cümə, 03 Fevral, 00:59

Baku Bakı 6°C

Erməni aşiqlərinə tərs sillə - TƏHLİL

icon 1076 icon 29 oktyabr 2022 | 02:00 Erməni aşiqlərinə tərs sillə - TƏHLİL

Rusiya təbliğat maşınının iki əsas siması - deputat Konstantin Zatulinin və “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Marqarita Simonyanın Ermənistanda “persona non-qrata” elan edilməsi səbəbsiz deyil. Bu, rəsmi İrəvanın Rusiyaya qarşı demarş siyasətinin tərkib hissəsidir.

Rusiya Dumasının deputatı Konstantin Zatulin, “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin və “Russia Today” telekanalının baş redaktoru Marqarita Simonyan Ermənistanda “persona non-qrata” elan olunublar. Erməni mediasının yazdığına görə, hər iki şəxsin Ermənistana girişi qadağan edilib.

Rusiya təbliğat maşınının iki əsas siması

Məlumata görə, K.Zatulin 44 günlük müharibə ilə bağlı müsahibələrində Ermənistanı ittiham edib, onun məğlub olduğunu vurğulayıb. Bundan başqa, deputat Ermənistanın daxili işinə qarışdığına, Baş nazir Nikol Paşinyanın istefa verməli olduğunu dəfələrlə bəyan etdiyinə görə “persona non-qrata” elan olunub. O, Ermənistan ərazisindən dəhlizin keçməsi barədə Nikol Paşinyanın sənəd imzaladığını dilə gətirdiyinə görə də Ermənistana səyahətinə qadağa qoyulduğu bildirilib. M.Simonyan da özünün teleqram kanalında yazıb ki, uzun illər Ermənistanın qatı himayədarı olan K.Zatulinin və özünün Ermənistana girişi ölkənin hazırkı lideri tərəfindən qadağan edilib. Bəs görəsən Rusiya təbliğat maşınının iki əsas simasına qarşı Ermənistanda tətbiq olunan qadağanın gerçək səbəbi nədir? Nikol Paşinyan bununla hansı mesajı vermək istəyir?

İrəvanda anti-Rusiya küləkləri əsir

Politoloq İlyas Hüseynov mövzu ilə bağlı “Kaspi” qəzetinə bildirib ki, Ermənistan Rusiyaya qarşı demarş siyasətini çox ciddi şəkildə davam etdirir. Onun sözlərinə görə, bu siyasətin davamı olaraq Rusiya kütləvi informasiya vasitələrində ermənilərin himayədarı qismində çıxış edən K.Zatulin və M.Simonyanın Ermənistana girişi qadağan edilib. Politoloq deyib ki, bütün bunlar Paşinyanın Rusiyaya qarşı ciddi mövqe tutmasına dair faktlardır: “Bununla Ermənistan Rusiya mediasında dəstəkdən məhrum oldu. Görünür rəsmi İrəvan bu dəstəyə ehtiyac duymur. Belə bir fonda Rusiya KİV-ləri Azərbaycana münasibətdə qərəzli mövqe sərgiləyirlər. Bu da başadüşülən deyil və fevral ayında imzalanan müttəfiqlik haqqında Rusiya-Azərbaycan bəyannaməsinə, informasiya sahəsini əhatə edən hüquqi sənədə ziddir. Bu ziddiyyətlər aradan qaldırılmalı, Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməlidir. Ermənistanda Zatulin və Simonyana qarşı tətbiq edilən qadağalara gəlincə, bu münasibət ölkə daxilində ciddi anti-Rusiya küləklərinin əsdiyini göstərir. Nensi Pelosinin İrəvana səfəri zamanı da Ermənistanda Rusiyanın təsirindən çıxmaq, Rusiya NATO-su sayılan Kollektiv Təhlükəsizlik Müqaviləsi üzrə Təşkilatını (KTMT) tərk etmək, 102-ci Cənub Hərbi Dairəsinin bazasını bağlamaq haqqında fikirlər irəli sürülürdü. Hazırda Ermənistanda KTMT-dən çıxmaq istiqamətində müxtəlif təşəbbüs qrupları formalaşdırılır. Sanki Rusiya-Ukrayna müharibəsinin nə ilə nəticələnəcəyini Ermənistanda siyasi strateqlər, düşüncə sahibləri əvvəlcədən müəyyənləşdiriblər və ölkənin bütün bəlalarının kökündə məhz Rusiya ilə münasibətlərin olmasını görürlər”.

Rusiya ilə mövcud bağları qırmaq

İ.Hüseynov qeyd edib ki, Ermənistanın arxasında dayanan qüvvələr, o cümlədən Fransa Cənubi Qafqazdan Rusiya və Türkiyəni sıxışdırıb çıxarmaq istiqamətində addımlar atır: “Ermənistan ərazisində Avropa İttifaqının mülki missiyası adı altında fransalı mütəxəssislərin yerləşdirilməsindən sonra ATƏT-ə də analoji müraciət ünvanlanıb. ATƏT bu müraciəti dərhal qəbul edib. Bununla da 30 illik işğal dövründə dini və milli abidələrimizin, irsimizin işğalçı Ermənistan tərəfindən darmadağın olunması faktını görmək üçün regiona heç bir missiya göndərməyən ATƏT yenidən ermənipərəst mövqe sərgiləyib. Görünür ki, Avropa İttifaqının və ATƏT-in mülki qiyafədə olan missiya iştirakçılarının Ermənistanda olması Paşinyanı bir qədər ruhlandırıb. Bunun nəticəsində rəsmi İrəvan Rusiya ilə mövcud bağları qırmaq istiqamətində addımlar atır. Gələcəkdə Rusiya-Ermənistan münasibətlərində əlavə çatlar da olacaq. Hazırda münasibətlər mənfi istiqamətə yön alıb. Kremlin İrəvandakı mövqeləri getdikcə zəifləyir”.

Cənubi Qafqaz uğrunda mübarizə

Politoloqun qənaətincə, indiki situasiyada Azərbaycan diplomatiyası daha da aktiv olmalı, adekvat cavablar verilməlidir: “KİV-lərdə yayılan məlumata görə, oktyabrın 31-də Soçidə İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında üçtərəfli görüşün keçirilməsi üçün hazırlıqlara başlanılıb. Noyabr ayında isə Avropa İttifaqının təşəbbüsü ilə Brüsseldə növbəti belə bir görüş keçiriləcək. Geniş anlamda bu, Cənubi Qafqaz uğrunda mübarizədir. Nə Avropa İttifaqı, nə də Rusiya regiondakı maraqlarından geri çəkilmək istəmirlər. Əslində bütün postsovet məkanı bu gün ciddi transformasiya dövrünə qədəm qoyub ki, Cənubi Qafqaz da bunun tərkib hissəsidir. Görünür Ermənistan bu mənada tərəf tutaraq öz gələcəyi üçün çabalayır. Azərbaycan isə milli-dövlətçilik maraqlarına uyğun olaraq, regionun həssaslığını nəzərə alaraq, balanslaşdırılmış, maraqların uzlaşdırılması istiqamətində xarici siyasi kurs həyata keçirir. Yaxın təcrübə və tarix sübut edir ki, Qafqaz kimi mürəkkəb bir regionda balanslı siyasətin qurulması, qardaş Türkiyə ilə müttəfiqliyin gücləndirilməsi Azərbaycanın xeyrinədir”.

Rufik İSMAYILOV