• şənbə, 20 Aprel, 15:20
  • Baku Bakı 23°C

“Ey insan! Ananı daim uca tut!”

24.02.20 12:45 3330
“Ey insan! Ananı daim uca tut!”
Sərdar Əliyevin "Mən yandım, sən tükəndin” kitabınından duyduqlarım
"Əzizlərim! Anamın ruhu xatirinə ərsəyə gəldi bu kitab. Qəlbimin qapılarını sizlərin üzünə açdım. Məndən nişanı qala biləcək düşüncələrimi, duyğularımı, ruhumu vəsf edən sözlər yaşayır bu kitabda”.
Peşəsi etibarilə hüquqşünas olan Sərdar Əliyevin "Mən yandım, sən tükəndin” kitabının əsas mövzusu ana məhəbbətidir, əsas qəhrəmanı da təbii ki, anadır. Azərbaycan ədəbiyyatında ana haqqında yüzlərlə, minlərlə şeirlər, poemalar, nəsr və dram əsərləri yazılıb. Bu mövzu müqəddəs varlıq olan analara məhəbbətdən, hüsn-rəğbətdən, şəfqətdən, övlad sevgisindən yaranıb. Böyük Hüseyn Cavidin "Qadın” şeirindəki bu misraları xatırlayın: "Qadın! Ey sevgili həmşirə. Ana, ey nazlı qadın. Ana övladını bəslər, böyüdür, anasız millət, əvət, öksüzdür”. Və əlbəttə, böyük Cəfər Cabbarlının alternativi olmayan "Ana” şeiri. Bəxtiyar Vahabzadənin bu misraları: "Sən məni dünyaya gətirdin, ana. Mənsə yola saldım, dünyadan səni”. Bir də böyük şairimiz Məmməd Arazın bu misrası: "Ana itirmişəm ana yaşında”. Sərdar Əliyevin adını çəkdiyim kitabında da öz anasına həsr etdiyi şeirlər bu ənənəni davam etdirir.

Ey insan! Ananı daim uca tut,
Onunla bölüşdür hər bir duyğunu.
İtirəndən sonra anlayacaqsan
Ananın səniçün kim olduğunu.

Onun analı şeirləri, anasızlığı, Ana itkisini unutmayan bir övlad yanğısını ifadə edir. Bu şeirlərdə trafaret misralar yox dərəcəsindədir. Təbii ki, içərisində səviyyəcə fərqlər var. Amma ana itkisinə həsr olunan şeirlərdə səmimi, ürəkdən gələn, qəlb ağrısından doğan təbii hisslər üstünlük təşkil edir. Bu şeirlərin içində "Ana yuxusu” birinci sırada durur. Ananı yuxuda görmək... bütün övladların yuxusuna gəlir Ana. Amma Sərdar Əliyevin şeirində ana obraz səviyyəsinə yüksəlir:

Yaxşı ki, yuxu varmış,
Görüşürük biz orda.
Sən də tez-tez gəlirsən,
Gözlərim qalmır yolda.

Burada ana itkisi tamam unudulur. Ana mifoloji bir obraza dönür. Deməli, onun ölümündən yox, ehyasından, diriliyindən söz açılır:

Gah gülürsən üzümə,
Gah qayğılı baxırsan.
Yaxınlaşıram sənə,
Birdən uzaqlaşırsan.

Ana obrazı bu misralarda xəyali bir dona bürünür. Yaxınlaşmaq və uzaqlaşmaq təzadı məhz yuxu sindromu ilə bağlıdır. "Yaxşı ki, yuxu varmış” – bu misrada yuxunun özü də obrazlaşır. "Bir təsəlli üçün mən haralara gedərdim?”

Səni görməkçün, ana,
Dağ-dərələr aşardım.
Yuxuma gəlsən bu gün
Öpüb, qucaqlaşardım.


Şeirin sonuncu bəndi isə ana ölümsüzlüyünə işarədir. Və sonuncu bənd ananı mifik bir obraza çevirir. Dünya yerindədir, həyat davam edir, amma ana ölmür, o, əbədiləşir. Sərdar Əliyev bu şeirlə poeziyamızda daha bir ana obrazı yaradır. Bu obraz diridir, canlıdır, yuxu isə bu obraz üçün bir körpüdür.

Sən də demə heç kəsə
Mənlə görüşdüyünü.
Qoy bilməsin fələklər
Göylərdən düşdüyünü.


Göy və fələk anlamı şeirimizdə tez-tez işlənən simvolik obrazlardır. İnsan öləndən sonra onun fiziki varlığı torpağa, mənəvi varlığı isə göylərə, fələklərə qovuşur.
Sərdar Əliyevin analı şeirlərində nisgilli misralar da tapmaq olar. Deyəndə ki: "Məni dəfn etməyə gələrsən, ana” – istəməzdik belə pessimist misralar onun analı şeirlərinə hopsun. Çünki "Canını qurban verən varsa, O yalnız anadır, Səni illərcə sevən varsa, O yalnız anadır” – ana sevgisiylə yoğurulub bu hisslər. Təbii ki, ana ölümü oğul üçün ağrıdır, çünki ana təkcə ana deyil, həm də ümiddir, təsəllidir (hətta ölümündən sonra da!). Anaya olan məhəbbətin böyük ölçüsü, meyarı nədir? "Mənim qibləgahımdı bir Allahım, bir anam”...
Sərdar Əliyev bir xeyli bayatısını da anasına həsr edib... Bu bayatıların içində xalq bayatıları ilə yaxşı mənada səsləşən nümunələr az deyil. Dörd misrada bitkin bir fikir söyləmək, həm də bu fikri gözəl şeiriyyətlə ifadə etmək şairdən məharət tələb edir. Vaxtilə Xalq yazıçısı, həm də görkəmli tənqidçi Mehdi Hüseyn yazırdı ki: "İlham, həm də qüvvətli bir ilham olmadıqca bayatı yarana bilməz. Bayatının müəllifi həqiqi mənada lirik şairdir”. Sərdar Əliyevin bir çox bayatıları da bu fikri təsdiq edir.

Boşaldım-doldum, ana,
Saraldım-soldum, ana.
Özüm qaldım bir yana,
Dərdim, sən oldun, ana.

Fələk sərtdi, harındı.
Ümid ayaqyalındı.
Ana, məni qoruyan
Sənin dualarındı.

Yanında tənha şəmdim,
İçimdə ancaq səndin.
Bu həyat böylə keçdi,
Mən yandım, sən tükəndin.

Ürəyim-canım getdi,
Damardan qanım getdi.
Səbr ver, ey Allahım,
Könül Sultanım getdi.


Sərdar Əliyev qəzəl janrında da qələmini sınayıb və deyim ki, onda əruz damarı var. Əruz şeirində ritm, musiqi, avaz əsas atributlardan biridir. Sərdar Əliyev ola bilsin, əruzun – bu mürəkkəb janrın texnologiyasına yaxşı bələd deyil, amma onun qəzəlləri ilə tanış olduqda görürsən ki, bu qəzəllər musiqiyə, ritmə uyarlıdır. Bir nümunə gətirək:

Bu eşqin zülmün səfasın min adəmdən biri bilmir,
Cəhənnəm-cənnət xülyasın ölü bilir, diri bilmir.

Dərdin varsa, çarə dilə yalnız Allah dərgahından,
Müşküllərin əlacını ocağı, ya piri bilmir.

Görən gördü, çəkən çəkdi, ölən öldü eşq yolunda,
Rahət o kəsdir dünyadə, heç bir dərdi-səri bilmir.

Meylini salma nəfsinə, hər gününə eylə şükür,
Dünyanın qədrin-qiymətin göyü bilir, yeri bilmir.

İnsaf eylə, çox incitmə hüzurunda sən Sərdarı,
Məsum bir uşaq kimidir, layla bilir, kiri bilmir.


Qeyd edim ki, Sərdar Əliyev üçün yazıb-yaratmaqda janr məhdudiyyəti yoxdur. O, qısa misralar da yazır, qəzəllər də, esselər də, dualar da, hikmətli sətirlərdən ibarət yığcam sətirlər də. Çalışır ki, hər hansı nümunədə təzə söz deməyə cəhd etsin. Nəsihətvarilik şeirlərində hiss edilir.
Amma kitabdakı şeirlərin bir qismi sevgidəndir.
Çoxu da hicran motivləri üzərində qurulub. Amma onların yaxşılarını dəyərləndirən bir xüsusiyyət var ki, o da yaşanılmış, duyulmuş hisslərdir. Yəni onun sevgi şeirlərində süni, qurama motivlər nəzərə çarpmır.

Bir az sevinc payım var,
Al, bölüşək səninlə.
Qoy başını sinəmə,
Sevən qəlbimi dinlə.

Şirin nağıllar deyək,
Süfrəmizdə duz-çörək.
Göydən düşən almanı
İki yerə tən bölək.


Nağılvari sevgi şeiridir. Amma iki sevən arasında pərişanlığı, ayrılığı ifadə edən şeirlər daha çoxdu. Və biz bu motivlərə görə müəllifi qınamırıq. Əsrlər boyu elə Azərbaycan şeirində ayrılıq əsas mövzu olmayıbmı? Sərdar Əliyev də öz sevgisinə ayrılıq körpülərindən baxır: "Öz əlim, öz başım oldu, Kədər, qəm sirdaşım oldu. Məhəbbət göz yaşım oldu Sən yanımda olmaq üçün”. Ümumiyyətlə, onun sevgi şeirlərində istər vüsal olsun, istər hicran - əsas odur ki, Sərdar Əliyev insana məxsus olan bu ali hissin tərənnümçüsüdür. O, dünyanı məhəbbətsiz təsəvvür eləmir.
Bir məsələni də qeyd edim: Sərdar Əliyev şeirlərində uzunçuluğa meyl eləmir, fikrini mümkün qədər yığcam və lakonik şəkildə ifadə etməyə çalışır. Onun qısa şeirlərinin çoxunda bəzən bir iri həcmli şeirin daşıdığı məna yükü var. Məsələn: "Təkcə həzz axtarma sən bu dünyada, Qəmi, kədəri də hərdən sal yada”. Yaxud: "Qoyma əməlindən şeytan sevinə, Qəlbinlə yaxın ol Allah evinə” və s.
Ümumiyyətlə, ilk kitabına görə Sərdar Əliyev potensial yaradıcılıq imkanlarına malikdir. Ədəbiyyat isə çətin sahədir. Qoy Sərdar müəllim həmişə obrazlı düşünsün, şeirin gözəlliyinə fikir versin. Şeirin gözəlliyi isə məhz onun məzmun və hiss vəhdətidir. Ürək və beyin birgə işləyirsə, gözəl şeirlər də yaranacaq. Və Sərdar Əliyevin kitabında belə nümunələr az deyil.

Vaqif Yusifli
Filologiya elmləri doktoru, professor
banner

Oxşar Xəbərlər