalətli müharibədir. Bu, Vətən müharibəsidir. Azərbaycanın ərazisində aparılır və erməni təcavüzçüləri tərəfindən işğal olunmuş qədim Azərbaycan torpaqlarının qaytarılması məqsədini daşıyır.
Bizim şanlı ordumuz, cəbhə xəttində cəsarətlə vuruşaraq, bütün dünyaya Azərbaycan Dövlətinin qüdrətini və qüvvətini nümayiş etdirir. Doğma torpaqlarımızın bəzi əraziləri erməni işğalçılarından təmizlənib. Bu, həqiqətən bayramdır, bu, "göz yaşardan” qələbədir. Xüsusilə bizim üçün, musiqi ictimaiyyətinin nümayəndələri üçün. Bizim bir çoxumuz bəhrəli Qarabağ torpağının yetirmələriyik. 30 ilə yaxındır ki, biz əcdadlarımızın dəfn olunduğu yerlərə gedib, onların xatirəsini ana bilmirik, biz doğma torpağımızdan uzaq, sözün əsl mənasında, musiqi mədəniyyətimizin beşiyi sayılan Şuşadan uzaqdayıq. Axı məhz Şuşada Xurşidbanu Natəvanın, Səməd bəy Mehmandarovun, Üzeyir Hacıbəylinin, Bülbülün, Mir Möhsün Nəvvabın ev-muzeyləri yerləşirdi. Şuşa – bizim əcdadlarımızın şəhəri olub, nə qədər xoş xatirələrimizlə bağlıdır. Şuşa həm bizim kədərimiz, həmdə bizim ağrımızdır.
Biz musiqiçilər, mədəniyyət və incəsənət xadimləri, ölkəmiz üçün bu çətin günlərdə ancaq bir şey arzulayırıq! Əlbəttə ki, bu hər bir azərbaycanlının arzusudur – ermənilərdən işğal edilmiş torpaqlarımızın azad olunması. Biz ürəkdən inanırıq ki, ədalət zəfər çalacaq, qələbə bayrağı Üzeyir bəyin qəhrəmani musiqisinin sədaları altında Şuşada dalğalanacaq. Biz Şuşaya onun möhtəşəm musiqiçilərini və ifaçılıq məktəbini qaytaracağıq. Biz bu müqəddəs torpaqda yaşayacaq, yaradacaq, əsərlər bəstələyəcək, ifa edəcək, gələcək nəsillərimizi yetişdirəcək, onun Azərbaycan musiqi istedadlarının "beşiyi” olduğunu bir daha sübut edəcək, bu haqqını bərpa edəcəyik.
"Böyük Qələbə gününü yaxınlaşdırmaq üçün əlimizdən gələni etmək bizim hər birimizin borcudur!” Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın bu sözləri bu gün bizim Vətənimizin bütün vətəndaşlarına ünvanlanıb. Bizim hər birimiz öz qüvvəsi daxilində mübarizə aparmalıdır – axı mədəniyyət-informasiya cəbhəsi də mübariz ruh və müvafiq hazırlıq tələb edir.
Biz, musiqi mədəniyyəti və incəsənət xadimləri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti Azərbaycan Prezidentinin, Silahlı Qüvvələrinin Ali Baş Komandanının ölkəmizin doğma torpaqlarını qaytarmaq əzmini dəstəkləyir və salamlayırıq. Öz tərəfimizdən, informasiya cəbhəsindəki mübarizədə iştirak etməyi müqəddəs vəzifəmiz bilirik, həmçinin, biz bütün dünyaya Ermənistanın işğalçılıq siyasəti, vəhşicəsinə dağıdılmış evlər, öldürülmüş dinc əhali, məhv olunmuş mədəniyyət abidələri haqqında məlumatı çatdırmağı özümüzə borc bilirik.
Bizim işimiz haqdır və qələbə bizim olacaq! Bizim şanlı ordumuz Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin başçılığı ilə qələbə əzmi ilə irəli addımlayır!!! Bəli, təəssüf ki, bizim itkilərimiz də var. Ürək ağrısı ilə biz qəhrəman əsgərlərimizin şəhid olmasından, şəhərlərimizin və dinc əhalinin atəşə məruz qalmasından danışırıq. Lakin Azərbaycanın vətənpərvər döyüşçülərinin qəhrəmanlığı əbəs deyil. İşğalçılar bizim qanuni ərazilərimizdən qovulacaq və biz, nəhayət ki, doğma ellərimizi görəcəyik, doğma torpaqlarımızı öpə biləcəyik. Azərbaycan Dövlət Himninin sədaları altında Qələbə bayrağının Şuşada yüksəldilməsini mütləq görəcəyik. Daha sonra biz orada Böyük Qələbənin şərəfinə ən möhtəşəm konsertimizi keçirəcəyik!!!
Qarabağ – Azərbaycandır!!! Bizim şanlı ordumuza və Ali Baş Komandanımıza eşq olsun!!! Azərbaycana eşq olsun!!!".
SSRİ və Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli
BMA-nın professor-müəllim heyəti:
SSRİ və Azərbaycanın Xalq artisti, professor Fidan Qasımova
Azərbaycanın Xalq artisti, professor Xuraman Qasımova
Prorektor, Əməkdar müəllim, professor Nərminə Quliyeva
Prorektor, Azərbaycanın Xalq artisti, professor Eganə Axundova
Prorektor, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə
Dekan, Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə
Dekan, Əməkdar müəllim, professor Nazakət Rimazi
Dekan, sənətşünaslıq doktoru, professor Gülzar Mahmudova
Professor Leyla Məmmədova-Fərəcova
Azərbaycanın Xalq artisti, professor Cavanşir Cəfərov
Azərbaycanın Xalq artisti, professor Gülbacı İmanova
Azərbaycanın Xalq artisti, professor Yalçin Adıgözəlov
Azərbaycanın Xalq artisti, professor Zəhra Quliyeva
Azərbaycanın Xalq artisti, professor Yusif Axundzadə
Azərbaycanın Xalq artisti, professor Ramiz Quliyev
Azərbaycanın Xalq artisti, professor Ülviyyə Hacıbəyova
Əməkdar incəsənət xadimi, professor Aydın Əzimov
Əməkdar incəsənət xadimi, professor Tariyel Məmmədov.
banner

Oxşar Xəbərlər