• çərşənbə axşamı, 19 mart, 12:07
  • Baku Bakı 8°C

Erməni kilsəsi parçalanmaq təhlükəsi yaşayır

16.09.19 16:58 954
Erməni kilsəsi parçalanmaq təhlükəsi yaşayır
Erməni kilsəsində parçalanma, qalmaqallar, çoxsaylı korrupsiya faktları uzun müddətdir medianın diqqət mərkəzindədir. Bu dəfə dünyaca məşhur BBC ermənilərin separatizm, başqa xalqlara qarşı düşmənçilik ideyalarını yayan mərkəzindəki problemlərdən bəhs edən geniş reportaj hazırlayıb. Qeyd edilir ki, qədim xristian kilsələrindən biri kimi tanınan erməni kiləsində uzun illərdir davam edən daxili münaqişə yaxın zamanlarda böyük böhranla nəticələnə bilər. Araşdırmada vurğulanır ki, dünyəvi diasporların ierarxlara etirazları Erməni Apostol Kilsəsinin (EAK) daxilindəki müxalif hərəkatın başlamasıyla üst-üstə düşüb. Rusiyadakı erməni icmaları artıq bir neçə aydır ki, Ermənistanın üsyançı ruhaniləriylə əlaqə saxlayırlar. Sibirdə, Volqaboyunda və Uralda erməni ictimai təşkilatlarının liderləri EAK-ın Rusiya yeparxiyasını basqınçılıqda, acgözlükdə, avtoritar idarəçilikdə və diasporda qarşıdurma yaratmaqda ittiham edirlər. Eyni zamanda, EAK üzvlərinin bir qismi açıq şəkildə bəyan edirlər ki, Rusiya arxiyepiskopu Yezrasın qardaşı - bütün ermənilərin katolikos və patriarxı II Qareginin fəaliyyəti kilsə qanunları və bidətinin pozulmasına gətirib çıxara bilər. Bu iki müxalif cərəyan birləşərsə, proses faktiki olaraq kilsənin parçalanmasıyla nəticələnə bilər. Amma EAK-da bu münaqişəni ya görmürlər, ya da görməzdən gəlirlər. Arxiyepiskop Yezrasın mətbuat xidməti BBC-nin bütün suallarına üç cümləylə cavab verərək bildirib ki, "EAK-ın Rusiya və Yeni Naxçıvan yeparxiyalarının kilsə həyatında heç bir problem yoxdur”.
"Bu, mənim qızım Linoçkadır. Biz beş il onu xaç suyuna saldıra bilmədik, təsəvvür edirsiniz? 17 dəfə yeparxiyaya zəng vurduq, rahib göndərmələrini xahiş etdik. Heç kim gəlmədi" - qızının telefondakı şəklini BBC-yə göstərən Arsen Mosoyan belə deyir. Moskvadan yardım ala bilməyən İjevsk erməniləri Ermənistandan rahib çağırıblar və beləliklə də erməni kilsəsinin daxilində illərdir yetişməkdə olan, amma yalnız son vaxtlarda üzə çıxan münaqişənin iştirakçısına çevriliblər. Arsen Mosoyan artıq 26 ildir ki, İjevskdə yaşayır. HDQ-nin Pskovdakı diviziyalarından birində xidmət etdikdən sonra Udmurtiyaya qayıdan Arsen tikinti biznesinə başlayıb. Erməni icması bu şəhərdə kilsə tikmək qərarına gələndə bacardığı qədər yardım edib. İşdən sonra dostlarıyla birlikdə tikinti yerinə gəlib, özül yerinin qazılmasında və divarların hörülməsində yaxından iştirak edib, özü beton töküb. Kilsə ermənilərin Udmurtiyadakı ictimai təşkilatının, onun sədri Mnasakan Arakelyanın və Başqırdıstandan olan bir biznesmenin maliyyə yardımı hesabına inşa edilib. Mosoyan deyir ki, EAK-ın Moskva yeparxiyası tikintidə iştirak etməyib. 2012-ci ildə kilsənin tikintisi başa çatıb, icma Moskvaya - arxiyepiskop Yezrasa müraciət edib ki, kilsəni təqdis etmək üçün keşiş göndərsin. Cavabında arxiyepiskop kilsənin və onun yerləşdiyi ərazinin mülkiyyət hüququnu yeparxiyaya verməyi, Moskvanın göndərəcəyi şəxsin rəhbərliyini təmin edəcək nizamnamə qəbul etməyi xahiş edib. İcma bu şərtlərə əməl edib, amma kilsə təqdis olunmayıb. Diaspora təşkilatının sədri Arakelyanın BBC-yə dediyinə görə, yeparxiya əlavə iki şərt də irəli sürüb: icmadan tələb olunub ki, ayinlərin icrasından gələn gəlirdən başqa, Moskvadan göndəriləcək baş keşişə maaş da verilsin və yeparxiyanın "stabilləşdirmə fonduna" 1,2 milyon rubl pul köçürülsün. Yeparxiya BBC-nin bu şərtlərlə bağlı sualına cavab verməyib. "Bütün bunlar tələb kimi görünürdü. Yeparxiyada fasiləsiz olaraq pul söhbəti gedir. Sanki bu, kilsə yox, biznes və ya ticarət obyektidir" - Mosoyan bunu deyib köks ötürür. Aydınlaşdırılıb ki, vəziyyət təkcə İjevskdə belə deyil. Altayda, Kemerovo, Kirov, Novosibirsk və Sverdlovsk vilayətlərində də müxtəlif mərhələlərdə olan münaqişələr mövcuddur. Daha əvvəl Riqadakı kilsədə də oxşar hal yaşanıb. Dünyəvi diasporun artan şikayətləri haqqında Moskvadakı təşəbbüs qrupları da danışırlar.
Kilsələr dünyadakı erməni diasporları üçün sadəcə dua edilən yer deyil. Orta əsrlərdə dövlətdən məhrum olma erməni icmaları kilsələr ətrafında təşkilatlanıblar. Demək olar ki, hər yerdə problemin kilsə rəhbərliyilə münasibətlərdən qaynaqlandığını deyirlər. Kemerovo vilayətinin Novokuznetsk şəhərindəki erməni kilsəsi də buna görə bağlanıb.
EAK-ın kilsələr kompleksi tikintisinin mesenatlarından biri olan, podratçı şirkətin sahibi Ruben Qriqoryan BBC-yə müsahibəsində belə deyib ki, erməni kilsəsini başqalarının əmlakını böyük ölçüdə mənimsəməklə məşğul olan insanlar işğal ediblər.
Oksford Universitetinin Şərq İnstitutunun professoru Qraç Çilingiryan da bildirib ki, II Qareginin rəhbərliyi dövründə kilsənin idarəçiliyini mərkəzləşdirmək cəhdləri EAK və diaspor arasında əsas problemə çevrilib: "Dünyadakı bütün erməni kilsələrinə tətbiq edilən vahid nizamnamə mərkəzləşdirmənin əsas aləti oldu”. Çilingiryan hesab edir ki, bu nizamnamə mübahisələr və fikir ayrılıqları yaradıb, bir çox görkəmli din xadiminin karyerasını bitirməsinə səbəb olub və "kilsə ierarxiyasına inamsızlıq yaradıb". Ermənilərin bəzi mətbuat orqanlarının yazdığına görə, II Qareginin titullarından məhrum etdiyi keşiş və rahiblərin sayı ondan əvvəlki rəhbərlərin 300 il ərzində cəzalandırdığı şəxslərin toplam sayından çoxdur. Çilingiryan deyir ki, belələrinin neçə nəfər olduğunu heç kim dəqiq bilməsə də, tarixi ölçülərə görə bu say olduqca çoxdur. Rusiya diasporundakı indiki münaqişə öz miqyasına görə unikaldır, ancaq katolikosun xarici kilsələri nəzarətə götürmək cəhdləri artıq bir neçə dəfə böyük qalmaqalla nəticələnib. 2011-ci ildə Nitsa və Cenevrədəki icmalar EAK ierarxlarının tabeçiliyindən çıxıblar. Onlar Ermənistandan "sırınan” nizamnamə və keşişləri qəbul etmək təklifini rədd ediblər. 2018-ci ildə - Nikol Paşinyan baş nazir seçiləndən dərhal sonra Ermənistanda da katolikosa qarşı açıq müxalifətə keçənlər olub. Həmin ildəki kütləvi aksiyalar zamanı ölkə boyu minlərlə insan hakimiyyətin dinc yolla dəyişməsinə çalışarkən bir qrup din adamı kilsə daxilində də islahatlara başlamaq qərarına gəlib. "Yeni Ermənistan - yeni patriarx” hərəkatında birləşən bu şəxslər katolikosun və bəzi yepiskopların istefasını, kilsəyə yeni rəhbərin seçilməsini tələb edirdilər.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər