• cümə, 29 Mart, 12:32
  • Baku Bakı 14°C

Erməni təxribatının pərdəarxası məqamları

27.07.20 19:10 1794
Erməni təxribatının pərdəarxası məqamları
Vəhşiliklərin arxasında müasir erməni ideologiyasının elementlərinin olduğu qabarıq görünür

Ermənistan-Azərbaycan sərhədində yaşanan hərbi-siyasi böhran artıq neçə gündür ki, gərginlik zonasının hüdudlarından kənara çıxıb. Los-Anceles, Vaşinqton, London, Haaqa və s. şəhərlərdə erməni diaspor nümayəndələrinin iştirakı ilə küçə insidentləri yaşanıb. Bu qanlı insidentlərin törədilməsində ermənilərə havadar olan qüvvələrin əlinin olduğu şübhə doğurmur. Sirr deyil ki, illər uzunu dünyanın bir sıra ölkələrinə səpələnən erməni icması bu müddət ərzində daha da artıb çoxalmağa müvəffəq olub. Onilliklər ərzində də əsas təbliğatını Türkiyə və Azərbaycana qarşı yönəldib. Türkiyəyə qarşı qondarma soyqırımı iddiaları, Azərbaycana isə işğal altında olan torpaqlarla bağlı yalan məlumatlar yaymaqla məşğuldur. Hadisələri obyektiv şəkildə analiz edən Rusiyanın nüfuzlu "Vestnik Kafkaza” saytı yazır ki, "bütün dünya boyu yaşayan milyonlarla azərbaycanlı və erməni Tovuzda baş verən qanlı toqquşma xəbərlərini narahatlıqla qarşıladı. Minlərlə insan dinc nümayişlərə çıxıb zorakılığı pisləyərək, mənasız qan tökülməsini pislədi. Lakin bu zaman siyasətdən də qaçmaq mümkün olmadı”. Nəşr yazır ki, Los-Ancelesdə iyulun 22-də baş verən insident polis müdaxiləsi ilə başa çatıb. Erməni diasporunun nümayəndələri təhqiredici şüarlar səsləndirərək, ölkələrinin işğalçılıq siyasətini müdafiə ediblər. Ermənilərin əsas hissəsi Kaliforniya, Massaçuset və Nyu-Yorkda məskunlaşıblar. İnsident yeddi nəfərin xəstəxanaya düşməsi ilə nəticələndi. Onların arasında qadınlar, o cümlədən bir polis əməkdaşı da olub. Los-Ancelesdə ermənilər çoxluq təşkil edirlər. İş o yerə çatıb ki, Los-Ancelesin polis departamentinin rəhbəri Mişel Mur xüsusi istintaq qrupu yaradıb, Azərbaycanın baş konsulu Nəsimi Ağayevə üzrxahlıq edib. Bu təxribat ermənilərin şəhərdəki diasporunun nüfuzuna da ciddi zərbə vurub. Onların ünvanına radikal əhval-ruhiyyəli gəncləri maliyyələşdirdikləri barədə sərt ittihamlar səslənib. Belə ki, saxlanılan şəxslər arasında terror fəaliyyətini dəstəkləyən qeyri-formal təşkilatların üzvləri var. Skeptiklər diqqəti bir sıra nümayişçilərin aqressiv hərəkətlərinə də yönəldirlər və onların hərəkətlərində müasir erməni ideologiyasının elementlərinin olduğunun qabarıq göründüyünü bildiriblər. Bu ideologiya isə Cənubi Qafqazda türk iştirakına nifrət üzrə köklənib.
Yeri gəlmişkən, bir sıra Rusiya telekanalları iki ölkə arasında sərhəddə yaşanan hadisələr və bunun Rusiya ərazisindəki ticarət mərkəzlərinə keçməsinə birtərəfli qaydada reaksiya veriblər. Həmin telekanalların efirinə çıxarılan ermənipərəst "ekspertlər” açıq şəkildə Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmağa çalışıblar. Lakin çap orqanlarında dərc olunan məqalələrdə hadisələrin obyektiv işıqlandırılması əlamətləri hiss olunur. "Kommersant” yazır ki, "iki ölkə arasında yaşanan sərhəd münaqişəsi artıq Rusiyaya keçib. Moskva və Moskvaətrafı yerlərdə iki ölkə sakinləri bir-birinə qarşı hücuma keçdi. Nəticədə digər millətlərin nümayəndələri zərər çəkir. Polis onlarla insanı saxlayıb. "Güc strukturları baş verənləri "ərik müharibəsi” adlandırırlar”. Qəzetə açıqlamasında Moskvanın Azərbaycan icmasının rəhbəri Şamil Tağıyev baş verənlərdə erməniləri günahlandırıb. "Bir neçə gün əvvəl sosial şəbəkələrin erməni seqmentində iki azərbaycanlının onlarla erməni tərəfindən döyülməsini əks etdirən video yerləşdirildi. Bir yerdə insidentin Rostovda, digərində isə Moskvada baş verdiyi bildirilirdi. Biz belə bir xəbər aldıq ki, azərbaycanlılar qisas almaq üçün hücuma hazırlaşır. Dərhal reaksiya verdik və toplantı keçirib onları sakitləşdirdik. Bildirdik ki, bu video Moskvada deyil, Belçikada çəkilib. Hətta bu insanları Belçika icmasının nümayəndələri ilə calaşdırdıq”, - deyə bildirib. Rusiya Birləşmiş erməni Cəmiyyətinin həmsədri Muşeq Syuni də videonun Belçikada hazırlandığı barədə sosial şəbəkələrdə videomüraciət yerləşdirib. Daha sonra soydaşlarını hər hansı bir aksiya və toplantı keçirməməyə çağırıb. Çəkilən videoda isə hər hansı bir vətənpərvərlikdən əsər-əlamət olmadığını, kişilik yox, heyvani instinktlərin olduğunu dilə gətirib. Şamil Tağıyev açıqlamasında Moskvadakı Lyubersk ərazisində baş verən insidentə də toxunub. O bildirib ki, zərər çəkən mağazanın sahibi bu xəbərin yayılmasını istəməyib. Ş.Tağıyev baş verəni sadəcə iki xalqın nümayəndələri arasında məişət zəminində baş verən hadisə adlandırıb. Əlavə edib ki, "sərhəddə baş verənlər bura keçməli deyil. Çünki, bura bizim ölkədir və burada millətlərarası münaqişələr yarada bilmərik”. Qəzet əməkdaşı Azərbaycanın Rusiyadakı səfirliyinin də mövqeyini öyrənməyə çalışıb. Səfirlik şərh vermək istəməsə də, Ermənistanın bu ölkədəki səfirliyinin əməkdaşı erməni icmasını qanunun tələblərinə əməl etməyə səsləyib.
"Vzqlyad” qəzeti isə yazır ki, bu dəfə ermənilərə mal vermək istəməyən "Tvoy dom” ticarət evi gərginlik yaradıb. Baş verənləri isə vətəndaş mövqeyi ilə əlaqələndirib. "Erməni meyvələrini almamaq münaqişə deyil, vətəndaş mövqeyidir. Münaqişə burda yox, Avropa, ABŞ-da yaşanır. Minlərlə erməni icması nümayəndəsi 30-50 azərbaycanlıya hücum edərək döyür. Onlar isə öz səfirliklərini müdafiə edirdilər”, - deyə qəzetə açıqlamasında azərbaycanlı politoloq Samir Məmmədov bildirib. Onun sözlərinə görə, bu mürəkkəb və kifayət qədər emosional məsələdir: "Lakin postsovet məkanında hər hansı bir münaqişə barədə danışanda yaddan çıxarmaq gərək deyil ki, bu ölkələrin vətəndaşları Rusiyada yaşayır və vəziyyəti yaxından izləyirlər. Ölkələrində toqquşmalar baş verirsə, təbii ki, bu onlara da təsir edir. Bizim mövqeyimiz belədir ki, bütün ticarət müharibələrinin səbəbi Azərbaycan torpaqlarının davam edən işğalıdır. Məhz bu səbəbdən də azərbaycanlı biznesmenlər kütləvi şəkildə erməni mallarını boykot edirlər”.
"Nyus.ru” isə ekspertlərə istinadən yazır ki, Los-Ancelesin rəsmi şəxslərinin düşünülməmiş və erməni icmasının səsini almağa yönəlik bəyanatları vəziyyəti gərginləşdirib. Ermənistanın lobbist qrupları öz mövqelərini amerikalı qanunvericilər arasında artırmağa çalışırlar: "Ermənilər tək 2008-ci ildə 200 min dollar bu məqsədlə pul ayırıblar”. "Lenta.ru”da dərc olunan məqalədə isə Rusiya azərbaycanlıları ittifaqının vitse-prezidenti Elnur Hüseynov bildirib ki, erməni tərəfi Moskvada baş verən insidentlərlə bağlı dezinformasiya yayır: "Biz vəziyyəti sülh yolu ilə həll etməyə çalışırıq”.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər