• çərşənbə axşamı, 16 aprel, 07:56
  • Baku Bakı 14°C

Ermənistanın prioriteti Avrasiya İqtisadi İttifaqıdır

13.11.19 17:57 1939
Ermənistanın prioriteti Avrasiya İqtisadi İttifaqıdır
Qərbə inteqrasiya şüarları ilə hakimiyyətə gələn Paşinyan indi bunun mümkünsüz olduğunu düşünür

Ermənistanın qısa zaman kəsiyində Qərb strukturlarına inteqrasiya olunacağı barədə vədlər verən Nikol Paşinyan artıq bu barədə nəinki danışmır, əksinə, bunların mümkünsüz olduğunu bəyan edir. Hər halda, onun son açıqlamaları bunu deməyə əsas verir. Baş nazir ölkənin prioritetinin heç də Avropa İttifaqı və digər qərb strukturları olmadığını bəyan edib. O açıq şəkildə bildirib ki, Avrasiya İqtisadi İttifaqı onlar üçün çox vacibdir. Nikol amerikalı jurnalistin "Ermənistan Avropa İttifaqına qatılmaq istəyirmi?” sualını cavablandırarkən deyib ki, "mən belə düşünmürəm, ona görə ki, biz hazırda Avrasiya İqtisadi İttifaqının üzvüyük. Biz öz münasibətlərimizi bu təşkilatda inkişaf etdirməyə hazırlaşırıq. Bu, iqtisadi ittifaqdır və bizim üçün vacibdir. Ona görə də hələ gündəmimizdə belə məsələ yoxdur”.
Beləliklə, bir vaxtlar Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması barədə qanun layihəsinin müəllifi kimi məşhurlaşan Nikol indi fəxrlə bəyan edir ki, belə bir qurumda təmsil olunmaq onlar üçün prioritetdir. Halbuki, ölkənin əksər iqtisadçıları dəfələrlə bəyan edirdilər ki, Ermənistanın bu qurumda təmsil olunması ölkə üçün heç bir mənfəət gətirmir. Hakimiyyətinin ilk vaxtlarında Ermənistanın əsas prioritetinin avroməkana inteqrasiya olduğunu bildirən N.Paşinyan artıq anlamağa başlayıb ki, forpost damğası əbədi üzərlərində olacaq. Ermənistan Rusiyanın izni və razılığı olmadan heç bir addım ata bilməz.
Qərbpərəst görüntüsü yaratmaq əsas deyil, əsas konkret addımlar atmaqdır. Populist bəyanatlar səsləndirib, ölkədə iqtisadi inqilab həyata keçirəcəyini, əhali sayını perspektivdə artıracağını bildirsə də, artıq çoxları buna inanmır.
Əvəzində son zamanlar Ermənistan baş nazirinin selfiləri, eləcə də feysbukdakı canlı yayımları artmağa başlayıb. Buna səbəb Paşinyana 10 gün əvvəl təqdim edilən yeni sosial sorğudur. Bu məlumatı "Past” qəzeti yayıb. Məlumata görə, yeni sorğunun nəticəsi baş naziri əsəbiləşdirib. Nəticədə Paşinyan sorğunun nəticələrini yoxlamağı və yeni sosial sorğu keçirməyi sifariş edib: "Bizim mənbəmizin məlumatına görə, bu sorğunun nəticələri baş nazirə Paris səfərindən iki gün öncə təqdim edilib. Sorğuya əsasən, baş nazirin reytinqi 21%-23% hədlərində olub. Paşinyan artıq özünün ən etibarlı adamlarına reytinqinin daha da düşməməsi üçün ona gələcək fəaliyyət proqramı təqdim etməyi tapşırıb”. Baş nazir məmur və deputatların yeni ildə respublikanı tərk etməsini də qadağan edib. Bu məlumatı "Qraparak” qəzeti yayıb. "Bizə bəllidir ki, Nikol Paşinyan Yeni ili Ermənistanda qarşılamaq əmri verib. Bu qərar vəzifəli şəxslər və deputatlara aiddir. Belə ki, keçən il iki məmur öz vəzifələrini Yeni ili Ermənistan xaricində keçirdiyi üçün itirib. Bu il baş nazirin əmrini pozmağa heç kimin cəsarət etməyəcəyi gözlənilir”, – deyə qəzet bildirib.
Erməni mediası Nikolun problemləri sırasına kilsənin də əlavə edilə biləcəyindən yazır. Ermənistanın hökuməti kilsə ilə qarşı-qarşıya qala bilər. Bu məlumatı "Past” qəzeti yayıb. Hökumətin yaxın zamanlarda məktəblərdə "Erməni kilsəsi tarixi” dərsini qadağan edəcəyi vurğulanıb. Bununla belə, bu dərsin "Erməni tarixi” dərsliyinin tərkibinə daxil edilməyəcəyi bildirilib. Əvəzində erməni məktəblilərə "Din tarixi” dərsinin tədris ediləcəyi deyilir. Yeni dərsdə isə Erməni Apostol Kilsəsi və ya xristianlıq tarixi yerinə, digər dinlərin də tarixi tədris ediləcək.
"Past”ın mənbələri hökumətin artıq bu qərarın yaradacağı effektə qarşı mübarizə üçün variantları nəzərdən keçirdiyini bildirib. Belə ki, hökumətin xüsusilə Erməni Apostol Kilsəsinin bu məsələdə aktivliyini qarşısını almağa çalışacağı yazılıb. Bir faktı da qeyd edək ki, Paşinyan Los-Ancelesə səfəri zamanı erməni kilsəsini ziyarət etməyib. Bu barədə məlumatı "İrates” qəzeti yayıb. Məlumata görə, Paşinyanın bu addımı yerli erməni icmasında böyük etiraza səbəb olub. Erməni biznesmenlər də Paşinyandan şikayətləniblər. Belə ki, baş nazirin sahibkarlarla görüşü zamanı bir sıra biznesmen zalı tərk edib. Buna səbəb kimi Paşinyanın onlara təklif edəcək heç nəyinin olmamasını göstəriblər.
Maraqlıdır ki, N.Paşinyanın qərbpərəstliyi yalnız eyni cinsdən olanların münasibətləri ilə bağlı üzə çıxır. "Azatutyun” yazır ki, Nikolun tərəfdarlarının çoxluq təşkil etdiyi Ermənistan parlamenti eynicinsli nikahların qadağan edilməsinə dair məsələyə baxmaqdan imtina edib. Millət vəkillərinin əksəriyyəti müxalif "Çiçəklənən Ermənistan” Partiyası tərəfindən təklif edilmiş qanun layihəsinə baxmaqdan imtina ediblər. Bu təklifin əleyhinə olan deputatlar deyiblər ki, ölkə konstitusiyasında nikahın "qadın və kişi arasında ittifaq” olduğunu təsbit edən müddəa var. Qanun layihəsinin həmmüəliflərindən biri, əvvəllər antiLGBT bəyanatları ilə məşhur olan millət vəkiliGevork Petrosyantələb edib ki, deputatlar sadəcə olaraq mövcud Ailə Məcəlləsinə eynicinsli və transgender nikahları qadağan edən müddəa daxil etsinlər. Deputatlar habelə Petrosyanın Ailə Məcəlləsinə homoseksualların övladlığa götürməsini qadağan edən müddəanın əlavə olunması təklifini də rədd ediblər. Petrosyan öz təkliflərinin milli təhlükəsizlik məsələsi olduğunu deyib. O, belə bir sual verib: "Bu təşəbbüsün əleyhinə səs verənlər bunların öz ailələrində baş verməsini istərdilərmi?” Onun bu replikasından qəzəblənən spikerArarat MirzoyanPetrosyanı bu məsələni "şəxsiləşdirməməyə”və"Roma papasından daha çox xristian olmamağa”çağırıb. Hakim "Mənim addımım” alyansı bəyan edib ki, Ermənistanın hazırkı qanunvericiliyi müxalif deputatın qaldırdığı bütün məsələləri əhatə edir. Homoseksuallar arasında nikah məsələsindən narahatlığın yaranmasına səbəb Ermənistanın imzaladığı Avropa Şurası Konvensiyasının qarşıdan gələn ratifikasiyasıdır. Mühafizəkarlar ehtiyat edirlər ki, bu konvensiyanın ratifikasiyası eynicinsli nikahlara yol aça bilər. İstanbul Konvensiyası kimi tanınan bu sənəd 2011-ci ildə imzalanıb və şuraya üzvü olan ölkələrdən qadınlara qarşı zorakılıqla mübarizə aparmağı tələb edir.
Bəzi millət vəkilləri bu Konvensiyada cins məsələsinin geniş və yayğın qoyulmasından narahatdırlar. Erməni Qriqoryan Kilsəsinin rəhbərliyi də Konvensiyanın ratifikasiya olunmasının əleyhinədir. Ermənistan hökuməti isə bəyan edir ki, Konvensiya konkret olaraq eynicinsli nikahları leqallaşdırmır. Buna baxmayaraq, Konvensiyanın ratifikasiyası gələn ilə saxlanıb.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər