Erməni vandalizmini dünyaya göstərə biləcək “şəhid heykəl”lər
15.05.19 19:24
15877
Yaddan çıxmış, unudulmuş heykəllər olub, ancaq
dünyanın heç bir yerində güllələnmiş heykəllər olmayıb. Bunu yaşamaq da bizlərin
payına düşüb. Belə ki, ermənilər vandal xarakterlərini heykəllər üzərində də
nümayiş etdiriblər. İşğalçılar Üzeyir Hacıbəylinin, Bülbülün, Xan qızı
Natəvanın büst heykəllərini gülləboran ediblər. Güllələnmiş heykəllər ulu öndər
Heydər Əliyevin müdaxiləsindən sonra işğalçılardan geri alınaraq, paytaxta
gətirilib. Onlara baxanda düşmənin əsl siması və məkri bir daha aydın olur. İnsan
nə qədər qəddar olmalıdır ki, cansız daşlara da kin bəsləsin. Bu heykəllər
Azərbaycan Milli İncəsənət Muzeyinin həyətinin bir küncündə qalıb. Güllələnmiş
heykəllərin yerinin dəyişdirilməsi ilə bağlı söhbət bir neçə dəfə qaldırılsa
da, onların növbəti sığınacağının hara olacağı bilinmir. Adamın üstündə Allah var,
ildə bir dəfə - mayın 8-də də bu heykəllər yada düşür, yenidən xatırlanır, onun
qarşısında tədbir keçirilir, hər il eyni insanlar tərəfindən eyni çıxışlar,
nitqlər dinlənilir.
Bu günlərdə
bir xəbər diqqətimi cəlb etdi. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və "Azərkosmos” Açıq Səhmdar
Cəmiyyəti arasında görüş keçirildiyini oxudum. Görüşdə "Azərbaycan
Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin
inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar
məsələlər müzakirə olunub. Vurğulanıb ki, Dövlət Proqramının həyata keçirilməsi
üzrə tədbirlər planında peyk təsvirlərindən istifadə etməklə turizm
obyektlərinin (qoruqlar və mədəni irs obyektləri) qorunmasına dəstək
göstərilməsi nəzərdə tutulub. Eyni
zamanda görüşdə "AZƏRKOSMOS” tərəfindən "Yer müşahidə məlumatlarının mədəniyyət
sahəsində tətbiqi” mövzusunda təqdimat olub. Təqdimatda peyklərin
xüsusiyyətləri, dövlət proqramının məqsədləri və gözlənilən nəticələr haqqında
məlumat verilib. Nümayiş olunan təqdimatda işğal altında qalan torpaqlarımızda,
xüsusi ilə Şuşa və Ağdamda olan tarixi abidələrin peyk görüntüləri yer alıb.
Qeyd olunub ki, ilkin mərhələ üçün yaxın vaxtlarda
"AZƏRKOSMOS” tərəfindən mədəni irs sahəsində pilot layihə təqdim olunacaq.
Layihədə müəyyən olunmuş ərazidə yerləşən tarixi abidələrin peyk görüntüləri
hazırlanacaq. Nə gözəl, artıq peyk vasitəsi ilə düşmən tapdağı altında olan
torpaqlarımızı izləmə imkanı qazana biləcəyik. Di gəl ki, erməni vandallarının
əlindən aldığımız, yanımızda olan bu heykəllərə sahib çıxa bilmirik. Bu
heykəllər böyük təbliğat vasitəsi ola bilər. Erməni vəhşiliyini bütün dünyaya
nümayiş etdirmək üçün güllələnmiş heykəllər təsirli vasitədir.
Ölkəyə gələn turistlərə erməni vandalizmini,
yetişməkdə olan gənclərimizə düşmənin əsl simasını göstərmək üçün bu heykəlləri
əvəzsiz nümunədir. Bu heykəllər əyani
sübut kimi şəhərin görməli yerlərində nümayiş olunsaydı, daha yaxşı olmazdımı?
Əslində bununla bağlı ayrı-yarı vaxtlarda ziyalılar tərəfindən müxtəlif
təşəbbüslər irəli sürülüb. Ancaq bu təşəbbüslər elə təşəbbüs olaraq da qalıb.
Mövzunun aktuallığını nəzərə alıb, mütəxəssislərin,
ziyalıların fikirlərini öyrəndik.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev güllələnmiş heykəllərin
sözün əsil mənasında erməni vandalizminin nümunəsi olduğunu bildirdi. Sənətşünas vurğuladı ki, nəinki
bu üç heykələ olan münasibət, ümumiyyətlə, işğal olunmuş torpaqlarımızda tarixi
abidlərimizin dağıdılması, məhv edilməsi acı bir həqiqətdir: "Bu büstlər şəhid heykəllərdir.
Əslində onlar İncəsənət Muzeyinin bir kənarında deyil, Şəhidlər Xiyabanının qarşısında
yerləşdirilməlidir. Hesab edirəm ki, biz bu üsulla ermənilərin necə vandal bir
millət olduğunu əyani şəkildə şəhərimizin qonaqlarına göstərə bilərik. Güllələnmiş
heykəlləri aparıb İncəsənət Muzeyində gizlətməklə heç bir erməni vandalizmini ifşa
etmirik. O heykəlləri Şəhidlər Xiyabanının qarşısında yerləşdirsinlər, oradan keçən
hər bir şəxs görsün ki, ermənilər hansı mədəniyyətin daşıyıcısıdırlar. Onlar abidələri
muzeyin həyətində deyil, muzeyin arxa tərəfində gizlədiblər. Güllələnmiş
heykəllər yalnız mayın 8-də insanların yadına düşür, bəzən heç düşmür də”.
Z.Əliyev bildirdi ki, şəhərimizə gələn turistlərə
güllələnmiş heykəllər mütləq göstərilməli, onlar haqqında ətraflı məlumat
verilməlidir. Bütün dünya erməni xislətindən, mahiyyətindən, xarakterindən
xəbər tutmalıdır. Bu, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması yönündə böyük
təbliğat olardı. Çox təəssüf ki, bizdə bu kimi proseslər nəzərə alınmır”.
Millət vəkili, Milli Məclisin Mədəniyyət
komitəsinin sədr müavini Jalə
Əliyeva bildirdi ki, Azərbaycan 30 ilə yaxındır
ki, haqsız bir müharibəyə cəlb edilib. Bu müharibə nəticəsində nəinki torpaqlarımız
işğal olunub, eyni mənəvi xəzinəmiz, tarixi abidələrimiz, məzarlarımız erməni
qəsbkarlarının hədəfinə çevrilib: "Təəssüflər olsun ki, qarşıdakı düşmən sadəcə
insanlarımızı qətlə yetirməyib, torpaqlarımızı işğal etməyib, dilsiz-ağızsız daşlara
belə, qəzəbini, kinini göstərib. Onlar bizim dahi sənətkarlarımızın heykəlini güllələyiblər.
İllər sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə aparılan danışıqlar nəticəsində
bu heykəlləri vətənə gətirmək mümkün oldu.
Bu günə qədər o heykəllər Milli İncəsənət Muzeyinin həyətində saxlanılır. Bununla
bağlı ictimaiyyətdə müxtəlif fikirlər səslənir. Milli Məclisin plenar iclasında,
Nazirlər Kabinetinin hesabatı olan günlərdə biz bu məsələni qaldırmışıq, təkliflər
irəli sürmüşük. Belə ki, müharibə şəraitində yaşayan ölkədə Azərbaycana gələn turistlərə
müharibənin həqiqətlərini vizual olaraq göstərmək baxımından bu heykəllərin görünən
yerlərdə sərgilənməsinə ehtiyac olduğunu dilə gətirmişik. Bu, mənəviyyatımıza olan
hörmət əlamətidir. Həmin şəxsiyyətlərə olan hörmət əlaməti olaraq biz bunu etməliyik.
Bu gün Azərbaycanın turizm potensialı çox yüksəkdir. O turistlərin, rəsmi qonaqların
erməni vandalizmini birbaşa görməsi üçün bu, böyük bir fakt və sübutdur. Bu
heykəllər şəhərin görünən yerində - ayrıca bir parkda nümayiş olunsa, daha gözəl
olar. Güllələnmiş heykəllərin məhz bu şəkildə təqdim olunmasına və sərgilənməsinə
ehtiyac var”.
Xalq şairi Sabir
Rüstəmxanlı bildirdi ki, güllələnmiş heykəllər vandalizm
nümunəsidir və bununla da ermənilər necə bir millət olduqlarını nümayiş
etdiriblər. İndi qalır bu vandalizm aktının dünya ictimaiyyətinə təqdim
olunması ki, onu da biz etməliyik: "Bizim qürurumuz Qarabağda qaldı. Ermənilər
nəinki heykəllərimizi güllələyib, onlar tariximizi, muzeylərimizi, abidələrimizi,
mədəniyyət müəssisələrimizi məhv ediblər. Məhv olmuş tarixi abidələrimizi
yığmaq üçün bir muzey yetməz. Bu, təkcə 3 heykəllə kifayətlənmir. O büstlər
dahi insanların büstləridir, sənətə toxunmaq, onu güllələmək vandalizmdir.
Ancaq qarşımızdakı düşmən də ən qatı vandaldır. Bu gün bizim nəinki
heykəllərimiz, canlı igidlərimiz də güllələnir. Əlbəttə, erməni vandalizmi ilə
bağlı soyqırımı muzeyi yaradılsa, güllələnmiş heykəllər orada göstərilə bilər. Elə
etməliyik ki, o savaşın, işğalın,
ermənilərin törətdikləri vəhşiliklərin miqyasını kiçiltmədən dünyaya çatdıra
bilək”.
Mədəniyyət
Nazirliyinin informasiya və
ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata
görə, güllələnmiş heykəllər hazırda Milli İncəsənət Muzeyində saxlanır və yaxın
zaman çərçivəsində onların yerinin dəyişdirilməsi ilə bağlı heç bir göstəriş
verilməyib: "Muzeyə gələn qonaqlar, ziyarətçilər güllələnmiş heykəllərlə
yaxından tanış olurlar, onlar haqqında ziyarətçilərə kifayət qədər ətraflı məlumat verilir. Ancaq onların yerinin
dəyişdiriləcəyi ilə bağlı heç bir məlumat yoxdur”.
Milli İncəsənət Muzeyinin
baş mühafizi, Əməkdar mədəniyyət işçisi Nailə Allahverdiqızı bildirdi
ki, Milli İncəsənət Muzeyinin bağında güllələnmiş heykəllər qorunur və özəl
günlərdə ziyarətçiləri də olur: "Muzeyə gələn ziyarətçilərə güllələnmiş
heykəlləri nümayiş etdirir, onlar haqqında məlumat veririk. Müəyyən günlərdə ziyarətçilər
gəlir, biz də onlara bu heykəllərlə bağlı məlumatlar veririk. Nəinki
ziyarətçilər, televiziyalardan da bu abidələri çəkmək üçün müraciət edirlər. Güllələnmiş
heykəlləri burada yerləşdiriblər, biz onları qoruyur, nümayiş etdiririk. Biz onları
bir sənət əsərləri kimi qəbul etmişik. Bundan sonra harda yerləşdiriləcək, necə
olacaq, hansı qərar veriləcək, o haqda məlumatsızıq”.
Göründüyü kimi düşmən gülləsinə təkcə insanlarımız deyil,
heykəllərimiz də tuş gəlib. Onları gizləməklə ikinci gülləni də biz vurmuruqmu?
Təbii ki, o heykəllərin əsl məkanı Şuşadır. İşğal altında qalan, bizləri haraylayan,
gözü yolda qalan Şuşa. Bu heykəllər də bizə Şuşanın əmanətidir. Amma Şuşaya
qayıdana qədər onlardan - "şəhid heykəl”lərdən bütün dünya xəbər tutmalıdır. Dünyanın
hansısa başqa yerində "şəhid heykəl” yoxdur axı.