AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənistanda koronavirus gərginliyi

Ermənistanda koronavirus gərginliyi

Siyasət
06 Aprel 2020, 16:32 358
Yerli media və siyasilər hökuməti yoluxanların sayında Azərbaycan və Gürcüstanı qabaqlamasına görə ittiham edir

Ermənistanın onsuz da ağıq iqtisadi durumunu daha da bərbad vəziyyətə salan koronavuris pandemiyası Nikol Paşinyan hökumətini ciddi sınaq qarşısında qoyub. Ermənistan mediasında baş nazirə qarşı ittihamlar indi başqa prizmada start götürüb. "Ermənistanda koronavirus böhranına qədər baş nazir Nikol Paşinyan mütəmadi olaraq ölkəsini iqtisadi göstəricilərinə görə Gürcüstanla, eləcə də, Azərbaycanla müqayisə edirdi”. Bu sözlər erməni "yerkrmas.am” saytında dərc olunan məqalədə vurğulanır. Müəllif yazır ki, "məxməri inqilab” statistika mərhələsinə çatıb. "İndi isə Paşinyan elə bil koronavirus statistikasını sanki görmür. Etiraf etməyə cürəti çatmır ki, çıxıb desin ki, Gürcüstan və Azərbaycanı koronavirus statistikasına görə pis mənada ötüb keçmişik. Koronavirusa yoluxanlar sırasında regionda yalnız İrandan geri qalırıq. Digər qonşularımızda vəziyyət müqayisəolunmaz dərəcədə yaxşıdır”. Hazırda ölkədə koronavirusdan ölənlərin sayı 8-ə çatıb. Xəsəliyə düçar olanların sayı isə 830-u keçib. Gürcüstanda isə ölü sayı 2, xəstələrin sayı isə 188-dir. Müəllif yazır ki, halbuki, Gürcüstan əhalisinin sayı Ermənistandan çoxdur. Onun sərhədləri də böhrana qədər açıq idi, ölkəyə gələn turistlərin sayı isə Ermənistandan dörd dəfə çoxdur. Yəni orada xəstəliyə düçar olma ehtimalı daha yüksək olmalı idi, bunun üçün hər cür şərait var idi. "Əvəzində tamam başqa bir vəziyyətin şahidi oluruq. Səbəb odur ki, Gürcüstanda bu problemə barmaq arası baxmırdılar və konkret addımlar atılırdı. Bizdə isə koronavirusun yayıldığı dövrdə insanları qrup şəklində bir yerə yığışmaqdan çəkinmir, onların arasında "hə” təbliğatı, daha dəqiq ifadə etsək, nifrət təbliğatı aparırdılar. Martın 1-də bəyan edildi ki, öılkədə koronavirus faktı aşkar olunub. Lakin bundan sonra belə bir neçə hakimin vəzifəsindən azad edilməsi məqsədilə nəzərdə tutulan referendum təxirə salınmadı. Düzdür, koronavirus ölkədən yan keçə bilməzdi. Bu, bütün ölkələrin rastlaşdığı problemdir. Lakin məsələ ondadır ki, Ermənistanda bu problem hakimiyyətin yalanı və qeyri-peşəkarlığı üzündən daha da ciddiləşib. Müəllif hesab edir ki, postkoronavirus Ermənistanı populizm və savadsız idarəçilikdən azad olmalıdır. "Paralel olaraq virusa qarşı immunitet əldə edən xalqımız populizm və oxlokratiyaya (demagoqların hakimiyyəti) qarşı vaksini əldə etməlidir. Əks təqdirdə biz daha böyük və ciddi sınaqlar gözləyir. Gözəgörünməz düşmənlə yanaşı, biz daha bir halla üzləşə bilərik. Bunu isə pis idarəçiliklə yol verə bilmərik”, - deyə məqalə müəllif fikrini tamamlayıb.
Ermənistanın "Siyasi iqtisadiyyat” araşdırma institutunun direktoru, politoloq Andranik Tevanyan da özünün "Facebook” səhifəsində maraqlı bir fikir paylaşıb. O bildirib ki, Paşinyan hökuməti ekstremistdir və koronavirusa qarşı mübarizə baxımından onun rəhbərlik etdiyi hökumət legitim deyil. O qeyd edib ki, hökumət hansı addımı atırsa, insanlar orda fərqli kontekst görürlər. "Bu hakimiyyət o qədər yalan danışıb və göstərib ki, onun üçün insanlar yalnız manipulyasiya mövzusudur. Hökumətin bütün addımları artıq şübhə altına alınır. Minimum zəruri addım səhiyyə naziri Arsen Torosyanı işdən çıxarmaqdır. O, ya yalançıdır, ya da bacarıqlı deyil. Yaxud hər ikisi birlikdə. Hər halda o, səhiyyə naziri kimi işləmək hüququna sahib deyil”, - deyə Tevanyan yazıb.
Ermənistanın "Demokratik Vətən” partiyasının sədri Petros Makeyan də ölkə səhiyyəsini və bütövlükdə Paşinyan hakimiyyətini ittiham edib: "Əgər səhiyyə naziri, daha sonra da Paşinyan koronavirusla bağlı vəziyyəti düzgün qiymətləndirsəydilər, bu cür mənzərəyə sahib olmazdıq. Bugünkü vəziyyətin məsuliyyətini onlar daşıyırlar”. O qeyd edib ki, koronavirus problemi bütün dünyada var, lakin giriş və çıxışın, əhalinin sayının daha çox olduğu Gürcüstanla müqayisə etsək, orada yoluxanların göstəricisi Ermənistandan 5-6 dəfə azdır. Bu, artıq taleyin şıltaqlığı yox, Ermənistan səlahiyyətlilərinin problemidir. "Səlahiyyətlilər digərlərini dinləməmək kompleksindən qurtulmalıdırlar, bugünkü vəziyyətin cavabdehi Arsen Torosyan və Nikol Paşinyandır”, - deyə Makeyan bildirib.
Ermənistanın "Media müdafiəçisi” təşəbbüsünün rəhbəri Ağasi Yenokyan isə hesab edir ki, Paşinyan epidemiya nəticəsində nəhayət arzuladığı "misilsiz” vəziyyəti yaratmağa müvəffəq olub”. O qeyd edib ki, pandemiyanın bütün dünyada yayılmasına və mütəxəssislərin xəbərdarlıqlarına baxmayaraq, Paşinyan öz monopoliyasının möhkəmləndirilməsi, konstitusiya sisteminin ləğvi ilə məşğul idi. "Bu vəziyyətin, epidemiyanın mövcud miqyasının, bu qədər yoluxanların və ölənlərin günahkarı bir nəfərdir. Bu adamın adı Nikol Paşinyandır”, - deyə Yenokyan bildirib.
Erməni politoloq Yervand Bozoyan isə ötən gün keçirdiyi mətbuat konfransında vurğulayıb ki, Ermənistanda koronavirus faizi baxımından kifayət qədər böyük göstərici hakimiyyətin koronavirusa qarşı mübarizədə gecikməsi ilə əlaqəlidir. O bildirib ki, koronavirusa görə tədbirlərin gecikməsinə səbəb hakimiyyətin başının referenduma qarışması olub. "Paşinyan deyirdi ki, koronavirus kiminsə itidir və bu, bizi qoxuda bilər. Səhiyyə naziri Arsen Torosyan isə Cənubi Koreyadan qayıdarkən jurnalistlərlə zarafat edirdi ki, hər kəs yoluxacaq. Səbəb konstitusiya dəyişiklikləri referendumu idi”, - deyə Bozoyan qeyd edib. O qeyd edib ki, Ermənistanda əhalinin sayı az olsa da ölkə yoluxanların sayına görə Azərbaycan və Gürcüstanı xeyli qabaqlayır. "3 milyonluq Ermənistanda yoluxanlar 4 milyonluq Gürcüstandan, 10 milyonluq Azərbaycandan təxminən 4-5 dəfə daha çoxdur. Bu, rüsvayçılıqdır və hazırkı hakimiyyətin böhran şəraitində ölkəni idarə etmək üçün nə dərəcədə hazırlıqlı olduğunu göstərir”, - deyə politoloq bildirib.
 
Azər NURİYEV