“Ermənistan hakimiyyəti danışıqlarda etibarsız tərəf sayılır”
"Biz dağıdılmış qəbristanlıqlarımızı, tarixi, mədəni
və dini abidələrimizi bərpa edəcəyik”.
Bunu Trend-ə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin
azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
İcma rəhbəri qeyd edib ki, işğaldan azad ediləndən
sonra Dağlıq Qarabağ və ətraf ərazilərdə dağıdılan şəhərlər, rayonlar, kənd və
qəsəbələr ən müasir formada yenidən qurulacaq.
"Biz 2016-cı iln aprel döyüşlərindən sonra
Cocuq Mərcanlı kəndinin qısa zaman ərzində yenidən qurulduğunun şahidi olduq.
Yeni evlər, məktəb binası, uşaq bağçası, mədəniyyət sarayı, istirahət parkı, məscid
tikildi, yaşıllıq zolaqları salındı. Kənd sakinləri uzun illərdən sonra yeni
evlərinə qayıdaraq köçkünlük həyatına son qoydular.
Cocuq Mərcanlı, Şıxarx qəsəbələrinin timsalında Azərbaycan
dövləti dünyaya sübut etdi ki, Ermənistan Silahlı Qüvvələrinin işğalından azad
olunacaq ərazilərimizdə ən qısa zamanda insanların bütün həyat şəraitini təmin
edəcək, şəhər, rayon, kənd və qəsəbələr salmağa qadirdir. Köçkünlərlə
keçirdiyimiz görüşlərdə bu mövzuda dəfələrlə söhbətlərimiz olub.
Elə insanlar var ki, geri qayıdandan sonra tikəcəyi
evin layihəsi və mənzilin dizaynına qədər hər şeyi planlaşdırıb. Bu insanlar
geri qayıdacaqları günü gözləyirlər ki, uzun illər xəyallarında yaşatdıqları
arzuları reallaşdıra bilsinlər”.
T.Gəncəliyev qeyd edib ki, rəsmi Bakı Dağlıq
Qarabağ problemini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməyə
çalışır:
"Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar masası üzərində mərhələli
həll variantdır. Ermənistan hakimiyyətinin riyakarlığı üzündən münaqişənin həlli
uzun illərdir ki mümkün olmur.
Ermənistan rəhbərliyi həm öz xalqını, həm də
münaqişənin tərəfləri arasında vasitəçilik missiyası həyata keçirən qurumları
aldadır. Bu isə bəlli bir nöqtəyə qədər davam edə bilər.
Hesab edirəm ki, artıq həm Ermənistan əhalisi, həm
də beynəlxalq təşkilatlar bunu başa düşməyə başlayıblar. Ermənistan hakimiyyəti
danışıqlarda etibarsız tərəf sayılır”.